Miskinli yaylağından ruhumuz
Kəlbəcərə,
Göyçəyə boylandı
Milli Yaylaq
Festivalının təəssüratı
Köç mədəniyyəti
bəşər sivilizasiyasının dan yeridir
– Dünyanın ən qədim mədəniyyəti köç mədəniyyətidir. Köç mədəniyyəti çadır mədəniyyəti və çadır arxitekturası ilə birlikdə bəşər sivilizasiyasının dan yeri kimi xarakterizə edilməlidir…
– Bir dəqiqə… Siz nə danışırsınız? Dərsimiz Dünya mədəniyyəti tarixidir. Dünyada isə cəmisi beş qədim mədəniyyət var. Hind-Qanq, Misir, Yunan-Roma, Çin və Mesopotamiya-Babil mədəniyyəti… Tədris proqramına uyğun olaraq bunlardan danışın…
– Doğru buyurursunuz. Akademik tarix yalnız 5 mədəniyyəti qədim hesab edir və bu 5 mədəniyyətdən çox danışılıb. Mən isə mənə doğma olan və əcdadımın yaratdığı, sizə görə altıncı, mənə görə isə birinci olan qədim Turan-Köç mədəniyyətindən danışacam…!
Bu dialoq tələbəlik illərində Dünya mədəniyyəti tarixi dərsində bu fənni tədris edən professorla mənim aramda yaşanmışdı. Aradan uzun illər keçməsinə baxmayaraq, mən yenə o qənaətdəyəm ki, dünyanın ən qədim mədəniyyəti, ən qədim kəşfləri, ən qədim dövlətçilik ənənələri, ən qədim yasa (qanun) və törə (hüquq normaları) köç mədəniyyəti ilə əlaqədardır. Bu gün də alternativ tapa bilmədiyimiz sürət vasitəsini təmin edən təkər məhz köçəri türk tayfalar tərəfindən yükdaşımalar üçün icad edilib. Hərb tarixində barıtın kəşfinə bərabər tutulan üzəngi hərbi vasitə kimi yenə köçərilər tərəfindən yaradılıb. Çünki üzəngi olmasa, at üstündə qılınc çalmaq üçün müvazinətini saxlamaq olmaz. Atın əhliləşdirilməsi skiflər tərəfindən 5-7 min il əvvəl baş verib. At minik və qoşqu vasitəsi kimi kəşf edilməsəydi, nə dövlət, nə imperiyalar qurmaq olardı. Şalvar geyim vasitəsi kimi at minmək üçün xüsusi olaraq yaradılıb. Maraqlıdır ki, şimalda yaşayan şotlandlar da, Misirdə yaşayan yerlilər də xalat tipli paltar geyinirdilər. Türklər isə şalvarı icad etdilər və bu gün bütün dünya ən yaxşı geyim vasitəsi kimi ondan istifadə edir. Köçəri türklər tarixdə ilk dəfə dəmiri emal etməyi öyrəndilər və üzəngidən sürüşməsin deyə çarıxa daban düzəltdilər. Bu gün dabansız ayaqqabı geyinmək heç kəsin ağlına gəlmir. Bu siyahını nə qədər desəniz uzatmaq olar. Ancaq gəlin bir anlıq dünyanı bunlarsız təsəvvür edək. Tutaq ki, təkər kəşf olunmayıb… Gerisini özünüz təsəvvür edin…!
Qədim mədəniyyətlər tarixinə bu qısa ekskursdan sonra bu mədəniyyətlər içərisində mühüm yeri olan köç mədəniyyəti, köçəri mədəniyyəti qarşımıza parlayan inci kimi çıxır. Mənim uşaqlıq illərimin ən şirin xatirələrindən biri də köç və yaylaqlarla bağlıdır. Kəndimiz, əslində, elə yaylaqda yerləşirdi. Ancaq yenə də yaz aylarında Türkiyə ilə sərhəddə yerləşən Göy dağ yaylaqlarına köç edilirdi. Burada Taya qaya, Naxoş dağ, Ağlayan kimi zirvələr vardı və yüksəklikdən sərhədin o tayında inci kimi parlayan Çıldır gölü görünürdü…!
Dağların yaşıl yamaclarına yayılan sürülər, atların tarixin qədim qatlarından gələn kişnərti səsləri, oymaq-oymaq səpələnmiş binələr, alaçıqlar elə bir möhtəşəm mənzərə yaradırdı ki, ən dahi rəssam belə bu mənzərəyə həsəd aparardı. Mən uzun illər yenidən belə bir mənzərəni görməyin həsrəti ilə yaşadım. Və…!
Yaylaq Festivalı əsl bayram əhval-ruhiyyəsi yaratdı
İyul ayının 26-28-də Gədəbəydə, Miskinli yaylağında Milli Yaylaq Festivalında iştirak etmək üçün dəvət aldım. Böyük həyəcan və səbirsizliklə tədbirə gedəcəyim günü gözlədim və budur, Miskinli yaylağındayıq…!
Yaylaq deyəndə, onun gözəlliyini görəndə ilk yada düşən, şübhəsiz ki, Ulu Ozanımız Ələsgər oldu. Qeyri-ixtiyari onun “Yaylaq” şeirini pıçıltı ilə əzbər söylədim.
Gözəllər seyrangahısan,
Görüm
səni var ol, yaylaq!
Açılsın
gülün, nərgizin,
Təzə
mürgüzar ol, yaylaq!
Gözüm
qaldı siyah teldə,
Bülbül öldü meyli güldə.
Kimsəm
yoxdu qürbət eldə,
Sən mənə
qəmxar ol, yaylaq!
Mən səni
görəndən bəri
Sinəm
oldu qəm dəftəri,
Yazıq
Aşıq Ələsgəri
Öldür,
günahkar ol, yaylaq!
Miskinli
yaylağından ruhumuz Kəlbəcərə, Göyçəyə
boylandı
Ustad, yazırsan ki, “Kimsəm yoxdu qürbət eldə,
Sən mənə qəmxar ol, yaylaq!” Ancaq bizim qürbət eldə kimsələr
kimsəsi vətənimiz qaldı! Ustad, vətən
bizə qürbət oldu, əcdadlarımızın qəbri,
Ulu Ələsgərin məzarı qürbətdə
qaldı. Bizə qəmxar oldu, ustad.
Qoy ruhun bizi bağışlasın! Göyçəyə, Kəlbəcərə,
Zəngəzura, İrəvana, Ağbabaya, Şuşaya
qayıdana qədər, yurd yerlərimizi şenləndirənə
qədər bizə möhlət ver, Ulu Ozan!
Miskinli yaylağından Göyçəyə qədər
olan 70-80 km yol indi dünyanın ən uzun yoludur. Ustad, bilmirəm bu yolu gedib
başa çatmaq üçün bir ömür bəs edəcəkmi!?
Ancaq bu gün yenə də ruhun şad olsun.
Şəninə nəğmə qoşduğun
yaylaq və yaylaq ənənəsi Ulu Gədəbəydə
yaşadılır.
Gədəbəy
qədim mədəniyyət beşiyi, düşmənlə
sərhəddə alınmaz qalamızdır
Gədəbəy Azərbaycan tarixinin ən qədim
dövrlərindən bu günədək mövcuddur,
Xocalı-Gədəbəy mədəniyyətinin
beşiyidir. Düşmənlərimizlə,
işğalçı Ermənistanla sərhəddə
alınmaz qalamızdır. Başkəndi işğaldan
azad edən, ürəyimizə az da olsa təskinlik
verən qürurumuzdur. Gədəbəy
torpağı yaratdığı daş abidələrlə,
qala surları ilə, Kurqan məzarlıqlar ilə, əcdadlarımızın
çadır arxitekturası ilə birlikdə daş
arxitekturasını da yaşatmağı bacardığını
sübut edir.
Bu qədim mədəniyyət məbədində milli
yaddaşımızı yeniləyən Milli Yaylaq
Festivalının keçirilməsi isə bu gün də Gədəbəyin
gələcək nəsillər üçün yeni tarix
yaratdığından xəbər verir.
Milli
Yaylaq Festivalı milli ruha müraciət, tariximizə səyahətdir
Milli Yaylaq Festivalı hər şeydən öncə
milli ruha müraciət, tariximizə səyahətdir. Bu festival adət-ənənələrimizə
qayıdış, milli şüurun yenilənməsi hadisəsidir,
tarixi şüurun canlanması üçün vəsilədir.
Bütün bunlar isə xalqımızın bugünkü
birliyi üçün, dəyərlərimiz ətrafında
sıx birləşməsi üçün,
işğalçı Ermənistana qarşı bir yumruq kimi
birləşməmiz üçün, Ali Baş
Komandanımızın əmri ilə torpaqlarımızı
bir həmlədə işğaldan azad etməmiz
üçün çağırışdır. Mən
Milli Yaylaq Festivalında bunları gördüm və təqdir
etdim!
Təşkilatçılıq,
proqram və ardıcıllıq yüksək səviyyədə
idi
Təşkilatçılıq, proqram və
ardıcıllıq yüksək səviyyədə idi. Festival
iştirakçılarının bütün tələbatlarını
qarşılaya biləcək infrastruktur
hazırlanmışdı. Rəsmi, mədəni
və əyləncə hissələri bir-birini elə
tamamlayırdı ki, bütün proqramları bayram əhval-ruhiyyəsində
izləyirdim. Milli mətbəx nümunələrimiz
Festival iştirakçılarının damaq
zövqünü oxşayırdı. Bütün
bunlar ölkəmizdə və regionlarımızda nə qədər
zəngin turizm potensialının olmasından xəbər
verirdi.
Fəsəli
– milli mətbəximizin unudulmaqda olan ləzzəti
Köşklərin
birində milli mətbəximizin az qala
unudulmuş ləzzəti fəsəli
satıldığını gördüm. Əlbəttə,
ləziz təamı dadmadan olmazdı. Bir saatlıq
növbədən sonra fəsəli aldım! Uzun
illərdir dadmadığım bu təamı böyük ləzzətlə
yedim. Əlbəttə ki, fəsəlini milli
şirniyyat mətbəximizin şedevrlərindən biri kimi ədəbiyyata
gətirən böyük şairimiz Səməd Vurğunun məşhur
qoşmasını yada salaraq!
Başına
döndüyüm gül üzlü sona!
Ömrümün ilk çağı yadıma
düşdü.
Şairlər
vətəni, bizim tərəflər,
Tərlanın oylağı yadıma düşdü.
… Göylərə
baş çəkir Göyəzən dağı,
Axşam açıq olur ayın qabağı.
Bizim gəlinlərin
bayram qabağı
Fəsəli yaymağı yadıma düşdü.
Sən
bizim ellərin ruhuna bir bax!
Bizdən inciməmiş bir əziz qonaq.
Nişanlı
qızların görüşdən qabaq
Telini saymağı yadıma düşdü.
Vurğunun
xəyalı gəzdi aranı,
Gözümdə oynadı dağın boranı.
Qışın
buz qatığı, yayın ayranı,
Payızın qaymağı yadıma düşdü.
Ruhun
qarşısında baş əyir, rəhmət və
şükranla anırıq səni, ey böyük Ustad!
Sən
bizim ellərin ruhuna bir bax, bizdən inciməmiş bir əziz
qonaq
Bu sözlər xalqımızın qonaqpərvərliyini
izah edir. Elə Milli Yaylaq Festivalında da bütün qonaqlar
təşkilatçılardan, yerli əhalidən olduqca məmnun
görünürdülər. Qələbəliyin
içərisində irəliləyərək tez-tez mənə
salam verir, adımla müraciət edirdilər.
Doğrusu, ictimaiyyət arasında bu qədər
tanındığımı güman etmirdim. Bu, məni həm sevindirir, həm də bir qədər
daha məsuliyyətli edirdi. Qarışıq
hisslər içərisində irəliləyərkən Gədəbəy
rayon İcra Hakimiyyətinin başçısı ilə
üzləşdik. Rayona daxil olandan bəri
İbrahim müəllim Mustafayevlə bir neçə dəfə
telefonla danışsaq da, ilk dəfə idi
görüşürdük. Bu insanın sadəliyi,
yerli əhali ilə birlikdə gələn hər qonağa
ayrıca diqqət göstərməyi, üstəlik 50 minə
qədər qonağın qatıldığı bu
böyük kütləvi tədbirdə hər şeyin
yüksək səviyyədə olmasını təmin etməsi,
doğrusu, olduqca hörmətəlayiq bir iş idi. Bu qədər rəsmi və qeyri-rəsmi
qonağın içərisində heç kimsəni diqqətdən
kənarda qoymamağa çalışırdı İbrahim
müəllim.
Çay
süfrəsi arxasında bakılı qonaqların təklifləri
rayon rəhbərliyi tərəfindən xüsusi diqqətlə
qarşılandı
Söhbət edərkən qonaqların içində
dostlarım Rəşad Məcid və Xəyal Rzanı
gördüm.
Onları gənc şairimiz, əslən gədəbəyli
İntiqam Yaşar müşayiət edirdi. İbrahim müəllim dərhal bizi çay
süfrəsinə dəvət etdi. Xeyli
şirin-şirin söhbət etdik. Tədbirin
gözlənildiyindən daha yüksək səviyyədə
baş tutmasından, təşkilatçılığın
yüksək səviyyədə olmasından
danışdıq. Şair Xəyal Rza
növbəti tədbirdə Yazıçılar Birliyi üçün
ayrıca “kitab köşkü” ayrılmasını və həm
də yazarlarımızla imza gününün keçirilməsini
təklif etdi. İbrahim müəllim dərhal
razılıq verərək, xüsusi qeyd apardı. Rəşad Məcid Yaylaq Mədəniyyətini vəsf
edən hekayə və şeirlər müsabiqəsinin
keçirilməsini, mən isə tarixi-etnoqrafik məqalələr
müsabiqəsinin keçirilməsi və qalib olan tədqiqatçı
alim və jurnalistlərin məhz Yaylaq Festivalında elan edilməsi
təklifini verdik. İbrahim müəllim böyük məmnuniyyətlə
bütün təkliflərimizin gələn il
keçiriləcək festivalda nəzərə
alınacağını bildirdi. Mən Gədəbəy
İH ilə əhalinin münasibətlərində bir ailə
səmimiyyətinin olduğunu müşahidə etdim. Və bunu Prezident İlham Əliyevin kadr
islahatlarının səmərəli nəticəsi kimi
başa düşdüm.
Yaylaq
Festivalının mötəbər qonağı Bilal
Ərdoğan!
Mən həmişə istedadın genetik olduğuna
inanmışam. Festivala təşrif buyurmuş Dünya
Etnospor Federasiyasının başçısı Bilal bəy
Ərdoğanın çıxışını dinlədikdə
bir daha əmin oldum ki, Ərdoğan ailəsində natiqlik,
yüksək pafosla nitq söyləmək qabiliyyəti genetikdir.
Bu bir ilahi töhfədir. Möhtərəm
qonağımız Bilal bəy olduqca maraqlı bir
çıxış etdi. Onun
çıxışının fikir tacı isə bu idi… “Torpaqlarımızı işğal edə bilməyənlər
beyinlərimizin içini işğal etmək istəyirlər”.
Bu fikir Qlobal İmperializmin milli dövlətləri
işğal etməsinin yeni strategiyasını çox
gözəl izah edir. Hərbi-siyasi güclə
milli dövlətləri yıxa bilməyən Qlobal
İmperializm ölkə vətəndaşlarının
beynini manipulyasiya etməklə öz dövlətini öz əli
ilə yıxdırmağa çalışır. “15
Temmuz” hadisələrində də elə buna cəhd etdilər,
ancaq qardaş Türk xalqı öz lideri Rəcəb Tayyib
Ərdoğanla birləşərək imperializmə qalib gəldi!
Bu, mühüm tarixi qələbə idi.
Elə bizim üçün də! Çünki
Türkiyə ilə Azərbaycan Ulu Öndərimizin dediyi
kimi, bir millətin iki dövlətidir. Prezident
İlham Əliyev isə Türkiyə güclü olduqca biz də
güclü oluruq deyir. Elə Milli Yaylaq
Festivalında Bilal Ərdoğanın tədbirə
qatılmasıyla bir daha güclü olduq. Sərhəd bölgəmizdən
işğalçı Ermənistana bir daha mesaj verdik ki,
işğala son qoysun.
Gözün
aydın, Gədəbəy, Kərkükdən, Türkmən
elindən qonaqların var
Festivalda birdən-birə qarşıma Türkmən
elimin şair balası, yazıçı-publisist, Kərkük
Kültür Dərnəyinin genel başqanı Şəmsəddin
Kuzəçi çıxdı. Qardaş sevgisiylə
salamlaşdıq. Kərkük
Kültür Dərnəyinin İraq şöbəsinin
başqanı, keçmiş millət vəkili Fevzi Əkrəm
Terzioğlu ilə görüşdük. Doğrusu,
kərküklü qardaşlarımızla Bakıda dəfələrlə
görüşsək də, Miskinli yaylağında
görüşməyin ləzzəti başqa oldu. Gədəbəydən
Kərkükə, Tuzhurmatuya, bütün Türkmən elinə,
Türk kimliyinin qalası olan Kərkük Qalasına salamlar
göndərdik.
Haçaqaya
– Hunna dərəsi,
Kiçik
Qafqazın parlayan incise
Ayrılmaq istəmədiyim ümummilli bayram əhval-ruhiyyəsində
keçən Festivaldan məni gədəbəyli dostum
Rövşən Tanrıverdiyev ayırdı və
Haçaqaya ziyarətgahına getməyimizi təklif etdi. Tədbirin
sonuna yaxın dəniz səviyyəsindən 2226 metr
hündürlükdə olan Haçaqaya zirvəsinə gəldik.
Bu zirvə yerli əhali arasında müqəddəs
sayılır və olduqca strateji əhəmiyyət
daşıyır. Günəşli
günlərdə bu zirvədən Tovuz və Gədəbəy
rayonlarının çoxsaylı kəndləri, o cümlədən
Ermənistanın Şəmşəddil rayonunun Tovuzun
Əlibəyli sərhəd kəndi ilə üzbəüz
olan bir neçə kəndi aydın görünür. Bir qədər aşağıda isə məşhur
Hunna (Xınna) dərəsi iti axan dağ çayı və
yamaclarındakı yaşıl meşələri ilə ovsunlayıcı
bir mənzərə yaradır. Bu zirvədən
dağların yamaclarında qurulmuş oymaq-oymaq obalar
köçəri mədəniyyətinin günümüzdə
yaşayan inciləri kimi insanın ürəyini riqqətə
gətirir. Qeyd edim ki, Hunna adı
etnotoponimdir və əcdadımız olan qədim hunlarla
bağlı çoxsaylı yer adlarından biridir.
Çadır
turizmi üçün ideal məkan
Dünyada
gedən səssiz müharibələrin bir növü olan ərzaq
müharibəsinin qurbanı olduğumuz bir vaxtda bu obaların
yanında çadır qurub bir neçə gün
yaşamaq, saf, təmiz bulaq suyu içmək, təbii bal, yağ, qaymaqla qidalanmaq müasir turizmin
baş tacı hesab edilə bilər. Əminəm ki, tədbirdə
iştirak edən Mədəniyyət Nazirliyinin, Dövlət
Turizm Agentliyinin rəhbər işçiləri bu
imkanları nəzərdən qaçırmadılar və “kənd
turizmi”, “çadır turizmi” brendi altında belə turist səfərləri
təşkil etməklə həm daxili turizmin, həm də
xarici turizmin bölgələrimizdə inkişafına təkan
verəcəklər.
İndi əvəlik
aşını yalnız Gədəbəydə içmək
olar
Dostumun təkidi ilə bir gün “Narzan” restoranında
nahar etməli olduq. Gədəbəy rayonunun gözəl
infrastrukturu, müasir hotelləri və çox yaxşı
restoranları var. Xidmət səviyyəsi də
yaxşıdır. Milli mətbəximizin elə
nümunələri təklif olunur ki, onları kim
bilir, bəlkə də, yalnız Gədəbəydə
tapmaq olar. Məsələn, mən “birinci”, yəni duru yemək
nə var sualına digər şorbalarımızla
yanaşı, həm də “əvəlik aşı”
cavabını aldım. Çox böyük məmnuniyyətlə
bir boşqab “əvəlik aşı”
içdim. Çatışmayan cəhəti
bircə içərisində cızdağın olmaması
idi. Bəzi regionlarımızda əvəlik
aşına cızdaq da qatırlar ki, bu da aşı
daha da ləzzətli edir.
“Narzan”da
ozan məclisi:
aşıq, bir “Döşəmə Koroğlu” çal
Gədəbəyin ən gözəl cəhətlərindən
biri də nahar zamanı yerli aşıqların milli
müsiqimizi layiqincə təqdim etməyi
bacarmalarıdır. Belə aşıqlardan birini dəvət
edib aşıq havası çalınmasını xahiş
etdim. Hansı havanı çalım, deyə
soruşdu. Doğrusu, bu sual məni bir qədər
provokasiya etdi. Və düşünmədən bir
“İrəvan çuxuru” havası çal, vokal sənətinin
əcdadının aşıq musiqisi olduğunu bir daha
xatırlayaq dedim. Görünür, aşıq
bu havanı xahiş edəcəyimi gözləmir, gündəlik
hamının dinlədiyi populyar havalardan sifariş edəcəyimi
düşünürdü. Ona görə də sual
verdiyinin peşmançılığı içərisində
o havanı bilmirəm dedi və dərhal soruşdu, başqa?!
Dedim, onda bir “Ayaq Cəlili” havası çal, qoy ruhumuzun
mayasında aşıq havalarının olduğunu bir daha yada
salaq. Dedi, bu havanı da bilmirəm. Dedim onda bir “Döşəmə
Koroğlu” havası çal, bu dağların zirvəsində
ruhumuz cövlan eyləsin, cəngə
köklənək! Dedi, onu da bilmirəm. Dedim, aşıq,
onda sazını qoy burada, get. Aşıq isə
sazını götürüb getdi. Mənimsə
yadıma yenə Ulu Ələsgərin bir qoşması
düşdü.
Aşıq
olub, diyar-diyar gəzənin
Əzəl başdan pür kamalı gərəkdir.
Oturub-duranda
ədəbin bilə,
Mərifət elmindən dolu gərəkdir.
Görünür, Gədəbəyimizin ustad
aşıqları, bilgə aşıqları Yaylaq
Festivalında olduqları üçün mənim bəxtimə
aşıqlığa təzə başlayan “şəyird”
düşmüşdü. Yəqin ki, bu hadisədən sonra
ustadından daha bərk yapışacaq!
Gədəbəydə
Milli Yaylaq Festivalı başa çatdı, ruhumuz da, yolumuz da
Kəlbəcərə, Laçına, Göyçəyə
qənşər… Amin!
Yenidən Milli Yaylaq Festivalına qayıtdıq. Bayram əhval-ruhiyyəsi
bütün coşqusu ilə yaşanırdı. Qədirbilən, milli adət və ənənələrimizi
sevə-sevə yaşadan gədəbəylilərin sevinci
gözlərindən oxunurdu. Elə bu əhval-ruhiyyə
ilə də düşmənlə sərhəddə mətin
dayanan, qonaqpərvər, istiqanlı, şirin ləhcəli Gədəbəyimizdən
ayrıldım. Yasamal aşırımını
aşıb, Qafar bulağına salam verib,
yavaş-yavaş yaylaqdan aşağı endim. Ancaq
ürəyim və ruhum Miskinli yaylağında qaldı.
Gələn görüşədək, Gədəbəyim.
Gələn görüşədək, Miskinli
yaylağı. Səfərin sonunda yenə yadıma bir
qoşma düşdü…
Süsənli,
sünbüllü, tər bənövşəli
Yaylaq, bizim yaylaqlara bənzərsən.
İçən
ölməz sənin kövsər suyundan,
Bulaq, bizim bulaqlara bənzərsən.
Ket
dağı, Əyricə, Daşkənd baxarı,
Ağ
sürülər Sarıyaldan yuxarı,
Var bizim
suların əcəb axarı,
Çaylaq, bizim çaylaqlara bənzərsən.
Ruhun şad olsun, Ulu Ozan, Aşıq Alı.
Miskinli yaylağından Əyricə, Sarıyal
yaylaqlarına əl uzatsan, çatar. Kim bilir, bəlkə də,
Gədəbəydən yanqılanan saz səsi sənin məzarına
da çatdı, ruhun şad oldu. Növbəti Milli
Yaylaq Festivalını Göyçədə, Kəlbəcərdə,
Zəngəzurda, Şuşada, Ağbabada keçirmək
arzusu ilə…
P.S. Sonda
mən bu cür yaddaqalan tədbirin təşkilatçıları
olan Gədəbəy rayon İcra Hakimiyyətinə, Türk
Əməkdaşlıq və Koordinasiya Agentliyinə
(TİKA) və “Cavadxan” Tarix və Mədəniyyət Fonduna
təşəkkür edirəm.
Hikmət Babaoğlu
Bakı-Gədəbəy-Bakı
Türküstan.-
2019.- 6-12 avqust.-S.8-9.