Azərbaycanlıların etnik

təmizlənməsinin ilk mərhələsi

 

II yazı

 

 Ermənilər 1905-1906-cı illərdə Cənubi Qafqazda 200-dən artıq yaşayış məntəqəsində kütləvi qırğınlar törətmişlər

 

XX əsrin əvvəllərində Cənubi Qafqazda, xüsusən də indiki Ermənistan ərazisində Azərbaycan türklərinə qarşı törədilən qırğınların ssenarisi ermənilərin XIX əsrin sonunda Şərqi Anadoluda əldə etdikləri təcrübəyə əsaslanırdı. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra Avropa dövlətlərinin səyləri nəticəsində gündəliyə çıxarılan “Erməni məsələsi” sonralar Şərqi Anadoluda ermənilər üçün muxtariyyət əldə etmək və müstəqil Ermənistan dövləti qurmaq üçün vasitəyə çevrilmişdi. Muxtariyyətin əldə edilməsi üçün əvvəlcə Şərqi Anadolu vilayətlərində, yəni ermənilərin “Qərbi Ermənistan” adlandırdıqları vilayətlərdə ermənilərin say üstünlüyünə nail olmaq lazım idi. Lakin Şərqi Anadolu vilayətlərinin heç birində ermənilər say etibarı ilə üstünlük təşkil etmirdilər.

 

Erməni siyasi partiyalarının silahlı dəstələri Şuşa qəzasını azərbaycanlılardan təmizləmək üçün uzun müddət hazırlıq görmüş, müasir silahlarla təchiz olunmuşdular. Erməni silahlı dəstələrinə Hamazasp Srvandzyan komandanlıq edirdi. Ermənilər bəhanə axtarırdılar ki, qırğınlara başlasınlar. 1905-ci il avqustun 16-da kazaklar Şuşada bir ermənini tərk-silah etmək istəyərkən o, müqavimət göstərmiş və öldürülmüşdü. Bundan istifadə edən ermənilər qətlin günahını azərbaycanlıların üstünə ataraq qırğınlara başlamışdıar.

Ermənilər 12 iyul 1906-cı ildə Şuşa şəhərində ikinci dəfə qırğınlara başlamışdılar. Onlar bir neçə gün əvvəl ölmüş bir erməninin meyitini Şuşanın ermənipərəst general-qubernatoru Qoloşşapova göstərərək guya onun azərbaycanlılar tərəfindən yenicə qətlə yetirildiyini söyləmişdilər. Qoloşşapovun əmri ilə hökumət Qumluq və Köçərli məhəllələrini top atəşinə tutur. Beş gün ərzində Şuşanın ermənilər yaşayan hissəsində bütün azərbaycanlı evləri yandırılır və dağıdılır.

1905-ci il avqustun 23-də erməni silahlı dəstələri Xocalıya hücum edirlər. Kənd əhalisinin bir qismi qaçaraq canını qurtarmış, bir qismini də ermənilər öldürmüşdülər. Əsl adı Hovanes-Ter-Martirosyan olan, lakin əsərlərini A-Do imzası ilə çap etdirən erməni müəllifi yazır ki, kəndi ələ keçirən ermənilər əvvəlcə evləri talamış, sonra od vurub yandırmışdılar ki, bir də əhali geri qayıda bilməsin.

Ümumiyyətlə, Şuşa qəzasının 12 kəndi – Quşçular, Xankəndi, Xocalı, Qacar, Qaradağlı, Vərəndəli, Hacuğ, Divanallar, Veysəlli, Ağbaş, Avdal, Gülablı kəndlərinin azərbaycanlı əhalisi erməni silahlı dəstələri tərəfindən qırğınlara məruz qoyulmuşdu.

Erməni silahlı dəstələri 1905-ci ilin avqust ayından 1906-cı ilin iyun ayınadək müəyyən fasilələrlə Cavanşir qəzasının Xaçın və Tərtər çayları hövzəsində, habelə Ağdərə bölgəsində kütləvi qırğınlar törətmişlər. 1905-ci il oktyabrın 3-də erməni silahlıları Sırxavənd və Əliağalı kəndlərini darmadağın edirlər. M.S.Ordubadi bu iki kənddə ermənilərin törətdikləri qırğınları belə təsvir edir: “Vəhşi yırtıcılar südəmər körpələri beşiyi ilə odlayıb, bəzən də anasının qucağından alıb divarlara vurmaqla para-para edir, süngülərə keçirirdilər”.

Erməni quldurları 27-31 noyabr tarixlərində Dəmirli, Çıraqlı, Hacıqərvənd və Pürxud kəndlərini işğal etdikdən sonra talamış və yandırmışdılar. Tərtər dərəsində salamat qalan yeganə azərbaycanlı kəndi Umudlu kəndi idi ki, orada da ermənilərin 1992-ci ildə Xocalıda törətdikləri soyqırımına bənzər qırğınlar törədilmişdi.

1905-ci il iyun-avqust aylarında erməni silahlı dəstələrinin hücumları nəticəsində Cəbrayıl-Qaryagin qəzasında Qaradağlı, Divanallar, Aşıq Məlikli, Veysəlli, Qacar, Çəmənli, Arış, Qışlaq, Qüzlək, Məzrə kəndləri darmadağın edilmişdi. Azərbaycanlıların əks həmləsindən sonra ermənilər qırğınları dayandırmaq məcburiyyətində qalmışdılar.

Gəncə şəhərində qırğınlar törətmək üçün ermənilər yenə də təxribata əl atmışdılar. Belə ki, 1905-ci il noyabr ayının 18-də Gəncənin ermənilər yaşayan Dik küçə adlanan məhəlləsindən keçən Togana kəndindən olan iki azərbaycanlını ermənilər güllə ilə qətlə yetirirlər. Bu hadisə şəhərdə qırğınların başlaması üçün qığılcım rolunu oynamışdı. Kamsakaran soyadlı erməni Gəncənin pristavı idi və erməni silahlı dəstələrinə himayədarlıq edirdi. Yaranmış gərgin vəziyyətdən istifadə edən ermənilər noyabrın 18-dən etibarən Gəncə şəhərində kütləvi qırğınlar törətmişdilər. Noyabrın 22-dən 23-nə keçən gecə qaçaq Dəli Alının dəstəsinin köməyə gəlməsi xəbərini eşidən ermənilər qırğınları dayandırırlar.

1906-cı ilin fevral ayında Tiflisdə Qafqazın canişini Vorontsov-Daşkovun təşəbbüsü ilə erməni-müsəlman qırğınlarına son qoymaq məqsədilə sülh konfransı keçirilmişdir. Həmin konfransda müsəlman nümayəndələri Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Ədil xan Ziyadxanov və başqaları “Daşnaksütyun” partiyasının niyyətlərini ifşa etmiş, onun Cənubi Qafqazda törədilən qırğınların, terrorçuluğun təşkilatçısı və icraçısı olduğunu göstərmiş, rəsmi hökumət dairələrinin bu təşkilatın əməllərinə göz yumduğunu sübuta yetirmişdilər.

Lakin sülh konfransının keçirilməsindən bir qədər sonra erməni silahlı dəstələri yenidən qırğınlara başlamışdılar. İrəvandan Zəngəzura, Zəngəzurdan Qarabağa qədər ərazidə erməni əhalisinin sayı olduqca az olduğu üçün erməni silahlı dəstələrinə yol üstündə yerləşən müsəlman kəndlərinə hücum etmək əmri verilmişdi. 1906-cı il iyulun 29-da “Daşnaksütyun” partiyasının göstərişi ilə ermənilər Zəngəzur qəzasının Mədən bazarında Səfyar bəyi qətlə yetirir, sonra isə Karxana kəndinə hücum edirlər. Ermənilər bu kənddə heç kəsə aman vermir, bütün əhalisini öldürür və ya əsir götürürlər. Elə həmin gün ermənilər Lov, Xələc, Saldaşlı, İncəvar, Daşnov kəndlərini viran qoyurlar. Avqustun 1-də ermənilər Qatar kəndinə hücum edirlər. 9 gün qatarlılar kəndi müdafiə edirlər.1906-cı ilin avqust-sentyabr aylarında erməni silahlı dəstələri qırğınların ağırlıq mərkəzini Zəngəzurun Oxçu-Şəbədək bölgəsinə keçirirlər. Ermənilər qırğınlardan canını qurtaran azərbaycanlıların cəmləşdiyi Saqqarsu kəndində əsl soyqırımı törədirlər. Zəngəzurda ermənilərin törətdikləri qırğınlara son qoyulması üçün Ordubad nahiyəsində yaradılan könüllü dəstələr hərəkətə keçirlər. 800 nəfərə yaxın ordubadlı könüllülərin də köməyi və 1000 nəfərə yaxın Oxçu-Şəbədək silahlılarının iştirakı ilə sentyabrın 16-17-də Oxçu-Şəbədək kəndləri erməni işğalından azad edilir. Bundan sonra sağ qalan əhalinin yenidən öz kəndlərinə qaytarılması prosesi başlanır. Erməni A-Do dağıntılara məruz qoyulan 43 azərbaycanlı kəndlərinin adlarını aşağıdakı kimi təsbit etmişdir: Bayandur, Hələk, Binəyeri, Kosalar, Malıbəyli, Cağazur, Çaylı, Kalavalax, Novruzlu, Cecimli, Hacılar, Bağırbəyli, Qarahunc, Unanav, Kürdlər, Ağvani, Danzaver (Armuldlu), Sisyan, Ağudi, Dərəbas, Pul, Ərikli, Şükar, Məliklər, Yeməzli, Xəştap, Almalı, Karxana, Qatar, Cibili, Xələc, Keçi-Şabadin, İncəvar, Çullu, Oxçu, Atqız, Pirdavudan, Əclıli, Buğaçıq, Kollu-Qışlaq, Mtnadzor, Sanalı.

Erməni müəllifi Stepan Zavaryanın verdiyi məlumata görə, həmin dövrdə Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında 5, Zəngəzur qəzasında 43 müsəlman kəndi, ümumilikdə isə həmin bölgələrdə 75 kənd dağıdılmışdır.

Azərbaycanlıların təşkilatlanması, 1906-cı ilin payızında “Difai” partiyasının formalaşaraq ermənilərin terroruna tutarlı cavab verməsi erməniləri qırğınlar törətməkdən əl çəkməyə məcbur etmişdi.

Ümumiyyətlə, ermənilər 1905-1906-cı illərdə Cənubi Qafqazın 14 qəzasında – İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Eçmiədzin, Aleksandropol, Sürməli, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur, Gəncə, Qazax, Ərəş, Borçalı qəzalarında və 8 şəhərində – Bakı, İrəvan, Naxçıvan, Gümrü, Gəncə, Şuşa, Qazax və Tiflis şəhərlərində qırğınlar törətmişlər.

Qafqazın canişini İ.Vorontsov-Daşkov milli münaqişələr nəticəsində meydana çıxan dağıntıların və əhaliyə dəyən ziyanın aradan qaldırılması, İrəvan və Yelizavetpol quberniyalarının zərər çəkmiş əhalisinə borc pul vəsaiti verilməsi üçün daxili işlər və maliyyə nazirləri qarşısında dəfələrlə vəsatət qaldırmışdı. Rusiya imperiyasının Maliyyə Nazirliyi uzun müddət müxtəlif bəhanələrlə İrəvan və Yelizavetpol quberniyalarının fəlakət qarşısında qalan əhalisinə yardım göstərməkdən imtina etmişdi.

Erməni müəllifi A-Do 1905-1906-cı illərdə 133 azərbaycanlı kəndinin dağıdıldığı, 24 azərbaycanlı kəndinin isə tamamilə darmadağın edildiyindən və xarabazarlığa çevrildiyindən məlumat almaq üçün bir nəfər belə canlı şahid tapılmadığını yazır. Həmin 24 kəndin adları kompensasiya ödənilməsi üçün tərtib edilən siyahılara daxil edilməmişdi.

Polyak əsilli Amerika tədqiqatçısı Tadeuş Svyatoxovski çar Rusiyasının rəsmi dairələrinin verdikləri məlumatlara əsaslanaraq 1905-1906-cı illərdə Cənubi Qafqazda 158 müsəlman kəndinin dağıdıldığını və yaxud yandırıldığını, 10 minədək insan tələfatı olduğunu qeyd etmişdir.

Ermənilərin 1905-1906-cı illərdə törətdikləri kütləvi qırğınlar XX əsrdə soydaşlarımızın məruz qoyulduqları soyqırımı və deportasiyalar silsiləsinin ilk mərhələsidir.

 

Nazim MUSTAFA,

AMEA Tarix İnstitutunun böyük elmi işçisi, Dövlət mükafatı laureatı

 

Türküstan.- 2018.- 2-8 oktyabr.- S.12.