“Çox təəssüf
ki, mən hələ indi İsa
Muğannanın
qızı olduğumu dərk edirəm”
Azərbaycan Prezidenti İlham Əliyevin
31 may 2018-ci il tarixli sərəncamına əsasən,
Xalq yazıçısı İsa Muğannanın
(Hüseynov) 90 illik yubileyi ölkənin hər yerində qeyd
edilməkdədir.
Görkəmli
yazıçının yeganə övladı Sevinc Muğanna atası
haqqında xatirələri Modern.az saytının “ART TIME” rubrikası
ilə bölüşüb. Onunla söhbəti təqdim
edirik:
- İsa Muğannanın qızı
olmaq kim olmaq deməkdir?
- Bəlkə
də ilk dəfədir ki, belə çətin sualla
qarşılaşıram. Bəlkə də
çoxlarının maraqlandığı,
çoxlarının özündən razı bildiyi, əslində
isə həddindən artıq sadə, özünü
sıradan biri hesab edən xanımam..
Uşaq yaşlarımdan bu cür sadə olmuşam. Bəlkə də,
mənim ən böyük mənfi cəhətim mənim sadə
olmağımdır. Başıma gələn
çətinliklərin çoxu da sadəliyimdən gəlir.
Yalnız son zamanlar dərk edirəm ki, mən
kiməm. İndi dərk edirəm ki, mən
İsa Muğannanın qızıyam. Təəssüf
ki, indi dərk edirəm.
- İsa Muğanna kimi
yazıçıları zaman və ədəbiyyat çox az yetirir. Çoxları onu ədəbiyyatımızda
ilk fəlsəfi romanın müəllifi kimi tanıyır.
Bəs siz necə tanıyırsınız?
- Az əvvəl
dediyim kimi, mən onu itirəndən sonra kimin qızı
olduğumu dərk etdim. Başqaları bəlkə
bundan istifadə edərlər, amma mən həmişə
atamın adından istifadə etməyə utanmışam.
Atamla vida mərasimi təşkil olunanda, Milli
Dram Teatrının qabağındakı izdihamı görəndə,
mən atamın necə böyük və əlçatmaz bir
yazıçı olduğunu anladım. Mən
tək atamı itirmədim, həm dostumu, həm də
qardaşımı itirdim.
- Bir oxucu kimi İsa Muğannanın əsərləri
ilə tanışlığınız nə vaxta təsadüf
edir? İlk oxuduğunuz əsəri hansı
olub?
- İlk
dəfə çox kiçik yaşlarımda atamın əsərləri
ilə tanış olmuşam. İlk oxuduğum hekayəsi “Cığırlar”
olub. Mən illər sonra bu hekayə
haqqında danışanda atam mənə irad tuturdu ki,
“Cığırlar”dan danışma. Onun
ruhu məni bağışlasın. Bir də
ilk oxuduğum hekayələri sırasında romantik əsərləri
də var. O, mənə deyərdi ki, “bu hekayələrin
üstündən xətt çək. Bir
də onlardan danışma”. Mən atamdan
səbəbini soruşduqda deyirdi ki, “onlarda insan şəhvəti
öndə verilir. Bu da mənə
yaddır”. Atam vurğuladı ki, “mənim
məhəbbətim Yunus Əmrə məhəbbətidir”.
İsa Muğanna məhəbbəti ilahi
sevgidir.
- “Ədəbiyyat tarix,
tarix isə hər şeydir” deyərdi İsa Muğanna. Ədibin ən məhşur tarixi
romanlarından biri də “Məhşər” romanıdır.
Bu roman haqqında nə deyə bilərsiniz?
- Deyərdim
ki, İsa Muğanna yaradıcılığının ən
çox sevilən və oxunan romanlarından biri idi. Atam tarixi çox sevirdi. Tarixi
mövzuda əsər yaratmaq, roman yazmaq çox çətindir
çünkü tarix dəqiq faktlara söykənir. İsa Muğanna yaradıcılığının
özəlliklərindən biri də, onun iti hafizəyə və
güclü yaddaşa sahib olması idi. Tarixi
dəqiqliklə incələyir və daha sonra bununla
bağlı əsərin üzərində işləməyə
başlayırdı. Roman bu gün də
sevilərək oxunmaqdadır, sadəcə, bu roman “İdeal”
romanı qədər səs-küyə səbəb
olmadı.
- İsa müəllimin ilk qələm
təcrübələri haqqında nə deyə bilərsiniz?
- İlk mətbu əsəri 1947ci ildə
yazdığı “Arx” hekayəsi olub. Bununla da
yaradıcılığa başlayıb. Sovet
dövründə yazılan əsərlər mütləq
müsbət sonluqla bitməli, xeyir şərə qalib gəlməli
idi. “Arx” hekayəsində
yazıçı həyatın özünü göstərmişdi.
Güləndəm arvad 150 kiloqramlıq çox
kök, yaşlı bir qadın olur. Arvadın
qarğıdalıları susuzluqdan yanmağa başlayır.
Su verən olmur. Oğlanları
və həyat yoldaşı müharibədə olur.
Güləndəm arvad
gecəylə arxın qabağına gedib onun
axarını dəyişir ki, qarğıdalıları
yanmasın. Səhər gəlib görürlər ki, Güləndəm
arvad can verərək ölüb.
Mən
artıq yetkinlik yaşlarında olanda bu əsərlə tanış olmuşdum. Həcmcə
kiçik olmasına baxmayaraq, onu çox uğurlu əsər
hesab edirəm. Daha sonra “Dan Ulduzu”, “Bizim
Qızlar” hekayələrini yazmışdı. Atam bu əsərlərindən imtina etsə də,
mən bu imtinalarla barışa bilmirdim.
- Bəs bu imtinaların səbəbi
nə idi?
- Sovet
senzurasının tələbi ilə yazılmış əsərlər
olması idi. Lakin İsa Muğanna senzuraya sığmayan bir yazıçı idi.
Onu bir çərçivəyə salmaq
mümkün deyildi. Alimlərdən çox az adam var ki, onu kəşf etsin.
Şair Zəlimxan Yaqub atamın ruhuna çox yaxın
idi. Görkəmli elm xadimimiz alim Nizami Cəfərov
atamı tam anlamıyla anlayan bir alim idi. Atamın
ona məhəbbəti sonsuz idi.
- Xalq yazıçısının
bütün dövrlərdə məhşur ola
biləcək “İdeal” romanı bu gün ədəbiyyatımızın
ən nadir incilərindən biridir. Siz ilk dəfə
“İdeal” romanını oxuyanda nə hisslər
keçirdiniz, özünüzü hansı aləmdə hiss
etdiniz?
-
Çox dəhşətli hisslər keçirdim. Biraz bu romanın doğuluşu haqqında
danışmaq istərdim. “İdeal” romanı öncə bir
jurnalda “Eşq dəlisi” adı altında çap olundu. Sonra atam onun üzərində bir neçə dəfə
işlədi və əsər “İdeal” adı altında
çap olundu. Əsərin korrekturası
atama çətinlik yaradırdı və bunu mənə həvalə
etmişdi. Gecə mətbəxdə
oturaraq, əsəri korrektə etməyə başladım.
Təbii ki, əsərin Əbədiyyət
bölməsinə, əsərin qapalı dünya hissəsinə
gəldikdə orada ilişmişdim. Çətinliyə
düşmüşdüm. Bu hadisə
1996-1997-ci illərə təsadüf edir.Həmin illərdə
mənə çox əziz olan bir insanı - əmimoğlu
Mustafanı itirmişdim. Əsərin
qapalı dünya hissəsinə çatanda, başıma qəribə
bir hadisə gəldi.
Bunu heç bir müsahibədə deməmişəm. İlk dəfədir
ki, sizin rubrikanızda deyirəm. Bilmirəm
bu əsərin təsirindən idi ya yox, bir də
gördüm ki, əmimoğlu Mustafa öz sevimli kostyumunda,
atamın əsərdə dediyi kimi, qəribə bir
işığın içində gəlib qarşımda
durdu və mənə baxıb gülümsədi. Mən
o zaman çox qəribə bir hiss keçirdim. Durub onun dalınca getdim, qışqırmaq istədim,
lakin qışqıra bilmədim. O gözümdən
itdi. Əsərin korrektəsi çox çətin
gedirdi. Bu hadisədən sonra kosmik surətlə
əsərin korrekturasını yekunlaşdırdım.
- Bildiyimiz qədər İsa
Muğannanın çox ağır və məşəqqətli
həyatı olub. Həyatı boyunca bir
çox çətinliklərlə qarşılaşıb və
bu çətinliklər onun əsərlərinə də
yansıyıb. Bu barədə fikirlərinizi eşitmək
maraqlı olardı...
- Bəli,
atamın çox keşməkeşli həyatı olub. Tibb Universitetinə daxil olub və oranı
yarımçıq qoyub. BDU-ya daxil olub,
sonra oradan da çıxıb. Daha sonra Maksim Qorki adına Ədəbiyyat niversitetini bitirib. Orada
Salam Qədirzadə və Nəbi Xəzri ilə birlikdə oxuyub və
çox yaxın dost olublar.
Çoxuşaqlı ailənin ilk övladı olub. Ailənin
bütün çətinlikləri onun üzərində
olub. Uzun müddət kirayələrdə
yaşayıb. İndi yazıçı
Afaq Məsudun yaşadığı kommunal layihəli evdə
atamın ailəsi və şair Qabilin ailəsi uzun müddət
birlikdə yaşayıblar. Lakin bir dəfə
olsun belə dalaşmayıblar.
- Oxucu kimi əsərlərində
başa düşmədiyiniz məqamlar olurdu? Bu zaman İsa müəllimə
müraciət edirdinizmi?
- Nəyisə
izah etmək onun üçün böyük zövq idi. Lakin
iş görəndə ona yaxınlaşmaq olmurdu. Evdə onun xüsusi rejimi vardı. Axşam saat 10-11-də mənimlə anam artıq
yatırdıq. Atam bu zaman mətbəxə
keçərdi və yazmağa başlardı. Mütləq mətbəxdə çaydan
mığıldamalı idi. Çayını
yalnız armudu stəkanda içərdi.Səhər saat 5-də
yazı masasından qalxıb yatardı. Gün
ərzində cəmi 4-5 saat yatardı.
- İsa Muğannanın
müasir ədəbiyyatımızda yerini necə
görürsünüz?
- Atam ədəbiyyatımızın
əlçatmaz yazıçılarından biri olub. Bununla bərabər ədəbiyyatımızın ən
çox döyülən yazıçısı olub. Həmişə də ona qarşı olan əks və
yersiz münasibətə gülərək keçib
.Heç kimə reaksiya verməyib.
- İsa Muğanna iri həcmli
romanlar müəllifi olmaqla yanaşı, həmçinin
görkəmli ssenarist və kinoredaktor olub. “Tütək səsi”, “Nəsimi” kimi ekran
əsərləri məhz onun ssenariləri əsasında
çəkilib. Filmlərlə bağlı İsa
müəllimin sizə söylədiyi xatirələri olubmu?
- “Nəsimi” filminin ssenarisini İsa müəllim ulu
öndər Heydər Əliyevin istəyi ilə
yazmışdı. Rejissor Həsən Seyidbəyli ilə
atam çox yaxın olublar. Anam deyirdi ki,
“Nəsimi” filminin çəklişi zamanı bir yay atamın
üzünə həsrət qalıb. Atam
öz ssenarisi əsasında çəkilən bütün
filmlərdə əvvəldən sonadək iştirak edib.
Bircə “Nizami” filmindən başqa.
- Onun bir oxucu kimi ədəbi
zövqü kimlərin üzərdə qurulmuşdu? Sizə oxumaq üçün hansı əsərləri
məsləhət görürdü?
-
Üstünlüyü rus ədəbiyyatına verərdi. İlk növbədə Dostayevski. Dostayevskinin “Bəyaz gecələr”ini mənə
oxutdurdu. Tolstoyun, Turgenevin, Çexovun hekayələrini mütamadi
olaraq mənə oxutdurardı. Fransız ədəbiyyatını
və antik ədəbiyyatı çox sevərdi və
oxutduaradı. Şekspri oxuyurdum və bu
zaman atam mənə əsərləri anlamaq,
aydınlaşdırmaq üçün istiqamət verərdi.
- Atanız müasir ədəbi gəncliyimizdən
kimləri bəyənirdi?
- Gənc
nəsildən tənqidçi Əsəd Cahangiri çox bəyənirdi.
Gənc və istedadlı yazıçı
Şamil Sadiqi hər zaman vurğulayırdı.
- Bəs musiqimizlə bağlı
düşüncələri necəydi? Bilirik ki, aşıq sənətini
çox sevdiyindən saz havası ilə dəfn olunub...
- Bəli,
öz vəsiyyətinə görə “Ruhani” havasıyla dəfn
olundu. Xalqımıza, cənab prezidentimizə təşəkkür
edirəm ki, “Xalq yazıçısı”, atam İsa
Muğannanın dəfnində mənə yaxından kömək
göstərdilər. Onu Birinci Fəxri
xiyabanda dəfn etdilər.
İfaçılara gəlincə isə Aşıq
Kamandarı çox sevərdi. Kamandar oxuyan zaman bəzən
atam ağlayardı. Estrada
ifaçılarından İlhamə Quliyevanın
bütün ifalarını bəyənirdi. Gənclərdən isə müğənni Röya
Ayxanın səsini və ifalarını xoşlayırdı.
- Sevinc xanım, heç ədəbi
yaradıcılıqda özünüzü
sınamısınız?
- 1991-ci
ildə Bakı Dövlət Universitetini bitirmişəm. 1992-ci ildən həmin Universitetdə
çalışıram. Hazırda
Universitetin Azərbaycan ədəbiyyatı tarixi
kafedrasının müəllimiyəm.
Yaradıcılığa gəlincə, bu qabiliyyətim
var, sadəcə onun üzərində işləməmişəm. Uzun illər
atam və anam xəstə oldular. Tək
övlad olduğum üçün onların bütün
çətinliklərini həll etmək, onlara qayğı
göstərmək mənim üzərimdə idi. 1994-1995-ci illərdə atam ard-arda infakt keçirdi.
Lakin biz onun iniltisini bircə dəfə olsun belə,
eşitmədik.
- Həyatda ən böyük çətinliyiniz
nə vaxt olub?
- Bu haqda
danışmaq mənə çox çətindir. 2014-cü ildə atam dünyasını dəyişdi.
Ondan sonra isə anam yatağa düşdü.
Atamdan sonra anam bir dəfə də olsun gülmədi.
2016-cı ildə həyat yoldaşım qəfildən
dünyasını dəyişdi. Elə həmin ildə
də anamı itirdim. Ailənin
bütün çətinlikləri mənim üzərimdədir.
İki övladımla birlikdə
yaşayıram. Tək qadına iki övlad
böyütməyin nə qədər çətin
olduğunu yəqin ki bilirsiniz...
- İsa Muğanna ölməzdən
öncə sizə nə vəsiyyət etdi? Ürəyində qalan arzusu oldumu?
- Mənim
ən yaralı yerimə toxundunuz. Atamın ən
böyük arzusu Ağstafadakı evində ev-muzeyinin
yaradılması idi. O arzu ilə də İsa Muğanna
bu dünyadan köçdü. Mənə vəsiyyət etdi
ki, həmin evdəki
heç bir əşyaya toxunmayım. Sınıq
əşyalar belə olsa saxlayıb, muzeyə təhvil verim.
Ən böyük arzum, atamın vəsiyyəti
üzərinə Ağstafada ev-muzeyinin
yaradılmasıdır.
- Atanızın 90 illik yubileyinin
dövlət səviyyəsində keçiriləcəyini
eşitdikdə hansı hissləri keçirdiniz?
-
Çox sevindim. Bunun üçün öncə
Azərbaycan mədəniyyəti və incəsənətinin
himayədarı, qoruyucusu olan cənab prezidentimiz İlham
Əliyevə dərin təşəkkürümü bildirirəm.
İsa Muğanna sağlığında həmişə
cənab prezidentimizin diqqət və qayğısı ilə əhatə
olunmuşdu. Mən çox istərdim ki,
onun təqaüdünün müəyyən bir qismi ailəsinə
verilsin. Çünkü təkbaşına
iki övlad böyütmək mənə çox çətindir.
Kanallarımızda ara-sıra İsa
Muğannanın ssenari müəllifi olduğu filmlər
nümayiş olunur, lakin heç bir kanal filmlərin
nümayişi ilə bağlı onun ailəsinə qonorar təqdim
etmir.
- İsa Muğanna sevərlərə
rubrikamız vasitəsilə nə demək istərdiniz?
- İsa Muğanna yaradıcılığı
özü bir məktəbdir. Bütün oxuculara təşəkkür
edirəm. Çox xoşdur ki, Modern.az
saytı, incəsənətlə bağlı belə bir
rubrika açıb. Qələminiz hər
zaman iti olsun. Bu rubrikada İsa Muğannanın həyat və
yaradıcılığını
işıqlandırdığınız üçün
çox sağ olun. Ümüd edirəm
ki, İsa Muğanna yaradıcılığı Azərbaycan
ədəbiyyatı var olduqca, yaşayacaq və bütün
dövrlərdə sevilərək xatırlanacaq.
- Yubiley çərçivəsində
hansı tədbirlərin keçirilməsi nəzərdə
tutulub?
-
Noyabrın 20-də Azərbaycan Dövlət Filarmoniyasıda
90 illik yubileylə bağlı tədbir keçiriləcək.
İsa Muğannanı sevən hər kəs dəvətlidir.
Türküstan.-
2018.- 20-26 noyabr.- S.5.