Azərbaycan Türk fəlsəfəsindən
yarpaqlar:
Seyid Əbülqasim Nəbati...
2-ci Yazı
Ümumilikdə,
Nəbati Yaradanla yaranan arasındakı ilahi bir bağın
olması düşüncəsində olmuşdur. Nəbati
bütün bu düşüncələrin təsiri
altında da Həzrət Əli, Həzrət Musa, Həzrət
İsa, Həllac Mənsur, Nemətullah Vəli, Qasım Ənvar
və başqaları kimi özünün heç də
onlardan geri qalmayaraq, Həqqə yaxın olduğunu iddia
etmişdir. Bizcə, onun şeirlərində ifadə etdiyi “Mən”
və Allah (Musa və Allah, İsa və Allah, H.Mənsur və
Allah) bir bütündür ki, artıq bu zaman müsəlman,
şiəlik, məcusilik, xristianlıq, yəhudilik və s.
öz əhəmiyyətini itirmiş olur. Deməli, bu anlamda
Nəbatinin sözdə İslamdan dönüb
üzünü gah Musa peyğəmbərə, gah İsa
peyğəmbərə tutması da nisbidir:
Tərk
edib islamı, tutdum məzhəbi-Ruhullahı,
Səcdə
qıldım xaçə, bir rəhbanı görən
gözlərim.
Nəbati
bəzi şeirlərində açıq şəkildə
yazır ki, onun sözlərində zahirdə bir, batində isə
tamamilə fərqli mənalar vardır. Bu isə o deməkdir
ki, onun din “dəyişkənliyi” məcazi xarakterlidir.
Çünki Nəbati bu dünyada hansı dinə “üz
tutması”ndan asılı olmayaraq onun “gizlin pərdə”də
pənah tapıdğı əsas məzmun Yaradanın
özüdür. Bu anlamda Nəbatinin “kafirliyi” bütün
dinlərin üstündə olan Allahdan
yapışmasıdır. Nəbati yazır:
Yoxdu
bir kimsə ilə ülfətü rəbtim, rəbtim,
Söylərəm
pərdədə gizlim belə məzmun, məzmun.
Çox
da axtarma Nəbatini, keç ondan, keç, keç!
Dini yox, məzhəbi yox, gəbrdi məlun, məlun!
Deməli, Nəbatinin şeirlərində Alllah və “Mən”
anlayışı bir bütündür, yəni onlar mahiyyətcə
də, mənaca da eynilik təşkil edir. Onun “Mən” dediyi heç
bir şeylə, yəni var-dövlətə, şəhvani
hisslərə qurban edilməyəcək qutsal bir “Mən”dir.
Bu “Mən”in mahiyyətində Musa da var, İsa da var, Həllac
Mənsur da var, sonuncu Peyğəmbər də var. O, yazır:
Etmişəm
suzənimi rişteyi-Məryəmdən dur,
Minmişəm
tövsəni-gərdunə, Məsihayəm mən.
Möcizati-həmə
peyğəmbər olub mındə əyan,
Bilmək
olmaz məni, bir sirri-hüveydayəm mən.
İstəsən
kim, biləsən kimdi bu inşanı qılan,
Gəzgəzəm,
qaniçici duxtəri-tərsayəm mən.
Hələ
gör bəsdi, Nəbati nə ənəlhəqdir bu?
Dəxi bir yol deginən
vahudü yektayəm mən.
Mütəfəkkir mövləvilər kimi tez-tez “hu-hu”
dediyini də xatırladır. Onun “hu-hu” çəkməsi
Tanrıya çatmaqdan, onu zikr etməkdən başqa bir
şey deyildir. O, yazır:
Ey dəbiri-nüktəpərvər,
tutiyi-şirin zəban,
Dəmbədəm
“hu-hu”çəkib, et Sədri-dövrandan hədis.
Yaxud da:
Baisi-icadi-aləm
ta ki, bildim eşq imiş,
Zikri “hu-hu” eylərəm hər ləhzə yahulər
kimi.
Şairin yaradıcılığında sufiliklə bu və
ya digər şəkildə bağlı olan şeirlərində
ikizülü zahidlərin, riyakar ruhanilərin tənqidi də
mühüm yerlərdən birini tutur. Nəbati məsciddən
üz döndərib meyxanələrə üz
tutmasının ya da hücrələrə çəkilib dərvişliyinin günahkarı
kimi yalançı zahidləri, şeyxiləri
göstərmişdir:
Mən
dustü düşmən bilmənəm, şeyxü brəhmən
bilmənəm,
Tərcih
vermən Kəbədən bütxanəni, bütxanəni…
Məscidləri
ver zahidə, qoy xanəgahı abidə,
Gəl,
sən, Nəbati məskən et meyxanəni, meyxanəni.
Və yaxud da:
Eşqi,
aşiqliyi mən eyləmə, zahid, billah,
Əqlini başına yığ, aşiqi-bir yar ol-ol.
Başqa
bir şeirində isə Nəbati yazırdı ki, onu görən zahid cin görübmüş kimi, yan qaçır:
Məni
görəcək, deyəsən, cin eşidib “bismillah“,
Zahidin pis
gözünə bir çalıcı mar olubam.
Ta bilim bəlkə,
məgər, ol sənəmin məvasın,
Gah meyxanəyə,
gah məscidə səyyar olubam.
Sən
get öz karına, ey zahidi-bədkiş ki, mən
Talibi-cami-Cəmü badeyi-gülnar olubam.
Zahidlərin bəd əməlləri üzündən
sanki Nəbatinin yaradıcılığında bəzən
dinə münasibətdə müəyyən tərəddüdlərə,
yaxud da ziddiyyətlərə rast gəldiyimizi iddia edə bilərik. Belə ki, şair bəzən
abid ikən brəhmən ya da xristian olduğunu, məscidən üz döndərib bütxanəyə,
kilsəyə getdiyini
yazır:
Gah abid
oldum, gah brəhmən,
Gah məscid,
gah bütxanə oldum.
Gah dərviş
oldum, gah qələndər,
Gah məst, gah da məstanə oldum.
Yaxud da:
Tərk
edib islami, tutdum məzhəbi-Ruhullahı,
Səcdə qıldım xaçə, bir rəhbanı
gözlər gözlərim.
Və yaxud da
Meyxanələr
abad olsun,
Sakinləri
dilşad olsun,
Məscid
görüm bərbad olsun!
Saldı məni qalə, qalə.
Eyni zamanda başqa bir şeirində Nəbati
yazırdı ki, dindən dönüb kafir olmasının səbəbi
dinin mahiyyətindən çox uzaqlaşmasıdır. O, yazırdı:
Saqi, dur,
ver bircə sağər,
Dindən
döndüm, oldum kafər,
Tapammadəm,
qaldı gövhər,
Qəri-dəryadə, dəryadə.
Yaxud da:
Dur get,
göz önündən it, çox başımı
ağrıtma,
Hər yanə
gedirsən get, gəlmə dəxi bu yanə!
Qurbanın
olum, saqi, səndən nə təğafüldür,
Mən zahidə tuş gəldim, sən dövr elə məstanə!
Yaxud da:
Qüruri-ruzə
xüşk etmiş səni, zahid, nə qafilsən,
Bu təzvirü
riyadən keç, Xudadən bircə ar eylə.
Zahidi
zikri bəd, adı yaman, xalq yanında üzü xar kimi qələm
verən Nəbati yazırdı ki, bu cür müsəlmanlıqdansa
Şeyx Sənan kimi eşq
dəlisi olub “kafir” olmaq yaxşıdır:
Şeyx Sənan
kimi boynuma saldım zünnar,
İndi gəl, gör ki, kəlisalərə rəhban
oldum.
Çünki
zahidə bu dünyada yaşamaq üçün
Allah, Nəbati kimlərə
isə mövla gərəkdir:
Zahid, əl
çək, sən tari, yeri get, dəng etmə,
Sənə Allah gərəkdir, mənə mövla,
mövla.
Yaxud da:
Zahidin
başına kül, talib olur rizvanə,
Gün bu gün, Tarı bilir, deyrdə rəhbanındır.
Nəbati hesab edirdi ki, yalançı ruhaniləri
ikiüzlü əməllərinə görə qınamaq əslində
mənasızdır. Çünki onların da bu dünyada
özünəməxsus rolları
vardır:
Mən
qılmayın çox da zahidi,
Üzrü
var onun, aşiq olmayıb,
O əbəs
yerə xəlq olunmayıb,
Bağbanə bir kəlləxər gərək.
Yaxud da:
Haşəlillah, tövbəkarəm, mən hara, məscid
hara?
Rindi-məsətəm,
xaneyi-xummarı gözlər gözlərim.
Yaxud da:
Zahidin
başına kül, talib olur rizvanə,
Gün bu gün, Tanrı bilir, deyrdə rəhbanındır.
Bu mənada, şairin fikrincə, Allah eşqi nədir,
zahid anlamaz.
Bunu üçün insanda Allahı sevən odlu bir ürək
olmalıdır. Belə bir ürək isə zahiddə yoxdur.
Ona görə də zahidin işi-gücü saxta qəlblə
və riyakar dillə Allahı anmaqdır. Bunu, kimsə anlamasa
da, Nəbati kimi Tanrı aşiqləri yaxşı
anlarlar:
Zahid, az danış, get gözümdən it!
Eşqdən
məni çox da danlama,
Mən məgər
əbəs olmuşam dəli,
Bir o
mimü dal, bavü rayə bax.
Məndən
əl götür, ey uzunqulaq!
Zöhd
satma çox ey himari-məhz!
Dur
ayağa bir, aç o kor gözün,
Bir bu gözləri sürməsayə
bax.
Göründüyü kimi, Nəbatinin
dünyagörüşündə şiəlik və sufilik əsas
yer tutmuşdur. Düzdür, bəzi şeirlərində onun tərəddüd
içində olduğunu, hansı tərəfə yön
alması ilə bağlı qəti qərara gələ bilmədiyi
hiss olunur. Şairin bu tərəddüdlərində riyakar
zahidlərin də mühüm rol oynamasını
unutmamalıyıq. Ancaq bu tərəddüdlər daimi
xarakter daşımır və şair daha çox
özünü yenilikçi, dünyəvi ruhlu İslam dininə
bağlamaqla xilas yolünü görür. F.Köçərli
yazır: “Seyid Əbülqasim Azərbaycan türklərinin
Xacə Şəmsəddin Hafizi və Şəms Təbrizi və
bəzi məqamlarda Mövlana Cəlaləddin Rumi mənziləsindədir.
Necə ki, Hafiz fəsahət və bəlağətdə
şüərayi-farsın sərdəftəri olub, həmçinin
Nəbati də Azərbaycan şüərasının fəsihraqdır”.
Beləliklə,
Nəbatinin dünyagörüşünü bir neçə
istiqamətdə ümumiləşdirməyi vacib bilirik.
Birincisi, Nəbatinin milli kimliyini dini kimlikdən fərqləndirməsini
şəcərəsini bir tərəfdən seyid peyğəmbər
övladı kimi ərəblərə, digər tərəfdən
xançobanlı kimi türklərə bağlamasında
görürük. Hər halda şairin fəlsəfi şeirlərində
görürük ki, əslini ərəblərə
bağlaması İslam dininə ilahi sevgisindən irəli
gldiyi qədər, Türk kimliyinin ifadəsi isə milli
varlığının, milli dilinin, bir sözlə milli
xüsusiyyətlərinin ifadəsi olmuşdur. İkincisi, Nəbatinin
İslam dininə münasibətində isə şiəlik və
sufilik meyilləri daha çox özünü büruzə
vermişdir ki, ümumilikdə o, bu dinin bəşəri-dünyəvi
mahiyyətini daha dərindən mənimsəmişdir.
Çünki Nəbatinin şeirlərində
görürük ki, müsəlman demək zahid ya da axund olub
bütün günü məscidlərdə ibadət etmək
deyil, sadəcə bu dinin əsil mahiyyətini başa
düşmək və onun insanlıq və ilahi eşq fəlsəfəsinə
uyğun həyat tərzi keçirməkdir. Yəni o, ruhi
baxımından nə qədər şiə-Həzrət Əli
sevdalı olsa da, bütövlükdə əliallahiliyin əleyhinədir
və İslam dininin lokallaşdırlmasını qətiyyən
qəbul etmir. Üçüncüsü, Nəbatinin
yaradıcılığında ikizülü zahidlərin,
riyakar ruhanilərin tənqidi mühüm yerlərdən
birini tutur ki, bunu da, onun yenilikçi-azad fəlsəfi
düşüncələri ilə izah etmək olar. Şairi
açıq aşkar şeirlərində yazır ki, zahidlərə
bu dünyada yaşamaq üçün Allah, Nəbati kimlərə
isə mövla gərəkdir. Bu o demək idi
ki, Nəbatinin dünyagörüşündə ruhi-fəlsəfi
anlamda çıxış yolu bəşəri-yenilkçi
mahiyyətli İslam dini və milli adət-ənənələr
olmuş, o heç bir zaman nə sxolastik-ehkamçı
gerillkçilik, nə də Avropanın İslam-Türk mahiyyətinə
zidd yenilikçilik tərəfdarı kimi çıxış etməmişdir.
(Faiq Ələkbərli Qəzənfəroğlu)
AMEA Fəlsəfə İnstitutunun
aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru
Türküstan.- 2018.- 28 may-4 iyun.- S.6.