Qorqud adının yayıldığı
sahələr və
yaşayan “Dədə Qorqud hekayələri”
Məhərrəm Ergin (1925-1995) – Türkoloq alim M.Ergin 1925-ci ildə Axıskada dünyaya gəlmişdir. Uşaq yaşlarında ailəsi ilə birlikdə Türkiyəyə köç edərək Bulanıqda məskunlaşmışdır. 1943-cü ildə Balıkəsir liseyini, 1947-ci ildə İstanbul Universiteti ədəbiyyat fakültəsinin “Türk dili və ədəbiyyatı” bölümünü bitirmişdir. Rəşid Rəhməti Aratın assistenti olaraq universitetdə elmi və pedaqoji fəaliyyətini davam etdirmiş, 1971-ci ildə professor elmi adını almışdır. Dilçilik sahəsində bir çox dəyərli əsərlərlə yanaşı, “Kitabi-Dədə Qorqud” dastanları ilə də bağlı tədqiqatların da müəllifidir.
M.Ergin böyük dil siyasətçisi, dil filosofu idi. Onun “Türk kimdir, kim
türkdür”, “Azəri türkçəsi”, “Türkçənin
soy kötüyü”, “Türkiyəni bu günə gətirən
tarixi seyr”, “Sovet imperializmi”, “Balkanlar və türklər” və
s. ictimai-siyasi və elmi əsərləri yalnız Türkiyə
üçün deyil, bütün Türk dünyası
üçün də çox qiymətli əsərlərdir.
Qorqud
adının yayıldığı sahələr və
yaşayan “Dədə Qorqud hekayələri”
Tarixi mənbələrin “Dədə Qorqud” – “Qorqud Ata və
hekayələri” haqqında verdiyi məlumatların
hamısı “Oğuznamələr”lə birlikdə öz
dövrlərindəki oğuz xalq rəvayətlərinə
istinad edir. Bu rəvayətlərin hamısı Dədə
Qorqudun portretini təxminən eyni formada çəkir və
verdiyi məlumatlar, demək olar ki, “Dədə Qorqud
kitabı”ndakı ilə eynidir. Xalq filosofu, kəramət
sahibi, aqil məsləhətçi və ozan olaraq Dədə
Qorqud – Qorqud Atanın xatirəsi müxtəlif dövrlərdə
və uzun əsrlər boyunca türklərin əski və
yeni yurdlarında canlı olaraq yaşamış, müxtəlif
türk xalqları arasında və geniş bır sahədə
son dövrlərə qədər gəlib
çatmışdır.
Bu gün
bir tərəfdən Dədə Qorqudun adı və xatirəsi,
o biri tərəfdən “Dədə Qorqud kitabı”nda
gördüyümüz hekayələrdən bəziləri
geniş Türk dünyasının müxtəlif ərazilərində
hələ də yaşayır.
Yalnız
“Dədə Qorqud kitabı”ndakı coğrafı ərazini əhatə
edən Anadolu və Azərbaycanda Dədə Qorqud adına və xatirəsinə rast gəlinir. Lakin “Dədə Qorqud hekayələri” Şərqi
Anadolu və Azərbaycandan başqa bu gün bütün
Anadoluya yayılaraq xalqın müxtəlif təbəqələri
arasında yaşayır.
Bunun müqabilində “Dədə Qorqud hekayələri”ndən
başqa Qorqud Atanın adı və xatirəsi də Azərbaycan
və Anadolu xaricində müxtəlif türk xalqları
arasında bu günə qədər yaşamağa davam
etmişdir.
Həmçinin, bu gün türkmənlərlə
qazaxlar arasında Qorqud Atanın qəbir təqib etməsi
haqqında bir rəvayət vardır. Bu rəvayətə görə,
Qorqud Ata uzun müddət əcəldən qaçmaq istəmiş,
fəqət hara getsə, “qəbir təqib edən (axtaran)
Qorqud” üçün qəbir qazıldığını
görmüş, nəhayət, 300 yaşında ikən onun
üçün qazılan qəbirlərdən birinin
yanında ölmüşdür (O.Ş.Gökyay, a.e.,
Başlanğıc s. 35, Əbdülqadir İnanın söhbətindən).
Bununla bağlı türkmənlər
arasında təqdir və qismət haqqında “Qorqudun qəbrini
qazma” atalar sözü də var (Əbdülqadir İnan.
Kitab-i Dede Korkut hakkında, Türkiyat Mecmuası, I. s. 213-214).
Velyaminov-Zernov Qorqudun əcəldən qaçması
haqqında Sırdərya hövzəsində qazaxlardan bu rəvayəti
toplamışdır (ZVO. IV, s. 283-dən birbaşa O.Ş
Gökyay, a.e., Başlanğıc, s. 35-36, qeyd 2):
Qorqud övliya əvvəllər dünyanın bir
küncündə yaşayırmış. Bir gün
yuxusunda bir neçə adamın qəbir
qazdığını görmüşdür. “Bunu kimə qazırsınız?” – deyə soruşanda, Qorqud övliya
üçün qazdıqlarını deyirlər. Səhər yuxudan oyananda ölümün
yaxınlaşdığından qorxaraq ondan qaçmaq qərarına
gəlmiş və dünyanın o biri ucuna getmişdir.
Orada da eyni yuxunu gördükdə bu dəfə
dünyanın mərkəzində yaşamaq üçün
Sırdərya ətrafında qəbrinin olduğu yerə gəlmişdir.
Lakin orada da eyni yuxunu görmüşdür.
Bundan sonra quruda yaşaya bilməyəcəyini başa
düşmüş, əbasını Sırdərya
çayının ortasında suyun üzərinə sərərək
üstünə oturmuş və bundan sonra yüz il yaşamışdır. Öldükdən
sonra müsəlmanlar nəşini o ətrafda dəfn
etmişlər.
Yenə qazaxlar arasında Qorqud Ata xalq şairi, qopuz və
tənbur çalğılarının yaradıcısı olaraq
təqdim edilir. Qazaxlara görə, ən böyük
övliyalardan biridir. Qazax
baxşıları qopuz çalıb mahnı söyləyərkən
pir hesab etdikləri Qorqud Atanı imdada
çağırırlar (Əbdülqadir İnan, göst.
yer).
Qırğız
dastanı “Manas”da da Qorqudun adı çəkilir və “Dədə
Qorqud kitabı”ndakı Qazılıq dağı zikr edililir.
Qazaxlarda sevgilinin gözləri Qorqudun
yandırdığı çırağa bənzədilir. “Dədə Qorqud”dakı Təpəgözün
doğuşuna bənzər bir motivə qazaxların “Ər
Töştük” dastanında, çayda ağciyərdən
divin çıxması ilə bağlı rəvayətdə
rast gəlinir (Əbdulqadir İnan, göst. yer).
Qazaxıstanda
Akmola[1] şəhərindən 110 fərsax
məsafədə yerləşən Muntjaklı və
Dumburalı adlı iki kiçik dağa verilən adlar da rəvayətə
görə, Qorqud Ataya şamil edilir. Guya qədim
dövrlərdə Qorqud (Qorqurd) Ata əlində tənburu
qazax çöllərində gəzirmiş. Muntjaklı dağında tənburunun muncuğunu (bəzəyini),
Dumburalı dağında da tənburunu unutduğu
üçün dağlara bu adlar verilmişdir (Abdullah
oğullarından Həmit Həmdi, Korkuda ait, Türkiyat
Mecmuası, II, s. 396-397).
Sırdəryanın
Aral gölünə[2] yaxın bir yerində
Qorqud Ata qəbri var. Buna görə oradakı stansiyaya da
Qorqud adı verilmişdir. Aral gölünün
şimal-şərqində, aşağı Sırdərya
sahillərində Kazalinsk şəhərinin yaxınlığında
olan bu qəbri ilk dəfə amerikalı səyyah Şiller
tanıtmış və günbəzli Qorqud həzrətin
türbəsinin şəklini dərc etdirmişdir (tərcümə
və tərtib edəni Kolağası Ahmet Musavver Türkistan
Tarihi və Seyahatnamesi, İstanbul, 1294, s. 102-103 və 282-283).
Daha sonra 1897-ci ildə qəbri görən A.Divayev
gördüklərini qələmə almış və qəbrin
1899-cu ildə çəkdiyi iki şəklini çap
etdirmişdir (məlumat üçün bax: A.Divayev, Mukaddes
Xorxut Atanın Mezarı Hakkında Bir Kaç Söz, ZVO, X,
s. 193-194; qəbrin şəkli üçün bax: A.Divayev,
ZVO, XIII, s. 39-40).
*
“Dədə Qorqud hekayələri”nə bu gün daha
çox Anadolunun müxtəlif bölgələrində rast
gəlirik. Anadoluda indiyə qədər toplanmış hekayələr
Beyrək, Dəli Domrul və Təpəgöz
haqqındadır. Bütün bu hekayələr bir xeyli
dəyişikliklərə məruz qalmış, içərisinə
bir çox nağıl ünsürləri
qarışmış, bəzi qəhrəmanların
adları dəyişmiş və ümumi olaraq əsas hadisələrdə
“Dədə Qorqud hekayələri” ilə
oxşarlıqları qalmışdır. Bunun nəticəsində
də ”Dədə Qorqud kitabı”ndakı
dastan ruhundan əsər-əlamət qalmamış və bu
hekayələr nağılla qarışıq ortabab xalq hekayələri
halına gəlmişdir.
“Dədə Qorqud hekayələri”ndən ən geniş
yayılanı Bəy Böyrək (Beyrək) olmuşdur. Adı bəzən “Ağ
Qavaq qızı”, bəzən “Bəngiboz ilə Bəy
Böyrək”, bəzən də “Bəy Beyri” və ya “Bəy
Böyrə” olan bu hekayənin indiyə qədər Safranbolu,
cənubi Anadolu və Toroslar, Ərzurum, Ərzincan, Trabzon,
Bayburt, Bəyşəhir, Konya və İstanbul variantları
üzə çıxarılmışdır.
Bunlardan
Safranbolu və Trabzon rəvayətlərini Əhməd Baha
toplamış və nəşr etdirmişdir (Milli Mecmua, 1930,
¹132; Atsız Mecmua, ¹10; Bartın Gazetesi, 21 eylül 1931, ¹312
Safranbolu; 26 İlkteşrin 1931, ¹317 Hamamizadə İhsandan
birbaşa Trabzon rəvayəti ). Cənub
(Gavurdağı, Aladağ) rəvayətlərini Əli Rza
Yalman (Yalgın) toplamış və nəşr etdirmişdir
(Memleket Mecmuası, Adana, 1929, ¹5; Cenupta Türkmen Oymakları,
kısım III, Ankara, 1933, s. 68-80).
Ərzurum rəvayətini də Baha Gökoğlu
yayınlamışdır (Halk Bilgisi Haberleri, İstanbul, 1936,
yıl 5, ¹54, s. 81-87).
Bayburtda üç rəvayəti professor Osman Turan
toplamış və yayınlamışdır (Ülkü,
Ankara, 1938, X, ¹59; Türklük, İstanbul, 1939, II, ¹8).
Pertev
Naili Boratav Bəyşəhir rəvayəti ilə Konyanın
Meydan kəndi rəvayətini ilk ağızdan toplayaraq,
İstanbul rəvayətini isə İstanbul Üniversiteti
Kitab ¹239 və Ankara Türk Dil Kurumu Kitab ¹1359-6028 qeydiyyat
nömrəli yazılardan çıxararaq cönklərdən
topladığı “Bəy Beyri mənzumələri” ilə
bir yerdə yayınlamışdır (Ülkü, X, ¹60; XI,
¹61 və b.; bunları həm də kitab halında bir yerə
toplamışdır: Bey Böyrek Hekayesine Ait Metinler, Ankara,
1939).
Bunlardan
başqa Həmid Zübeyir Koşaydan Muğlanın Uyğur
kəndində də “Bəy Böyrək hekayəsi”nin bir rəvayətini dinlədiyini
eşitmişdik.
“Dəli
Domrul hekayəsi”nin indiyə qədər
bir tək rəvayəti qeydə alınmışdır.
Antalyanın Zeytun kəndindən toplanan bu rəvayəti Atabəyli
Naci toplamış və yayınlamışdır (Ün
Mecmuası, İsparta Halkevi, 1934 birinci teşrin, ¹5, s. 81-82).
Təpəgöz hekayəsinin Anadoluda
yaşadığını ilk dəfə elan edən M.Cevdət
olmuşdur.
M.Cevdət uşaq vaxtı atasının xidmətçisi
Bayındırlı Mehmet Çavuşun bu hekayəni ona
şirin-şirin danışdığını nəql edir
(Oğuzname − Kitab-ı Dede Korkut, Yeni Mecmua, Çanakkale
nüshası, İstanbul, 1337, s. 89-92).
Təpəgöz hekayəsinin də bu məlumatdan
başqa indiyə qədər tək bir rəvayəti
aşkar edilmişdir. Əli Rza Yalmanın toplamağa
başladığı bu rəvayət ertəsi gün
söyləyicinin gəlmədiyi üçün
yanımcıq qalmışdır (Cenupta Türkmen
Oymakları, IV, Adana 1933, s. 32-34.).
Dədə
Qorqud hekayələrinin aşkar edilən bütün bu rəvayətlərinin
xülasəsini Orhan Şaik Gökyay bir yerə
toplamışdır ( a.e.,
Başlangıç, s. 44-75).
Dədə Qorqudun Anadoluda ən yayılmış hekayəsi
olan Beyrəyə Anadolu və Azərbaycandan xaricdə də
rast gəlmək mümkündür. Bu hekayənin
coğrafı dairələrinə görə və
düşmənlər tərəfindən uydurulmuş
variantı qaraqalpaqlar, qazaxlar, başqırdlar və özbəklər
arasında da yaşayır. Hekayənin qaraqalpaqlar və
qazaxlar arasındakı adı “Alpamıs” yaxud “Alpamsı”,
başqırtlardakı adı “Alpamış” yaxud
“Alpamşa”, özbəklər arasındakı adı isə
“Alpamış”dır. Bu sözlərin Alp Bamsıdan
yarandığı hesab edilir (Beyrək hekayəsinin bu rəvayətləri
haqqında daha çox məlumat üçün bax:
Əbdülqadir İnan, Ülkü, X, ¹60, s. 545-547).
Nüsxələrin
müqayisəsi
Drezden
nüsxəsi:
Əsli Drezden Kral Kitabxanasında mühafizə olunan bu
nüsxənin bu gün əlimizdə fotosurəti
mövcuddur.
Nüsxəni ilk dəfə kəşf edən H.O.Fleyşer
kataloqunda (Catalogus codicum Manuscriptorum ori-entalum Bibliothecae
Dresdensis, Dresden, 1831, ¹86) bu məlumat verilir:
“152 vərəqlik türkcə məcmuə, kiçik
4, nəsx yazılı, əski Şərq türkcəsi və
ya oğuz şivəsi ilə yazılmış “Kitabi-Dədə
Qorqud”dur. İç Oğuz və Daş Oğuz qəbilələrinin
Məhəmməd dövründəki macəralarının
hekayələridir. Kitabın adı
bütün hekayələrdə Qorqud adlı birinin
böyük rolu olmasından doğur. Qorqudun
dindar, ağıllı və oğuz qəbilələri
arasında böyük etibar sahibi olduğu rəvayət
edilir”.
Əlimizdəki
şəkillərə görə, nüsxənin təsvirini
bir az daha genişləndirə bilərik:
Nüsxənin üz qapağında ortada, yuxarıya
doğru “Kitabi-Dədəm Qorqud ala lisani-taifei-Oğuzan”
yazılıdır.
Üst sağ küncdə “Tarixi-vəfati-Osman sene 993”
yazılmışdır. Alt sağ küncə
doğru “Muhabbətnamə ağzında
yazılmışdır” qeydi vardır. Bunlardan
başqa üz qabığında kitabla əlaqəsi olmayan
başqa qaralamalar da vardır. Üz
qabığının arxasında böyük və
kiçik ölçüdə iki dəfə
yazılmış farsca bir beyt mövcuddur. Mətnin
başladığı vərəqin a
üzü də yenə müxtəlif qaralamalarla doludur. Biz bu səhifəni 1-ci səhifə hesab etdik.
Bunun arxasında, yəni 2-ci səhifədə əsl
mətn başlayır. Hər səhifədə
düzgün bir nəsx xətti ilə 13 sətir vardır.
Yalnız ilk, yəni 2-ci səhifədə ilk sətrin
yerinə “bismillah” yazıldığı üçün 12
sətir mövcuddur. Səhifələrin ətrafı
tək xətt ilə əhatə edilmişdir. Mətnin içərisində pərakəndə səpələnmiş
iri nöqtələr vardır. Hekayələrin
başlıqları ilə “soylama”, “soylamış” kimi
sözlər və bəzi adlarla girişdəki bir neçə
cümlə qalın yazı ilə yazılmışdır.
Kitab 304-cü səhifədə bitir. Əsərin nəzm hissələri müəyyən
formada yazılmamış və bütün mətn səhifələrə
nəsr kimi doldurulmuş, hekayələr üçün də
başlıqlar ayrılmamışdır. Nüsxə bir giriş ilə 12 boyu əhatə
edir. Bunların sıra və səhifələri belədir:
( Giriş)
S. 2-9
Dirsə
xan oğlı Buğac xan boyı 9-35
Salur
Qazanun ivi yağmalanduğı boy 35-66
Qam
Pürənün oğlı Bamsı Beyrək boyı66-122
Qazan
oğlı Uruz Bigün tutsak olduğı boy 122-154
Duxa Qoca
oğlı Dəlü Dumrul boyı 154-170
Qanlı
Qoca oğlı Qan Turalı boyı 170-201
Qazılıq
Qoca oğlı Yigənək boyı 201-213
Basat Təpəgözi
öldürdügi boy 213-235
Bəkil
oğlı Əmran boyı235-253
Uşun
Qoca oğlı Səgrək boyı 253-271
Salur Qazan
tutsak olup oğlı
Uruz çıxarduğı boy 271-291
İç
Oğuza Taş Oğuz asi olupBeyrək
öldügi boy 291-304
Vatikan
nüsxəsi
Vatikan nüsxəsi Vatikan Kitabxanası Türk dili
bölümündə 102 nömrə işarəti ilə
qeydiyyata alınmışdır. Bu nüsxə
başqa risalə ilə bir yerdə eyni cilddə yerləşir.
Bu cildin 2-58-ci vərəqləri
arasındakı ilk risaləsi “Hekayəti-latifei-ucübə və
mahcübei-zarifə” adlı əsərdir. Dədə Qorqud nüsxəsi isə bundan sonra
başlayır və 58 b ilə 106-cı vərəqlər
arasında yerləşir. Biz nüsxəni
səhifələrə görə nömrələdik və
ilk səhifəni 2 ilə başladıq.
20,5×15,2 ölçüsündə olan
Vatikan nüsxəsi başdan-başa hərəkəli bir nəsx
yazı şəkli ilə yazılmışdır və hər
səhifədə 13 sətir vardır. Nüsxənın
başlığı “Hekayəti-Oğuznamei-Qazan Beg və
qayri” adını daşıyır. Bu nüsxə də
bütünlüklə nəsr formasında yazılmaqla
yanaşı, bəzi yerlərdə mənzum hissələrin
misra sonunda bir az boşluq qoyulmuşdur. 97-98-ci səhifələri əhatə edən sondan
bir əvvəlki vərəq qopmuşdur. Nüsxənin
sonu 99-cu səhifədə yerləşir.
Vatikan
nüsxəsi hekayələrin sayı cəhətdən əksik
nüsxə olub giriş ilə bir yerdə ancaq bu altı
hekayəni əhatə edir:
(Giriş)
S. 2-5
Hekayəti-Xan
oğlu Buğac Xan 5-20
Hekayəti-Bamsı
Beryik Boz atlu 20-53
Hekayət
Salur Qazanun eviyağmalanduğıdur 53-68
Hekayəti-Qazan
Begün oğlı UruzXan dutsak olduğıdur 68-85
Hekayəti-Qazılıq
Qoca oğlı Yegənək Beg 85-92
Hekayəti-Taş
Oğuz İç Oğuza asi olupBeryək
vəfatı 92-99
Vatikan nüsxəsi Drezden nüsxəsinə nəzərən
çox bərbad bir nüsxədir. Hərəkələr
çox səhv şəkildə qoyulmuşdur. Xüsusi adlar belə bir neçə variantda
yazılmış və hərəkələnmişdir.
Nüsxənin bu xüsusiyyəti onun orijinal
Drezden nüsxəsinə edə biləcəyi köməyi,
demək olar ki, heçə endirir. Drezden
nüsxəsi ilə eyni nüsxədən
köçürüldüyü bilinən Vatikan nüsxəsinin
mirzəsi orijinal nüsxədə başa düşmədiyi
kəlimələri dəfələrlə
ötürmüşdür. Bir çox
yerdə də ifadə fərqli forma almış və bəzən
bir-birindən çox uzaqlaşmışdır. Fərqlər, ümumiyyətlə, mənsur hissələrdə
daha çoxdur.
Nüsxələr arasındakı fərqlərin
böyük bir hissəsini sahə ayrılığı təşkil
edir. Bu ayrılıqların əksəriyyəti
sözün əvvəlindəki b/m, sözün əvvəlindəki
t/d, ilk hecadakı e/i, sözün daxilindəki və
sonundakı fellərin x/ğ olması və bəzi
formaların eyni şəkilçilərlə
yazılması kimi ümumiləşdirilə bilər.
Sözün əvvəlindəki b/m
yazılışından Drezden nüsxəsi m, Vatikan nüsxəsi
b tərəfindədir.
Sözün əvvəlindəki t/d
yazılışından Drezden t, Vatikan d tərəfindədir.
İlk hecadakı e/i yazılışından Drezden əsasən
i, Vatikan e tərəfindədir.
k/x,ğ
yazılışından Drezden x,ğ, Vatikan k tərəfindədir.
Vatikan nüsxəsi Drezdendəki -gəç feili yerinə
-icək feilini istifadə etmişdir.
Bəzi yerlərdə Drezden nüsxəsinə nəzərən
daha əhatəli olan Vatikan nüsxəsi əksikdir.
Bu şərtlərlə nüsxələrin müqayisəsi
çətin olmuş və bir çox yerdə Vatikan
nüsxəsini qeydə almaqla nəticələnmişdir.
*
Hər iki nüsxənin də XVI əsrdə surətinin
çıxarıldığı güman edilir. Nüsxələrin
yazısı və imlası bunları XVI əsrdən daha əvvələ
aid etməyə imkan vermir. Onsuz da hekayələrin
XV əsrin ikinci yarısında aşkar edildiyini ehtimal
etdiyimizi nəzərə alsaq, baxış zamanı surəti
olmayan hər iki nüsxənin də XVI əsrdən əvvələ
getməyəcəyi aydın olur. Digər
tərəfdən nüsxələrin yazısı, imlası
və ümumi vəziyyəti bunların XVI əsrdən
sonraya şamil edilməsinə imkan vermir. Belə
kitabların oğuz dastan ənənələrinin canlı
olduğu, yaşadığı zamanlarda yazılmış
olduğunu da düşünsək, bunların XVI əsrdən
daha sonrakı dövrün məhsulu olmadığını
ehtimal etməkdə çətinlik çəkmərik.
Biz doğru və yaxşı nüsxə olan Drezden nüsxəsinin
XVI əsrin ilk yarısında, səhvləri çox və
dili daha yeni olan Vatikan nüsxəsinin isə daha sonra, bəlkə
də XVI əsrin ikinci yarısında
köçürülmüş olduqlarını ehtimal
edirik.
Drezden nüsxəsinin yalnız baş hissəsində bəzi
səhifələrin qismən hərəkələnmiş
olduğu görünür. Əlimizdəki
fotoşəkillərdə yazıya görə çox
solğun qalan və bəzən da səhv qoyulmuş bu hərəkələr
bəlkə də mətnə sonradan əlavə
edilmişdir. Bundan başqa, Drezden nüsxəsi
əsasən hərəkəsiz, dolğun, oxunaqlı, dəyişməyən
bütöv bir nəsx xətti ilə
yazılmışdır. Bu vəziyyəti
ilə də nüsxə XV əsrdən sonrakı hərəkəsiz
yazı dövrünün məhsulu olaraq qəbul edilir.
Vatikan nüsxəsi başdan-başa hərəkəlidir.
Lakin dediyimiz kimi, bu hərəkələr
çox səhv və pərakəndə olub bir çox yerdə
yazıya aid deyildir. Bu, Vatikan nüsxəsinin
də təbii hərəkə dövrünün deyil, hərəkəsiz
dövrün məhsulu olduğunu, lakin məcburi hərəkələməyə
məruz qaldığını göstərir.
Drezden nüsxəsinin qapaq səhifəsində nüsxə
ilə əlaqəsi olmadığı bilinən “tarixi-vəfati-Osman
sene 993” bir yazı vardır. Vatikan nüsxəsində
isə nüsxənin özündə hər hansı bir tarix
yoxdur. Yalnız eyni cild içində yerləşən
və özündən əvvəl gələn “Hekayəti-latifei-ucübə
və mahcübei-zarifə” adlı risalənin Seyid Əhməd
bin Həsən Balı adlı bir şəxs tərəfindən
h.918-ci ildə (1512-1513) yazıldığı qeyd olunub.
Vatikan nüsxəsindən sonrakı vərəqdə də Sunullahın[3] ölüm tarixi h.956-cı il
(1549-1550) yazılıdır.
Mətnin redaktorun qeydlərində də göstərdiyimiz
kimi, Vatikan nüsxəsi ilə Drezden nüsxəsi
arasında bir çox kəlimə, ifadə və dil fərqləri
vardır. Fəqət, bu fərqlər Vatikan nüsxəsinin
sərbəst köçürmə ilə əldə
edilmiş olmasından irəli gəldiyini göstərir.
Yəni Vatikan nüsxəsinin katibi bu
variantı yaradarkən qarşısındakı nüsxəyə
tam bağlı qalmamış, onun bir çox yerini bildiyi kimi
dəyişdirərək çox sərbəst
köçürmə üslubunu seçmişdir. Bunu iki nüsxə arasındakı
yaxınlığın əlamətləri də
açıq şəkildə göstərir. Həqiqətən, Vatikan nüsxəsinin Drezden
nüsxəsi ilə çox yaxından əlaqəli
olduğu görünür. Nüsxələrin
müqayisəsində ortaya çıxan dəlillər iki
nüsxənin bir-biri ilə bağlı olduğu qənaətində
şübhəyə yer qoymur. Heç
olmasa, hər iki nüsxənin ortaq bir nüsxəyə
istinad etdiyini qəbul etmək lazımdır. Biz daha da irəli gedərək Vatikan nüsxəsinin
Drezden nüsxəsindən
köçürüldüyünü iddia edə bilərik.
Əvvəla, Drezden nüsxəsində mirzənin
qüsuru üzündən oxunması və başa
düşülməsi çətin olan sözlərin Vatikan
nüsxəsində yazılmamış olduğunu
görürük. Bu cəhətdən Vatikan nüsxəsi
bizə Drezden nüsxəsinin çətinliklərini
başa düşməkdə gözlənildiyinin əksinə
olaraq kömək edə bilməmişdir. Drezden nüsxəsinin yozması hələ
mümkün olmayan sözlərini Vatikan nüsxəsində
tapa bilmirik. Tapdıqlarımız da Drezden
nüsxəsində olduğu kimi şübhəli və
anlaşılmaz şəkildə qarşımıza
çıxır. Sonra Drezden nüsxəsindəki
anlaşılması rahat sadə səhvlərin Vatikan
nüsxəsində də eyni ilə
yazıldığını görürük. Məsələn,
soluna kəlməsi hər iki nüsxədə də
solına (D 124-2, V 69-8), boyuma kəlməsi hər iki nüsxədə
də boynuma (D 124-6, V 69-10) olaraq eyni formada səhv
yazılmış; bigler kimi yazılmalı olan Drezdendə
(303-5) Begil olaraq yazılan söz, Vatikanda (99-1) Bigil olaraq
yazılmış; arı sudan sözlərinin sudan hissəsi
hər iki nüsxədə də düşərək
yalnız arı (D 132-3, V 73-7) hissəsi qalmışdır.
Başqa bir cəhətdən Drezden nüsxəsindəki
bir hərf səhvinin belə Vatikan nüsxəsinə
yalnışlığa səbəb olacaq formada əks
olduğunu görürük. Məsələn, Vatikan nüsxəsindəki
iverürmiş (V 27-12), virürmiş (V 27-13) sözləri
ivermiş və virmiş olmalı ikən Drezden nüsxəsindəki
qarşılığı olan iverimiş (D 80-10,11) və ç-dən sonrakı vav-ı re-ye
bənzədiyi üçün köçürürmiş
olduğu hesab edilən köçürmiş (D 80-11) kəlmlərinin
təsiri ilə səhv olaraq iverürmiş, virürmiş
olaraq yazılmış olduğu görünür. Hələ bir söz var ki, bu söz nüsxələrin
bir-biri ilə əlaqəsi cəhətindən çox
inandırıcı bir vəziyyətdədir. Drezden
nüsxəsində doğru olaraq maslahata (D 78-6) yazılan bu
söz, son hərfi, yəni he-si sətir sonunda cədvəlin
xəttinə qarışmış olduğu və
ortadakı te də sonda imiş kimi yazıldığı
üçün diqqətlə baxılmazsa, maslahat kimi oxunub
keçilə bilər. Həqiqətən də,
sözü Vatikan nüsxəsində maslahat (V26-12) kimi
görürük. Bunu Drezden nüsxəsinə
bağlamamağa, bu yalnışlığa Drezden nüsxəsinin
səbəb olduğunu düşünməməyə imkan
yoxdur. Bütün bunlar bizdə Vatikan
nüsxəsinin sərbəst bir köçürmə ilə
Drezden nüsxəsindən alındığı fikrini
oyandırır.
Nüsxələr bəhsini burada bağlayarkən bir
nöqtəyə də diqqəti cəlb edək. Rossinin
çap etdirdiyi Vatikan nüsxəsinin faksimiləsində ya
şəkilləri çəkilərkən və ya qəlibi
hazırlanarkən aydın çıxsın deyə bir
çox yerdə mürəkkəbli qələmlə mətnin
üzərindən keçilmiş olduğu
görünür. Bu keçmə
işinin mükəmməl olmadığınıvə bəzən
səhv edildiyini bidirməliyik. Məsələn,
ağan (V 62-4) sözündə qayın-ın başı
bağlanmış, gelüb eshab (V 66-4) sözlərində
birinci sözün be-si ikinci sözün elif-inə
bitişdirilmiş, kan (V 72-3) sözünün elif-i ilə
nun-u birləşdirilərək kəf-əçevrilib,
kaf-ın nöqtəsinin də təkləşdirildiyi
üçün, söz fek şəklinə
salınmış; bunlardan başqa tək nöqtə, iki
nöqtə, üç nöqtə bir-birinə
qarışdırılmışdır. Bu
baxımdan Vatikan nüsxəsinin əlimizdəki faksimiləsi
qarşısında diqqətli olmaq lazımdır.
[1] Akmola
– 1992-1998-ci illərdə Qazaxıstanın bugünkü
paytaxtı Astana şəhərinin adı.
[2] Aral dənizi
və ya Aral gölü – Mərkəzi Asiyada, Qazaxıstan və
Özbəkistan sərhədində axmayan göl. XX əsrin 60-cı illərindən dənizin əsas
qida mənbəyi Amudərya və Sırdərya
çayları idi. Suvarmada mütəmadi
və rejimsiz istifadə nəticəsində dənizin səviyyəsi
enməyə başladı. 1989-cu ildə
dəniz iki hissəyə parçalandı – Şimali
(Kiçik), Cənubi (Böyük) Aral dənizi.
[3] Sunullahın kim olması haqqında müəllifin aydın şərhi
yoxdur.
Azərbaycan türkcəsində
işləyəni və şərhlərin müəllifi
Dos., fil.ü.f.d. Nailə Əskər
Türküstan.- 2018.- 20-29
yanvar.- S.16.