Fenomenal ədib – Qəzənfər
Paşayev
Bu gün onun
günüdür
Hər insan sirli-sehrli bir aləm, yazılmamış bir
kitabdır. Yaradıcı insanın könül dünyası
daha cazibədar, təlatümlü, coşğun üfüqləri
isə daha geniş, əngin və əlçatmaz olur. Bu dünyanın öz Günəşi, Ayı,
ulduzları, öz güllü-çiçəkli
yazları, vaxtlı-vaxtsız saralıb solan
payızlıarı, əsrarəngiz qışları var.
İnsan dünyasını dəyişdikdən sonra
ömrünü həyatda qalanların xatirəsində davam
etdirir. Bunun üçün ölməzdən
əvvəl insana ölməzlik gətirən işlər, əməllər,
ad-san qazanmalısan. Ən azı səni
sevənlərin xatirəsinə layiq olmalısan. Xatirəni yaratmaq da, yaşatmaq da çətindir.
Xatirəni şəxsiyyətlər yaradır və
yaşadır. Dəqiq desək xatirəni
yaratmaq və yaşatmaq üçün Şəxsiyyət
olmaq lazımdır. Filologiya elmlər doktoru, professor Qəzənfər Paşayev ədəbi-içtimai
mühitdə sayılb-seçilən, nüfuzu və yeri
olan, həm müasirlərinə, həm də
dünyasını dəyişmiş unudulmazlara yüksək
qədirşünaslıq bildirən belə şəxsiyyətlərdən
biridir. O, elmi maraq dairəsi çox geniş olan tanınmış
Azərbaycan alimidir. Qəzənfər
Paşayev dilçilər mühitində dilşünas, ədəbiyyatşünaslar
arasında ədəbiyyatçı, xarici dil və ədəbi
əlaqələr mütəxəssisləri arasında rus,
ingilis və ərəb dillərinin mötəbər bilicisi,
tərcüməçi kimi nüfuz sahibidir. Yaşı səksəni adladığına
baxmayaraq, Qəzənfər müəllim yorulmaq nə
olduğunu bilmədən aktual mövzularda səmərəli
araşdırılmalar aparan, əldə etdiyi maraqlı nəticələri
ilə fərqlənən bir tədqiqatçı, öhdəsinə
götürdüyü işə həmişə
böyük məsuliyyət duyğusu ilə yanaşan, fəal
vətəndaşlıq mövqeyində ardıcıl olan Azərbaycan
ziyalısıdır. Q. Paşayev təkcə
özü üçün yox, başqaları
üçün də yaşamağı bacaran açıq
ürəkli, səmimi və səxavətli bir şəxsiyyətdir. Qəzənfər
Paşayev həm sağlında, həm də yoxluğunda
insanlara qiymət verməyi bacaran xeyirxah Tanrı bəndəsidir.
Onda şamanlara məxsus bir tizfəhmlik, sufilərə
xas bir dünya tamahsızlığı var. Adı keçən
bu insan övladlara, nəsillərə, tükənməz
örnəkdir. İllər keçəcək,
Qəzənfər Paşayevin kitabları öz qəhrəmanları
ilə birlikdə yeni nəsillər üçün mənalı
bir dərsliyə, şəxsiyyətlər haqqında
ensiklopediyaya çevriləcək, üzərindəki
imzanı nəsillərin yaddaşına həkk edəcək.
Qəzənfər Məhəmməd oğlu Paşayev
1937-ci ilin avqustun 27-də Tovuz bölgəsinin
Düzqırıxlı kəndində doğulub.1962-ci ildə
Bakıda Azərbaycan Dövlət Xarici Dillər
İnstitutunun ingilis dili fakültəsini bitirib. Üç ay
kənd məktəbində müəllim işlədikdən
sonra İraq Respublikasında tərcüməçi işləməyə
göndərilib. Müxtəlif fasilələrlə
üç dəfə İraqda tərcüməçi və
ali təhsil aldığı institutda
baş laborant, müəllim, dekan müavini, kafedra müdiri
işləyib. 1990-cı ildən isə M.Rəsulzadə adına Bakı Dövlət Universitetində
xarici dillər kafedrasının dosenti və kafedra müdiri
işləməyə başlayıb. İraq
Türkman folkloru mövzusunda doktorluq dissertasiyası müdafiə
edib. “Kərkük bayatıları” (1968), “Arzu-Qənbər
dastanı” (1972), “İraq kərkük atalar sözləri”
(1978), “İraq kərkük bayatıları” (1984), “Kərkük
tapmacaları” (1984), “Kərkük folklor antologiyası” (1987),
“Nəsiminin İraq divanı” (1987), “İraq Türkmən
folkloru” (1982), və b. kitabları nəşr edilmişdir. A.Dümanın “Qafqaz səfəri”, “Necə
yaşayasan yüzü haqlayasan” və b. kitabları Azərbaycan
türkcəsinə çevirən Qəzənfər
Paşayevin “Altı il Dəclə və Fərat sahillərində”
kitabı da oxucular arasında ona böyük uğur
qazandırdı. Bu kitab Qəzənfər
müəllimin bacarıqlı pedaqoq, zəhmətkeş alim
olmaqla yanaşı şirin dilli bir publisist olduğunu da ortaya
qoydu. İraqda tərcüməçi işləmiş
Qəzənfər Paşayev (1962-1966;1972-1975),
burada yaşayan və sayı təqribən 2,5 mln-a çatan
azərbaycanlıların (İraq türkmanları) dialekt və
folklorunun toplanması və araşdırılması ilə
məşğul olmuşdur. “Azərbaycan dilinin
Kərkük dialekti” mövzusunda namizədlik (1969), “İraq
Türkmən folkloru” mövzusunda doktorluq (1993)
dissertasiyaları müdafiə etmişdir. 1964-1989-cu illərdə
Azərbaycan Pedaqoji Dillər İnstitutunda (1973-cü ildən
M.F.Axundov adına APİ ) fəaliyyət
göstərmiş, institututun ingilis dili fakültəsində
dosent, dekan müavini (1970-1971), xarici dillər
kafedrasının müdiri (1972-1989) olmuşdur. ABŞ (1983) və İngiltərədə (1988)
ixtisasartırma kurslarını bitirmişdir. 1989-1999-cu illərdə BDU-nun Qərbi Avropa dilləri
kafedrasında çalışmışdır. Azərbaycan
Milli Elmlər Akademiyası Nizami adına
Azərbaycan Ədəbiyyatı Muzeyində şöbə
müdiri (2001-2005), eyni zamanda 2003-ci ildən Nizami adına
Ədəbiyyat İnstitutunda baş elmi işçisi işləmişdir. Ədəbi-elmi fəaliyyətində
İraqda yaşayan azərbaycanlıların-İraq
türkmanlarının ədəbi-mənəvi
yaradıcılığının tədqiqi və təbliği
xüsusi yer tutur. Paşayevin elmi fəaliyyətinin
zirvəsi onun “İraq-türkman folkloru” adlı monumental əsəridir.
Ə.Bəndəroğlunun “Şah əsər”, professor
M.Naqibin “Abidə bir əsər” başlıqlı məqalələr
həsr etdikləri, müəllifin 20 illik
axtarışlarının məhsulu olan bu monoqrafiya
Bakıda, Bağdadda və İstanbulda nəşr edilmiş,
Azərbaycanda və xaricdə tədqiqatçıların
diqqət mərkəzində olmuşdur. Q.Paşayev “Ədəbiyyat”
qəzetinin (1995-ci ildən), “Vəfa” (2004-cü ildən),
“Folklor və etnoqrafiya” (2004-cü ildən), “Xəmsə”
(2002-ci ildən), “Qopuz” (2005-ci ildən) jurnallarının,
Nizami adına Ədəbiyyat
İnstitutunun “Ədəbi-nəzəri məcmuə” sinin
redaksiya heyətinin üzvüdür. 1994-cü ildən Nizami
adına Ədəbiyyat İnstitutu nəzdində
müdafiə Şurasının üzvüdür. 1997-2005-ci illər arası həmin şuranın həmsədri
olub. Pedaqoji və elmi kadrların
hazırlanmasında xidmətləri vardır. Rəhbərliyi ilə namizədlik dissertasiyaları
müdafiə edilib. Onlarla doktorluq və
namizədlik dissertasiyaları üzrə opponent olub. Bir çox dərslik və monoqrafiyaların redaktoru
və ya rəyçisi olmuşdur. Uzun müddət
Azərbaycan-İraq Dostluq Cəmiyyətinin sədr müavini
(1990-2003) olmuşdur. 1997-ci ildən Qafqaz
Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət
göstərən Elmi-Dini şuranın üzvüdür.
2004-cü ildən Yazıçılar Birliyinin
Təftiş komissiyasının sədridir.
Q.Paşayev
1995-ci ildə öz vəsaiti hesabına Nizami adına Ədəbiyyat
İnstitutunun Folklor Elm Mərkəzində İraq Türkman
Ocağı muzeyi yaratmış, İraqda yaşayan azərbaycanlıların
ədəbiyyatı və mədəniyyəti ilə
bağlı olan son otuz ildə topladığı şəxsi
əşyaların (o cümlədən incəsənət əsərləri),
əlyazmaların, elmi mənbələrin, kitabların
hamısını burada cəm etmişdir. 2001-ci ildə
ocağın kolleksiyası Nizami adına
Azərbaycan Ədəbiyyatı muzeyinə
köçürülmüş və ayrıca bir zalda
“İraq-türkman ədəbiyyatı və mədəniyyəti”
daimi ekspozisiyası açılmışdır. İraq Respublikasının “Əməkdə
şücaətə görə” medalı ilə təltif
edilmiş (1876), Kərkük vəqfinin (1999) və türkman
cəbhəsinin (2003) diplom və yüksək
mükafatlarına layiq görülmüşdür. Paşayevin həyat və fəaliyyətindən bəhs
edən “Bu sevda ölüncədi” (2001), “İraq bizə iraq
deyil” (2002) və s. kitablar nəşr edilmiş, şair
H.Kürdoğlunun “Tovuzum mənim, Oğuzum mənim”
poeması (1998) Paşayevə həsr olunmuşdur.
Türkiyə xaricindəki türk xalqlarına mənsub
elm və fikir adamlarının Türk dünyası ilə
bağlı çalışmalarının həcmi və səviyyəsi
danılmazdır. Hətta bəzi
sahələrdə aparılan tədqi-qatların dərinliyinə
nəzər salındıqda, onların Türkiyənin
özündə belə bənzəri çətin
tapılar. Ancaq 1990-cı ilə qədər
siyasi azadlıqların olmamasını göz önünə
gətirsək görərik ki, bu ölkələrdəki tədqiqatçıların
çoxu əsərlərini içində
yaşadığı siyasi rejimin ideologiyasına uyğun
yaratmaq məcburiyyəti altında qalmışlar. Çünki burada Türk dünyasının mədəniyyət
baxımından eyniliyini isbatlamaq belə suç hesab olunurdu.
Ancaq bunun az istisnaları da olmuşdur. Bu istisnalardan biri, bəlkə də, ən önəmlisi
dəyərli elm adamı Qəzənfər Paşayevin
göstərdiyi xidmətlərdir. Q.Paşayev XX əsrin
60-70-ci illərində altı il İraqda bir rus firmasında
ingilis dili üzrə mütərcim işlədiyi vaxt, gecəsini
gündüzünə qataraq İraq türkləri barədə
folklor materialları toplamış, İraq türklərinin
şair, ədəbiyyatçı və
araşdırmaçıları ilə tanış olmuş,
yazılı və şifahi qaynaqlara nüfuz etmiş,
çox zəngin bir kolleksiya ilə məmləkəti Azərbaycana
dönmüşdü. Həmin tarixdən sonra
bir ipliyə inci dənələri düzən kimi, qiymətli
kitablarını sıralamağa başlamışdır.
Qəzənfər Paşayevin yüzlərlə
məqaləsi, səksəndən çox kitabı, kərpic-kərpic
yeddicildliyə sığmayan yeddi cilddən ibarət
“Seçilmiş əsərləri” mövcuddur. Onun qələmə aldığı bütün əsərlər
həmişə ədəbi, elmi sferanın diqqətini cəlb
etmiş, maraqla qarşılanmışdır. Bu da təbiidir…
Çünki Qəzənfər müəllimin
müraciət etdiyi mövzular əsasən “xam torpaqlar” aləmindən
alınır, təkrarsız bir hadisəyə çevrilir.
Lakin bütün bunlara rəğmən, onun
yaradıcılığının Everest zirvəsi “Altı
il Dəclə-Fərat sahillərində” (1985) bədii-publisist,
elmi-memuar üslubunda qələmə aldığı,
qızların cehizinə, oğlanların qüdrət
daşına çevrilmiş əsəridir… Tayı-bərabəri
olmayan bu əsəri milyonlar oxudu. Bu əsər
Q.Paşayev yaradıcılığının rəmzinə,
pasportuna döndü. Hələ
sağlığında qəlblərdə Qəzənfər
Paşayevin mənəvi heykəli ucaldı. Necə ki, Üzeyir Hacıbəylinin “Koroğlu”
uvertürası, Bülbülün “Sənsiz” i, Səməd
Vurğunun “Azərbaycan” ı, Tahir Salahovun “Qara Qarayev”
portreti, Səttar Bəhlulzadənin “Təbiət mənzərələri”,
Məmməd Arazın “Dünya sənin, dünya mənim” i,
Sabir Rustəmxanlının “Ömür kitabı” əsərləri
kimi.”
“Altı il Dəclə-Fərat
sahillərində” kitabı filologiya elmləri namizədi
Q.Paşayevin altı illik müşahidə və tədqiqatının
nəticəsi olan bu kitab qədim mədəniyyətin
beşiyi İraq və iraqlıların dünəni, bu
günü, adət-ənənəsi, içtimai həyatı,
inkişafı haqqında geniş məlumat verir. Bir vaxtlar
gözəl nəfəsli müğənnimiz Nərminə Məmmədovanın
iraqlı Sinan Səidlə birgə oxuduğu
Evlərinin
önü yonca,
Yonca qalxıb
dam boyunca…
misralı məşhur Kərkük bayatısı
varlığımıza süzülərək bizə
çox mətləbləri açıqlayırdı. Bu həzin və məlahətli səsin qəlbimizdə
yaratdığı ilk təlatüm sonralar görkəmli tədqiqatçı-alim
Qəzənfər Paşayevin “Altı il Dəclə-Fərat
sahillərində” kitabı ilə bir daha ruhumuzu dara çəkərək
bizi silkələdi. Ötən əsrin 80-ci illərində
Q.Paşayevin ən böyük tirajla (130 min) çap
olunmuş “Altı il Dəclə-Fərat sahillərində”
adlı sanballı, elmi publisistik daha dəqiqi, bir səyahət
salnaməsi olan kitabı əllərdə
gəzdi, dillər əzbərinə çevrildi. Hamı bu əsərdən danışırdı.
Qapalı bir mühitdə-sovet quruluşunun
ağır diktələri və rejimi altında
yaşadığımız bir zamanda biz əslində
böyük dünyadan xəbərsiz idik. Məhz
Q.Paşayevin bu kitabının vasitəsilə bizə bəlli
oldu ki, o qədər də iraq olmayan
ölkədə, İraqda dilimizdə danışan İraq
türkmanları yaşayır. Biz ilk dəfə
məhz professor Q.Paşayevin bu kitabının vasitəsilə
İraq ellərindən, Kərkükdən xəbər
tutduq. Bizi təccübləndirən təkcə
bu xəbər deyildi, bizi heyrətləndirən bütün
buxovları, sədd və sərhədləri sözün
böyük qüdrəti ilə vurub dağıtmağı
bacaran Q.Paşayevin yazıçılıq məharəti, vətəndaşlıq
yanğısı, milli təəssübkeşliyi və cəsarəti
idi. O zaman Q.Paşayev bizim üçün bir əfsanəvi
insana çevrilmişdi. Q.Paşayev İraq-Azərbaycan
ədəbi əlaqələrində bir elmi institutunun görəcəyi
işi təkbaşına yerinə yetirir. “Altı il Dəclə-Fərat sahillərində”
1996-cı ildə Bağdadda ərəbcə nəşr
olunmuş və bu ölkədə böyük ədəbi
hadisəyə çevrilmişdi.
Müəllifin “İraq-türkmən folklorunun
janrları” kitabı da həm Bakıda, həm Bağdadda, həm
də İstanbulda nəşr edilib. “İraq-Türkmən
ləhcəsi” araşdırmasıda böyük rəğbətlə
qarşılanıb. Kərkükdə
yaşayıb-yaradan söz adamları haqqında professor
Q.Paşayevin müxtəlif yazılarını oxumuşuq.
Görkəmli alimimizin çap etdirdiyi “İraq-Kərkük
bayatıları”, “Kərkük mahnıları”, “İraq-Kərkük
atalar sözləri”, “Kərkük tapmacaları”, “Kərkük
folklor antologiyası”, “Nəsiminin İraq divanı” və s.
kitabları ədəbiyyatımızın zənginləşməsinin
bu yöndə böyük fədakarlıq, vətəndaşlıq
mövqeyinin göstəricisidir. Müəllif kitabın bir fəslin
belə adlandırmışdır: “İraq bizə iraq deyil”.
Burada onu qeyd edə bilərik ki, ümumən uzaqların
yaxın olmasını, o cümlədən İraqın bizə
iraq yox, daha da yaxın olmasını
arzulayan hər kəs dost xalqlarımız arasındakı ədəbi-mədəni
əlaqələrin inkişafına qüvvəsi
çatdığı qədər kömək göstərməlidir.
“Altı il Dəclə-Fərat sahillərində”
əsəri də məhz belə nəcib bir niyyətlə
oxuculara təqdim olunur.
Professor Q. Paşayevin “Borcumuzdur bu ehtiram” kitabı 2010-cu
ildə nəşr olunmuşdur. Kitabda filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin ünsiyyətdə
olduğu, əksəriyyəti ilə illər boyu dostluq etdiyi
dünyasını dəyişmiş dəyərli insanlar
haqqında fikirləri, düşüncələri yer
alır. O insanlar ki, örnək olan əməlləri və
müdrik kəlamları ilə bizimlədir. “Borcumuzdur
bu ehtiram” xalq tərəfindən sevilən unudulmaz
insanların xatirəsinə bir töhfədir. Qəzənfər Paşayevin kitabı
ömrünü xalq, millət, elm, mədəniyyət və
dövlət yolunda fədakarlıqla həsr edib, bu
dünyadan ləyaqətlə köçənlərə həsr
olunub. Bu dəyərli
kitabın bir məziyyəti də ondadır ki, kitabın
müəllifi bu dünyada qalib gedənlər haqqında
yazmağa mənəvi haqqı olan insandır.
Sözlərimizə Cabir Novruzun fikri ilə
aydınlıq gətirə bilərik.
Sağlığnda qiymət verin insanlara,
Sağlığnda yaxşılara yaxşı deyin.
Sağlığnda yaman deyin yamanlara.
Qəzənfər Paşayev hər bir insanın həm
sağlığında, həm də yoxluğunda insanlara qiymət
verməyi bacaran biridir.
İstedadlı
şəxsiyyət Q.Paşayevin “Ədəbi məktublar” kitabında yer
alan məktublar XX əsrin 80-ci illərindən
başlamış günümüzədək 35 illik
dövrü əhatə edir.
Düşünürük
ki, hər gün gördüyümüz, oxuduğumuz bu
“İNSAN” əsəri elə Qəzənfər müəllimin
özüdür. Bəli, bu kitabı oxuduqca, onunla
tanış olduqca, ünsiyyət bağladıqca gözlərimiz
önündə özü bütöv, sözü
bütöv, amalı yalnız yaxşılıq,
xeyirxahlıq olan, kimsənin qəlbini qırmayan, “əl
tutmaq Əlidən qalıb” ideyasını kredosuna çevirən,
ödədiyindən ödənc gözləməyən, istəməyən,
əməlpərvər, ürəyiaçıq, mehriban, səmimi
bir insan yüksəlir, heykəlləşir: Qəzənfər
Paşayev!” (Vüqar Əhməd). Məncə
Q.Paşayevin insanlığına, iç dünyasına,
özü də sağlığında bundan böyük
qiymət ola bilməz. Ömrünün
bir müdriklik zirvəsi də keçildi, 81 yaş arxada
qaldı. Qarşıda isə yeni zirvələr, yeni
yaradıcılıq üfüqləri… Bu zirvələr
də, üfüqlər də ona “gəl-gəl” deyir. Gəlin, bu dəyərli şəxsiyyət, elm
adamı Qəzənfər Paşayevi 81-illik yubileyi
münasıbəti ilə təbrik edək, ona həyatda və
yaradıcılığında yeni-yeni nailiyyətlər arzu
edək. Allah amanında, tanrı sevgisində, uğurlar
qanadında!
Aynurə Əliyeva
Köçərli adına
Respublika
Uşaq Kitabxanasının metodisti
Türküstan.-
2019.- 27 avqust- 2 sentyabr.-S.7.