Mehdi Hüseyn Türkiyə

səfərindən sonra niyə öldü?

 

SSRİ Ali Sovetinin sədri N.V.Podqornı 10 nəfərlik sovet parlament nümayəndə heyəti ilə birgə 1965-ci il yanvarın 4-də Türkiyəyə səfər edir. Nümayəndə heyətinin tərkibinə SSRİ Ali Sovetinin deputatları T.Axunova, V.Qaqanova, M.Hüseynov (yazıçı), A.Dançenko, Q.Cavaaşvili, İ.Kratenko, V.Ruben, T.Usubəliyev, P.Fedoseyev daxil edilirlər. Bundan başqa nümayəndə heyətini 8 diplomat, jurnalistlər və Türkiyə səfirliyinin əməkdaşları müşayiət edirlər.

 

Esenboğa hava limanında nümayəndə heyətini TBMM senatının sədri Enver Aka, milli palatanın sədri Fuad Sirmen, Rusiyada olmuş türk parlamentariləri, XİN baş katibi Bayülken, SSRİ-nin Ankaradakı səfiri Rıjov, səfirliyin əməkdaşları, Polşa səfiri qarşılayırlar. Həmin gün axşam nümayəndə heyətinin şərəfinə xarici işlər naziri F.C.Erkinin adından ziyafət verilir. Yanvarın 5-də sovet nümayəndə heyəti Atatürkün mavzoleyinə əklil qoyur. Daha sonra nümayəndə heyətini TBMM senatının sədri Enver Akamilli palatanın sədri Fuad Sirmen qəbul edir. Bundan sonra Podqornı Çankaya köşkündə prezident Cemal Gürsel òərəfindən qəbul olunur.

Nümayəndə heyəti Çankayada Atatürkün evini gəzir, Podqornı daha sonra Türkiyənin baş naziri İsmet İnönü ilə görüşür.

Podqornı TBMM-in hər iki palatasının iclasında nitq söyləyir. O, 47 il əvvəl Rusiyada baş verən inqilabdan, Atatürkün sovet hökumətinə məktubundan bəhs edir.

Yanvarın 7-də sovet nümayəndə heyəti İzmirə səfər edir. Heyət İzmirdəki “Böyük Efes” otelində yerləşir. Qonaqlar İzmir şəhərinin valisi Namık Kemal Şentürk, bələdiyyə sədri Osman Kibar ilə görüşürlər. Qonaqlar daha sonra qədim Perqam şəhərinin abidələrinə baxırlar. Axşam vali Namık Şentürk onların şərəfinə ziyafət verir. İzmirdən sonra sovet nümayəndə heyəti İstanbula gəlir. Yanvarın 13-də Podqornı başda olmaqla heyət geri dönür.

 

***

Bir neçə gün öncə İstanbulda bir bukinistdən Bakının fotoşəkillərindən ibarət kitab-albom aldım. Kitabın içərisində belə bir qeyd vardı: “İzmir valisi sayın Namık K.Şentürk beye Mehdi Hüseinden. Azerbaycan Cumhuriyeti. 7.I.65. İzmir”.

Latın qrafikası ilə yazılan bu sözlərin Sovet Azərbaycanının tanınmış yazıçısı Mehdi Hüseynə aid ola biləcəyini düşündüm. Gümanımda yanılmadım...

Professor Cəmil Həsənli “Azərbaycanda Sovet Liberalizmi” əsərində yazır: “1965-ci ilin yanvarında SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Nikolay Podqornı Türkiyəyə səfər edərkən Mehdi Hüseynsovet nümayəndə heyətinin tərkibinə daxil edilmişdi. Səfərdən döndükdən sonra Podqornı Vəli Axundova zəng edərək Mehdi Hüseynin ziyalılığından, yüksək mədəniyyəti və dövlət adamı olmasından razılığını ifadə etmişdi”.

Bu hadisədən sonra Mehdi Hüseynin tezliklə Moskvada yüksək vəzifəyə təyin ediləcəyi gözlənilir. Lakin 1965-ci il martın 10-da Azərbaycan Yazıçılar İttifaqının Rəyasət Heyətinin iclasında ürək tutmasından vəfat edir.

Rəyasət Heyətinin iclasının iştirakçıları olan Nəbi Xəzri, İmran Qasımov, Mirzə İbrahimov, Məmməd Cəfər Cəfərov, İsmayıl Şıxlı, Osman Sarıvəlli, Əli Vəliyev, Əhməd Cəmil və Hüseyn Abbaszadənin həmin gün imzaladıqları aktda belə yazıldı:

Bugün, yəni mart ayının 10-da saat 3:40-da Rəyasət Heyətinin iclasında Süleyman Rüstəm, Süleyman Rəhimov və Məmməd Rahimlə Mehdi Hüseyn arasında mübahisə baş verdi. Süleyman Rəhimov və Məmməd Rahim dəfələrlə Mehdi Hüseyni təhqir etdilər. Bunun nəticəsində Azərbaycan Yazıçılar İttifaqının birinci katibi Mehdi Hüseyn vəfat etdi”.

Mehdi Hüseynlə ona qarşı yuxarıda adları çəkilən şəxslərin mübahisəsi AYİ-nin IV qurultayının necə keçiriləcəyi ilə bağlı idi. Qurultayın tarixi və məruzələrin kimlər tərəfindən oxunacağı məsələsinə görə yaranan qarşıdurma nəticədə Mehdi Hüseynin ölümünə səbəb olur.

(C.Həsənli adıçəkilən kitabında Mehdi Hüseynin ölümü ərəfəsi və ondan sonra baş verənləri detallı şəkildə qeyd edib)

Görünür, Mehdi Hüseynin Türkiyə kimi strateji dövlətə gedən ali nümayəndə heyətinin tərkibinə daxil edilməsi həmkarları tərəfindən qısqanclıqla qarşılanıb, AYİ içindəki qruplaşma səfərdən döndükdən sonra ona qarşı cəbhə alıb. Onu təhqir edənlərin kimliyinə baxdığımızda, bunun heç də təsadüf olmadığı bəlli olur.

Hadisənin şahidlərindən İsmayıl Şıxlının oğlu jurnalist Elçin Şıxlı mətbuata verdiyi müsahibələrinin birində maraqlı bir məsələni qeyd edib:

Çox sevdiyim bir yazıçımız varMehdi Hüseyn. Onun qədər qüdrətli qələmi, dili olan yazıçımız azdır. Əsərlərinin əksəriyyəti mövzu etibarilə sovet dövrüo həyatdan gələn hadisələrə həsr olunub. Atam danışırdı ki, 1960-cı illərin əvvəllərində Mehdi Hüseyn Türkiyədə səfərdə olur və həmin səfərdən qayıdandan sonra belə bir əsər yazır – “Bir aybir gün”. O, atama Əliağa Şıxlinskiyə görə, paşam deyirdi. Mehdi əmi siqareti müştüklə çəkərdi. Səfərdən həmən sonra görüşəndə atam onun yaman dalğın və həyəcanlı olduğunu görəndə soruşub ki, Mehdi müəllim, nə olub? O da cavabında papirosunu tüstüləndirib, paşam, mən həyatımı, deyəsən, səhv yaşamışam, deyib…”.

Görünür, Mehdi Hüseyn Türkiyə səfəri və orada gördükləri ilə yaşadığı Sovet rejimi arasındakı fərqi ən incəliklərinə qədər başa düşüb və dərin peşmanlıq yaşayıb.

Amma Sovet yazıçısının başqa cür həyat yaşaması şansı da, demək olar ki, yox idi...

 

P.S. Mehdi Hüseynin İzmir valisi Namık Kemal Şentürkə hədiyyə etdiyi, şəxsi kolleksiyamızda olan kitabı təqdim edirik.

 

Qaynaq:

 

Musa Qasımlı – “SSRİ-Türkiyə münasibətləri”, Bakı, 2007

Cəmil Həsənli – “Azərbaycanda Sovet Liberalizmi”, Bakı, 2018

 

Müəllif: Dilqəm Əhməd

 

Türküstan.- 2018.- 27 noyabr-3 dekabr.- S.16.