Nazarbayev Türk tarixindən yazdı:
"Qazaxıstan
bütün Türk xalqlarının müqəddəs ata
yurdudur"
Hər şeyin
ölçücü məkan, hər hadisənin
ölçüsü zamandır. Məkan ilə zamanın kəsişdiyi
yerdə milli tarix başlayır. Bu adi bir fikir deyildir.
Almanlar, italyanlar
və ya hindistanlıların keçmişinə nəzər
salsaq, haqlı olaraq onların min illəri əhatə edən
tarixlərindəki böyük uğurları ilə
yaşadıqları yer arasında bağlılığa aid
suallar meydana gəlir. Təbii ki, qədim Roma indiki İtaliya
deyil, ancaq italyanlar özlərinin tarixi kökləri ilə
öyünürlər. Qədim qotlar da birəbir
indiki almanlar deyil, ancaq onlar da Almaniyanın tarixi irsinin bir
parçasıdır. Zəngin etnik mədəniyyətə
sahib qədim Hindistan və indiki hindliləri tarixin fasiləsiz
axışında inkişafını sürdürən
özünəməxsus bir sivilizasiya olaraq görmək
mümkündür.
Bu, tarixə düzgün
yanaşma olmaqla bərabər, köklərimizi
tanımağa, milli tariximizi dərindən araşdıraraq
açılmamış düyünlərini
işıqlandırmağa imkan verər.
Qazaxıstan tarixi də
ayrı-ayrı hissələr halında deyil, müasir elmi
metodlarla bir bütün olaraq düşülməlidir. Bunun üçün konkret müddəalarımız
da mövcuddur.
Birincisi, önəminə az sonra toxunacağımız ilk dövlətəbənzər
qurumların, protodövlətlərin böyük bir qismi
bugünkü Qazaxıstan ərazisində yaradılıb və
onlar qazax millətinin etnik köklərinin əsas
ünsürlərini formalaşdırmışdır.
İkincisi, qeyd edəcəyimiz
mühüm mədəni nailiyyətlər bozqırlara kənardan
gəlməyib, əksinə, böyük bir qismi bizim
torpaqlarımızda ortaya çıxıb, daha sonra Qərbə,
Şərqə, Cənuba və Şimala yayılıb.
Üçüncüsü, son illər aşkarlanan
tarixi abidələr əcdadlarımızın öz dövrlərindəki
ən qabaqcıl və üstün texnoloji yeniliklərlə
birbaşa bağlantılı olduğunu göstərir. Bu abidələr
“Böyük Çöl”ün dünya tarixindəki əhəmiyyətinə
fərqli yöndən baxmağımızı təmin edir.
Qazaxlar arasında bəzi boy adları “Qazax” etnoniminden
xeyli əvvəl ortaya çıxmışdır. Bütün
bunlar milli tariximizin bu günə qədər qeyd edilən
dövrlərdən çox-çox əvvəllərə
gedib çıxdığına işarə edir. Avropa mərkəzli düşüncə tərzi
Saklar, Hunlar və digər qədim türk boylarının
millətimizin tarixi mənşəyinin ayrılmaz bir hissəsi
olduğu faktını görməyimizə mane olmuşdur.
Bununla yanaşı, burada üzərində
duracağamız məsələ uzun zamandan bəri
torpaqlarımızda yaşayan etnik qruplar üçün ortaq
olan Qazaxıstan tarixidir. Bu tarix fərqli etnik qrup nümayəndələrinin
də töhfə verdiyi ortaq bir tarixdir.
Bu gün tariximiz müsbət baxış
bucağına ehtiyac duyur. Amma hər hansı bir
tarixi hadisə ayrıca və konyunktur
dünyagörüşü ilə
işıqlandırılmamalıdır. Ağ
ilə qara bir-birindən ayrı düşünülə
bilməz. İkisi birlikdə həm fərdin,
həm də bütöv bir xalqın həyatına xüsusi
rəng qatır. Tariximizdə qayğı
dolu səhifələr, faciələr, şiddətli
müharibə və münaqişələr olub, təhlükəli
sınaqlar və siyasi sürgünlər baş verib. Bunu unuda bilmərik, unutmamalıyıq. Çoxtərəfli və zəngin tariximizi
düzgün anlayıb qəbul etməliyik.
Niyyətimiz digər xalqların rolunu kiçiltmək,
özümüzü ucaltmaq deyil. Ən vacibi dəqiq
elmi faktlar və məlumatlara əsaslanaraq, qlobal tarixdəki
rolumuzu soyuqqanlı və obyektiv surətdə dərk etməkdir.
Böyük
Çölün yeddi özəlliyi nədir?
I. MİLLİ TARİXDƏKİ
MƏKAN VƏ ZAMAN
Mübaliğəsiz deyə bilərik ki,
torpaqlarımız maddi mədəniyyətə aid bir
çox kəşflərin meydana gəldiyi bir yerdir. Müasir cəmiyyət
həyatının ayrılmaz parçası halına gələn
bir çox əşyalar vaxtilə bizim torpaqlarda istehsal
olunmuşdur. Böyük Çöldə
yaşayan insanlar inkişaf prosesində bir çox texniki kəşflər
edərək əvvəllər istifadə olunmayan yeni alətlər
istehsal etmişlər. Bəşəriyyət
bunları dünyanın dörd bir tərəfində hələ
də istifadə etməkdədir. Qədim
mənbələr bugünkü qazaxların ulu
babalarının ucsuz-bucaqsız Avrasiya qitəsində siyasi və
iqtisadi tarixin istiqamətini dəfələrlə dəyişdirdiyini
göstərməkdədir.
1. ÀT MİNMƏK
MƏDƏNİYYƏTİ
Tarixdən məlum olduğu kimi, at saxlamaq və at minmək
mədəniyyəti bütün dünyaya Böyük
Çöldən yayılmışdır.
Ölkəmizin
şimal bölgəsində eneolit dövrünə aid Botay
obasında aparılan qazıntı işləri atın ilk dəfə
müasir Qazaxıstan ərazilərində əhliləşdirildiyini
sübut etmişdir.
Babalarımız atı əhliləşdirməklə
öz dövrü üçün böyük
üstünlük qazanmış, qlobal miqyasda isə gündəlik
həyat və hərbi sahədə tayı-bərabəri
olmayan inqilab etmişlər.
Atın əhliləşdirilməsi at minmə mədəniyyətinə
yol açmış, yay, mizraq və qılıncla silahlanmış
süvari isə köçərilərin qurduğu
böyük imperiyaların simvoluna çevrilmişdir.
Bayraqlı süvari o dövrün ən çox önə
çıxan qəhrəman obrazıdır. Eyni zamanda, o,
at minmə mədəniyyəti ilə ortaya çıxan
köçərilər dünyasına aid bir “kültür
kodudur”.
Avtomobil mühərriklərinin gücü hələ də
at gücü ilə ölçülür. Bu ənənə
süvarilərin dünyada üstünlük qurduğu
böyük dövrə duyulan hörmətin əlamətidir.
Biz qədim qazax torpaqlarından dünyanın dörd
bir yanına yayılan bu böyük texnoloji inqilabın meyvəsini
bəşəriyyətin XIX yüzilliyə qədər
istifadə etdiyini unutmamalıyıq.
Müasir geyimlərin tarixi çöl mədəniyyətinin
qədim dövrlərinə qədər gedib
çıxır. Àt minmək
mədəniyyəti süvari üçün uyğun geyim tərzini
yaratmışdır. Babalarımız atın
üzərində rahat olmaq üçün paltarları ilk dəfə
alt və üst olaraq ikiyə hissəyə
ayırmışdır. Beləliklə,
şalvarların ilk modeli ortaya çıxmışdır.
Bu süvarilərə ata minəndə və atın
üzərində döyüşərkən maneəsiz hərəkət
etmək imkanı yaratmışdır. Çöl
sakinləri şalvarları dəri, keçə, yun, kətan
və ipdən tikmişlər. Min il
keçməsinə baxmayaraq şalvarlarda ciddi bir dəyişiklik
baş verməmişdir. Qazıntı işləri
zamanı tapılan qədim şalvarların bugünkülərdən
heç bir fərqi yoxdur.
Bununla yanaşı, indiki bütün çəkmə
növlərinin köçərilər at minəndə
geydikləri dabanlı yumşaq çəkmələrin
“varisi” olduğu məlumdur.
Həyatlarının böyük bir qismini at üzərində
keçirən köçərilər ata daha sərbəst
minmək üçün yüksək yəhər və
üzəngi icad etmişlər. Bu ixtira atlının
at üzərində möhkəm oturmasına və sürətli
hərəkət zamanı əlindəki silahı heç
bir çətinlik çəkmədən təsirli şəkildə
istifadə etməsinə kömək olmuşdur.
Babalarımız at üzərində
atıcılığı da yüksək inkişaf
etdirmişdir.
Buna bağlı olaraq yayın forması da dəyişmiş,
daha sərt, praktik və güclü hala gəlmişdir.
Oxlara zirehləri dəlik-deşik edən metal ucluq və
quş tükü əlavə edilmişdir.
Qazaxıstan ərazilərində yaşayan türk
boylarının icad etdiyi texnoloji yeniliklərdən biri də
qılınc idi. Qılıncı önəmli edən
onun ox kimi düz və ya əyri üzlü olması idi.
Bu silah ən mühüm və geniş
yayılmış müharibə aləti olmuşdur.
İnsanı və onun mindiyi atı qorumaq
üçün istifadə edilən zireh də ilk dəfə
bizim əcdadlarımız tərəfindən icad
edilmişdir.
Beləliklə, Avrasiya köçərilərinin
mühüm hərbi ixtirası kimi qəbul edilən zirehli süvarilər
ortaya çıxmışdır. Süvarinin
e.ə. I minillik və b.e. I əsri arasındakı təkamülü, odlu
silahın icad edilib geniş kütlələrin istifadəsinə
girənə qədərki uzun bir müddətdə
köçərilərə hərbi üstünlük verən
ağır zirehli süvarinin formalaşmasında da təsirli
olmuşdur.
2. BÖYÜK
ÇÖLDƏKİ QƏDİM METALLURGİYA
Ìetal istehsalının kəşf olunan üsulları,
yeni tarixi dövrü başladıb bəşəriyyətin
inkişaf axarını tamamilə dəyişdirmişdir.
Müxtəlif metal növləri ilə zəngin olan qazax
torpaqları ilkin metallurgiya mərkəzlərindən biridir. Qədim dövrlərdə belə
Qazaxıstanın mərkəzində, şimal və şərq
bölgələrində mədən ocaqları olmuş,
bürünc, mis, qurğuşun, dəmir, gümüş və
qızıl əridilməyə başlanmışdır.
Əcdadlarımız yeni və sağlam metalların
istehsalatını inkişaf etdirərək texnoloji cəhətdən
irəliləyişə zəmin hazırlamışdır. Qazıntı işləri
zamanı aşkarlanan metal əritmə sobaları, əl
işi bəzək əşyaları, gündəlik həyatda
istifadə edilən digər əşyalar və silahlar buna dəlalət
edir. Bunların hamısı keçmiş
zamanlarda ərazimizdəki çöl mədəniyyətinin
texnoloji baxımdan nə qədər inkişaf etdiyini gözlər
önünə sərir.
3. HEYVAN STİLİ
Babalarımız həyatlarını ətraf mühitlə
ahəngdar şəkildə davam etdirərək özlərini
təbiətin ayrılmaz bir hissəsi hesab etmişlər. Bu qayda
Böyük Çöl xalqlarının
dünyagörüşü və dəyərlərini
formalaşdırmışdır. Özünəməxsus
yazı və mifologiyaya sahib qədim Qazaxıstan sakinləri
yüksək mədəniyyət
daşıyıcıları olmuşdur.
Heyvan stili sənəti onların irsinin ən parlaq
nümunəsi, sənət zövqü və mənəvi zənginliyinin
təzahürü olaraq özünü göstərir. Heyvan rəsmi
və fiqurlarının gündəlik həyatda istifadəsi
insanla təbiət arasındakı qarşılıqlı əlaqənin
simvolu olmaqla bərabər, köçəri mənəviyyatının
istiqamətini də müəyyən etmişdir.
Onlar yırtıcı heyvanların, daha çox
pişikkimilərin şəkllərini istifadə etmişlər. Müstəqil
Qazaxıstanın rəmzlərindən birinin yerli heyvanlar
dünyasında nadir rast gəlinən və nəcib
siması ilə fərqlənən qar bəbiri olması da təsadüf
deyil.
Bu baxımdan, heyvan stili əcdadlarımızın
yüksək səviyyəli istehsal bacarıqlarına malik
olduğunu göstərir. Onlar taxta üzərində
oyma sənətini və metaldan istifadə texnikasını,
mis, bürünc əritmə və tökməyi, vərəq
qızıl hazırlama metodlarını yaxşı mənimsəmişdilər.
Ümumiyyətlə, heyvan stili fenomeni dünya incəsənətində
əldə edilən yüksək nailiyyətlərdən
biridir.
4. ÀLTIN ADAM
Qazaxıstanın Esik kurqanında 1969-cu ildə
tapılan, alimlərin qazaxıstanlı Tutanxamon adını
verdiyi və dünya elmi dairələrində sensasiya yaradan
“Altın Adam” köklərimizə, tariximizə yeni prizmadan
baxmağı təmin etmişdir.
Bu əsgər bizə bir çox sirrin
qapılarını aralamış, əcdadlarımızın
bizi heyrət içində buraxan yüksək səviyyədə
sənət əsərləri yaratdığını
göstərmişdir. Əsgərin qızılla işlənmiş
paltarları qədim ustaların qızıldan istifadə
üsulunu yüksək səviyyədə dərk etdiyini,
Çöl mədəniyyətinin gücü və estetik
gözəlliyini əks etdirən zəngin mifologiyaya sahib
olduqlarını göstərir.
Çöl xalqı öz liderlərini bu şəkildə
ucaltmış, günəş kimi ilahi bir qüdrət olaraq
görmüşlər. Məzardakı dəbdəbəli əşyalar
bizə əcdadımızın intellektual ənənələrini
tanıtmaqdadır. Əsgərin
yanındakı gümüş kasanın üzərinə həkk
olunan yazılar isə Orta Asiya ərazilərində
tapılan ən qədim yazı növüdür.
5. TÜRK DÜNYASININ
BEŞİYİ
Altayın qazax və digər Avrasiya xalqlarının
tarixində mühüm yeri vardır. Sözügedən
yüksək dağlar əsrlərdir yalnız Qazaxıstan
torpaqlarının tacı deyil, bütün Türk
dünyasının beşiyi sayılır. Məhz bu bölgədə milladdan sonrakı birinci
minilliyin ortalarında Türk dünyası formalaşmağa
başlamış, Böyük Çölün
qucağında yeni bir dövrün əsası qoyulmuşdur.
Tarix və coğrafiya türk dövlətləri ilə
böyük köçəri imperiyalarının
davamlılığının xüsusi bir modelini
formalaşdırmışdır. Bu dövlətlər
uzun illər boyu bir-birini əvəzləyərək orta əsrlərdə
Qazaxıstan torpaqlarının iqtisadi, siyasi və mədəni
həyatında silinməz izlər buraxmışdır.
Çox böyük coğrafi məkanı istifadə
edən türklər ucsuz-bucaqsız çöldə
köçəri və oturaq mədəniyyətin
özünə xas nümunələrini meydana gətirib sənət
ilə elmin, ticarətin mərkəzinə çevrilən
orta əsr şəhərlərinin inkişafında vacib rol
oynamışlar. Məsələn, orta əsrlərdə
Otırar şəhəri dünya sivilizasiyasının
böyük mütəfəkkirlərindən biri Əbu Nəsr
Əl Fərabini dünyaya bəxş edərkən, türk
xalqlarının mənəvi liderlərindən biri Xoca
Əhməd Yəsəvi Türküstan şəhərində
yaşayaraq xalqı maarifləndirmişdir.
6. BÖYÜK İPƏK YOLU
Ölkəmizin coğrafi baxımdan xüsusi mövqeyə
malik olması, başqa sözlə, Avrasiya qitəsinin mərkəzində
yerləşməsi tarixən müxtəlif dövlətlər
və mədəniyyətlər arasında tranzit “dəhlizin”
yaranmasına səbəb olmuşdur. Zaman keçdikcə
bu yollar Böyük Avrasiyanın şərqi ilə qərbi,
şimalı ilə güneyi arasında ticarət və mədəni
əlaqələrə xidmət edən Böyük İpək
Yolunu formalaşdıran qitələrarası yollara
çevrilmişdir.
Bu yol xalqlar arasında qlobal ticarət mübadiləsi və
intellektual əməkdaşlığın yaranaraq inkişaf
etməsi üçün möhkəm bir platforma olmuşdur.
Karvan yollarını qüsursuz bir şəkildə tənzimləyib
təhlükəsizliyini təmin edən Böyük
Çöl xalqı, qədim və orta əsrlərdəki
ticarət əlaqələrinin çox önəmli və əsas
vasitəçisi sayılmışdır. Bozqır kəməri
Çin, Hind, Fars, Aralıq Dənizi, Orta Şərq və
Slavyan sivilizasiyaları arasındakı ünsiyyəti təmin
etmişdir.
Böyük İpək Yolu yarandığı ilk
vaxtlardan coğrafi baxımdan əsasən Türk
imperiyalarının ərazilərini əhatə etmişdir. Orta
Avrasiyadakı türk hakimiyyəti dövründə
Böyük İpək Yolu inkişafın zirvəsinə
çıxaraq beynəlxalq miqyasda iqtisadiyyatı və mədəniyyəti
inkişaf etdirməyə yardımçı olmuşdur.
7. QAZAXISTAN ALMA VƏ LALƏNİN
VƏTƏNİDİR
Yüksək
Alatau dağlarının ətəklərinin alma
və lalənin ana vətəni olduğu elmi cəhətdən
sübut edilmişdir. Bəsit olsa da,
bütün dünya üçün xüsusi önəmə
sahib olan bu bitkilər buralarda çiçək açıb
dünyaya səpələnmişdir. Qazaxıstan
dünyadakı almaların əcdadı hesab edilən Sievers
almasının ana vətəni sayılır. Dünyanın ən məşhur meyvəsini
dünyaya bəxş edən məhz bu cinsdir.
Hamımızın tanıdığımız alma bizdəki almanın genetik bir
növüdür. O, Qazaxıstan ərazisindəki İle
Alatau dağlarının ətəklərindən
Böyük İpək Yolunun keçmiş marşrutundan
Aralıq Dənizinə, sonra isə bütün dünyaya
yayılmışdır. Ölkəmizin cənubundakı
ən gözəl şəhərlərdən biri bu məşhur
meyvənin dərin tarixinin nümunəsi olaraq Almatı
adını almışdır.
Qazaxıstan ərazisindəki Çu-İle
dağlarının ətəklərində hələ də
yerli bitki dünyasının incisi sayılan Regel lalələrinin
orijinal formalarına rast gəlmək mümkündür. Bu gözəl
bitkilər ölkəmizin ərazisindəki Tyan-Şan
(Tanrı – t.) dağlarının ətəkləri ilə
quraq çölün kəsişdiyi hissələrdə
bitmişdir. Qazax ərazisindəki sadə,
amma çox cəlbedici olan bu çiçəklər
gözəllikləri ilə bir çox xalqın qəlbini
ovsunlayarq yavaş-yavaş bütün dünyaya
yayılmışdır.
Hazırda dünyada 3 mindən çox lalə
növünün olduğu məlumdur. Onların
çoxu bizim bozqır laləsinin “nəsli”dir. Bu gün
Qazaxıstanda lalənin 35 növü bitir.
II. TARİXİ YADDAŞI CANLANDIRMA
Gündəmə gətirilən məsələlər
incəliklə ağıl ələyindən keçirilməyi,
dərindən araşdırılmağı tələb edən
mövzulardır. Eyni zamanda,
dünyagörüşümüzün, millətimizin
keçmişi və bu gününün, gələcəyinin
təməlləri ilə birbaşa əlaqəli məsələlərdir.
Bu istiqamətdə görüləcək işlərə
bir neçə böyük layihə ilə
başlamağın mümkün olacağı qənaətindəyəm.
1.
ARXİV-2025
Müstəqillik illərində xalqımızın
tarixi ilə bağlı xeyli əhatəli tədqiqat işləri
aparılıb. Ölkəmizin tarixi xronikasında
boşluqları doldurmağa töhfə verən “Mədəni
Miras” proqramı uğurla həyata keçirilib. Amma əcdadlarımızın həyatı və
mükəmməl sivilizasiyaları ilə bağlı bir
çox qaynaq və mənbələr hələ də elmi
ictimaiyyətə təqdim olunmamışdır. Onlar dünya arxivlərində öz tədqiqatçılarını
gözləyir.
Buna
görə də qədim zamanlardan günümüzə qədərki
dövrü əhatə edən bütün yerli və xarici
arxivlər dünyasında böyük tədqiqatlar aparmaq
üçün “Arxiv-2025” adlı yeddi illik layihə həyata
keçirməyi məqsədəuyğun sayıram.
Sözügedən layihəni həyata keçirən
zaman tarix, mənbə və mədəniyyət tədqiqatçılarından
ibarət olacaq xüsusi qrupların yerli və xarici arxivlərlə
nizamlı və uzun müddətli, qarşılıqlı əlaqəli
şəkildə araşdırma aparmağa önəm vermələri
çox vacibdir.
Necə
olursa olsun, bu vacib iş dövlət hesabından ödənəcək
“akademik turizmə” çevrilməməlidir. Arxiv
qaynaqlarını toplamaqla kifayətlənməyib, tədqiqatların
geniş kütlələr üçün əlçatan
olmasını təmin etmək məqsədilə onları dərhal
rəqəmsal formata da keçirmək lazımdır.
Tarixi ilə qürur duymaq və vətənpərvərlik
hissləri ibtidai siniflərdən başlayaraq
aşılanmalıdır. Bu baxımdan ilk və
orta məktəblər, liseylər və bölgələrdəki
diyarşünaslıq muzeyləri nəzdində tarixi-arxeoloji
fəaliyyət formalaşdırmaq vacibdir. Milli tariximizi yaddaşlara həkk etmək
bütün qazaxıstanlılarda öz köklərinə
bağlılıq hissini yaradacaqdır.
2. BÖYÜK ÇÖLÜN
BÖYÜK ADLARI
Tarixi proseslər adətən insan zehnində fərdiləşdirmə
xarakteri qazanır. Bir çox millət öz ölkəsinin
xüsusi elçisi kimi böyük babaları ilə
qürur duyur.
Məsələn,
qədim dövrlərdə Tutanxamon, Konfutsi, Böyük
İsgəndər, Şekspir, Göte, Puşkin və Corc
Vaşinqton kimi dünya şöhrətli şəxsiyyətlər
artıq “öz ölkələrinin” əvəzsiz simvolik sərmayəsi
sayılmaqla bərabər, o ölkələrin beynəlxalq
miqyasda müsbət imicini yaratmışdır.
Böyük Çöl Əl Fərabi və Yəsəvi,
Kültegin və Beybarıs, Təvke və Abılay,
Kenesarı və Abay kimi bir çox böyük şəxsiyyətləri
dünyaya bəxş etmişdir.
Bu səbəbdən, bizim ilk olaraq məşhur tarixi
şəxsiyyətlərimiz və onların
uğurlarının şərəfinə açıq
havada, abidə və heykəllərin yer alacağı
“Böyük Çölün Böyük Adları” adlı
öyrədici və maarifləndirici ensiklopedik bir park
açmağımız lazımdır.
İkincisi, dövlətin sifarişi ilə ədəbiyyat,
musiqi və teatr sahələrində, rəssamlıq sənətində
tanınmış böyük mütəfəkkirlərin, şairlərin
və hökmdarların rəsmlərinin yer alacağı bir
qalereya açılmalıdır.
Burada klassik formadan daha çox alternativ gənclik sənətinin
yaradıcı potensialından istifadə etmək çox
mühümdür. Bu işə yalnız yerli deyil, xarici
ustalar və incəsənət qruplarını da cəlb etmək
lazımdır.
Üçüncüsü,
ölkəmizin tarixi dövrlərini geniş şəkildə
əhatələyəcək, həm elmi, həm də
geniş kütləyə xitab edəcək “Böyük
Çölün Şəxsiyyətləri” adlı seriyalar
hazırlamaq və yaymaq istiqamətində fəaliyyəti
ardıcıl şəkildə həyata keçirmək, bu
işi canlandırmaq lazımdır.
Bu yöndə qazaxıstanlı elm adamları və
xarici mütəxəssislərdən ibarət olacaq beynəlxalq
çoxtərəfli qrup yaratmaq mümkündür. Bunun nəticəsində
bizim qəhrəmanlarımızın həyatı və fəaliyyəti
yalnız öz xalqımız tərəfindən deyil, xarici
ölkələrin xalqları tərəfindən də
öyrəniləcəkdir.
3. TÜRK DÜNYASININ GENEZİSİ
Qazaxıstan bütün Türk xalqlarının müqəddəs
ata yurdudur. Qazaxların bugünkü geniş
çölündən dünyanın bir çox yerinə səpələnən
Türk köklü tayfalar və xalqlar digər ölkələr
və bölgələrin də tarixi inkişafına
mühüm töhfələr vermişlər.
Bununla əlaqədar
olaraq “Türk sivilizasiyası: Kökdən bu günə”
adlı layihə üzərində düşünmək
lazımdır. Bu layihə çərçivəsində
2019-cu ildə Astanada Dünya Türkoloqlarının Konqresi və
müxtəlif ölkələrin muzeylərində toplanan əsərlərin
də yer alacağı, Türk xalqlarının
mirasını əks etdirəcək Türk Xalqları Mədəniyyət
Günləri təşkil olunmalıdır. Bundan başqa, Qazaxıstanın moderatorluğu ilə
Vikipediya nümunəsində, türk xalqlarının ortaq əsərlərinin
yerləşəcəyi onlayn kitabxana açmaq vacibdir.
Eyni zamanda, yeni əyalət mərkəzi olaraq
Türküstanı inkişaf etdirmək, şəhərin
beynəlxalq arenadakı nüfuzunu artırmağa səy
göstərilməlidir.
Qazaxıstanın qədim paytaxtı yalnız
xalqımızın mənəvi mərkəzi deyil, eyni zamanda
bütün Türk dünyası üçün müqəddəs
bir məkan sayılır.
4. BÖYÜK ÇÖLÜN
QƏDİM İNCƏSƏNƏT
VƏ TEXNOLOGİYA MUZEYİ
“Böyük Çöl” adlı qədim incəsənət
və texnologiya muzeyi açmaq imkanımız mövcuddur. Bu muzeydə
uğurlu sənət və texnologiya nümunələrini,
heyvan formasında yaradılan əsərləri, “Altın
Adam”ın bütün zinət əşyalarını,
atları əhliləşdirmə və metallurgiyanın
inkişafı ilə bağlı nümunələri, silah və
texnika hazırlama prosesinə aid əşyaları və digər
yadigarları toplamaq mümkündür. Orada
Qazaxıstan ərazilərindən tapılan qiymətli
arxeoloji abidələr və əsərlər sərgilənəcəkdir.
Bu eksponatlar tarixin spesifik dövrlərində
müxtəlif təsərrüfat sahələrinin inkişaf
proseslərini göz önündə
canlandırmalıdır.
Bununla
yanaşı, “Böyük Çölün Böyük
Sivilizasiyaları” adlı milli tarixi rekonstruksiya klubu quraraq,
klub çərçivəsində Astana və
Qazaxıstanın müxtəlif bölgələrində qədim
Sak, Hun, böyük Türk xaqanlıqları dövrü və
digər məsələlərlə bağlı festivallar
keçirmək mümkündür. Maraq
göstərən insanları dəvət edib, mövzu ilə
bağlı işləri paralel şəkildə aparmaq
mümkündür.
Qədim Otırar şəhərinin evləri və
küçələrini, ictimai məkanlarını, su
borularını, şəhər qala divarları və bəzi
digər yerlərini bərpa edəcək turizm layihəsi də
diqqətləri çəkəcək proyekt olacaqdır.
Bu baxımdan, təhsilə və turizmin
inkişafına çox önəm verilməlidir.
5.
MİN İLLİK ÇÖL FOLKLORU VƏ
MUSİQİSİ
Bu layihə
çərçivəsində “Çöl Folklorunun
Antologiyası”nı hazırlamaq
lazımdır. Burada Böyük Çöl
insanlarının min illk xalq ədəbiyyatının
nağıl, əfsanə, layla, hekayə və dastan kimi
yaradıcılıq nümunələri bir araya gətirilməlidir.
Bundan başqa, “Böyük Çölün Qədim Nəğmələri”
adı veriləcək, qopuz, dombıra, qaval, sazsırnay və
digər ənənəvi qazax musiqi alətləri ilə ifa
edilən mühüm əsərlərin antologiyası
çap olunmalıdır.
Böyük Çölün folkloru və musiqisi, rəqəmsal
formatda yenidən həyata qazandırılmalıdır. Bu layihə
köçərilərin zəngin irsini sadəcə müntəzəm
olaraq toplamalı deyil, eyni zamanda yerli və xarici peşəkar
mütəxəssislər tərəfindən həyata
keçirilməklə onun əhəmiyyətini
artırmalıdır.
Mədəniyyətimizin əsas sahələri, qəhrəmanları
və mahnıları sərhəd tanımaz. Ona görə
də bunları ardıcıl surətdə araşdırmaq,
bütün Orta Avrasiyaya və dünyaya tanıtmaq
lazımdır.
Şifahi nəğmələr və musiqi ənənəsi
canlandırılarkən müasir oxuyucular və dinləyicilər
üçün aydın olmasına diqqət edilməlidir.
Bunu edərkən köhnə sözlər ilə mətnləri
rəsmlərlə birlikdə vermək, vizual olaraq qısa
film formasında təqdim etmək mümkündür. Melodiyalar və
nəğmələr yalnız orijinal alətlərlə deyil,
onların müasir elektron nümunələri ilə də təqdim
oluna bilər.
Bununla yanaşı, folklor ənənəsinin ortaq tarixi
əsaslarını araşdırmaq üçün
Qazaxıstanın müxtəlif bölgələrinə və
müxtəlif ölkələrə tədqiqat,
araşdırma səfərləri təşkil etmək
lazımdır.
6.
TARİXİN KİNO SƏNƏTİ VƏ
TELEVİZİYADA ƏKS OLUNMASI
Müasir xalqların tarixi yaddaş və
anlayışında kino sənətinin xüsusi yeri
vardır. Ümumiyyətlə, insan zehni üçün
fundamental elmi tədqiqatlarda film qəhrəmanları sənədli
portretlərdən daha çox yaddaqalandır.
Bu səbəbdən qısa zaman ərzində
Qazaxıstanın sivilizasiya tarixinin fasiləsiz
inkişafını göstərən sənədli filmlər,
kinolar və serialların çəkilişinə
başlanmalıdır.
Bu layihələr geniş beynəlxalq əməkdaşlıq
çərçivəsində yerli və əcnəbi film
rejissorları, prodüserlər, ssenaristlər, aktyorlar və
kino sənayesinin digər mütəxəssislərinin
yardımları ilə reallaşdırılmalıdır.
Macəra və melodram janrları ilə yanaşı,
tamaşaçılar tərəfindən çox bəyənilən
fantaziya və blokbaster elementlərini də qataraq yeni tarixi kino
və televiziya nümunələri çəkmək
lazımdır.
Amma hədəfə çatmaq üçün
Böyük Çölün geniş mifoloji və folklor
nümunələrini istifadə etmək mümkündür.
Milli qəhrəmanları örnək kimi təqdim edərkən
keyfiyyətli uşaq filmləri və cizgi film seriallarına
maraq göstərən gənc nəslin zövq və istəkləri
də nəzərə alınmalıdır.
Şanlı, şöhrətli əcdadlarımız,
fikir öndərlərimiz və dövlət rəhbərlərimiz
təkcə Qazaxıstanda deyil, bütün dünyada
tanınmağa layiq şəxsiyyətlərdir.
NƏTİCƏ
Bundan
yarım il əvvəl “Gələcəyə
doğru: Mənəvi Yenilənmə” adlı proqram xarakterli
məqaləm dərc olunmuşdu.
Yuxarıda qeyd etdiyim layihələri “Mənəvi Yenilənmə”
proqramının davamı kimi qiymətləndirirəm.
“Mənəvi Yenilənmə” proqramının yeni
elementləri, əcdadlarımızın çoxəsrlik
irsinin rəqəmsal sivilizasiya şəraitində aydın və
tələb olunan səviyyədə canlanmasına imkan verəcəkdir.
Doğma tarixini bilən, ona dəyər verib onunla fəxr edən xalqın gələcəyinin aydın olacağına əminəm. Keçmişiylə qürur duyub, bu gününün dəyərini bilmək və gələcəyə nikbin baxmaq ölkəmizin müvəffəqiyyətinin təminatıdır. (Türküstan.info)
Türküstan.- 2018.- 27 noyabr-3
dekabr.- S.8-9.