Ələmdar Quluzadənin Xocalıda
keçən uşaqlığı:
“Xocalı düşmən
tapdağında bizi gözləyir,
biz isə burada
“dastan” açmışıq”
başlanğıcı ötən
sayımızda
“Xocalıda kəndli ailəsində
böyüyən
hər bir uşaq əmək məktəbi
keçirdi”
- Kənddə
uşaqlı-böyüklü hamımız işləyərdik,
zəhməti sevərdik. Qoyun-quzu otarardıq, yer belləyib,
bağ-bostan salardıq, əkin sahələrinin ətrafını,
evlərimizin yan-yörəsini bağlamaq üçün
çör-çöp yığıb, çəpər
hörərdik. Şuşa ilə Xankəndinin arasında dolamalar var
idi. Buna “Yeddi dolama” deyirdilər. Şuşadan
Laçına keçəndə də “Yeddi dolama” var idi.
Uşaqlığımda, gəncliyimdə o
yolları bəlkə də, yetmiş yeddi dəfə
keçmişəm. Bir dəfə də
keçmək arzusundayam.
Kənd uşaqları ilə ən sevdiyimiz oyunumuz futbol
idi. Mən kəndin yığma komandasında da,
Xocalı komandasında da oynamışam. Artıq
15 yaşımda ikinci dərəcəli futbolçu
nişanını almışdım.
İkinci Dünya Müharibəsindən sonra hamı necə
yaşayırdısa, xocalıların da həyat tərzi digər
kəndlərin camaatının həyat tərzinə bənzəyirdi. Amma
münaqişə qızışan vaxtlarda dolanmaq xeyli
çətinləşmişdi. Xocalıda
demək olar, hamı bir-biri ilə qohum idi. Qız alıb-qız verərdilər. İnsanlar bir-birinə yaxın, münasibətlər
isti idi. Kimsənin qohumundan, qonşusundan
gizli sirri olmazdı. Nə tapsalar,
bölüşdürər, birlikdə yeyib-içərdilər.
Kənd camaatı əlinin zəhməti ilə
ailəsini dolandırırdı.
Xocalı camaatı anlayırdı ki, yaxşı
dolanmaq üçün çoxlu əziyyət çəkmək
lazımdır. Ona görə, əhali toyuq-cücədən
tutmuş, bağ-bostana qədər yetişdirirdi. Müxtəlif tərəvəzlər, meyvələr
becərirdilər. Xocalı torpaqları
subtropik əraziyə bənzəyirdi. İldə
iki-üç dəfə məhsul götürmək olurdu.
Məsələn, kartof becərirdilər, məhsul
götürəndən sonra yerinə kələm, soğan əkirdilər.
Ondan sonra, artıq payızlıq göy-göyərti
əkib, məhsul götürmək olurdu. Məhsuldar
Xocalı torpaqlarında bir sot torpaq ailənin bütün il boyu dolanmasıəna, ərzaqla təminatına
kifayət edirdi. Xocalıda becərilən məhsulları
digər rayponlarda da bəh-bəhlə alıb, istifadə
edirdilər. Çünki hər kəs
bilirdi, bu toprpaqlarda becərilən məhsullar təmiz, keyfiyyətlidir.
Xocalıda kəndli ailəsində böyüyən hər
bir uşaq əvvəl əmək məktəbi keçirdi. Bizim hər birimiz, kənd təsərrüfatı,
bitkilərin becərilməsi, heyvanlara, mal-qaraya qulluq və s.
haqqında bilgilərə malik idik.
“Xocalının
50-60-cı illərdəki mənzərəsi bu ahıl
yaşımda da gözümün qabağından getmir”
- O qəzet
yazır, bu qəzet yazır. Oxuyuram,
Xocalının indiki durumu haqqında. Yazırlar
ki, Xocalını sökürlər, aeroportu uzadırlar... 66
yaşım var, yan-yörəsində uşaqlığımın
keçdiyi Xocalı aeroportu, uşaqlığımdakı
Xocalının mənzərəsi indi də mənim
gözümün qarşısındadır. Qəzetlərdən oxuyanda, bir anlıq o yamaclara,
dağlara, düzənliklərə, meşələrə
gedirəm, beynimdə uşaqlığımın
Xocalısını canlandırıram. Aeroportu
uzadıblarsa, deməli, yolun kənarındakı Dərələyəz
kəndindən əsər-əlamət yoxdur. Cəmi 500 metr uzanan aeroport kəndi məhv edəcək.
Düşünürəm, aeroportu filan istiqamətdə
uzatsalar, Namaz kişinin evinə, çay kənarına gəldi
çatdı ki... Aeroportun ətrafında 22
kurqan var idi. Həmin kurqanların ən
azı 10-u məhv edilib. Ermənilər
tariximizi bax belə məhv edirlər.
Böyüdüyüm Qaladərəsi kəndi dağətəyi
ərazidə yerləşirdi. Qaladərəsi ilə
Xocalını Badara çayı ayırırdı. Xocalı və ona bitişik kəndlər isə
vadi sayılırdı. Ətrafı
dağlarla əhatələnmiş düzəngah idi oralar.
Harov, Şuşa, Qırxqız
dağları, Bozdağ, uzaqda Murov dağı görünərdi.
Harov və Bozdağın birləşdiyi hissə
açıq idi və orada Əsgəran qalası var idi.
Əsgərana qədər və elə Əsgərann
özündə də nar, əncir, digər meyvələr
yetişirdi. Sanki Əsgəran aranla,
dağları ayıran bölgə idi, adı da buradan gəlirdi
– “əks aran”. Əsgəranla bizim kəndimizin
arası 500 kilometr idi. Bizdə də
oradakı naz-nemətdən yox idi.
“Təyyarələr Xocalının
üstündən uçanda,
bütün uşaqlar arxasınca qaçardı”
- Xocalı
işğal olunana qədər hara getsəm də, öz vətənimə,
Xocalıya, Qaladərəsinə qayıdırdım. Ora Qarabağın mərkəzi idi. Sonradan Xocalıda dəmir yolu da çəkildi, təyyarələr,
avtobuslar da işləyirdi.
Biz uşaqlar üçün ən maraqlı yerlərdən
biri elə aeroport ərazisi idi. 1950-60-cı illərdə
aeroporta asfalt çəkilməmişdi. “Kukruznik”
adlanan təyyarələr aeroport ərazisindən uçurdu.
Biz o ərazilərdə mal-qara otarırdıq, aeroportun otunu
çalıb, mal-heyvan üçün aparırdıq. Bəzən axşam saat 9-dan, gecə saat 11-ə qədər
yaylıma da gedirdik. Uşaqlarla mal otaranda
həmin təyyarələri görürdük,
hamımız arxasınca qaçırdıq. Həmin vaxt üzüm bağlarını dərmanlamaq
üçün o “Kukruznik”lərdən istifadə edirdilər.
Bu təyyarələr kiçik, 12 nəfərlik
idi. Uzun vaxtda mənzil başına
çatırdı. Sonralar “YAK 40” təyyarələri
alındı, aeroporta gətirildi. 45 dəqiqəyə
“YAK 40”larla Bakıya uçmaq olurdu.
“Uşaqlar əvəzinə,
böyüklər dava edirdilər”
-
Üç kəndin camaatı Xocalıda bir kəndli kimi
yaşayırdıq. Adətən,
uşaqlıqda davalar, yeniyetməlikdə qız üstündə
mübahisələr çox olur. Amma bizim
kəndlərdə belə hal yox idi. Bir məktəbdə
mehriban oxuyurduq, sevinirdik, oynayırdıq. Heç
yeniyetmə vaxtı da qız üstündə
dalaşmazdılar. Bəlkə qızlar
oğlanların üstündə dalaşıb, xəbərim
yoxdur, amma oğlanlar bir-biri ilə dava etmirdi. Əsas inciklik, dava-şava yaşlılar, hətta
60-65-dən çox yaşı olan ahıllar arasında idi.
Biri deyirdi, niyə arxdan su açmısan, mən
bağımı sulaya bilmirəm. O biri deyirdi, sənin həyətin
genişdi, imkan ver biz də dolanaq... Amma ən
çox qadınlar dalaşardı. Uşaqlar
analarını sakitləşdirir, hərə öz
anasını çəkib aparardı.
“Kənddə məhəbbətə
başımı
qatsaydım, yaxşı oxuya bilməzdim”
- Əksəriyyətdən fərqli olaraq, mənim ilk məhəbbətim
orta məktəb illərində başıma gəlməyib. Ali məktəbdə
sevmişəm ilk dəfə. Düşünürdüm
ki, kənddə məhəbbətə başımı
qatsaydım, oxuya bilməzdim, savadlanammazdım, heç
instituta da qəbul olunmazdım. Halbuki,
instituta qəbul olunan kimi, birinci kursda qəşəng bir
qızla məhəbbət yaşamışam.
“Xocalıda toy da, yas da hamı
üçün idi”
- El adətlərindən
də danışım... Toylarımız
olardı, təmtəraqlı, çalıb-oynamalı –
kiçikli-böyüklü hamının ləzzət
aldığı toylar. Heç kim dəvət
etdiyi qonağa demirdi ki, uşağı toya gətirmə, bir
evdən bir adam gəlsin və s. Kənddə toy var idisə,
bu bütün kəndin məclisi sayılırdı. Toylarda yeməklə musiqi bir-birinə
qarışmazdı. Ayrı-ayrı
mağarlar qurardılar. Toy mağarı
ayrı, yemək mağarı ayrı idi. İndi
ziyalıların çoxu toy məcislərinə gedə
bilmir. Camaat inciyir ki, niyə toyuma gəlmirsən.
Anlamırlar ki, o toyun səsi başımıza
düşür, bir yanda “şalaxo gedən”, oynayan adamlar, digər
tərəfdə isə yemək-içmək.
Yuxarı Qarabağ zonasında toylarda qarmon, tar, qaval,
zurna-balaban populyar idi, xanəndələr dəvət edirdilər. Saz çox
yayılmasa da, bəzi toylarda aşıq gətirər, dastan
danışardılar.
Yas məclisləri də bütün kəndin yası
olardı. Bir evdə yas düşərdisə, hamı o
qohumun, qonşunun, həmkəndlinin hüznünə şərik
idi.
Bayramlarımız...
-
Xocalı, Dərələyəz, Qaladərəsi kəndlərinin
ən sevimlisi bayramı Novruz idi. Ən çox
biz uşaqlar sevinirdik. Yumurta boyayırdıq,
qonşulara papaq, kisə atardıq... Tonqal
qalayıb, üstündən atlanardıq. Qurban bayramı da kənd camaatı üçün
əziz idi. Bu bayramda hamının evində
qazan qaynayırdı. Mənim atam da mömin adam idi, bütün bayramlarda qurban kəsir,
gücü çatdığınca qohum, qonşuya
qurbanlıq paylayırdı.
“Xocalı düşmən
tapdağında bizi gözləyir,
biz isə burada “dastan” açmışıq”
-
Uşaqlıq illərindən şəkillərim də
azdır, Xocalıda qalıb, ora-bura köçdükcə əksəriyyəti
itib-batıb.
Xocalıya sonuncu dəfə 1991-ci ildə getmişdim. Şəhər dəyişmişdi,
bir az ümidli, bir az ümidsiz idi. beşmərtəbəli binalar tikilmişdi.
Xocalıda
keçən uşaqlıq illərimdə
yaşadıqlarımı oxuyan insanlar güləcək də,
ağlayacaq da...
Biz Xocalını itirəndən sonra
özümüz-özümüzü qiymətləndirib, dəyər
verə bildik.
Ermənilərin o zəkası yox idi ki, bizlərlə
yarışa girsin. Vaxtında
özümüzə dəyər versəydik, ermənini
daxilimizə buraxmasaydıq, bu gün işğalla qarşılaşmazdıq.
Xocalı, Qaladərəsi, Dərələyəz ərazilərində
ermənilər yaşamırdı. Ən
yaxın erməni kəndi ilə Xocalının arası iki
kilometr idi, əhali bir-birini görməzdi. Xocalıda sırf azərbaycanlılar
yaşayırdı. Sizə bir şeyi
deyim, erməni kəndlisi Azərbaycan kəndlisi ilə
müharibə etmirdi. Ermənilər
içində fitnəkarlar var idi, sözsüz, kəndli kəndliyə
elə vəhşilik edə bilməzdi. Sadəcə
ermənilər torpaq istəyirdi. Erməni
rəhbərliyinin məqsədi də ərazilərimizdə
möhkəmlənmək idi. Bütün bu qurulan
ssenarilərin nəticəsidir ki, Xocalı bu gün
işğal altındadır...
Türküstan.-
2018.- 27 noyabr-3 dekabr.- S.5.