“Hümmət” necə yaradıldı?

 

 Rəsulzadənin gənclik dönəmi

 

1904-cü ilin axırlarında Zaqafqaziyada ilk müsəlman sosial-demokrat qrupu olan “Hümmət” təşkilatı yaradılır. Təşkilatı quranlar arasında Məhəmmədəmin Rəsulzadə, Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Məhəmmədhəsən Hacınski və başqaları da olur.

Rəsulzadənin redaktorluğu ilə təşkilatın eyniadlı qəzeti də çap olunur.

“Hümmət” təşkilatı haqqında SSRİ dönəmində bir çox tədqiqatlar aparılıb, təşkilatda təmsil olunanların xatirələri çap olunub. Amma bu yazılarda təşkilatın əsas qurucusu, hətta adını qoyan Rəsulzadənin üzərindən sükutla keçilib.

Halbuki, Rəsulzadə özü bu barədə yazılar yazıb, o dönəmə aid qrup şəklində bir fotosu da günümüzə qədər gəlib çatıb.

***

Bolşevik Sultan Məcid Əfəndiyev “Hümmət”in yaradılması ilə bağlı yazır: “Bizim partiyamızda “Hümmət”in mövqeyi təşkilat cəhətdən belə idi. O, rəsmən RSDFP Bakı Komitəsinin yanında hesab olunurdu, onunla üzvi surətdə bağlı idi, eyni zamanda onun muxtariyyəti var idi. Bizim partiyamız öz əsas prinsipinə, yəni partiyanın və fəhlə hərəkatının vahid və bölünməz olması prinsipinə sadiq qaldı. Yalnız müsəlmanlar içərisində aparılan işin xüsusi şəraitinə görə belə bir qrupun bir növ ayrılıqda mövcud olmasına yol verilmişdi. “Hümmət” üçün belə bir spesifik təşkilat forması çox yaxşı tapılmışdı, zira partiyamızın Bakı təşkilatının həyatında belə hallar olurdu ki, bu və ya digər mülahizələrə görə “Hümmət”in müstəqil çıxış etməsi lazım gəlirdi”.

Əfəndiyevin yazısından aydın olur ki, “Hümmət” Bakıda müəyyən qədər müstəqil fəaliyyət göstərən bir təşkilat olub. O, 1932-ci ildə yazdığı “Hümmətin yaranması” adlı məqaləsində isə qeyd edir: “Həmin qrupun hektoqraf vasitəsi ilə birinci dəfə olaraq azərbaycanlı işçilər üçün “Hümmət” adında məcmuə nəşrə başlayır. Sonralar məcmuənin ətrafına toplanan yoldaşlar məcmuənin adı ilə məşhur olurlar. “Hümmət” Bakı işçiləri və gəncləri arasında ciddi olaraq şifahi və təhriri fəaliyyət göstərmişdir. Buraxdığı bir çox vərəqələrdən əlavə, proqram dəxi tərcümə olunub, intişar edilmişdir. Bizim təşkilatın rolu xüsusilə “Neft sənayesi işçiləri ittifaqında” nəzərə çarpırdı. Bu ittifaqa 1907-1908-ci illərdə min nəfərə qədər müsəlman işçisi cəlb edilmişdir... “Hümmət” sosial-demokrat nəzəriyyələrini müsəlman kütlələrinə çatdıran birinci sosial-demokrat olmuşdur”.

Əfəndiyevin qeyd etdiyi “Hümmət” qəzetinin 6 nömrəsi çap olunub. Qəzetin ilk sayı 1904-cü ilin oktyabrında təşkilatın özünün yaratdığı gizli mətbəədə hazırlanıb. 1905-ci ilin fevralında qəzetin mətbəəsi polis tərəfindən dağıdılıb. Qəzet bir neçə yüz tirajla hazırlanıb. “Hümmət”in hazırladığı vərəqə və intibahnamələr Azərbaycanla yanaşı Dağıstanın cənubunda da yayılıb.

“Hümmət”çilər “Dəvət-Qoç”, “Təkamül”, “Yoldaş”, “Qudok” kimi qəzetlərdə təbliğat aparıblar.

Əfəndiyev yazır: ““Hümmət”in İran inqilabında xüsusi rolunu qeyd etmək lazımdır. Bizim təşkilat İran inqilabçılarını ədəbiyyat, təbliğatçı və könüllülər ilə təmin edirdi. İranda inqilab və sosializm təbliğatı aparanlar sırasında bizim təşkilat üzvləri birincilərdən hesab olunurdu”.

***

Göründüyü kimi, bolşeviklər sonrakı illərdə “Hümmət”in qurulmasında Rəsulzadənin rolunu inkar ediblər. Rəsulzadə Stalinlə bağlı xatirələrində yazıb: “Bakı sənayesində, petrol ocaqlarında çalışan işçilərin böyük bir qismi ilə orta məktəblərdə təhsil edən gəncliyin mühüm qismini Azərbaycan türkləri təşkil edirdilər. Bu səbəblə burada fəaliyyətdə bulunan ümumi ixtilal və müxalifət cərəyanlarının yanında müstəqilən hərəkatda bulunan yerli və milli qruplarla təşkilatlar da vardı. O cümlədən tərəfimdən təşkil olunmuş, üzvləri müxalif rus liseylərində və digər orta məktəblərdə oxuyan Azərbaycan türk tələbələrindən ibarət gizli bir dərnək vardı. Bu dərnək mənsublarının milli hisslərini təhrik etmək, rus məktəblərində oxudulmayan türkcəni öz-özünə ilərlətmək, yerli ədiblərin əsərlərini oxumaq, çarlıq əleyhinə yazılmış ixtilal şeirlərini əzbərləmək və arada-sırada mətbəə üsulu ilə basılmış bəyannamələr dağıtmaq, işçilər arasına gedərək hürriyyət və inqilab fikirlərini bunların arasında sistemli surətdə yaymaq kimi fəaliyyətlər də olurdu. Dərnəyin mətbəə üsulu ilə intişar edən bir də “Hümmət” adını daşıyan bir dərgisi vardı”.

Rəsulzadənin qurduğu bu ilk təşkilat “Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyi” adlanırdı və 1903-cü ildə yaradılmışdı. Bir il sonra isə o, “Hümmət” təşkilatının qurucularından olur.

Haqlı sual ortaya çıxır: Niyə “Hümmət”?

Bu sualın cavabını Rəsulzadənin ən gənc silahdaşlarından olmuş mühacir Eldəniz Qurtulanın “Əmim Hamlet” (orijinalı İldeniz Kurtulan, “Amcam Hamlet”) kitabında tapdıq.

Məhəmmədəmin bəyin ən güvəndiyi insanlardan olan E.Qurtulan dinlədiyi xatirələr və əlində olan materiallar əsasında yazdığı kitabında qeyd edib: “... Dərnək mövzusundakı ikinci toplantıları bu otaqda həyata keçdi. Adı nə olsun? “Dostluq”, “Qardaşlıq”, “Azadlıq”?. Ya da bunlara bənzər nəsə. Məhəmmədəmin Rəsulzadə otağının divarında asılan ərəbcə bir xətt nümunəsini göstərərək oxudu: “Himmet-ül rical, takli-ul cibal”. Sonra türkcələşdirdi: “Ərlərin hümməti, yıxar dağları”. Gəlin, dərnəyimizin adını “Hümmət” qoyaq”. “Hümmət” adı hər kəs üçün uyğun hesab edildi. Eyni adla bir jurnal da dərc etmək qərarı verildi...”.

Bu ərəb kəlamı “Hümmət” qəzetində də qeyd olunub. Polyak tarixçi Tadeuş Svetoxovski Azərbaycanla bağlı kitabında yazıb: “... Qəzetin 1904-cü ilin oktyabrında çıxan ilk nömrəsində “qəzeti çıxaranlar” ibarəsinin altında bir ərəb atalar sözündən təsirlənərək “Birlikdə dağları yerindən oynadacaq insanların ortaq qayələri” yazılmışdı”.

Svetoxovski “Hümmət”in fəaliyyətini bu şəkildə izah edir:

“Hümmət” Bakıda digər dillərdə çap olunan oxşar nəşrlərə nisbətdə təbliğatını daha az nəzəri bir çərçivədə həyata keçirirdi... Xalqın üzərindəki zülm əsasən xarici idarəçiliklə izah edilir, çar bürokratiyası və dini qurumlara kapitalist sistemdən daha çox hücum edilirdi. Dini qurumlar rus despotizminə xidmət etdiyi üçün suçlanırdı. Avropalılaşmış burjuaziya və aydınlar milli dil və adətləri tərk etdikləri ittihamı ilə ağır şəkildə tənqidlərə hədəf olurdular. “Hümmət”in təbliğatı ziyalıların təklif etdiyi əvvəlki proqramlardan daha inqilabi sayılmazdı. İrəliləmək və rifaha qovuşmanın ən əmin yolu kimi təhsilin genişləndirilməsi, milli dildə təhsilin vacibliyi və qadının cəmiyyətdəki mövqeyinin yüksəldilməsi mövzularına toxunulur, sosial inqilab mövzusuna olduqca az yer verilirdi”.

1905-ci ilin əvvəllərində Nəriman Nərimanov və Məşədi Əzizbəyov “Hümmət”ə qoşulur.

Yeri gəlmişkən, Svetoxovski də “Hümmət”in Rusiya sosial-demokratları ilə münasibətlərində məsafəli olduğunu yazır.

İnqilablardan özünə gələn Çar Rusiyası qısa zamanda əks-hücuma keçdi. “Hümmət”çilərin çap etdiyi “Təkamül” qəzeti qapadıldı, Nərimanov, Əfəndiyev həbs edildi. Rəsulzadə isə İrana mühacirətə getdi. Rəsulzadə daha sonra İrandan Osmanlıya gedir və orada düşüncələri tamamilə dəyişir və hümmətçilərlə yolları ayrılır.

***

1917-ci il fevral inqilabından sonra “Hümmət” təşkilatı yenidən fəaliyyətə başlayır. Həmin ilin ortalarında “Hümmət”in konfransı keçirilir. İyulun 3-dən etibarən “Hümmət” qəzeti yenidən çap edilir. 1919-cu ilin martında Bakıda hümmətçilərin konfransı baş tutur. Təşkilatın Mərkəzi Komitəsi seçilir. Amma “Hümmət”in ikinci dönəmi artıq əvvəlki gücündə deyildi.

Svetoxovski bu barədə yazıb: “On il əvvəllə müqayisədə daha marksist bir xarakterdə yenidən doğan “Hümmət” keçmiş tərəfdaşlarını tapmadı. Bakılı işçilərin böyük qismini özünə çəkən Müsavat qarşısında kütlələrin dəstəyini qazanma baxımından çətin bir rəqabətlə qarşılaşmışdı...”

Vaxtilə Rəsulzadənin də qurucusu olduğu təşkilat Rəsulzadənin sədri olduğu partiya qarşısında gücsüz qalmışdı...

Qaynaqlar:

1. Həsənov H, “Azərbaycanda marksizm-leninizm ideyalarının yayılmasında “Hümmət” bolşevik təşkilatının fəaliyyəti (1904-1920-ci illər)”, Bakı, 1986.

2. Əfəndiyev S, “Seçilmiş əsərləri”, Bakı, 1977.

3. Kurtulan İ, “Amcam Hamlet”, İstanbul, 2001.

4. Svetoxovski, “Müslüman Cemaatten Ulusal Kimliğe Rus Azerbaycanı.1905-1920”, Ankara, 1988.

5. Rəsulzadə M, “Stalinlə ixtilal xatirələri”, Bakı, 2018

 

Dilqəm Əhməd

    

Türküstan.- 2018.- 4-10 sentyabr.- S.12.