Göyəzən dağına
sancılmış Bayraq
və
Qazax Rayon İcra başçısına müraciət
Dostların əksəriyyəti
bilir, bilməyənlər də bu yazı vasitəsi ilə
biləcək. Üçrəngli
bayrağımızın gəldiyi yol barədə
kitab üzərində işləyirəm.
Bu məqaləni yazmaqda
da məqsədim doğma
rayonum Qazaxda baş verən bir hadisəni
yazmaqla regionlarda bayraqla bağlı baş
vermiş tarixi hadisələri
gündəmə gətirməkdir. Oxuculardan
xahişim isə odur ki, öz regionunuzda
bayraqla bağlı baş
vermiş maraqlı hadisələri
yazasınız, biz də öz
növbəmizdə o yazını kitaba salaq.
1920-ci
ildə amansız rus
işğalçıları tərəfindən
bayrağımız endiriləndə Məhəmməd
Əmin Rəsulzadənin demişdi:
“Əminəm, bir gün
bu bayraq Azərbaycan Türkünün yanmış ürəyindən
qaldırılıb öz yerinə
qaytarılacaq”.
Doğrudan da heç 70 il keçmədiki Azərbaycan oğul və qızları illərlə qəlblərində gizli yaşatdıqları həmin bayrağı meydanlarda Azərbaycan səmasına qaldırdılar. Üçrəngli bayrağımız ilk dəfə 1988-ci il noyabr ayının 17-də başlayan meydan hərəkatının üçüncü günündə, 19 noyabrda mitinqdə görünüb. Həmin gündən müstəqilliyimiz elan olunan günə (18 oktyabr 1991-ci ilə) qədər Bayrağımız ətrafında fərqli, həyacanlı günlər yaşanıb. Belə ki, artıq milli bayrağımızı hamı tanıyır, hər kəs qəbul edir, sovet hakimiyyəti isə hələ davam edirdi. Həmin müəmmalı, hiss-həyacan dolu günlər dəqiq desək 1991-ci ilin fevral ayına kimi davam etmişdi. Çünki artıq 1991-ci il fevral ayının 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə Azərbaycan Sovet Sosialist Respublikası – Azərbaycan Respublikası adlandırılmışdı. Və elə həmin gün başqa bir qərarla 1956-cı ildə qəbul edilmiş Azərbaycan SSR-nin Dövlət bayrağı haqqında fərman ləğv edilərək üçrəngli Bayrağımız Dövlət Bayrağı olaraq təsdiq edilmişdir.
Hərakatdan hakimiyyətə qədər bayrağımızı dalğalandıranlar fərqli formada narahat günlər yaşayıblar. Həmin 3 il ərzində paytaxt və regionlarda bayraq ətrafında müxtəlif hadisələr, maraqlı anlar yaşanıb. Məsələn keçmiş hərakatçı, araşdırmaçı Paşa Yaqub bayraq günü təbrikində yazmışdı ki:
“Azərbaycanda Milli Azadlıq hərəkatı başlayanda üç rəngli, Ay ulduzlu bayrağımızı aparıb, doğulduğum kəndin mərkəzində bir işıq dirəyinə sancdım. Kənddə bu bayrağa “Paşanın bayrağı” deyirdilər. Bir neçə gündən sonra eşitdim ki, kənd sovetinin sədri yaşlı bir kişini idarəyə çağırıb biabır edib ki, niyə Paşanın bayrağı sənin evinin tuşundakı şalbana vurulub? Təcili onu çıxar ordan. Nə isə, kişinin təlaşını nəzərə alıb, bayrağı həmin mərkəzi küçədəki başqa şalbana sancdım. İki gündən sonra yenə başqa kişini hədələdi ki, niyə bayraq sənin evinin tuşuna sancılıb?! Burdan da çıxarıb başqa bir şalbana taxdım… Beləliklə, kənddəki bütün şalbanlara vurub çıxarmaqdan bayrağın sapı dəfələrlə sınıq-sınıq olurdu”.
Buna bənzər, daha geniş və maraqlı hadisələrdən biri də doğma rayonum Qazaxda yaşanıb. Yuxarıda da qeyd etdiyim kimi bayrağımız barədə kitab üçün araşdırmalar edirəm. Araşdırmalarım zamanı qarşıma diqqətimi çəkən çox maraqlı bir foto çıxdı. Fotoda Qazağın simvolu olan Göyəzən dağının zirvəsində üçrəngli bayrağımız dalğalanır. Diqqətimi çəkən bu fotonu epizodik bir hadisə kimi kitabda verməyi planlaşdırmışdım. Rayonumuza səfərdə isə bəlli oldu ki, Göyəzən dağına bayrağın sancılması heç də kiçik, epizodik deyil, əksinə çox təntənəli bir hadisə olub. Həmkəndçim, ehtiyatda olan hərbiçi Mahir Nağıyevlə söhbətimiz tamam başqa mövzuda olsa da bayraqla bağlı bu hadisə ilə tamamlandı. Söhbətimiz əsasında bildim ki, Şəmkirdən üzü Qazağa bütün rayonlardan gəlmiş yüzlərlə, bəlkə də minlərlə insanın iştirak etdiyi, qucaqlaşıb xoşbəxtlikdən ağlayanların, qurbanların kəsildiyi, qonaqlıqların verildiyi bu hadisənin müəllifi elə Mahir Nağıyev olub. Müəllif Mahir bəy olub deyə o dövr Xalq Cəbhəsinin yerli təşkilatı işin icrasını da ona tapşırıb. M.Nağıyev digər həmkəndçimiz Nəsib Əliyev və digər əqidədaşlarının, hətta rusların iştirakı ilə anası Zərifə xanımın tikdiyi bayrağı Göyəzənin zirvəsinə qaldırıblar. Çarxla dörd tərəfə dönə bilən dörd metrlik boru ilə bayrağı dağın zirvəsində göylərə ucaldıblar. Hətta təxminən bir metr dərinliyində quyu qazaraq hadisənin Azərbaycan və rus dilində yazılmış tarixçəsini şüşə qabda torpağa basdırıb, üstünü betonlayıblar. Mahir bəyin dediyinə görə şüşədə basdırılmış həmin tarixçə indi də Göyəzən dağının tam zirvəsində, torpağın altında qalmaqdadır.
Dəqiq tarixini soruşduqda isə Mahir bəy o dövrdə həyatın çox qaynar olduğunu, hadisələrin ard-arda baş verdiyini deyərək hadisənin dəqiq tarixinin yadında olmadığını bildirdi. Amma bir çox cəbhədaşının adını çəkərək tarixi onlardan maraqlanmağımı istədi. Çox təəssüf ki, adını çəkdiyi insanlardan heç birinin dəqiq tarix yadında deyildi. Azad Əsgərzadə həmin olayın cəsarətli bir addım olduğunu bildirərək, bayraq bayramı mitinqinin Göyəzən restoranında tamamlandığını və orada istifadə olunan maşınların, atların və bütün digər xərclərin Tapdıq Pənahovun ödədiyini dedi.
Bayraq hadisəsinin tarixini heç cürə
tapa bilmirdim deyə Milli Kitabxanada
Qazağın yerli qəzeti olan “Qalibiyyət bayrağı”nın arxivinə
baş vurdum. Qəzetin 31 May 1990-cı il tarixli
sayında belə bir yazı oxudum:
“Qara zurnanın səsi şəhəri başına götürmüşdü. Qazax bayram
libasında idi. Azərbaycan Demokratik Respublikasının
ay-ulduz nişanlı bayrağını bahar nəsimi asta-asta yelləndirirdi. Hamı biri-birini
bayram münasibəti
ilə – Azərbaycan Demokratik Respublikasının
yaradılmasının 72-ci ildönümü münasibəti
ilə təbrik edirdi. Həmin günün respublikada
dirçəliş günü
kimi qeyd edilməsinə dair fərman onların sevincini qat-qat artırmışdır.
ADR-in yaradılması gününün bayram edilməsi bəzilərinə
qəribə görünməsi
də təbiidir, qanunauyğundur. Ona görə ki,
bu Azərbaycanda demokratik əsaslarla qurulan dövlətin, demokratik cümhuriyyətin
elan edilməsi Şərqdə ən böyük siyasi hadisə idi. Rayon mədəniyyət evində keçirilən
elmi nəzəri konfransda da bu
barədə söhbət
getmişdir.
Azərbaycan Demokratik Respublikası özünün ilk bəyanatlarında
ən humanist, ən bəşəri fikirlər
atmışdır ortaya. Onun maarif
və tərəqqi sahəsində həyata keçirdiyi tədbirlər
diqqətlə öyrənilməyə
layiqdir. Parlaman seçkilərində
əsl demokratiya nümunəsi göstərilmiş,
xalqın iştirakı
təmin edilmiş, Azərbaycanlı olmayan millətlərə də
ehtiram göstərilmişdir.
Mədəniyyət evi qarşısında təşkil edilmiş mitinqdə də, söhbətlərdə də,
təşkil edilmiş
şənliklərdə də
danışan natiqlər
bu məsələlərə
dair açıq fikir söylədilər, dirçəliş gününün
əsl bayram kimi qeyd edilməyə
layiq olduğunu bildirdilər.
Şənliklərdə tarix elmləri doktoru, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir
üzvü T.Bünyadov,
şair A. Kəmərli,
rayon partiya komitəsinin
birinci katibi B.Eyyubov və başqaları iştirak etmişdir.
… Mədəniyyət evinin qənşərində
qələbəlikdir. Gənclər meydanda cıdır
atlarını oynadır.
İ.Qaragözovun zurnaçılar dəstəsi bu təntənəni daha da şənləndirirdi.
Təşkil edilmiş
yarmarkada kabab bişirən kim,
başqa ticarət xidməti göstərən
kim! Bəli, bayramdır. Bu əlamətdar günü bayram etməyə dəyər.
Xalq sevinməkdə haqlıdır”.
Oxuduğum bu xəbərin həmin hadisədən bəhs etdiyini təxmin etsəm də Göyəzən dağının, ora sancılan bayrağın adı çəkilmir deyə xəbərdə
o hadisədən bəhs
edildiyinə tam əmin
olmadım. Yenə axtarışıma davam etdim. Bu axtarışlarım
müddətində kimsə
demişdi ki, sən bir Qazaxlı
Aliklə də əlaqə saxla. (Qazaxlı Alik
müharibə dövründə
döyüş xidmətləri
ilə yadda qalmış Alik Muradovdur). Çox keçmədi ki,
keçmiş döyüşçü
ilə əlaqə saxalaya bildim. Alik bəydən soruşan kimi hadisənin tarixini dəqiqliyi ilə dedi: 28 May 1990-cı il. Tamamən əmin oldum
ki, qəzetdəki xəbərdə Göyəzən
dağı olayı yazılmasa da, həmin gündən bəhs edilir.
Əlavə olaraq həmin günlərdə rayon mərkəzində
yol kənarlarına vurulan sovet bayraqları
yığılıb, yerinə
milli bayraqlar taxılıb. O zaman bunu edənləri tutub saxlayan milislər sonra həmin üçrəngli
bayraq altında işləyiblər. Təbii ki,
bayraq təəssübkeşləri
həmin milislərə
ürək sözlərini
deyiblər.
Əminəm ki, bu cür
hadisələr təkcə
Qazaxda yaşanmayıb. Odur ki, bu yazı vasitəsi
ilə hər kəsə müraciət
edirəm ki, 100 yaşlı bayrağımız
barədə hansısa
maraqlı hadisə, fakt bilirsinizsə göndərin, üzərində
işlədiyimiz kitabda
yayınlayaq.
Həmçinin bu yazı vasitəsi ilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşova müraciət
edirəm:
Hörmətli Rəcəb Babaşov!
Bilirsiniz ki, noyabr ayının
9-da bayrağımızın 101 yaşı tamam olur. Uzağı noyabr ayına
qədər bayrağımız
barədə kitabı
yekunlaşdırmaq niyyətindəyik.
Təbii
ki, geniş təqdimat da keçirəcəyik. Könül istərdi
ki, rəhbəri olduğum “Carçı” Araşdırma Mərkəzinə
və idarə heyyətində yer aldığım Qazax Ziyalılar Klubuna dəstəyinizi əsirgəməyəsiniz.
Bayrağımızın 101 yaşı ərəfəsində
bütün Qazaxlı
fəallarla bir yerdə Göyəzən
dağının zirvəsinə
daha bir təntənəli Bayraq yürüşü edək,
Bayrağımızı rayonumuzun
daha uca məkanında dalğalandıraq.
Ümidvaram dəstəyinizi
əsirgəməyəcəksiniz və rayon səviyyəsində
yürüşə nail olacağıq.
P.S. Yeri gəlmişkən Qazax Ziyalılar Klubuna da səslənirəm.
Əgər məsləhətdirsə nizamnaməni daha da təkmilləşdirib,
qeydiyyat üçün
müraciət edəndə
Göyəzən dağında
bayraq fotosunu elə klubun loqosu edək.
Sərxan Carçı
Türküstan.- 2019.- 20-26 avqust.-
S.6.