Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar:
CƏMALƏDDİN
ƏFQANİ
II Hissə
O iddia edirdi ki,
ancaq hər hansı toplumun
hakim təbəqəsi elm
və təhsildən uzaq qalıb cəhalət
və avamlığa yuvarlandığı zaman
mənəviyyatsızlığın yayılma dərəcəsindən
asılı olaraq onun
bütün siniflərində bu və ya digər dərəcədə zəiflik müşahidə
olunacaqdır. O yazırdı: “Bu
da o deməkdir ki, hakim dairələrdə
gücsüzlük nəzərə
çarpırsa, bu gücsüzlük
mütləq filosoflar, alimlər, sənətkarlar,
kənd təsərrüfatçıları, tacirlər təbəqəsinə
və s. siniflərə də sirayət
edəcəkdir, çünki onların kamilliyi yalnız mükəmməl təhsilin
bəhrəsidir.
Səbəbiyyət faktoru olan yaxşı təhsildə zəiflik, özbaşınalıq, mənəviyyatsızlıq müşahidə olunursa, həmin təhsilin bilavasitə təsir göstərdiyi sahələrə də həmin bu mənfi halların sirayət edəcəyi qaçılmazdır. Əgər mənəviyyatsızlıq bir xalqın təhsilinə artıq yol tapmışdırsa, bəzən təhsildə bu mənəviyyatsızlığın tədricən artması və adət və ənənələrin məhv olması nəticəsində sabitliyin səbəbkarı olan müxtəlif siniflər, xüsusilə də nəcib siniflər tədricən məhv olub gedir. Həmin xalqa mənsub olan fərdlər köhnə paltarlarını çıxardıqdan və adlarını dəyişdikdən sonra başqa bir millətin tərkibinə keçir və yeni görünüşdə ortaya çıxırlar. Bu hadisə gildanilər, finikiyalılar, koptlar və başqa xalqlarla baş vermişdir”. Onun fikrincə, mənəviyyatsızlığa düçar olmuş bir toplumu yalnız Allah xilas edər ki, onların arasından yenidən zəkalı, saf ruhlu insanlar ortaya çıxar və öz gəlişləri ilə yeni həyat gətirə bilərlər. Əfqani hesab edirdi ki, zəkalı, saf ruhlu insanlar tənəzzül və düşkünlüyə səbəb olan mənəviyyatsızlığı kənarlaşdırır, şüur və qəlbləri pis təhsilin törətdiyi qorxunc xəstəlikdən sağaldırlar: “Bu insanlar daxili nur və parıltıları ilə yaxşı təhsili qaytarır və bununla da öz toplumlarına yenidən həyat verirlər. Onlar insanlar üçün əvvəlki ucalığı, şərafəti və siniflərin tərəqqisini bərpa edirlər. Məhz buna görə də, tənəzzülə doğru gedən, təbəqələrini düşkünlük bürümüş hər toplum Rəhman Allaha olan ümidləri ilə bəlkə onların arasında öz müdrik rəhbərliyi və düşünülmüş səyləri ilə süurlarını işıqlandıracaq, qəlblərini saflaşdıracaq və mənəviyyatsız təhsilə xitam verəcək müdrik, siyasətdə təcrübəsi olan bir intibah¬çının tapılacağını intizarla gözləyir. Həmin müdrikin siyasəti nəticəsində onlar öz əvvəlki vəziyyətlərinə dönmüş olardılar”. Bütün bunlardan sonra Əfqani ortaya qoymaq istədiyi əsas məsələnin üzərinə gələrək yazırdı ki, yaşadığı dövrdə fəlakət, bədbəxtlik və gücsüzlük hər tərəfdən müsəlmanların bütün siniflərini bürüyüb. Belə bir məqamda bütün müsəlmanların müdrik intibahçının gələrək onları xilas edəcəyini düşündüyünü iddia edən Əfqaniyə görə, yalnız onun sayəsində doğru din və düzgün şəriət məhv olmaqdan xilas olacaqdır. O yazır: “Odur ki, hər bir müsəlmanın gözləri yolda, qulaqları səsdədir, o, intizarla dünyanın hər hansı bir səmtindən – şərqdən, qərbdən, şimaldan və ya cənubdan – müdrik intibahçının peyda olacağını və müsəlmanların şüur və qəlblərini doğru yola yönəldəcəyini, gözlənilmədən gəlmiş mənəviyyatsızlığı dəf edərək onları yenidən mükəmməl təhsilə yiyələndirəcəyini gözləyir. Bəlkə də onlar yaxşı təhsil sayəsində öz keçmiş bəxtiyar durumlarına qayıda bilərlər. Mən Mütləq Haqqın bu doğru dini və düzgün şəriəti məhv olmaqdan qoruyacağına əmin olduğum üçün başqalarından daha artıq ümidlə tezliklə həmin şəxsin müdrikliyi sayəsində müsəlmanların şüur və qəlblərinin işıqlanacağını və haqq yoluna yönələcəyini gözləyirəm”. Əfqani öncə ümid etmiş ki, həmin müdrik intibahçı zəngin həyat təcrübəsinə malik, Avropa ölkələrinə səyahətlər etmiş müsəlman filosofu və modernisti Seyid Əhməd Xandır. Çünki uzun sürən çalışmalardan və zəhmətdən sonra o, müsəlmanların irəliləyişi yolunda Qurana təfsir yazmış, eyni zamanda əsərlərində həm Şərq, həm də Qərb filosoflarının ideyalarını davam etdirmişdi. Bu anlamda Seyid Əhməd Xanın bir müdrik kimi öz toplumunun tərəqqisi naminə dinin mahiyyətini və həqiqi simasını açıqlamasına, dinin bəşəriyyət üçün vacibliyini rasional dəlillərlə nümayiş etdirməsinə, həqiqi və batil dinləri ayırd etmək üçün insan ağlını da qane edən ümumi bir qayda irəli sürməsinə ümid bəsləyən Əfqani onu da düşünürmüş ki, o, dinlərin bir çox təlimlərdə ortaq mövqeyə malik olduqları halda, bəzi məsələlərdə fərqli mövqe tutma səbəbini, həmçinin hər bir dövrdə müəyyən bir dinə və peyğəmbərə xüsusi bir münasibət olması səbəbini fəlsəfi metodla izah edə bilərmiş. Ancaq Əfqani bütün sadaladıqlarının heç birini onda görə bilımir. Çünki Seyid Əhməd Xan ərəblərin şüurlarının aydınlaşmasına və qəlblərinin paklaşmasına səbəb olan o böyük hökmlərdən qətiyyən söz açmamış, yüksək əxlaqi dəyərlərin və gözəl vərdişlərin yayılmasına xidmət edən, evdə və cəmiyyətdə ünsiyyəti düzgün yönləndirən və şüurların aydınlaşmasına xidmət edən ilahi qanunlardan bəhs edən ayələri şərhsiz buraxmışdır. Əfqani yazır: “O, insan təbiəti anlayışını özünə mövzu seçərək heç bir məntiqli sübut və ya təbii dəlil göstərmədən, bir neçə anlaşılmaz və mənasız söz deməklə kifayətlənir. Belə məlum olur ki, təfsirçi insanın təhsil aldıqca əsil insana çevrildiyini, məziyyət və vərdişlər qazandığını bilmir. Öz təbiətində dəyişməyən insan sivilizasiyadan və qazanılmış məziyyət və adətlərdən ən uzaq olan insandır. Əgər insan böyük çətinlik və zəhmətlə qazanmış olduğu hüquqi və əqli keyfiyyətləri tərk edər və nəzarəti təbiətin əllərinə tapşırarsa, şübhəsiz ki, heyvanlardan daha aşağı səviyyəyə enmiş olar. Ən təəccüblüsü isə odur ki, təfsirçi ilahi, müqəddəs peyğəmbərlik məqamını islahatçı səviyyəsinə endirir”. Əfqaniyə görə, Seyid Əhməd Xanın öz icmasını irəli aparmaq və tərəqqisinə nail olmaq əvəzinə, üstəlik də başqa dinlərin İslamı udmaq üçün ağızlarını açmış olduğu bir zəmanədə, müsəlmanların İslam dininə olan imanlarını yox etmək istəməsi təsadüfi ola bilməz. Əfqani hesab edirdi ki, hazırda qalib Qərb mədəniyyətinə oxşamaq və qaliblə eyni dinə qulluq etmək hər kəs üçün cəlbedici göründüyü, hazırda insanların dinlərini dəyişməsi üçün zəminin də mövcud olduğu dövrdə bu cür fikirlər irəli sürmək, düşmən ideyalarına xidmət etməkdən başqa bir şey deyildir. Bir sözlə, Seyid Əhməd xanın müsəlmanların inanclarını yox etməkdə göstərdiyi cəhdin arxasında gizlənən niyyət başqalarına xidmət etmək və müsəlmanların başqa dinlərə yönləndirilməsinə yol açmaq olmuşdu. O yazır: “Bu fikir və düşüncələrdən sonra ilk ağlıma gələn o oldu ki, təfsirçi, şübhəsiz ki, müsəlmanların tənəzzülünə və fəlakət halına düşmələrinə səbəbin məhz onların dini olduğuna, dinlərini tərk edərlərsə, əvvəlki şərəf və qüdrətlərini bərpa edəcəklərinə inanır. Odur ki, o, bu dini inancları aradan götürməyə çalışır və öz niyyətinə görə bağışlana bilməz”. Əfqani hər nə olursa olsun, müsəlmanların dini inanclarını köhnəlmiş sayıb bunun əvəzində tərəqqiçi Qərb-xristian mədəniyyətini sorğusuz-şərtsiz qəbul edilməsini mümkünsüz hesab etmişdir. O yazırdı ki, bu gün gerilikçi hesab edilən dini inancların sayəsində vaxtilə yəhudilər Fələstində, Ərəblər Ərəbistan yarımadasında qudrət, sivilizasiya, bilik, sənətkarlıq, kənd təsərrüfatı və ticarətdə bütün dünyanın ağasına çevrildilər. Üstəlik, nəinki doğru dini inanclar, hətta batil inanclar belə elm və tərəqqiyə mane ola bilməmişdir. O yazır: “Hinduslar sivilizasiya qanunlarında, elmdə, bilikdə, müxtəlif sənət sahələrində tərəqqi etdikləri zaman minlərlə tanrıya və bütə sitayiş edirdilər. Təfsirçi də bunu bilməmiş deyil. Misirlilər sivilizasiyanın, elmin, istehsal sahələrinin bünövrəsini qoyduqları, yunanlara müəllimlik etdikləri zamanlarda bütlərə, inəklərə, itlərə və pişiklərə tapınırdılar. Şübhəsiz, təfsirçi də bunu bilir. Gildanilər rəsədxanalar qurduqları, astronomik cihazlar icad etdikləri, möhtəşəm qəsrlər ucaltdıqları və kənd təsərrüfatı elmi barədə kitablar yazdıqları dövrdə ulduzlara sitayiş edirdilər. Bu fakt təfsirçidən gizli deyil. Finikiyalılar quruda və suda istehsal və ticarətin çiçəklənməsinə səbəb olduqları, Britaniya, İspaniya, Yunanıstan ərazilərində koloniyalar saldıqları zaman öz uşaqlarını bütlərə qurban verirdilər. Bu da təfsirçiyə məlumdur. Yunanlar dünyaya ağalıq etdikləri, bəşəriyyətə böyük dühalar və görkəmli filosoflar bəxş etdikləri vaxtlarda yüzlərlə tanrıya və minlərlə dini mövhumata inanırdılar. Təfsirçi də bunu bilir. Farslar Kaşğar ərazisindən İstanbulun hüdudlarına qədər olan ərazilərə hakimlik etdikləri və sivilizasiyada onlara rəqib olmadığı bir dövrdə qəlblərində min cür cəfəngiyyat bəsləyirdilər. Əlbəttə ki, təfsirçi bütün bunları xatırlayır. Müasir xristianlar Üç üqnum, xaç, dirilmə, xaç suyuna salma, məhşər, tövbə və yevxaristiya kimi şeylərə inana-inana öz üstün mövqelərini möhkəmləndirmiş, elm, bilik və sənaye sahələrində tərəqqiyə nail olmuş və sivilizasiyanın zirvəsinə yüksəlmişlər. Onların əksəriyyəti, malik olduqları bütün elm və biliklərə baxmayaraq, hələ də eyni inanclara sadiqdirlər. Təfsirçi bunu çox gözəl bilir”. Bütün bu məsələləri götür-qoy etdikdən sonra Əfqani yazırdı ki, doğru inanclara iman gətirmənin müsəlmanların tənəzzülü ilə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, onun fikrincə, dini inanclar, istər doğru olsun, istərsə də batil, elmin nailiyyətlərini, yaşam vasitəsi əldə edilməsini və normal sivilizasiyanın tərəqqisini qadağan etmədikcə, heç bir şəkildə sivilizasiya və dünyəvi tərəqqi ilə ziddiyyət təşkil edə bilməz. Əfqaniyə görə, yalnız imanın azlığı sivil həyatda qarışıqlığa və mənəviyyatsızlığa, təhlükəyə səbəb olur ki, bu da nihilizmdir: “Əgər imanın azlığı insanların tərəqqisinə səbəb olsaydı, o zaman cahiliyyət dövrünün ərəbləri sivilizasiyada hamıdan üstün olmalı idilər. Belə ki, onlar əsasən materialist yolun davamçıları idilər və bu səbəbdən də ucadan deyərdilər: “Uşaqlıq bizi qabağa itələyir, yer bizi udur və yalnız zaman bizi məhv edir”. Onlar həmçinin bir qayda olaraq təkrarlayardılar: “Çürümüş sümükləri kim dirildə bilər?!”. Hərçənd onlar vəhşi heyvanlar kimi, ən qatı cahillik içində həyat sürürdülər. Bütün bu düşüncə və fərziyyələrdən sonra mən bu təfsirçinin nə islahatçı olmadığını, nə də onun təfsirinin heç də müsəlmanların durumunu yaxşılaşdırmaq və təhsilini artırmaq məqsədilə qələmə alınmadığını yaxşı anladım. Əksinə, bu təfsirçi və bu təfsir hazırkı dövrdə İslam ümməti üçün insana zəif və taqətsiz olduğu zaman yoluxan qorxulu və təhlükəli xəstəliklər kimidir”.
Faiq ƏLƏKBƏRLİ
AMEA Fəlsəfə
İnstitutunun aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə
doktoru, dosent
Türküstan.- 2019.- 6-12 avqust.-
S.6.