Yaddan çıxmış sənətkarlar:
Ölümün tez
apardığı aktyor
Tunc Vəli, Brodyaqa...
“Qaçaq Nəbi”
filmində Tunc Vəli, “Bəyin oğurlanması”nda Brodyaqa,
“Tütək səsi”ndə Muxtar və daha neçə-neçə
obraz... Yəqin ki, həmin filmləri və adları çəkilən
qəhrəmanları xatırladınız..
Modern.az saytı
“Yaddan çıxmış sənətkarlar” layihəsində
bu dəfə həmin rolların ifaçısı olmuş
aktyor haqqında xatirələri sizə təqdim edir.
Söhbət fəxri
ad almadan bu dünyaya vida etmiş Gümrah Rəhimovdan gedir.
Gümrah Kərim oğlu Rəhimov 1944-cü ilin 6 dekabrında Gürcüstanın Borçalı mahalının Sarvan kəndində anadan olub. 1952-ci ildə Marneuli Pedaqoji Texnikumu nəzdindəki ibtidai məktəbin birinci sinfinə gedib, 1956-cı ildə 1 nömrəli Marneuli Azərbaycan orta məktəbinin 5-ci sinfinə keçib, 1963-64-cü tədris ilində həmin məktəbi bitirib. Uşaqlıqdan məlahətli səsə malik olan Gümrah çalıb-oxumağı sevirdi. Buna görə də böyük qardaşlarının məsləhətilə sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə verir və oraya da daxil olur.
Gümrah Rəhimov institutu müvəffəqiyyətlə qurtarır, təyinatla Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının aktyorluq şöbəsinə işə götürülür. İşlədiyi az bir müddət ərzində 44 filmdə böyük və kiçik, lakin yaddaqalan rollar oynayıb.
Gümrah Rəhimov “Qaçaq Nəbi” filmində Tunc Vəli obrazına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb.
Tunc Vəli filmdə çox maraqlı obrazlardan biridir. O, mərd olduğu qədər
də, saf insandır. “Bizdən yaz e, qoy
görsünlər ki, analar necə oğullar doğub e”, “sən
öl, ananı ağlar qoyaram” kimi sitatlar Tunc Vəlinin
hesabına məşhurlaşıb. Bu
gün də onlardan istifadə olunur.
Amma Tunc Vəlinin
iki epizodda işlətdiyi sitatr bu gün daha məşhurdur:
Gümrah
Rəhimov “Bəyin oğurlanması”, “Dədə Qorqud”,
“Qaçaq Nəbi”, “Qərib Cinlər diyarında”, “Tütək
səsi”, “Babək”, “Nəsimi” filmlərində yaddaqalan
obrazlar canlandırıb..
Gümrah
Rəhimov istedadının püxtələşdiyi bir
dövrdə - 1994-cü il martın 26-da
49 yaşında vəfat edib.
Sənətkarın yaxın dostu rejissor və aktyor
Əbdül Mahmudov Gümrah Rəhimovla bağlı xatirələrini
Modern.az-a bölüşüb. Əbdül Mahmudovun sözlərinə
görə, Gümrah onun uşaqlıq, gənclik dostu,
qonşusu olmaqla bərabər, həm də yaxın sənət
yoldaşı idi:
“Hələ
onun kimi işinə, ailəsinə, dostlarına qarşı
səmimi, qayğıkeş və diqqətli ikinci bir adam görməmişəm. Demək
olar ki, rejissoru olduğum bütün filmlərdə Gümrah
rol alıb. Kinostudiyada ona Gümrah deyən az adam tapılardı. Hamı ona “ölüm”
deyərdi, çünki qəribə bir şirinliyi vardı,
hamı da “ay ölüm, ölüm” deyə müraciət edərdi ona. Məhlədə hər kəs onun başına and
içirdi. İnanın məhləyə
girəndən evədək balacadan böyüyə hər kəslə
görüşə-görüşə,
salamlaşa-salamlaşa gedirdi. İstər
kino aləmində istərsə də dostları,
yaxınları üçün Gümrahın bir başqa
yeri var. İndi də o insanların yanında Gümrahın
adını çəksəniz inanın ki, ancaq xoş
sözlər eşidərsiniz. Uzaq və
ya yaxın fərq etmirdi, hamının xeyir-şər işlərinə
yarıyan biri idi. Bir də görürdün ki, zəng
elədi: “Ay Əbdül, filan yerdə filan adamın
yaxını ölüb e, gedək
başsağlığı verək”. Ya da toy
olardı o qədər həvəslə iştirak edirdi ki,
baxan deyərdi ki, yəqin toy sahibinin ailəsindəndir,
yaxınıdır”.
Əbdül
Mahmudov: “Teatrdan fərqli olaraq, kinoda hər istədiyin
obrazı canlandırmaq nisbətən çətin olur. Çünki bədii şura, rejissorun ssenaridən
dolayı razılığı alınmalıdır. O kino aləmində “Qanlı zəmi”
(“Qaçaq Nəbi”) filmindəki Tunc Vəli obrazından sonra
daha çox tanınmağa başladı. Və
tez-tez bir sıra filmlərdə rol alması üçün
təkliflər alırdı. Deyirlər
ki, rolun böyüyü-kiçiyi olmur, aktyorun
böyüyü-kiçiyi olur. Gümrahın
müxtəlif janrlı filmlərdə yaratdığı
epizodik rolların hər biri indi də sevilir. Bütün rejissorlar istəyirdi ki, Gümrah onun
filmində oynasın. Rejissorlar
canlandırdığı rollardan çox, onun xarakterini,
şən əhvalını sevirdilər”.
“Yadımdadır, Xarəzmdə
“Nəsimi” fimini çəkirdik. Heç bir şərait yox, xarabalıq və
dəhşətli istilər vardı. Çəkilişləri
istiyə görə ancaq səhər tezdən ya da
axşamlar gerçəkləşdirə bilirdik. Bir də görürüdün axşam gəlir “Ay
ölüm, gəl, yığışırıq filankəsin
otağına”. Yığırdı
bütün kollektivi bir otağa. Kimi domino
oynayırdı, kimi kart, kimi də şahmat. O çətin
şəraitə baxmayaraq, hamının kefi kök olurdu. Qoymazdı ki, kollektivdə dava düşsün,
söz-söhbət yaransın. Hər
şeyi zarafata salıb hamını yaxşı mənada yola
verirdi. Bir dəfə
Kəlbəcərdə çəkilişdə idik. Elə oldu ki, Gümrah Gürcüstana –
doğulduğu bölgəyə getməli oldu. Biz də ona tapşırdıq ki, qayıdanda əliboş
gəlmə, bizə siqaret gətir. Onda Gümrah çəkiliş
vaxtı məşhur
aktyor Şahmar Ələkbərovla bir otaqda
qalırdı. Gürcüstandan qayıdanda Şahmara, mənə,
bir də Rasim Balayevə bir blok siqaret hədiyyə
elədi. Bizə düşən payı çəkdik
qurtardıq, gördük ki, Gümrah hər gün bir dənə
siqaret çəkir. Nəysə, Rasimlə
Şahmar bir gün bunu izləyib, siqaretin yerini tapdılar.
Heç Gümraha demədən, hər gün
bir qutu siqaret götürüb çəkirlərmiş.
Gümrah da siqaretin əskildiyini görüb
heç kimə bildirə bilmirmiş. Çünki
hamıya demişdi ki, gətirdiyi bütün siqaretləri
paylayıb. Bir gün istirahət vaxtı Şahmarla
Rasim siqaret çəkəndə Gümrah dözməyib dedi
ki, “ayə ölüm, mən siqareti gizlətmişəm ki,
arada özüm çəkim. Utandığımdan
söz də deyə bilmirəm, siz axı bütün bloku
çəkib qurtardınız”. İndiyədək o əhvalat
kinostudiyada danışılır. Baxmayaraq ki, deyirlər
gürcüstanlılar möhkəm şərab içən
olurlar, amma Gümrahın içki ilə arası yox idi”.
Əbdül
Mahmudov: “Gümrah fəxri ad almamışdı. Deyirdi ki,
“heç kimin qapısını döyüb ağız
aça bilmərəm ki, mənə ad versin. Çünki
birdən müraciət edərəm, mənə ad verməzlər,
bu da məni çox utandırar”. Əslində özü ürəkdən
istəsəydi, bir az səy göstərsəydi
heç şübhəsiz ki, o da fəxri ad alacaqdı. Bu gün Azərbaycanda Dövlət Mükafatı
laueratları çox azdır. Ən qəribəsi
də odur ki, Gümrah bu mükafata digərlərindən fərqli
olaraq, Xalq artisi, Əməkdar artist adı almadan birbaşa
layiq görüldü”.
Gümrah Rəhimovun ortancıl övladı
Günay Rəhimova da atası ilə bağlı öz xatirələrini
Modern.az-la bölüşüb:
“O, ata
kimi bizə heç nəyi qadağan etməmişdi,
müasir düşüncəli insan idi.
Sürpriz etməyi çox sevirdi. Harda dəbdə
olan geyimlər var idisə, onu ilk atam alıb gətirərdi.
Təbii ki, çox açıq-saçıq
geyim də sevməzdi, lakin geri düşüncəli də
deyildi. Biz də çalışırdıq
ki, ona layiq olaq, hər şeyin həddini bilək. Ona
görə də atam bizə “olmaz” sözü demirdi.
Bir dəfə həyətdə uşaqlarla
oturmuşdum.
Atam da bizi müşahidə edirmiş,
görüb ki, yanımdakı uşağın
ayaqqabısına maraqla baxıram. Axşam evdə olanda
məndən soruşdu ki, “yaman maraqla baxırdın e
qızın ayaqqabılarına, nə olub belə?”. Dedim ki, “heç e, çox xoşum gəldi, ona görə
baxırdım”. Əslində
evdə ayaqqabım çox idi, amma uşaqları bilirsiniz də,
təzə nəsə olanda ondan istəyirlər. Hə, elə bircə kəlmə onu soruşdu.
Səhəri gün gördüm ki, mənə
həmin ayaqqabıdan alıb gətirib. Ümumiyyətlə,
hədiyyə almağı çox sevirdi. Anama da hər bayramda
gül alardı. Başqa ölkələrə
çəkilişə gedəndə hər ölkəyə
xarakterik suvenir ya da başqa bir şey alıb gətirərdi.
Mənə aldığı həmin əşyaların
çoxunu hələ də saxlayıram”.
“Atam gəncliyində çox yaraşıqlı olub. Ailəsi ona
çox qız göstərib ki, bəlkə birini bəyənib
evlənə. Ancaq atam evlənəcəyi
qadını özü seçmək istəyib. O vaxt anam atamgilə
yaxın qalırmış. İkisi də
bir-birini bəyənib, sevib ailə qurublar. Evlənəndən sonra atam anamı da
götürüb Bakıya köçüb. Gürcüstana ara-sıra gəzməyə
gedirdilər. Atam ölənədək
Bakıda yaşadı. Çünki
işi, evi burada idi”.
Günay
Rəhimova: “Atam komediya janrında olan filmlərdə rollar
canlandırmayıb. Xarakter olaraq ciddi adam
olduğu üçün ciddi rollarda oynayırdı. 40-dan çox filmdə, “Mozalan” kinojurnalında bir
çox obrazları canlandırıb. “Mozalan”ın özündə
belə ona ciddi obrazlar verilirdi. Ona nə rol
verilirdisə, hamısına sevgi ilə yanaşıb ürəklə
oynayırdı. Ən sevdiyi obrazı “Tunc
Vəli” idi. Gördüyü işlərdən,
oynadığı rollardan bizə danışmağı
sevirdi. Bir dəfə
danışırdı ki, canlandırmalı olduğu səhnələrin
birində at sürmək məqamı var imiş. Deyirdi ki, filmdəki digər aktyorları at sürmək
epizodunda dublyorlar əvəzləyirdi, atamı isə yox.
Onun özü at sürürdü. Düzdür, bir neçə dəfə atdan
yıxılmışdı, amma bu işi görmək ona
çox xoş gəlirdi, həm də istəyirdi ki, at
sürməyi özü bacarsın.
Atamın yaxşı səsi var idi, dostları ilə
bir araya yığışanda ondan oxumağı xahiş
edirdilər. Düzdür, müğənni deyildi, amma kef məclisi
olan kimi hamı istəyirdi ki, atam oxusun. O, müğənnilər
kimi toylara getmirdi, zövq üçün oxuyurdu”.
“Bayaq dediyim kimi, atam
cavanlığında çox yaraşıqlı olub. Anama da demişdi ki, onunla evlənməzdən qabaq
çox qızla münasibəti olub. Xanım
həmkarlarıyla da münasibəti yaxşı idi. Lakin heç yadıma gəlmir ki, anam atamla
qısqanclığa görə mübahisə etsin. Atam özünü hansısa üsulla sübut edib
anamı inandıra bilirdi”.
“Kərim dünyaya gələndə
atam çox xoşbəxt idi. Necə deyərlər
40 gün-40 gecə toy-bayram elədi. İki
qızdan sonra oğlunun olması onu çox sevindirirdi. Qardaşıma atasının adını qoydu. Düzdür, tale ona
oğlu ilə çox vaxt keçirməyə imkan vermədi,
amma Kərimi çox istəyirdi.
Atam öləndə qardaşımın 7 yaşı
var idi. Kərim
azyaşlı olduğu üçün atamın onunla bağlı
xüsusi arzuları hələ yox idi. Açığı,
bizə də konkret olaraq hansı ixtisası, hansı sahəni
seçməyimiz barədə bir söz deməmişdi.
Bizi sərbəst buraxmışdı ki,
özünüz seçin, sevdiyiniz sahədə işləyin”.
“Bəzən məni
özü ilə səfərlərə aparırdı.
Çəkiliş prosesində də bəzən
onunla birgə olurdum. Bir dəfə filmə
çəkilirdim, ağlamalı idim. Atamı
görüb heç cür ağlaya bilmirdim. Rejissor
atama dedi ki, sən çıx get, bəlkə bu
uşağı ağlada bildik. Üstümə
qışqırdılar, danladılar, ancaq ağlamadım.
Atamı görmüşdüm axı, bilirdim
yanımdadır, necə ağlayardım. Böyüyəndən
sonra filmlərdə çəkiməyə icazə vermədi.
Deyirdi qadın üçün çətin
işdir. Mən də israr eləmədim,
onsuz da bilirdim ki, istəsəm də faydası olmayacaq”.
“Təzyiqi yüksək olduğuna
görə həmişə üstündə üstündə
dəmir əşya gəzdirərdi.
Bir gün halı lap pisləşdi, anam da
evdə yox idi. Zəng elədik təcili
yardıma, amma artıq gec idi. Damarı
partlayıb beyninə qan sızmışdı. O hadisədən
sonra müayinə və müalicəsi üçün bir
çox həkimlərin yanına getdik. Dostlarının
hamısı səfərbər oldu ki, atamı ayağa
qaldırsınlar. Lakin dedilər ki, xeyri
yoxdur, onda çünki insultun pis forması baş
vermişdi.
Atam vəfat edən gün anam evdə yox idi, yas yerinə
getmişdi.
Anam evdən çıxmazdan qabaq ona dedi ki, bəlkə getməyəsən.
Anam səbəbini soruşanda dedi ki, “nəsə bir təhərəm,
danışanda əziyyət çəkirəm”.
Sən demə damarı tədricən quruyubmuş, bilməmişik. Anam da zarafata saldı ki,
“heç nə olmaz sənə..”.
Heç həmin söhbətin üstündən bir
saat keçmədi ki, atam qalxıb mətbəxə
keçdi ki, su içsin. Elə bil kimsə mənə dedi
ki, dur atanın arxasınca get. İnanırsınız,
elə mən onun yanına çatan kimi ayaqları
boşaldı, yıxılanda mən tutdum”.
“Hamı ilə xoş
münasibəti var idi, qonşular aktyor olduğu
üçün xüsusi olaraq hörmətini
saxlayırdılar. İnanırsınız,
o, dünyasını dəyişən gün nə evimizdə,
nə də binanın blokunda oturmağa yer
qalmamışdı. Çünki
bacardığı qədər hamıya kömək edərdi,
heç kimi əliboş qaytarmazdı. Yaxşı
vəzifədə işləyən dost-tanışları
var idi. Kiminsə işə ehtiyacı
olurdusa, atama müraciət edirdi. Atam da
çalışırdı ki, heç kimi əliboş geri
qaytarmasın”.
“O öləndə mənim 15, bacımın
16 yaşı var idi. Anam işləyirdi deyə,
qardaşıma növbə ilə bacımla mən
baxırdıq.
Təəssüf ki, atam öləndən sonra bir qabdan xörək yediyi dostları bizimlə demək olar ki, heç maraqlanmadılar. Bura aktyorlar, sənət yoldaşları da daxil idi. Lakin bir dostu var idi, sağ olsun, bacımla mənim işləməyimizə çox kömək oldu. O dostu sənət adamı deyildi, Gürcüstandan idi, atamın yerlisi...”.
Türküstan.- 2019.- 6-12 avqust.- S.14.