XƏYALIMDA AĞ IŞIQLAR YANIR...

 

(Bütöv Azərbaycan Turanın parlaq Günəşidir” əsərinin davamı)

 

Deməli, gəldiyimiz son nəticə belədir: «Tox olub ölməkdənsə, ac qalıb yaşamaq gözəldir!” Yəqin ki, gəldiyimiz bu son nəticəni də çoxları anlamayaraq düşünəcək: «Bu nə deməkdir? İnsan niyə tox qalanda ölməlidir? İnsan niyə ac qalıb yaşamalıdır?» İndi də bu suala cavab verək. Əlbəttə, bəşər cəmiyyətinin əksəriyyəti aclıqdan (yoxsulluqdan) əziyyət çəkməsəydi, bəşər cəmiyyətinin az bir qismi yarı ac, yarı tox yaşamasaydı, bəşər cəmiyyətinin lap az bir qismisə toxluqdan şişib, partlamaqdan, qudurğanlığın son quduzlaşma mərhələsində ifrat var-dövlət toplamadan, harınlaşmaqdan əndazəsini aşmasaydı nə belə anlaşılmaz, anormal vəziyyət yaranmazdı, nə də “tox olub ölməkdənsə, ac qalıb yaşamaq lazımdır!!!” kimi bəşəriyyətin 99 %-nə qəribə gələn bu ifadə yaranardı. Tox olub ölməkdənsə, az qalıb yaşamaq lazımdır!!! Aman Allah, nə qəribə ifadədir. Bəs ifrat sərvət bəşəriyyətin lap az qismi olan oliqarxların əlində necə toplanır?

Oliqarxlar üçün belə münbit şəraitin yaranmasına səbəb nədir? Bu suala düzgün cavab versək, bugünkü anlaşılmazlığın, anormallığın, yoxsulluğun və bəşəri fəlakətin də əsas səbəblərini izah etmiş olarıq. Oliqarxlarda toplanan haram sərvət insan bədənindəki bəd xassəli şişə, yaxud da metataz vermiş xərçəng xəstəliyinə bənzəyir. Bəli, oliqarxlar bu haram sərvəti toplamaları üçün Yer kürəsindəki mövcud dövlətləri idarə edərkən onlara verilən kreditləri və bu kreditlərin ölkə daxilindəki dövriyyəsi və rüşvətin məmurlardan alınıb-verilməsi mexanizmini işə salırlar. Birinci kreditlərin verilməsi haqqında danışaq. Bəllidir ki, bu krediti böyük məbləğdə o qədər də böyük olmayan faizlə Qərb dövlətləri (yəni xristian dövlətləri) Şərq dövlətlərinə (əsasən müsəlman dövlətlərinə) verirlər. Kredit alan Şərq dövlətləri də Qərb dövlətlərinin onlara verdiyi bu sələmin üstünə bir xeyli də sələm qoyub onu amansızlıqla öz vətəndaşlarına verirlər. Bəllidir ki, onların verdiyi bu sələmi dövlət qanunvericiliyi əsasındadır, necə deyərlər bu sələm, “abır-həyayla” vətəndaşlara verilir. Bundan əlavə də qeyri-rəsmi sələm verənlər olur. Bu sələmi verənlər də dövlət sələm şəbəkə sisteminə məxsus daha tamahkar, daha alçaq adamlardır. Hərgah dövlət xaricdən krediti 3-5 faiz qaytarmaq şərti ilə alırsa da, onu öz vətəndaşlarına 27-30 faizlə verir. Amma qeyri-rəsmi sələmçiıər sələmi öz “sevimli arxadaşlarına» daha yüksək faizlə - 40-45 faizlə verirlər. Kreditin necə murdar əməl olması müqəddəs kitabımız olan «Qurani-Kərim»də dönə-dönə pislənir və Allahın mömin bəndələrini sələm alıb-verməkdən çəkindirmək üçün cənab Haqq-Təala belə buyurur ki, sələm alıb-vermək qardaşını öldürüb, ətini yeməkdən daha pis əməl, daha ağır günah, daha qorxunc cinayətdir. Söz yox ki, kredit verənlərlə, kredit alanların Allahın nəzərində günahları eyni deyil. Çünki kredit alanların krediti almasına səbəb onların hədsiz ehtiyac içində olmalarıdır. Kredit verənlərinsə krediti verməsinə səbəbsə kredit verənlərin tamahının həddindən artıq çoxluğu, onların dünya varına həris olmalarıdır. Amma əslinə qalsa, kredit alınmasının da, verilməsinin də əsas günahkarları dünya dövlətlərini idarə edən dövlət başçılarıdır. Elə buna görə də dövlət başçılarının ölkələrini ədalətlə idarə etməməsi ucbatından bəşəriyyət xəyanət və fəlakət girdabındadır. Indi bəşəriyyəti bu xəyanət və fəlakət girdabından yalnız keçirdiyi aclıq aksiyası çıxara bilər. Belə olduqda bəşər övladı dərindən anlayar ki, bu dünyada hər şey heç də var-dövlət və naz-nemət demək deyil. Hər bir insan yalnız bunu aclıq aksiyası nəticəsində orqanizmi zərərli xıltlardan təmizləndikdən sonra anlayır. Beləliklə, ən əvvəl insan öz murdar nəfsinə qalib gəlir. Sonra onun hüceyrələri təmizlənir. Canı, fikri, düşüncəsi sağlam olur, ruhu isə saflaşaraq daha da nurlanıb, ərşi-əlaya yüksəlir. Bəli: - “İnsan ruhdan düşəndə, altındakı at da çapmır”, - deyən Çingiz xan bu qüdrəti nəzərə alır, yəni ruhu saflaşdırmaq qüdrətini!!! Biz bununla ruhu saflaşdırsaq fəlakət qarşısında qalan cümlə-bəşər övladlarını da, bu fəlakətə hamıdan çox düçar olan Güneyli, Quzeyli Azərbaycanın Oğuz türklərini də xilas edərik. Əlbəttə, ağıllı sözləri canı, ruhu sağ, saf olan sağlam düşüncə sahibləri deyərlər. Gəlin, elə sağlam məntiqlə də deyək: “Hanı bizim milli dövlətçilik ideyalarımız ki, həm itirilən torpaqlarımızı qaytara bilsin, həm də sosial ədaləti bərpa etsin, həm də insaları dinli-imanlı olsun”. Biz necə müstəqil dövlətik ki, bu dövlətin əhalisinin 85 %-dən çoxu Oğuz türküdür. Amma bu dövlətin Konstitusiyasında dövlət dili Azərbaycan türkcəsi deyil, Azərbaycan dili adlanır. Bu hansı ölkədə görünüb? Nə yaxşı ki, ABŞ-lılar, Kanadalılar, Braziliyalılar, nebolşevik dəyyuslar kimi düşünmürlər. Yaxşı ki, onlar da öz dövlət dilinə konstutsiyalarında ingilis dili deyirlər, ABŞ dili, Kanada dili, Braziliya dili demirlər. Allah kölənin köləsi olan neobolşeviklərə lənət eləsin. Köləlik haqqında “Köləlik elə şərəfsizlikdir ki, axırda kölə qoluna vurulan qandalı öpüb-oxşayır ki, nə gözəl qandalım var”, – deyən Hegelə də rəhmət eləsin!!! Aclıq aksiyası adlı təklifimə aid fikirlərimi belə yekunlaşdırıram. Tezliklə istiqlal fədaimiz Abbas Lisaninin həm azadlığa çıxmalıdır, həm də Güney, Quzey Azərbaycanının Oğuz türkləri istiqlal savaşına qalxaraq öz haqlarına sahib durmalıdır, yəni, Bütöv, Azad, Qüdrətli Azərbaycan dövlətini qurmalıdırlar. Bunun üçün də Azərbaycan Demokratik Dövlətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin milli ideologiyası daha da dərindən mənimsənilməlidir, biz Oğuz Türkləri də onu daha da inkişaf etdirərək, həm özümüzü, həm də bəşəriyyəti fəlakət girdabından qurtarmalıyıq, həm də özümüzə qarşı qurulan fitnə-fəsadları yox etməliyik, fəlakətlərin arxasınca sürünməməliyik və fəlakətləri qabaqlamalıyıq, Yer üzünün gözü olan Azərbaycanımıza sahib durmalıyıq.

Azərbaycan Demokratik Cümhuriyyətinin Qurucusu, Milil Qurtuluş Hərəkatının Böyük İdeoloqu Məhəmməd Əmin Rəsulzadənin elmi irsi olduqca zəngindir. İstər Əmin bəy yaşadığı dövrdə, istərsə Əmin bəy haqq dünyasına qovuşandan sonra onun məsləkdaşları, onun elmi tədqiqatçıları, O vətən fədaisinin aşiqləri çox olsa da, əsil həqiqət budur ki, hələ də onun milli ideologiyasını onun səviyyəsində, ona layiq inkişaf etdirə bilən ikinci bir milli ideoloqumuz yetişməyib. Tariximizin indiki təlatümlü dövründə elə bir milli ideoloqa, Məhəmməd Əmin Rəsulzadə davamçısına hədsiz ehtiyacımız var. İnşallah ikinci belə bir milli ideoloqumuz tezliklə yetişər. Çünki bunu bizdən milli fəallığımızın artması üçün yetişən tarixi şərait tələb edir. Bu ideoloqun yetişməsi ilə də həm Oğuz Türkləri, həm də cümlə-bəşər övladları sosial ədalətin pozulmasından, bir sözlə, haqqın tapdalanmasından zilas olar. Məhəmməd Əmin bəy Azərbaycan tarixinin qədim dövrünü, orta əsrlər dövrünü, eyni zamanda XVIII - XIX - XX əsrlər dövrünü çox dərindən bilirdi. O, bununla bahəm qədim dünya tarixini Qərbin renessans dövrünü, ABŞ-dan Avropaya gələn demokratiya dövrünü də dərindən bilirdi. Və bu bildikləri də onun siyasi fəaliyyətində və Azərbaycan siyasət elmində öz əksini tapırdı. Poeziyamız Nizami kimi mütəfəkkir şairini, Nəsimi kimi yenilməz əqidə sahibi olan şairini yetirdi. Azərbaycan siyasət elmi də həm Nizami kimi mütəfəkkir, həm də Nəsimi kimi yenilməz olan siyasi korifeyi Məmməd

Əmin bəyi yetirdi. Məhəmməd Əmin bəy dünyanı heyrətə salan elə siyasət nəhəngi, elə ali demokratik təfəkkür sahibidir ki, cümlə-bəşər övladları bu təvazökar xilaskarını - Məhəmməd Əmin bəyi yetişdirdiyinə görə bütöv Azərbaycan torpağının da və onun məsləkdaşları olan Oğuz türklərinin də müqəddəs ruhları qarşısında dərin hörmət və ehtiramla baş əyir!!!

Bəli, əziz Oğuz Türkləri. İndi bizim boynumuza çox ağır yük düşür. Biz həm anamız Azərbaycanı erməni, fars, rus kimi yadelli işğalçılardan, həm də yer kürəsini fəlakətdən xilas etməliyik. Bunun üçün bütün Adəm övladları bu Tanrı hikmətindən ibrət alaraq düzgün nəticələr çıxarmalıdır: “Yer kürəsi kürə şəklindədir. Yer kürəsinin mərkəzi Azərbaycandır. Tanrı kainatın mərkəsində Günəşi yerləşdirib. Tanrı bütün kainatı onun planetlərini, peyklərini ulduzlarını yalnız Günəşin ətrafında dolandırdığı kimi, Yer kürəsindəki həyatı da yalnız Oğuz Türklərinin Vətəni olan bütöv Azərbaycanla nizamlayır. Bunu hamı, hamı, hamı anlamalıdır. Bəli, buna görə də həm biz Oğuz Türkləri, həm də digər Adəm övladları bilməlidirlər ki, Bütöv Azərbaycanın mövcud olmasına əngəl törədilməsi və onun Güneyinin, Quzeyinin kimlərinsə gəlir mənbələrinə çevrilməsi, xəyanətlə əridilməsi, əslində Yer kürəsinin məhv olması deməkdir. Heç kim də nüvə silahı ilə qürrələnməsin. Bu haqda da əsil həqiqət belədir: - Nüvə silahları olan dövlət başçıları əllərində atom, hidrogen bombaları oynadan şimpanzelərə, oranqutanlara bənzəyirlər. Ona görə də dünya ölkələrinin dövlət başçıları da, bütün xalqları da bu həqiqəti anlayana qədər aclıq aksiyaları keçirməlidirlər ki, Yer kürəsi dağılmaqdan, bəşəriyyət isə fəlakətdən xilas olsun. Yalnız bundan sonra insanlar dünya varının necə iyrənc olduğunu anlayarlar və dünya ölkələri sağlam ideyalarla, ədalətlə idarə olunar. İnsanlar sağlam düşüncə sahibləri olduqlarından, gözəl əməllər tutduqlarından bütün humanitar elm sahələri, ələlxüsus da tibb elmi sürətlə inkişaf edər, hərbi silahlar və siyasi riyakarlıq sıradan çıxar. Bütün fitnə-fəsadlar və müharibələr yox olar...

 

Son

 

FƏZAİL İSMAYIL BÖYÜKKİŞİ

 

Türküstan.- 2019.- 20-26 avqust.- S.13.