Azərbaycan Türk fəlsəfəsindən
yarpaqlar:
SEYİD ƏZİM
ŞİRVANİ
III Yazı
Seyid
Əzim Şirvaninin dünyagörüşündə sufiliyə,
sufizmə meylililk də çox hiss olunur. Xüsusilə də,
o, riyakar zahidlərə, ruhanilərə nisbətdə
özünü bir sufi kimi görür. Yəni
onun dindarlığı, möminliyi bir sufi
möminliyidir. Məsələn, o, orucluğu bir zahid kimi
deyil, bir mömin sufi kimi dərk edir:
Bir ay rəmazan
oruc tutub hər axşam,
İftarımı
eylədim şərabi-gülfam,
İndi nədir,
ey şeyx, şəriət hökmü,
Kəffarə verim, oruc tutum, ya itam?
Eyni zamanda, o, ramazanın sufilik anlamda mahiyyətini ortaya
qoyan bir şeirində yazırdı ki, fani dünyada əsas
məqsəd insanla Allah arasına sədd çəkməməkdir. Məhz ramazan
ayında riya əhlinin bütün cəhdlərinə
baxmayaraq, Allahla insan arasında səmimi bir əlaqənin,
ilahi bir sevginin yaranması mümkün olur. O yazır:
Ey
saqiyi-gülçöhrə, mahi-rəməzan oldu,
Gülzari-rüxi-dilbər zəf ilə xəzan oldu.
Dildar
tutub ruzə, zəf oldu ona qalib,
San yengi çıxan aydır, çərx üzrə əyan
oldu.
Qaçmış
o güli-alın ləli-ləbinin qanı,
Bağrım tutulub qəmdən, qönçə kimi
qan oldu.
Aşüftə
olub kakil əbruyi-kəcin tutdu,
Mah idi bu eyd üçün əbr içrə nihan
oldu.
Açıldı
dəri-məscid, cəm oldu riya əhli,
Bağlandı səri-mina, qəmdən xəfəqan oldu.
Niyyət
gecəsi verdim iymanı, şərab aldım,
Sud oldu bu sövdadə, zahid, nə ziyan oldu?
Ta
hübbi-Əlidən mey Seyyid kimi nuş etdim,
Sərməstligim, saqi, məşhuri-cahan oldu.
Seyid Əzim hesab edirdi ki, Allahla insan arasında sədd
çəkən İslam dini adı altında
çıxış edən riyakar ruhanilərdir. Bu anlamda
şair İslam dininin günü-gündən
«naxoş»lamasının başlıca səbəbkarı kimi
hər hansı məzhəbə qulluq etməsinə
baxmayaraq, onun adından çıxış edən
bütün riyakar ruhaniləri, zahidləri, mollaları
göstərmişdir. S.Əzimin fikrincə,
onların riykarlığı nəticəsində mömin
müsəlmanlar məscidlərdən üz çevrir,
onların övladaları tərəqqidən geri qalır,
dini ayin və mərasimlərin mahiyyəti dəyişdirilir,
məzhəblərarası təfriqələr daha da vüsət
alır və nəticədə «islam milləti»
naxoşlayır.
Bizə
elə gəlir ki, Seyid Əzim məhz bütün bunlara son
qoymaq, yəni naxoş «islam milləti»ni
sağaltmaq üçün Bakıxanovun yolunun
davamçısı kimi, ilk növbədə şeirlərində
riyakar zahidlərin iç üzlərini ifşa etməklə
yanaşı, Allahla insanı bütünləşdirən
bir fəlsəfəni iərli sürürdü:
Ey
könül, məscid yolunu tərk et, rəhi-meyxanə
tut.
Ğuğma əldə zahidin təsbihini, peymanə tut.
Zahidü
məscid təmənnasın çox etmə, ey könül,
Zahidi bir cüğd bil, həm məscidi viranə tut.
Ona
görə, zahid bir tərəfdən dini moizələr
oxuyub avam müsəlmanları cənnətlə şirinkləşdirib
cəhənnəmlə isə qorxutduğu halda, o biri tərəfdən
özü bu dünyada “cənnət” içində
yaşayır, üstəlik o biri dünyada da cənnətə
gözünü dikib. Halbuki əsil mömin müsəlman
üçün Allaha qovuşmaqdan, Onunla bütünləşməkdən
böyük bir xoşbəxtlik ola bilməz.
O yazır:
Zahida, ol
sənəmin zülfi-çəlipasına bax,
Aç bəsirət gözüvi, nərgisi-şəhlasına
bax.
Ayeyi-xəmr
oxuyur, nəfini inkar qılır,
Tutduğu felini gör, verdigi mənasına bax.
Cənnətə
getdi və ya düzəxə mürdə, nə qəmin,
İrsinə dik gözüvü, külçəvü
həlvasına bax.
İstəyir
cənnəti zahid bu qədər hiylə ilə,
Əbləhin fikrini gör, dildə təmənnasına
bax.
Eyni
zamanda, o, deyirdi ki, zahiddə hünərin
olmadığını da, ilahi məhəbbətdən uzaq olduğunu
da, hətta insanlıqla üst-üstə düşməyən
əməllərini də yaxşı bilir. İlahi
məhəbbətə doğru yürümək
üçün gərək insanda o, məhəbbətin bir
zərrəsi olsun. O yazır:
Ey zahidi-xudbin,
bilirəm kim, hünərin yox.
Meydani-məhəbbət tərəfə bir güzərin
yox.
Mehrabdə
əgləş ki, cigərdar degilsin,
Bu nari-qəmə yanmağa əsla cigərin yox.
Ta
müxbiri-eşq oldu könül, bixəbərəm mən,
Zahid, xəbərim yox, bu xəbərdən xəbərin
yox.
Sən
eylə pəri, hur xəyalilə ibadət,
Bəzmində ələnnəqd büti-simbərin yox.
Ey
zahidi-xüşk, eyləmə üşaqqə təfaxür,
Ahi-səhərin, suzi dilin, çeşmi-tərin yox).
Şair onu da yazırdı ki, artıq zahid sözü
ilə hər hansı savaba meyil göstərməyin
özü də belə doğru hesab edilmir. Çünki
zahidin savab dediyinin özündə də, bir riyakarlıq
vardır. Bu anlamda zahid kimi aşkarda
müsəlman olub, əslində gizlində isə dinini
şeytana verməkdənsə, Şeyx Sənan tək
açıq-aşkar bir kafir qızına meyil edib ona görə
din dəyişdirmək daha məqbuldur. O yazır:
Zahida,
dinivü sən verdin əbəs şeytanə,
Şeyx Sənan verib öz dilbəri-tərsası
üçün.
Ümumiyyətlə, Şirvaninin nəzərində
zahidlər, riiyakar din xadimləri İslam dininin ən
böyük düşmənləridir. Çünki
məhz onların şər əməlləri nəticəsində
müsəlmanların çoxu məsciddən üz döndəriblər,
xalq arasında molla və zahidin adları çəkiləndə
ikrah hissi baş qaldırır. Artıq
riyakarlıqla zahidlik sinonim kimi başa düşülür.
Şirvani yazır:
Riyanı
tərk elədim, cam tutdum, ey zahid,
Mənim də el gözünə parsalığım
var idi.
Ya da:
Gecə-gündüz
ki, özü məsti-riyadır zahid,
Badədən bəs nə üçün mən
qılır ovbaşi?
Kəbədə
olsa da zahid ki, təvaf etməzdi,
Səngi-meyxanədən olsaydı gər bir daşi.
Gördüyümüz
kimi, Şirvani açıq-aşkar şəkildə zahidləri
din düşməni elan etmiş, özünü bir sufi kimi ortaya qoymuşdur. Onun nəzərində
zahidlərin, vaizlərin bir qara qəpik dəyəri yox idi.
Çünki “naxoş”layıb “xəstə” halına
düşən İslam dininin bu vəziyyətində şeytanla
əlbir olan zahidlərin payı çox böyük idi:
Vaiz eləyir
mənfəəti-badəni inkar,
Meyxanələrə gör ki, nə əfzundu inadı.
Zahid
işi zahirdə əbadır və duadır,
Məlun kişidir, hiyləvü təzvir nihadı.
Ya da:
Girəm
ki, dögər başını səccadəyə zahid,
Tərsadə
olan məniyi-zünnarı bilirmi?.
Ya da:
Gər
oldu mənim canıma canan varis,
Zahid, ola iymanuva şeytan varis.
S.Ə.Şirvaninin dünyagörüşü ilə
bağlı təhlilimizi yekunlaşdıraraq hesab edirik ki, o,
dini fəlsəfi təfəkkürlə yanaşı, xeyli dərəcədə
dünyəvi fəlsəfi təfəkkürə meyil
göstərmiş mütəfəkkir kimi Azərbaycan
türk fəlsəfi və ictimai fikir tarixində özünəməxsus
yer tuta bilmişdir. S.Ə.Şirvani köhnəlik və
yenilik arasında çırpınan, millətinin
nicatını yeniləşmiş dünyada nə qədər
axtarsa da, şəriətin müsəlmanlar üçün
vacibliyini və əhəmiyyətini vurğulamağı da
unutmamışdır. Bütün hallarda
Şirvani doğru müəyyənləşdirə
bilmişdir ki, son əsrlərdə müsəlman
xalqları riyakar ruhanilərin, mollaların əməlləri
üzündən Quranı, şəriəti və dini elmləri
olduğu kimi öyrənə bilməmiş, eyni zamanda
dünyəvi elmlərdən isə tamamilə uzaq
qalmışlar. Bu baxımdan onun
başlıca hədəflərindən biri o idi ki, Quranın
həqiqi mahiyyətini vaxtında müsəlmanlara öyrətməyən
din üləmalarının, dünyəvi elmlərin də
öyrənilməsinə qənim kəsilməsinin
qarşısı alınmalıdır. Çünki
müsəlman xalqları yalnız dini elmləri mənimsəməklə
deyil, eyni zamanda dünyəvi elmləri öyrənməklə,
yəni yeni tipli məktəblərdə təhsil almaq, qəzetlər
oxumaq yolları ilə inkişaf edib başqa millətlərin
səviyyəsinə çata bilərlər.
Bu məqsədlə də o, Qərb mədəniyyətinin
əldə etdiyi bir çox uğurların müsəlman
dövlətlərində də tətbiq olunmasının
mümkünlüyünü irəli sürmüşdür. O, Qərb mədəniyyətinə
aid uğurların ən azından bir qisminin İslam dininə
zidd olmadığını sübuta yetirmək
üçün, bununla bağlı Quran ayələrindən
nümunələr də vermişdir. Bununla da,
o sübuta yetirməyə çalışmışdır
ki, əslində həmin yeniliklərin çoxu Quranda da
öz əksini tapmışdır. Sadəcə,
riyakar ruhanilərlə despotik məmurlar Quranın
yenilikçi ruhunu müsəlman xalqlardan gizli tutaraq, ona
öz maraqlarına uyğun olaraq etdikləri əlavələrlə
birlikdə sxolastik təfəkkürlə kifayətlənmişlər.
Bu anlamda Şirvaninin
dünyagörüşündə riyakar ruhanilərlə
despotik məmurların tənqidi mühüm yeri tutur.
Bütün hallarda hesab edirik ki, Şirvani Əfqani, Zərdabi
qədər olmasa da, ancaq İslam-Şərq-Türk mədəniyyəti
ilə Qərb-Xristian mədəniyyətinin hansı anlamda
uzlaşa biləcəyini qismən doğru müəyyənləşdirə
bilmişdir.
Xüsusilə, onun dünyagörüşündə islam fəlsəfəsi, türk fəlsəfəsi
bir bütünlük təşkil etməsinə, eyni zamanda
sxolastik fəlsəfi təfəkkürdən çox uzaq
duraraq yenilkçi-insani-dünyəvi xarakter
daşımasına qətiyyən şübhə etmirik. Məhz
islam fəlsəfəsi və türk mədəniyyətinin
dərkində əsasən rasional mövqe tutmasının nəticəsi
idi ki, Şirvani də Qərb-Rus mədəniyyətinə
olduqca həssas yanaşmışdır. Onun Qərb
mədəniyyətindən əsasən əxz elədiyi məsələ,
reallıqları görüb dəyərləndirmək
bacarığı və Avropa texnologiyasından səmərəli
istifadə etmək idi. Hər halda Şirvani türk mədəniyyətinə
və islam fəlsəfəsinə dərindən
bələd olan bir mütəfəkkirimiz kimi, Qərb mədəniyyətinə
aid dəyərlərin hansı anlamda müsəlman türk
xalqlarının həyatında müsbət ya da mənfi rol
oynaya biləcəyini əsasən, doğru müəyyənləşdirə
bilmişdir.
AMEA Fəlsəfə İnstitutunun
aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru
Faiq Ələkbərli
Türküstan.-
2018.- 20-26 noyabr.- S.6.