Xınalıq kəndinin turizmdə
rolu və inkişaf
istiqamətləri
Qədim dövrlərdən
indiyənədək öz tarixiliyini qoruyub saxlayan ölkəmiz həm təbii, həm də
tarixi-memarlıq ehtiyatları baxımından turizmin
müxtəlif növlərinin inkişaf
etdirilməsi üçün əlverişli
potensiala malikdir. Azərbaycanın
bir çox bölgələri
özünün mineral
bulaqları, tarix-mədəniyyət abidələri, təbii
mənzərələrin zəngin olması hesabına
müxtəlif regional və beynəlxalq əhəmiyyətli
turist marşrutlarına daxil
edilmişdir.
Həmin bölgələrdən biri olan Quba rayonu hələ sovetlər dövründə əlverişli turizm məkanı kimi həm yerli, həm də xarici turistləri cəlb edən məkanlardan biri idi. Uğurlu yerləşmə mövqeyinə və zəngin infrastruktura malik olan Quba bu gün də turistlərin ən sevimli istirahət guşələrindən biridir. Qubanın əlverişli coğrafi mövqeyi piyada yürüş, atla gəzinti, ekoturizm, dağ turizmi və s. bu kimi müxtəlif turizm növlərinin yaradılmasına geniş imkanlar açır. Turist qismində səfər edənləri cəlb edən amillərdən biri də Qubanın dağ kəndlərində turizm ehtiyatlarının olmasıdır. Dağ kəndlərində turizmin müxtəlif növlərinin inkişafı üçün kifayət qədər təbii mühiti ilə yanaşı, xidmət sahələrinin də mövcud olması bu kəndlərin səmərəli turizm imkanlarının yaranmasına təkan verə bilər. Təmiz havası, canlı və əsrarəngiz təbiət mənzərələri ilə zəngin olan kənd landşaftı şəhərdə yaşayan turistlər üçün əsl ekzotik məkandır.
Qubanın dağ kəndləri etno-mədəni potensial cəhətdən kifayət qədər zəngindir. Burada azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələri də yaşayırlar. Belə ki, etnoqrafik cəhətdən rəngarəng olan Qubada Şahdağ milli etnik qrupuna daxil olan etnoslar- buduqlular, ceklilər, əliklilər, haputlular, qrızlılar, yergüclülər, xınalıqlılar məskunlaşıblar. Bu yeddi etnosun mərkəzi iqamətgahları isə Şahdağ platosunda yerləşir və bir-birinə çox yaxındır. Etnik qruplar öz mənşəyi, dili, adət-ənənələri, yaşayış tərzi və bir sıra xüsusiyyətlərinə görə ölkənin əsas xalqından fərqlənirlər.
Azsaylı xalqlar içərisində özünəməxsus etnoqrafik xüsusiyyəti ilə seçilən xınalıqlılar Azərbaycanın ən qədim sakinlərindən hesab olunur. Yeganə dilə və yaşayış məskəninə məxsus olan bu etnos Quba rayon mərkəzindən 65 km məsafədə, Baş Qafqaz silsiləsi ilə Yan silsilə arasında yerləşən Xınalıq kəndində məskunlaşıblar. 5000 illik tarixə malik olan Xınalıq “Dağlarda ada” kimi də adlandırılır. Xınalıqda ən nadir mənzərə isə evlərin quruluşudur. 200-300 il yaşı olan bu evlər çoxmərtəbəli binaları xatırladır. Ən maraqlısı isə, aşağıdakı evlərin damının yuxarıda yerləşən evlərin həyəti kimi istifadə olunmasıdır. Evlərin tikintisində qaya və çay daşlarından, həmçinin samandan, gil məhluldan geniş istifadə olunmuşdur. İlkin memarlıq üslubunu qoruyan bu kənd hələki ənənəvi inşaat üsullarından istifadə etməkdədir. Özünün qədimiliyi ilə fərqlənən Xınalıq kəndi Qubaya gələn turistlərin ən çox səfər etdiyi məkanlardandır. Hətta, Quba Turizm İnformasiya Mərkəzinə əcnəbi ölkələrdən gələn onlayn müraciətlərin əksəriyyəti belə Xınalıq kəndinə səfərlə bağlı olur. Kəndə gələn turistlərin çoxu istirahət mərkəzlərində dincəlsələr də, bəziləri fərdi evlərdə qalmağa üstünlük verirlər. Həmin evlər isə əvvəlcədən qeydiyyata alınaraq turistlərin ixtiyarına verilir. Xınalıqda təxminən 25-ə qədər ailə kəndə gələn turistlərə şəxsi evlərində xidmət göstərirlər. Qonaqların qalması üçün şəraitin zəif olmasına baxmayaraq, evlər səliqəli və təmizdir. Hətta əcnəbi turistlər arasında xınalıq dili üzrə tədqiqat işlərinin aparılması məqsədilə gələnlər də çoxluq təşkil edir. Bu isə xınalıq dilinin araşdırılması, öyrənilməsi və yayılması baxımından müsbət haldır.
Xınalıq kəndində həm dini turizmin, həm də ekoturizmin inkişafına təsir edən amillər də az deyil. Belə ki, kəndin aborigen sakinləri olan xınalıqlılar islam dinini qəbul etməzdən əvvəl bütpərəst olmuşlar. Buna isə İslamla heç bir əlaqəsi olmayan bəzi yarıbüdpərəst ənənələr və od məbədi sübutdur. Xınalıqlıların ilkin inancı atəşpərəstliklə bağlı olduğuna görə onlar üçün od məbədi müqəddəs yer hesab olunur. Qızıl qaya dağı yaxınlığında yerləşən və gecə-gündüz durmadan yanan təbii qazın çıxdığı bu yeri əhali “Atəşgah” adlandırır. Bəzi mənbələrə görə Azərbaycana gələn hind atəşpərəstləri təkcə Abşeronda deyil, həmçinin Xınalıqda yerləşən“Atəşgah”da öz od tanrılarına sitayiş edirmişlər. Bu müqəddəs məkan Xınalıqdan 5 km məsafədə, Heydər Əliyev adına zirvənin cənub ətəyində yerləşir.
Xınalıqlıların digər inanc yerlərindən biri də hündürlüyü 5 metrdən uca olan mağara tipli Qırx Abdul baba piridir. Tavanından təmiz şəffaf sular damcılanan bu müqəddəs yeri əhali “Kirk per” yəni damcılı pir adlandırırlar. Bu mağara insanlar tərəfindən tez-tez ziyarət edilən və eyni zamanda qorunan müqəddəs məkanlardandır.
Ekoturizm üçün cəlbedici yerlərdən sayılan, Xınalıqdan 3 km məsafədə yerləşən digər məkan hündür sıldırım qayadır. Buraya qalxmaq üçün daşlardan pilləkən tikilmişdir. Həmin pilləkənlərdən sonra kiçik qayaüstü meydançada 3 m hündürlükdə ərəb əlifbası ilə Qur’an ayələrindən biri yazılmışdır. Xeyir-dua xarakteri daşıyan həmin Quran ayələrinin qayaya həkk edilməsində əsas məqsəd sıldırım keçidlərlə gedən yolçuların sağ-salamat mənzil başına çatması üçün idi. Unikal memarlıq görkəminə malik olan Xınalıqda təbiət abidələri ilə yanaşı, Əbu Müslim, Pir Comərd kimi məscidlər, Xıdır Nəbi, İsrafil baba, Şeyx Şalbuz türbə-məscidləri, İbrahim Xəlil hücrəsi, Möhüc Baba, Cabbar baba, Əhməd Əfəndi türbələri və çoxlu sayda öyrənilməmiş arxeoloji abidələr mövcuddur. Xınalıqda yerləşən 31 türbədən yalnız 16-sı İslam dövrünə aiddir. Memarlıq abidələri içərisində məscidlərin xüsusi yeri vardır. Hal-hazırda Xınalıqda 7 məscid fəaliyyət göstərir.
Arxeoloji abidələr içərisində diqqəti çəkən məkanlardan biri Xınalıq ilə Qəbələnin sərhədində yerləşən Salavat yaşayış yurdudur. Salavat aşırımında olan bu qədim yaşayış yerində bir sıra tikililərin qalıqları vardır. Tikililərin ətrafında həmin insanlara məxsus qəbristanlıq da mövcuddur. Həmin ərazinin yaxınlığında isə 2 Salavat karvansaraları yerləşir. XVII əsrdə tikildiyi ehtimal olunan həmin karvansaralar Xınalıq icması tərəfindən yolçuların gecələməsi üçün salınmışdır.
Ekskursiya obyekti kimi əhəmiyyətli məkanlardan biri də yerli əhalinin köməyi sayəsində kəndin ağsaqqalı Xəlil Rəhman Cabbarov tərəfindən yaradılan Xınalıq Tarix Etnoqrafiya Muzeyidir. 2001–ci ildən fəaliyyət göstərən bu muzey Xınalığın həm mədəniyyətini, həm də tarixini özündə cəmləşdirir. Muzey içərisində muzeyi xatırladan bu məkanda yaşı bilinməyən bir sıra eksponatlar nümayiş olunur. Burada müxtəlif dövrlərə aid arxeoloji, etnoqrafik materiallar və məişət əşyaları ilə yanaşı, XIX əsrə aid tarixi, dini, təbiət, etnoqrafiya, dil baxımından zəngin kitab kolleksiyası nümayiş edilir. Eksponatlar içərisində diqqəti çəkən isə əlyazma kitabların olduğu hissədir. Həmin kitablar sovet dövrünün qorxusundan damlarda, qəbirlərdə saxlanılmış, yalnız müstəqillik dövründə ortaya çıxarılmışdır. Hətta kənd ağsaqqallarının dediyinə görə, buraya İstanbul, İzmir kimi şəhərlərdən çoxlu sayda kitablar gətirilirmiş. Bütün bunlar yerli əhalinin elmə, təhsilə diqqət yetirdiyinin sübutu olaraq Xınalığın keçmişdə mühüm bir elmi mərkəz olduğundan xəbər verir.
Müasir dövrdə baş verən bir sıra proseslər mədəni irsin qorunub saxlanılması zərurətini yaradır. . Mədəni irsin qorunması ilə məşğul olan beynəlxalq qurumlardan biri də Dünya abidələr fondudur. Xınalıq kəndi də 2007- ci ildə sözü gedən fondun siyahısına daxil edilib. Məhz, həmin fond güman edir ki, bu məkanın nəzarət siyahısına salınması onun unikallığını saxlamaq şərtilə kəndin xariclə əlaqələrini daha da genişləndirəcək. Beləlikə, mədəniyyət sahəsində atılan bu kimi addımlar ölkədə etnik – mədəni turizmin inkişaf etdirilməsinə mühüm təsir göstərərək həm onun qorunması, həm də təbliği üçün geniş imkanlar açacaq.
Türküstan.- 2019.- 20-26 avqust.-
S.15.