Azərbaycan Türk fəlsəfəsindən
yarpaqlar:
SEYİD ƏZİM
ŞİRVANİ
I Yazı
XIX yüzildə
yaşamış Azərbaycan türk mütəfəkkiri
Seyid Əzim Şirvani (1835-1888) 1835-ci ildə Şamaxıda
ruhani ailəsində anadan olmuşdur. Uşaqlıq illərini ana babası Molla
Hüseynin himayəsində Qafqazın Yaqsay kəndində
keçirən, burada mədrəsədə dini təhsil almaqla
yanaşı ərəb və farcanı öyrənən
Seyid Əzim 1853-cü ildə yenidən Şamaxıya
qayıtmışdır. 1855-1858-ci illərdə
Bağdad, Şam, Məkkə, Mədinə, Qahirə, Hələb,
Təbriz, İsfahan və digər Yaxın Şərq şəhərlərini
həm elmini artırmaq, həm səyahət etmək məqsədilə
gəzib-dolaşan Seyid Əzim təxminən 1859-cu ilin
başlarında Şamaxıya qayıdıraq cəhalətə,
avamlığa qarşı çətin bir mübarizəyə
başlamışdır. Məhz cəhalətə
qarşı mübarizə aparıb millətinə
işıqlı yol göstərmək uğrunda mübarizə
aparan Seyid Əzim 1874-cü ildə Şamaxıda fəaliyyətə
başlayan yarı mülki, yarı ruhani məktəbdə fars və türk (Azərbaycan) dili müəllimi
təyin olunmuş, eyni zamanda 1877-ci ildən Şamaxı
şəhər məktəbində də dərs
vermişdir. O, 1879-cu ildə siyasi cəhətdən
şübhəli hesab edilərək müəllim vəzifəsindən
uzaqlaşdırılsa da, bu uzun sürməmişdir. Şair Tiflisə gedib müfaviq orqanlara şikayət
etməklə öz yerinə bərpa olunmuşdur. O,
1888-ci il mayın 20-də müəmmalı
şəkildə ölmüşdür. Seyid Əzimin
başlıca əsərləri
aşağıdakılardır: “Təzkirə”,
“Divani-türki”, “Rəbiül-ətfal”, “Tacül-kütub” və
b.
İctimai-maarifçi görüşləri. Bizcə,
S.Ə.Şirvaninin dünyagörüşündə dini və
ictimai maarifçilik görüşləri bir yerdə şərh
olunmalıdır. Qeyd edək ki, o bir tərəfdən
maarifçiliyin əhəmiyyətindən bəhs edir, digər
tərəfdən əhalinin maariflənməsinin türk
dilində yazılan kitablarda öz əksini tapmasının
vacibliyi göstərirdi. Bu anlamda o, Zərdabiyə
göndərdiyi məktublarının birində məktəblərdə
türk dilində şəriət dərsliklərinin
olmadığını və bu dildə bir kitab
yazdığını bildirmişdir: “Bizim məktəblərdə
oxumağa türki dilində uşaqlar üçün şəriət
kitabları yoxdur. Mən bir müxtəsər
türki dilində «Zakon-bojiy» kitabı yazmışam”. Başqa bir məktubunda isə Şirvani Zərdabiyə
yazır ki, «…öz türki lisanımızda çox asan ibarələrlə
bir türki kitab nəzm etmişəm». Eyni zamanda türk dilinin qədimliyi
ilə öyünən S.Ə.Şirvani, «Əkinçi»nin nəşri ilə əlaqədar onu belə
tərif etmişdir:
Neçə
müddətdi ki, Həsənbəyi-zar,
Hüsnü-tədbir
ilə o fəxri-kibar,
Öz qədimi
lisanımızda haman,
Qəzetə
çapını edib ünvan..
Deməli, Türk dilində maarifləndirmənin
vacibliyini önə çəkən S.Əzim elə
doğma dilində də Qafqaz, o cümlədən Azərbaycan
türklərinin cəhalətinin, avamlığının səbəblərini
izah etməyə çalışmışdır. S.Əzim yazır:
Nə səbəbdən
zəlilü xar olduq,
Ərzəli-xəlqi-ruzigar olduq?
Gər
özün tapsan, ey vəfa kanı,
Sənə
qurban bu Seyyidin canı!».
Onun
fikrincə, Qafqaz, o cümlədən Azərbaycan türklərinin
başqa millətlərdən geridə qalmasının səbəbi
isə islam dini deyil, müsəlmanların-türklərin
özlərinin millət qeyrəti çəkməmələridir.
Kimsə naxoş olanda onun dərdinə dərman
axtarıldığını bildirən Şirvaniyə
görə, Qafqaz müsəlmanları məhz riyakar ruhanilərin
də oyunlarına gələrək öz nadanlıqları
üzündən tərəqqidən uzaq qalıblar.
Şirvani yazır:
İndi
naxoşdu-milləti-islam,
Ona lazımdır eyləmək əncam.
Dərdimizdir
bu dərdi-nadanlıq-
Ki, tutubdur bizi pərişanlıq.
Qeyrilər
etdilər tərəqqiyə-tam,
Qaldı zillətdə firqeyi-islam.
S.Ə.Şirvani
müsəlmanların günü-gündən zəlil olub
«naxoş»lamalarının səbəbini yalnız onlarda «millət
qeyrətinin» az olmasında deyil, həm də onların
savadsızlıqlarında görürdü. Elm və tərbiyə
əldə etməyin faydasını dəfələrlə
qeyd edən, tərəqqinin ancaq elmə bağlı
olduğunu söyləyən ziyalıya görə, elm təkcə
müsəlman uşaqlarına öyrədilən «Nəhv» və
«Sərf», «Gülüstan», «Bustan», «Leyli və Məcnun», «Vəsfi-badəfüruş»
və bu kimi digər kitablardan ibarət deyil. Onun
fikrincə, bu baxımdan müsəlmanlar arasında elmi kimdən
öyrənməyin və hansı elmləri öyrənməyin
özü də problemdir. Şirvani yazır:
Hansı
məktəbdə fövci-ətfali,
Hansı bir elmdən edək hali?
Məktəbi-tibb, ya ki hikmətdən?
Ya ki hərbiyyə,
ya ki hirfətdən?.
S.Ə.Şirvani müsəlmanların ağır
günə düşmələrinin səbəbini H.Zərdabi
kimi başa düşsə də, bütün bunlardan
çıxış yollarını göstərərkən
ümumi teziszlərdən çıxış etmişdir. Şirvaniyə elə gəlmişdir
ki, əgər islama, şəriət qanunlarına olduğu
kimi əməl edilərsə və bu dövrdə Avropada da
geniş yayılan mütərəqqi ideyalar – yeni üsullu məktəblər,
qəzetlər yaranarsa, dünyəvi elmlər öyrənilərsə
onda İlam xalqları, o cümlədən Qaqfaz türkləri
də inkişafa qədəm qoyacaqlar. Bu
baxımdan müsəlmanların cəhalətdən,
avamlıqdan qurtarıb inkişaf etməsi yollarından birini
yeni tipli məktəblərin açılmasında görən
S.Ə.Şirvani bu işin başlıca
iştirakçılarından biri olmuşdur. Bu məsələdə ona H.Zərdabinin, eləcə
də «Əkinçi» qəzetində irəli sürülən
Türk, İslam və Qərb ideyalarının güclü
təsiri olmuşdur. Belə ki, Şirvani
Şamaxıda açılan yeni tipli məktəbdə Zərdabinin
ən azı mənəvi əməyinin olmasını etiraf
edirdi.
S.Ə.Şirvaniyə görə, yeni məktəblərdə
dini elmlərlə yanaşı, dünyəvi elmlər də
öyrədilməlidir. Lakin müsəlmanlar arasından dünyəvi məktəbin
və qəzetin əleyhinə olanlar da var idi: müsəlmanlar
uşaqlarını nə məktəbə qoyurlar, nə də
qəzet oxuyurdular. Başqa müsəlmanlara
örnək olmaq məqsədi ilə Şirvani oğlunu
Şamaxıda açılan yeni məktəbə
qoyduğuna görə xalqın məzəmməti ilə
qarşılaşır. Bu zaman oğluna xitabən o,
yazır:
Demirəm
rus, ya müsəlman ol,
Hər nə
olsan get, əhli-ürfan ol!
Eyni zamanda Şirvaninin soydaşları yeni məktəbə
qarşı çıxdıqları kimi, qəzetin də əleyhinə
idilər. S.Əzim isə hər iki halda Zərdabinin tərəfini
saxlayaraq dünyəvi məktəbin və qəzetin zəmanənin
tələbi olduğunu müsəlmanlara anlatmağa
çalışır və qeyd edirdi ki, burada şəriətə
zidd heç nə yoxdur. H.Zərdabini «millətin
xeyirxahı» adlandıran S.Ə.Şirvanidə millət təəssübkeşliyinin
yaranmasında onun böyük rolu olmuşdur. Zərdabinin
Qafqazda ilk dəfə türkcə qəzet çıxarmasını
böyük bir yenilik hesab edən S.Ə.Şirvani «Əkinçi»nin yaranmasını mühüm hadisə kimi dəyərləndirirdi.
Yeni tipli məktəb və qəzetlərlə
yanaşı, Qərbdə mövcud olan dünyəvi elmlərin
Qafqazda yayılmasını da təbliğ edən S.Əzim
qeyd edir ki, artıq bütün dünya oyanıb, işlər
sahmana düşüb. Ancaq «İslam milləti»nə gəlincə,
vəziyyətin tamamilə əksinə olduğuun etiraf edən
ziyalının fikrinə görə, biz babalarmızda nə
görmüşüksə hələ ona əməl edirik.
Artıq avropalılar Ay, Günəşin nədən
tutulmasını, zəlzələnin nədən baş
verdiyini bildiyi halda, müsəlmanlar hələ də
xürafat içindədirlər və elmə inananlar kafir adlandırılır.
Şirvani dindaşlarını inandırmağa
çalışırdı ki, burada heç bir küfr
yoxdur:
Bixəbər
olmuşuq şəriətdən,
Başımız çıxmır elmi-hikmətdən.
Onun fikrincə, bu gün Avropanın kəşf etdiyi bir
çox ixtiralar Quranda da öz əksini tapmışdır. Sadəcə,
indiyə qədər din başçıları Quranı
xalqa olduğu kimi çatdırmayıblar.
S.Ə.Şirvani həmin ruhaniləri nəzərdə tutaraq
yazır:
Hanı islam üçün sərəncamın?
Yerə
girsin o müctəhid namın!
Söylədin
teleqramı elmi-bəlis-
Ki, onu ixtira edib iblis.
Kari-şeytan
dedin dəmir yolunu,
Xəlqə etdin həram Dum pulunu.
Xaçpərəstlər
təmam düşdü qabaq,
Tökülüb
dalda qaldıq, ay sarsaq!
Aldı əhli-kitab
dünyanı,
Şərh edirsən sən indi Quranı?!
Əhli-islam
oldu xarü zəlil,
Baisi sənsən,
ey imami cəlil!
Sən
bizi nəfə etmədin vasil,
Barı qoy özgə elm edək hasil.
Bizi bəsdir
bu qədər aldatdın,
Dini dinarə hər zaman satdın.
O
güman edirdi ki, əgər müsəlmanlar dünyəvi
elmləri öyrənsələr, Quranın mütərəqqi
din olduğunu daha yaxından anlamış olarlar. Bu baxımdan S.Əzim müsəlmanları dini elmlərlə
bərabər coğrafiya, etika, tarix və bu kimi dünyəvi
elmləri də öyrənməyə dəvət edirdi.
O, ümidini üzmür və islam millətlərinin
də bir gün oyanacağına inanırdı. Onun fikrincə,
bunun üçün köhnə dünya ilə vidalaşmaq
və yeni dünyaya daxil olmaq lazımdır:
Gətirmək tazə üsluba gərəkdir köhnə
dünyanı.
Deməli, o, Qərb mədəniyyətinin bəzi cəhətlərini
təqdir etməklə yanaşı, ümumilikdə nicat
yolunu İslam mədəniyyətindən, Türk mənəviyyatından
kənarda axtarmağı mənasız görmüş, bu mənada
ortaq mövqeden çıxış etməyə cəhd
göstərmişdir. Hər halda Şirvani Bakıxanov kimi Qərb
mədəniyyətindən tamamilə kənarda durmasa da,
Axundzadə kimi də İslam-Türk mədəniyyətindən
birdəfəlik əl çəkməyi də doğru hesab
etməmiş, bu anlamda Zərdabinin yoluna yaxın orta bir yol
izləmişdir.
AMEA Fəlsəfə İnstitutunun
aparıcı elmi işçisi,
dosent, fəlsəfə
üzrə fəlsəfə doktoru Faiq Ələkbərli
Türküstan.- 2018.- 6-12 noyabr.-
S.6.