Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar:

SEYİD ƏZİM ŞİRVANİ

 

II Yazı

 

Seyid Əzim Şirvaninin dini-fəlsəfi görüşlərinin əsasını Qurani-Kərim və hədislər təşkil etsə də, o yenilkçi bir müsəlman-türk mütəfəkkiri idi. Şirvani islam qanunlarından kənara çıxmasa da, ancaq o dövrdə baş verən cəhaləti açıq şəkildə tənqid edir və millətin inkişafı naminə şəriətdən, peyğəmbərin hədislərindən uyğun misallar gətirirdi. Bir sözlə, S.Ə.Şirvani bir tərəfdən Quranla, o biri tərəfdən isə yenilikçi düşüncələrlə millətinin oyanışına xidmət göstərməyə çalışmışdır.

Seyid Əzimin İslam dininə, İslam fəlsəfəsinə bağlılığı daha çox özünü Qurana, Məhəmməd Peyğəmbərə (s.), Həzrət Əliyə (ə) və Əhli-beytə olan sevgisində büruzə vermişdir. O, Qurani-Kərimin müstəsnalığı ilə bağlı yazırdı:

 

Gərçi mənası qeyri-asandır,

Kağızı, xətti, cildi Qurandır.

Harada görsən kəlami-sübhani,

Öpübən qoy göz üstünə ani.

Möcüzi-həqdü batinü zahir,

Məss etməz məgər onu tahir?

 

Seyid Əzim «Peyğəmbərin tərifi» şeirində isə, Məhəmməd Peyğəmbərə olan sevgisini belə ifadə etmişdir:

 

Dəxi yüz töhfeyi-səlatü səlam,

Nə qədər var bu gərdişi-əcram,

Olsun ol şəxsə kim, müəyyəddir,

Ənbiya sərvəri Məhəmməddir.

 

Hətta, Seyid Əzim arzulayırdı ki, Allah sonuncu peyğəm¬bəri gərək türklər¬dən seçərdi və Quran da türk dilində olardı:

 

Çün Mühəmməd ərəbdən etdi zühur,

Öz lisanında qıldı həq məmur.

Türkdən göndərəydi gər ani,

Türki dildə olurdu “Qurani.

 

Başqa bir şeirində isə, mütəfəkkir Peyğəmbərin Allah tərəfindən elçi seçilməsnin səbəblərini izah etməyə çalışır:

 

Axiri-həccini çün Xatmi-rəsul etdi təmam,

Azimi-Yəsrib olub Əhmədi-Məhmud məqam,

Ol şəhə-Xümmi-qədir üzrə olundu ilham,

Gəldi Cibril ki, ey sərvəri-səyyarə məqam,

Sənə göndərdi salam iyzədi-qəhhar bu gün.

 

Sən gərəkdir edəsən Xümmi-qədir üzrə nüzul,

Göftgü eyləməsin zümreyi-əshab fuzul,

Bəs gərək zahir ola mərtəbeyi-zövci-Bətul,

Olacaqdır o şəhin ziddi «zəlumən və cəhul»,

Açılır alamə məxfi olan əsrar bu gün.

 

Ya da:

 

Məhəmməd nuri zahir oldu gün tək kainat içrə,

Ziyalansın gözüm kim, aləmə nuri ziya gəldi.

 

Deməli, Peyğəmbərin bu dünyaya gəlməsi və elçi olaraq Allah tərəfindən seçilməsinin böyük bir anlamı vardır. Seyid Əzimə görə, Peyğəmbərin kainat içində “nuri zahir” olmasından tutmuş Quranı müsəlmanlara çatdırması Allahın miqyasa sığmaz lütfü ilə bağlıdır. Eyni zamanda, Peyğəmbər yalnız dövrünün cahillərini doğru yola çəkməmiş, həm də gələcək də baş verə biləcək dəhşətlərdən insanları xəbərdar etmişdir. Şirvani yazır:

 

Ari, ari, cənab pyeğəmbər

Bu hədisi veribdi xəlqə xəbər –

Ki: «Gəlir bir zamani-tulü təvil

Əhli-islam olursa xarü zəlil,

Tutar ol vəqt küfr dünyanı,

Xar edir çərx əhli-iymanı.

Nə ki cühhal, bəlkə alimlər

Dinimi, şərimi bəyənməzlər».

Sədəqə, sədəqə rəsulüllah.

Bu haman əsrdir bil, ey gümrahı!

 

Peyğəmbərdən sonra Həzrət Əlini İslam yolunda özünə rəhbər kimi qəbul edən şair-filosof yazırdı ki, kim onun yoluyla gedirsə nicat da tapacaqdır. Çünki peyğəmbərin yolunu ondan sonra doğru davam etdirən Həzrət Əli və onun ardıcılları olmuşdur. Şirvani yazırdı:

 

Uyma zəntəblərə, tut şəhi-Mərdan yolunu,

Ələ al sağəri-mey, məşrəbi-mərdanədi bu.

 

Ya da:

 

Gər zati-həqqi bulmaq dilərsən,

Əğyarı tərk et, tap Mürtəzani.

 

Aləmdə yoxdur bir ondan özgə,

Əhvəl degidlin bir görsən ani.

 

Zati-Məhəmməd zati Əlidir,

İki bədəndə bir bil o cani.

 

Ancaq Seyid Əzimin “şiəliyi” mənəvi anlam daşıdığı üçün sünnilərə qarşı heç bir düşmənçilik münasibəti bəsləməmişdir. Sadəcə, o inanrıdı ki, Xilafətin ilk rəhbərlərinin hər hansı günahları olubsa Allaha qarşısında cəzalarını alacaqlar:

 

Mən özüm şiəyəm, budur sifətim,

Leyk əshabə yox müxalifətim.

Gər Əbubəkrlə Ömər, Osman

Zülm ediblərsə, Həqq edər divan.

 

Ümumiyyətlə, Şirvaniyə görə müsəlmanların çoxu elm öyrənmək, millət qeyrəti çəkmək əvəzinə, İslam dininə aid müxtəlif məzhəblərə üz tutublar ki, bu da doğru deyildir. Bu baxım¬dan S.Ə.Şirvani müsəlmanların geriliyinin səbəblərindən bir kimi də dini məzhəbləri, xüsusilə sünni və şiə məsələsini göstərirdi:

 

Şiəmiz sünniyə edər töhmət,

Sünnimiz şiədən edər qeybət.

Bizi puç etdi şiə, sünni sözü,

Əhli-islamın oldu kor gözü.

Bizə sairlər eyləyir töhmət,

Çün tərəqqi edibdir hər millət.

 

Çox təəssüflər olsun ki, hələ o vaxt erməniləri, gürcüləri və başqa xalqları millət adlandırıb öz adı ilə çağırdığımız halda, eyni bir xalqı dini məzhəbə görə bir-birindən ayırıb sünni və şiə kimi, ən yaxşı halda müsəlman milləti olaraq qələmə alıb, bir-birinə qarşı qoymuşuq. S.Ə.Şirvani də millətinin ziyalı oğlu kimi, sünni-şiə məsələsinə son qoyulmasının vacibliyini dərk etmiş və başqa xalqlar kimi tərəqqi etməyin zamanının gəldiyini yazmışdır.

Seyid Əzimin dini-fəlsəfi baxışlarında İslam dininə aid ayin və mərasimlərdəki əlavələrin də tənqidi xüsusi yer tutur. Bu mənada, onun İslamın böyük cəfakeşlərindən hesab olunan İmam Hüseynin (ə) qətli məsələsi ilə bağlı məhərrəmlikdə həyat keçirilən təziyədarlığa, xüsusilə Aşura gününə münasibəti bir çox müasirləri ilə müqayisədə fərqli olmuşdur. Seyid Əzim ilk növbədə, İmam Hüseynin (ə) qətlinin müəyyən bir çərçivədə məhdudlaşdırılıb fanatikcəsinə qeyd edilməsinin əleyhinə çıxmışdır. S.Ə.Şirvaniyə görə, İslamda belə bir hökm yoxdur ki, baş çapmaq, qan tökmək lazımdır. Onun fikrincə, əgər məhərrəmlikdə müsəlmanların özlərinin qanlarını tökməsi ilə bağlı müddəa olsaydı, ilk növbədə buna tanınmış din alimləri ya da imamlar özləri əməl edərdilər:

 

Heç eşitdinmi çapıb başını imami-Cəfər?

Ya ki Museyyi Riza, Əskəriyyi-xəstəcigər,

Bizdən onlar məgər öz cəddini az istərlər?

Niyə bəs vermədilər bu işə fərman əxəvi!

 

Bu yəqnimdir əgər olsa özü zində imam,

Hökm edər: çarpma başın, nəhydi bu feli-həram.

Yenə hər il çarpacaq başını bu qövmi-əvam,

Demə kim, tərki-təbiət ola asan, əxəvi!

 

Bununla da Seyid Əzim hesab edirdi ki, özlərini şiə hesab edən müsəlmanların məhərrəmlikdə baş yarıb, zəncir vurub qan tökmələri İmam Hüseynə (ə) olan sevgilərindən daha çox buna artıq adət etmələridir. Yəni onlar artıq məhərrəmliyi bu formada qeyd etməyi bir adət halına salıblar. Ona görə də, öz cahilliklərindən və avamlıqlarından ibrət dərsi ala bilmirlər. Seyid Əzim yazırdı:

 

Doğrudur, baş çapırıq biz dəxi cəmiyyət ilə,

Bunu lazımdır həlal eyləməyə hüccət ilə,

Nə olur bir göz açıb baxmaq işə ibrət ilə,

Bəlkə yoldan çıxarıbdır bizi şeytan, əxəvi!

 

Yaxud da:

 

Xaçpərəstlər hamısı açdı gözün düşdü qabaq,

Dalda qaldıq tökülüb cəhl ilə biz, ay sarsaq!

Bəs nə vəqti bizə qismət olacaq göz açmaq?

 

Ümumiyyətlə, S.Ə.Şirvani o fikrin tərəfdarı idi ki, İmam Hüseynin (ə) Kərbəlada şəhid olmasının mənəvi mahiyyətini dərk etmək və ondan şüurlu şəkildə nəticə çıxartmaq lazımdır. Bu şüurlu nəticə isə ondan ibarətdir ki, müsəlmanlar İmam Hüseyn (ə) kimi xoşniyyət, himmətli və ümmətsevər olmalıdır. Başqa sözlə, İmam Hüseyn (ə) yolunda qan töküb divanəlik etməkdənsə onun şəhadət yolunu davam etdirmək və o ucalığa qovuşmaq uğrunda mübarizə aparmaq lazımdır. Bu baxımdan Seyid Əzim  imam yolunda qan tökməyi savab əməl kimi qələmə verənlərə qarşı çıxırdı.

Təsadüfi deyil ki, İslam fəlsəfəsinin mühafizəkar nümayəndəsi M.M.Nəvab bu cür düşüncələrinə görə Seyid Əzimi İmam Hüseynin (ə) şəhadət yolunu dərk etməməkdə, hətta kafirlikdə belə ittiham etmişdir. Onun fikrincə, Seyid Əzim Kərbəla faciəsini dərk edə bilmədiyi üçün, imam yolunda qan tökməyin mahiyyətini anlamamışdır. Nəvvab yazırdı:

 

Aç bəsirət gözünü şahi-şəhidanə tərəf,

Baxgilan Kərbübəla səmtinə meydana tərəf.

Məhliqa canları gər tiği-cəfa ilə tələf,

Gör ki, sən də olusan qanına qəltan, Əzim.

 

Nəvvabın fikrincə, S.Əzim o vaxt Kərbəla müsibətini anlayar ki, onun kimi imam yolunda baş yarıb qanını tökərdi, qəmlə göz yaşı axıdardı və nəhayət, cəddini tanımış olardı:

 

Dəxi bihudə danışma sən, əya, paki-nihad,

Eylə Nəvvab kimi nəfsi-zəlumilə cihad,

Qəmlə qan-yaş axıt, eyləgilən cəddini yad,

Nariza olmaya, ta şahi-şəhidan, Əzim.

 

Seyid Əzim isə Nəvvabın bu həcvinə cavab olaraq yenidən yazırdı ki, ağlamaqla, qan tökməklə nə cəddini tanımaq, nə də Kərbəla müsibətini anlamaq mümkündür.

 

Kim deyir ağlama sən Kərbübəla sərvərinə?

Canımız cümlə fəda olsun onun Əkbərinə,

Ağladı ərzü səma təşnə ölən Əsgərinə,

Onu inkar edənin zatına lənət, Hadi!

 

Yaxud da:

 

Leyk siz bir para büdətlər edibsiz iycad,

Qoymusuz adını siz təziyə, ey əhli-fəsad!

Sizə bu təziyədən özgə həvəslərdi murad,

Mən ölüm, sən bir özün eylə mürüvvət, Hadi!

 

Seyid Əzim doğru olaraq yazırdı ki, baş yarıb qan tökməyi, zəncir vurmağı, qəmlə göz yaşı axıtmağı imam yolunda savab sayanlar, ancaq nədənsə ac və kimsəsiz müsəlmanlara öz mallarından Kərbəla şəhidinin ehsanı kimi pay vermirlər. Yalnız quru baş yarmaq, göz yaşı axıtmaqla kifayətlənirlər. Seyid Əzimin fikrincə, bütün bunları onu göstərir ki, bəzi müsəlmanlar üçün İmam Hüseynin (ə) yolu ya aydın deyildir, ya da onlar bundan xəbərdar olsalar da özlərini qanmazlığa vurur və şəxsi maraqlarından çıxış edirlər. S.Ə.Şirvani yazırdı:

 

Bu deyilmi qərəzin başuvi sən çapmaqdan,

Yəni ki, canımı cananə edərdim qurban.

Maluvi bəs nə üçün eyləməyirsən ehsan?

Quru baş çapamağa sən etmisən adət, Hadi!

 

Göründüyü kimi, məhərrəmliyə, Aşura gününə münasibətdə Azərbaycan Türk ziyalıları arasında müəyyən dərəcədə fərqli fikirlər olmuş, hər bir mütəfəkkir Kərbəla müsibətini özünəməxsus şəkildə dəyərləndirməyə çalışmışdır. Şübhəsiz, bu məsələ ətrafında gedən mübahisələrdə İmam Hüseyn (ə) yolunda baş yarıb, zəncir vurub qan çıxaranlar deyil, onun şəhadət yolunu ağılla dərk edib ondan nəticə çıxartmaq istəyən Seyid Əzim və onun kimi düşünənlər doğru yolda olmuşdur.

 

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

Türküstan.- 2018.- 13-19 noyabr.- S.6.