Gələcəyə dəxli olan ADAM!

 

ONDOQQUZ İL ƏVVƏLİN XATİRƏSİ

 

19 il əvvəlki Azərbaycan indiki Azərbaycan deyil.

Çox şeylər dəyişib.

19 il əvvəl yeni əsrimiz, təzə minilliyimiz ilk qədəmlərini atırdı

O gün sual olan bir çox mətləblər artıq gerçəklərə çevrilib, zaman daha sonrakı sabahlara yönələn yeni suallar doğurub.

Xəyalən qayıdıram 19 il əvvəlin avqust günlərinə.

…Bu gün unudulmaz müəllimim Əbülfəz Əliyevlə (Elçibəy) əbədi ayrılığın növbəti ildönümüdür.

O mənə Bakı Dövlət Universitetində oxuyarkən dərs deyib, sonra illər boyu daimi səmimi münasibətlərimiz davam edib.

Lakin mən heç vaxt fəal siyasətə qarşımamışam, nə Əbülfəz bəyin hərəkatında olmuşam, nə prezidentliyi dövründə iş birliyimiz olub, nə də ömrünün son illərindəki fəaliyyətlərində yollarımız kəsişib.

Hətta 1989-cu ildə bir məclisdə mənimlə Əbülfəz bəyin çox mehriban davranışlarını görən ətrafındakı cəbhəçilərdən biri gileyli-gileyli: “Bəy, Rafael müəllim bizə qoşulmur” deyəndə dərhal dillənmişdi: “Onunla işiniz olmasın! Onun millətə xidmət göstərmək üçün öz yolu var. “Vaxtdan uca” kimi kitab yazıb, bütün millət oxuyur. O kitab indiki gündə özü elə bir hərəkata bərabərdir. Rafael başqalarının onun kimi görə bilməyəcəyi işləri görür, onu yazı-pozusundan ayırmaq günahdır”.

…Əbülfəz bəyin vəfatından bir neçə gün sonra ayrılıq düşüncələrimi əks etdirən bir məqalə yazıb çap etdirmişdim.

Yəqin ki, haçansa yenə onun haqqında, arxada qalan tarix parçası fonunda təhlil edərək başqa bir müfəssəl yazı da qələmə alacağam.

Tariximizdə izi olan şəxsiyyətlərimizə biz gərək həmişə diqqətlə, nəvazişlə, ədalətli, insaflı yanaşaq. İttiham etməyə, qınamağa, nəyisə edə bilmədiklərinə, yaxud səhv etdiklərinə görə sonrakı zamanların baxışıyla onları məzəmmət etməyə tələsməyək. Mürəkkəb, çalxantılı günlərin, ayların, illərin gedişində onlara edə bilmədiklərindən daha çox edə bildiklərinə görə dəyəri verək.

Əbülfəz bəy haqqında 2000-ci ilin avqustundakı bu düşüncələrimi heç nəyə toxunmadan olduğu kimi diqqətinizə təqdim edirəm!

Azərbaycan naminə zəhmətlər və əziyyətlər çəkmiş, bu milləti və yurdu candan sevmiş Vətən yavrularına əbədi şərəflər!

Əbülfəz bəyin ruhu şad olsun!

 

ELÇIBƏY DÜSTURU

 

Bu itki yandırandır, acıdır.

Bu itki yeni tariximizi yaradanlardan olan dəyərli bir dövlət adamının, orta çağ Şərq tarixinin çox sirlərinə vaqif vicdanlı bir alimin, çalxanan cəmiyyətimizdə tarazlıq yaratmağa qadir üstün bir siyasi xadimin, dostluğun, adamlığın, yol, əqidə yoldaşlığının qaydalarına ən dərin sədaqətlə əməl etməyi bacaran saf bir insanın itkisidir. Amma onların hamısından əvvəl əziz Əbülfəz bəyin bunca qəfil, bunca erkən gedişi Azərbaycan üçün vacibdən vacib millətçilik idealının, türkçülük amalının itkisidir. Dildən yox, ürəkdən bu ideal və amala sadiq olanların bunca qıt əyyamlarında bu ideal və amal həyatının mənası olan Əbülfəz bəyin gedişi mücadilə meydanında doldurulması çətindən çətin bir boşluq yaratdı.

Gərək belə etməyəydi Əbülfəz bəy!..

 

***

 

…Hər şey ondan başlandı ki, artıq xeyli uzaqda qalmış 1970-ci illərin əvvəllərində Dövlət Universiteti şərqşünaslıq fakültəsinin ikinci kursunda oxuyarkən tələbə konfransında mən də məruzə ilə çıxış etdim. Çıxışım bəyənildi, rəhmətliklər – əslən iranlı, fars olan görkəmli dilçi alimlər, professorlar Əhməd Şəfai, Nəyyar Zaman Hatəmi məni kafedraya dəvət etdilər, klassik farsdilli ədəbiyyatın nadir abidələrinin mahir tərcüməçisi professor Rəhim Sultanov məsləhət gördü ki, XI yüzilin az öyrənilmiş filosof şairi Baba Tahir Üryanın irsini araşdırım.

Elə ilk yazılarımda ciddi “səhv” buraxdım.

Baba Tahir “Divan”ını nəşr etmiş, onun barəsində tədqiqat aparmış İran alimi Vəhid Dəstgerdinin bəzi yanlış müddəaları olduğunu göstərərək tənqid etdim.

Dünənəcən mənə havadar olan, qayğı nümayiş etdirən bəzi müəllimlərimin sifəti döndü.

Mənim “yaramaz” hərəkətimin söz-söhbəti fakültənin elmi şurasında da dilə gətirildi.

“O kimdir ki, böyük İran alimini tənqid edir?! Farscanı iki ilə necə öyrəndi ki, fars aliminə irad tutur? Bu nə yekəxanalıqdır?”.

KQB ilə xoşqılıq münasibətlərinə görə həmişə seçilmiş (siyasi yönlü fakültə olduğu üçün belə olması qanunauyğun sayılmalı) şərqşünaslığın başqa bir müəllimi (yeri gəlmişkən o, Əbülfəz müəllimin də həmişə kölgəsini qılınclayırdı) etirazçıların səsinə səs vermişdi: “O uşağın fars ədəbiyyatından bildiyi bircə Baba Tahirdir, ondan da iki misranı tərcümə edə bilməz”.

O zaman məni tanımaya-tanımaya müdafiə edənlər Əbülfəz müəllimlə Rafiq İsmayılov olmuşdular – sonra hər ikisi müəllimim oldu.

İllər sonra mən bu əhvalatı yerli-dibli unutmuşdum və 1989-cu ilin yağışlı bir gecəsində Kürdəmirdə yol qırağındakı restoranda dostlarla şam edərkən bir dəstə fəal cəbhəçi ilə Göyçaya gedən Əbülfəz bəy də təsadüfən orada dayandı.

Bir süfrə arxasında oturduq. Çox söhbətlər oldu və Əbülfəz bəy mənim unutduğum məqamı – bir türk gəncinə bəslənmiş xoşagəlməz münasibəti əhvalat baş verəndən 17 il sonra tam dəqiqliyi ilə yada saldı: “Bunlar belədir. Milli maraqlarına toxunanacan elə bilərsən səni istəyirlər. Bir balaca ki, sancdın, buynuzları dərhal çıxar üzə”.

Əvvəl mat qaldımsa da, düşününcə bu cür dəqiq yaddasaxlamanın hikmətini anladım.

Tələbəykən mənim adi saydığım və sonrakı başqa onlarca hücumların biri kimi unutduğum əhvalatı Əbülfəz bəy ən əvvəl öz türkçülük idealına, millətçilik amallarına yönəlmiş qərəz kimi bağışlamamışdı, zatında inqilabçılıq, cidalçılıq olduğundan potensial cəbhədaşları və potensial rəqiblərinin adlarını, hərəkətlərini hafizəsinin korlaşmayan layında saxlamışdı.

Əbülfəz bəyin artıq prezident ikən Türkiyə Böyük Millət Məclisindəki insanı riqqətə gətirən parlaq çıxışını xatırlayıram.

Cavid yadigarı Turan xanım, görkəmli fizik Yılmaz Verdiyev, bir də mən Turan xanımgildəydik, birlikdə baxırdıq.

Yılmaz: “Bu çıxışa yəqin Əbülfəz bəy ömrü boyu hazırlaşıb”, – dedi.

Dürüst müşahidə idi.

Böyük sevgilər insanları ən inanılmaza, ən ağlagəlməzə də inandıra bilir.

Əbülfəz bəy də heç kimin təsəvvürə belə gətirmədiyinə – XX yüzilin son çərəyində sovet dövlətinin tar-mar olacağına, Azərbaycanın istiqlalına qovuşacağına, özünün bu müstəqil dövlətin başçısı kimi bir gün Azərbaycan insanına, türk insanına ən yüksək kürsülərdən müraciət edəcəyinə inanırmış, o müraciətlərini illər boyu yaddaşında, röyalarında kəlmə-kəlmə təkrarlayırmış.

Röyalar gerçək oldu.

 

***

 

Türkiyədə Əbülfəz bəyi çox sevirdilər, indi də sevirlər.

Bunun bir tərəfi Əbülfəz bəyin dövlət adamı olaraq Türkiyəyə ifrat (Məhz ifrat. Peşəkar siyasət və diplomatiya isəə ifratları istisna edir) sevgiylə apardığı siyasətlə əlaqəlidirsə, Türkiyənin dövlət və dövlətçilik maraqlarından kök alırsa, digər tərəfi, həm də əsas tərəfi türkiyəlilərin Əbülfəz bəydə görüb duyduqları coşğun türkçülük məhəbbəti ilə bağlıdır.

Əbülfəz bəy dövlət işiylə, siyasətlə, hərəkatçılıqla, xalqçılıqla, elmlə məşğul oldu.

Dövlət işində, siyasətdə, hərəkatçılıqda Əbülfəz bəyi bu və ya digər dərəcədə, daha yaxşı və nisbətən zəif də olsa əvəz edə biləcək xeyli adamlar saya biləriksə də, zənnimcə, Vaxtın bugünündə Əbülfəz bəyin millətçilik və türkçülük səmtində yerini tutacaq Əbülfəz bəy böyüklükdə, Əbülfəz bəy sədaqətdə, Əbülfəz bəy cəsarətdə qüvvə, şəxsiyyət yoxdur.

Və Əbülfəz bəy insafsızca qəfil və erkən gedişiylə çox sevdiyi milləti üçün istəməyə-istəməyə bu müşkülü də yaratmış oldu.

Əbülfəz bəy prezidentlikdən aralandıqdan sonra iqtidar tərəfindən hərdən istehzalara, hərdən təhqirlərə, hərdən hədələrə məruz qalsa da, o iqtidara həm də gərək(!) idi.

Əbülfəz bəy uğrunda çalışdığı bu millətin bir qisminin dilində haqqitirən, nankor deyişlərə, iynəli lətifələrə hədəf sezilsə də, o bu millətə lazım idi.

(Ona qarşı belə ürəkağrıdan yanaşmaları Ramiz Rövşən dəqiq görüb:

 

Sənə bir daş atar yerindən duran,

Səni sevdiklərin daş-qalaq eylər.

Bir əlində daş var, birində Quran,

Daş atan bilirmi nə günah eylər?

Silərsən gözündən axan yaşları,

Öpüb əzizlərsən sən o daşları,

Deyərsən: “Sağ olun, qan qardaşlarım,

Məni təzə daşa kim qonaq eylər?!”)

 

Bir-birini didən, bir-birinə umulmaz dargözlüklə baxan, biri digərinə həsədli münasibətlər bəsləyərək birincilik, liderlik sevdası ilə çeynəşən müxalifət qüvvələri arasında Əbülfəz bəy vaxtaşırı mənfur ittihamlara, tikanlı sözlərə, qəliz şübhələrə “layiq görülsə” də, o, yaradıcılarından, memarlarından olduğu çağdaş Azərbaycan müxalifətinə qovuşdurucu, səmtləndirici öndər kimi çox lazım idi.

Amma bu gün – milli oyanış və dirçəlişimizin indiki mərhələsində, milli ruhumuzun, milli varlığımızın, milli mənşəyimizin içəridəki maskalı nanəciblər və qıraqdakı yüz cür qart və qara qüvvələr tərəfindən saysız təcavüzlərə məruz qaldığı çağlarda Əbülfəz bəy türkçülük maraqlarımıza qarşı istənilən bəlaya və fəsada nüfuzu, çəkisi, qətiyyəti, çağırıcılığı ilə sədd çəkməyi, tərəddüdsüz köks gərməyi bacaran bir qüvvət olaraq hamımıza lazım idi.

Milli mənafe baxımından bu qədər iri olan bir itki – Əbülfəz bəy kimi bir türkçülük carçısının itkisi göynətməyə bilməz.

Əbülfəz bəyin türkçülüyünün bir diqqətədəyər bəliri də bu idi ki, o, müsahibini bu ideyaya yoluxdura, vurğun kəsdirə, öz tərəfdaşına, həmfikrinə döndərə bilirdi.

Yada salıram – bizə Əbülfəz müəllimi ilk təqdim edən 1972-ci ildə Azərbaycan tarixi dərslərimizi aparan Şamil Məmmədbəyli olmuşdu.

Oxumalı olduğu mühazirələrindən bir neçəsini İqrar Əliyevə həvalə etmişdi.

Şamil müəllim özü də bizimlə oturub qulaq asırdı.

İqrar Əliyev kökümüzdən, əslimizdən 1980-90-cı illərdə necə danışır və yazırsa, onda da o cür idi.

Ardınca Əbülfəz müəllim gəldi.

Tam əks olan bir mövqe.

İrançı baxışa qarşılıq olan turançı baxış.

Bizi İran, fars mənşəli elan edən konsepsiyaya qarşı təmiz türk əsilliyimizə aid düşüncə şəbəkəsi dayandı.

Heç kim deyə bilməzdi İqrar Əliyev zəif mühazirəçidir və zəif alimdir.

Nitqi də iti, məntiqi də güclü, peşəkarlığı da yüksək idi, dillər bilirdi, məxəzlərdən agah idi. Meydan tək onda olsaydı, zəkasının gücünə yanlış, millətəzərər baxışlarını qarşısındakına aşılaya, onu inandıra da bilərdi.

Və Əbülfəz müəllim gəldi.

2-3 mühazirəsi boyunca dərsliyimizə artıq yazılmış (ovaxtkı üçcildlik Azərbaycan tarixi dərsliyinin ən məsul və mühüm olan birinci cildinin redaktoru İqrar Əliyev idi), az öncə isə artıq şifahi şəkildə beyinlərimizə pərçim etdirilən saxta təsəvvürü dağıtdı.

Bizə əvvəlki mühazirəzinin şəxsiyyəti haqqında bircə kəlmə belə bəhs etmədən onun guya böyük alim olması haqda mifin puç olduğunu anlatdı.

(Lui Pasterin ibrətli sözlərini yaşadır tarix: “Elmin vətəni yoxdur, alimin Vətəni var!).

Faktları bilə-bilə təhrif edənə, baş-ayaq döndərənə necə “yaxşı alim”, ümumiyyətlə necə “alim” demək olar?

O vaxt – tələbəykən deməmişdik, indi ağlımız elm kəsəndən sonra heç demərik.

Əbülfəz müəllim dərsi deyirdi, mühazirəni oxuyurdu, arada dayanırdı: “Yoruldunuz, bir stolüstü tənəffüs!”.

Başlayırdı lətifə danışmağa, tariximizdən hansısa əhvalatı nağıl eləməyə. Ancaq bizi – tələbələrini əyləndirməkzün danışdığı o lətifələr də, cürbəcür rəvayətlər, məzəli əhvalatlar da əslində dolayısı ilə mühazirələrin, mühazirələrindəki vacib ideyaların davamı idi.

O illərdə şahmat tacı uğrunda dünya birinciliyində Moskvada yaşayan, Rusiya Federasiyası vətəndaşı olan Tiqran Petrosyanla dahi amerikan şahmatzı Robert Fişer qarşılaşmışdılar.

Babayolu verməkdən məzələnən, rəqibini öncə bir az qabağa buraxıb sonra onun kürəyini yerə çırpmaqdan ləzzət alan Fişer şakərinə müvafiq olaraq əvvəl oyunu uduzmaqdan başlamış, sonra rəqibini dağıdıcı məğlubiyyətə uğratmışdı.

Əbülfəz müəllimin lətifələrindən biri bu barədəydi ki, Petrosyanın ilk qələbəsindən, uğurlu siftəsindən sonra erməni radiosu elan edir – Amerika şahmatçısı ilə yarışda erməni xalqının böyük oğlu Petrosyan qələbə çalıb. Vəziyyət əvvəl bərabərləşib sonra asta-asta xarablaşmağa başlayanda erməni radiosu elan edir ki, sovet şahmatçısı Petrosyanın mövqeləri zəifləyir. Nəhayət, oyun biabırçı məğlubiyyətlə sona yetəndə erməni radiosu səslənir: “Gürcüstan pionerlər evinin yetişdirməsi Petrosyan uduzdu”.

Biz lətifəyə gülüşüb sakitləşəndən sonra Əbülfəz müəllim yekunlaşdırırdı: “Erməni deyilən budur!”.

Və yadımızda lətifədən daha artıq o lətifənin fəlsəfəsi qalırdı.

Demək, istəkli müəllimimiz də məqsədinə çatırdı.

Hansı tələbəsə danışığında dilin alağına çevrilmiş rus kəlmələrindən hansınısa işlədirdi. Əbülfəz müəllim Xəlil Rza kimi “iki quruş cərimə olunursan”, ya “o sözü dilindən at” demirdi.

Şah İsmayıl Xətainin həyatından, qəhrəmanlıqlarından, millətə xeyir işlərindən, sevimli şerlərindən danışırdı, sözünü bir tarixi rəvayətlə, günlərin birində Xətainin saray kitabxanasına gəlmiş bir salnaməçinin şəhadətiylə bitirirdi: “Gördüm bunlar farsca, ərəbcə olan əsərləri türkcəyə çevirirlər. Diqqət etdim ki, əsər müəlliflərinin adlarının əvvəlindəki “ibn” kəlməsini də tərcümə edirlər. İrad tutdum ki, axı “ibn” ənənəvi olaraq elə belə saxlanılır, niyə onun əvəzində “oğlu” yazırsınız. Cavab verdilər: “Şah İsmayıl bizə qəti tapşırıb ki, tərcümələrinizdə dilimizi bulaşdıran bircə yad kəlməyə də rast gəlsəm əlinizi kəsdirəcəyəm”.

Əbülfəz müəllimin sözarası deyib keçdiyi, “stolüstü tənəffüslər”ini doldurduğu bu lətifələr, rəvayətlər, söyləmələrdən gənc beyinlərimizə və ürəklərimizə vətənsevərlik, millətsevərlik qığılcımları səpilirdi.

 

***

 

Tanıdığım ilk vaxtlardan – tələbəlik illərimdən ta ömrünün sonunacan həmişə onun dilində “Güney Azərbaycan” kəlmələrini eşitdim, bu barədə danışmaq o yana, düşünməyin, pızıldamağın belə yasaq olduğu vaxtlarda Əbülfəz bəyin Şimalla Cənubun birləşməsi arzularını dönə-dönə dinlədim.

Bir çoxlarının Güney Azərbaycanın, bütöv Azərbaycanın azad gələcəyini qurmaq niyyətlərini bəyan edərək bu yolla irəlilədiyi, di gəl hansının hansı məzhəbə, hansı məsləkə qulluq elədiyini sonacan müəyyənləşdirmək, hansının hansı kəşfiyyatın adamı (ya mahiyyətlərinə uyar olsun deyə belə yazaq – adamcığı) olduğunu aşkarlamaq indiki halda yalnız Allah işi olduğu bir dönəmdə Əbülfəz bəy kimi xıltsız, təmiz, barışmaz, satılmaz, yenilməz cənubzunun – güneyzinin belə erkən gedişi onun tərəfindən millətə böyük etibarsızlıq oldu!..

Bu səmtdə də tam əvəzedilməz idi!

Əmin qətiyyətlə deyirəm – bu gün bizdə ikinci beləsi yoxdur.

Rəhmətlik Xudu Məmmədovun yanıqlı bayatısı yaddaşımı sızıldadır:

 

Dünyadan umma şəkər,

Ömrümüzə turp əkər.

Dərdimiz yetim qalsa,

Bizdən sonra kim çəkər?

 

(Tələbələrindən biri, mənim sabit və əziz dostum, dəyərli kimyaçı alim, indi vətəndaşı olduğu Türkiyədə yaşayan Hacalı Nəcəfoğlu da Xudu müəllimin bu şerini bir yazısında istifadə etmişdi və belə yekunlaşdırmışdı: “Biz çəkərik, ustad”.

Bu sözdür, qardaşım. Onlar kimi çəkə bilmərik!).

 

***

 

…1994-cü il idi. 5-10 dəqiqə sonra “Gülüstan” sarayında möhtəşəm hadisə baş verəcəkdi. Böyük Heydər Əliyev apardığı son dərəcə ağıllı siyasətin və gərgin, hətta həyat təhlükəli mübarizələrin nəticəsi olaraq zəfərini çalmışdı.

“Əsrin müqaviləsi”nin imzalanma mərasimi başlanacaqdı. Ayaqüstü söhbət edirdik. Jurnalist Qulu Məhərrəmli idi, ovaxtkı milli təhlükəsizlik naziri Namiq Abbasov idi, mən idim, bir-iki nəfər başqa jurnalist…

Ziyalı bir insan olduğu üzün çox hörmət bəslədiyim Namiq müəllim Əbülfəz bəyin İranla, Cənubla bağlı o günlərdə səslənmiş, İran – Azərbaycan münasibətlərinə bəd təsiri ola biləcək son kəskin çağırışlarından gileyləndi ki, axı niyə belə edir?

Qayıtdım ki, Namiq müəllim, qoy etsin də. Elə söz var ki, gərək deyilə, amma dövlət maraqları imkan vermir iqtidar deyə. Əbülfəz bəy o sözləri deyir, qarşı tərəf də görür ki, Azərbaycanda iqtidarın yanaşmasından fərqli olan belə münasibət də var, az da olsa özünü yığışdırır.

…Əbülfəz bəyin sözü eşidilən söz idi, sanbalı olan söz idi. Lap o söz gerçək həyatda cari anda baş tutması mümkünsüz olan söz olurdusa da, özümüzdə də, xaricdə də dövlət səviyyəsində onlara reaksiya doğulurdu.

Əbülfəz bəyi görməməzliyə, eşitməməzliyə vurmaq mümkünsüz idi.

Əbülfəz bəyin boyu uca idi.

Hər mənada.

 

***

 

Yenə qayıdıram 1970-lərin əvvəllərinə.

İlk gördüyümdən az dəyişdi Əbülfəz bəyin surəti.

Yerişi şax, əyninə kip oturan tünd kostyumda, qalstuklu, uzun saçlı, zahirən sən deyən rəvan görünməyən, amma son dərəcə çəkici, inam oyadan, təsiredici nitq sahibi.

Bunu da xatırlayıram: tələbələr arasında söz gəzirdi ki, hətta Əbülfəz bəy yatanda da kostyumlu yatır.

Bəlkə bu rəvayət deyil, həqiqətmiş?

Bəlkə o zamanlar, sovet hökumətinin mənəm-mənəm çağlarında ağzından qan iyi gələn, həm universitet auditoriyalarında, həm də o dövrdə çox populyar Baksovet, filarmoniya bağı, bulvar çayxanalarında milli müstəqillik, milli yüksəlişdən ehtirasla danışan, gizli təşkilat quran Əbülfəz bəy hiss edirmiş ki, gecələrdən birində ardınca gələcəklər, onu aparacaqlar?

Bəlkəsiz!

Mütləq bunu nəzərə alırmış Əbülfəz bəy, o təhər qorxulu mübarizə yolunu tutan adam bu qisməti də göz altına almamış olmazdı.

Elə buna görə xeyli gec evləndi.

Elə bunu nəzərində saxladığından müdhiş gecələrdən birində 37-dəki kimi sovet xəfiyyələrinin qəfildən ardınca gələcəyi təqdirdə onların qarşısına tuman-köynəkdə deyil, daimi məğrur görkəmində çıxa bilməkçün həqiqətən kostyumlu da yata bilərmiş.

Yatmaq deyəndə ki, elə örtüyü açılmamış çarpayıya üstdəncə uzanıb mürgü döyürmüş.

Zavallının ömrü boyu rahat günü oldumu ki?!

(Mənəvi sıxıntıları bir qırağa qoyularsa, Kələkidə – doğma yurddakı dinc, sakit günləri, olsun ki, Əbülfəz bəyin həyatının ən rahat parçasıymış).

 

***

 

Biz tələbəykən onu tutdular.

Müəllimlərimizdən də, tələbələrdən də donos verənlər, üzünə duranlar olmuşdu.

Əbülfəz müəllim bizə orta çağ tarixindən dərs demişdi.

Amma həbsi, ona ayrı-ayrı insanların münasibəti bizimzün ən müasir tarix dərsi oldu.

Şərqşünaslıq fakültəsi köhnə Kommunist, indiki İstiqlaliyyət küçəsində yerləşirdi. Hüquq fakültəsi də eyni binada dərs keçirdi. Dəhlizdə ilk dəfə Azərbaycanın keçmiş görkəmli hüquqşünaslarının fotolarından ibarət lövhəni görəndə bir cəhətə təəccüblənmişdim.

Həmin 10-15 hüquqşünasın – yaşları 50-ni adlamamış o cavan insanların əksərinin ölüm tarixi 1937-ci il göstərilmişdi.

Uşaq sadəlövhlüyü ilə düşünmüşdüm ki, yəqin ölümləri eyni ilə təsadüf edən bu həmkarlar eyni maşında, ya qatardamı qəzaya uğrayaraq həlak olublar.

Əbülfəz bəy tutulanda dördüncü kursdaydım.

Artıq bilirdim ki, ertə ölümə urcah olmuş o qiymətli hüquqçularımız hansı qəzada həlak olublar…

 

***

 

Bəzən qədərincə məlumatı olmayanlar səhv gümana qapılaraq iddia edirlər ki, Azərbaycanda ilk antisovet, millətçi təşkilatı Əbülfəz bəy yaradıb.

Əlbəttə, belə deyil.

1920-ci ildən etibarən Azərbaycanda sovet rejiminə barışmaz münasibət daim yaşayıb, gizli təşkilatlar da olub, mübarizələr də aparılıb, həbslər, sürgünlər, ruhi xəstəxanalara dürtmələr də öz yerində.

1920-ci illərdə istedadlı tələbə gənclərin və yaradıcı cavanların qurduğu “Gənc Azər”dən başlamış ta 1948-ci ildə millətçi-antisovet “İldırım” təşkilatını yaratmış, hərəsi 25 il həbs cəzası almış, müstəqil, bütöv Azərbaycan ideyasını cəsurcasına dilə gətirmiş, İsmixan Rəhimov, Gülhüseyn Hüseynoğlu, Hacı Zeynalov, onların daha bir necə nəfər əqidədaşınacan sıra-sıra cəsur, qorxmaz etirazçılarımız da, gizli antisovet təşkilatlarımız da.

Və bu axın bütün təzyiqlərə, təqiblərə, həbslərə rəğmən 1950-ci, 60-cı illərdə də davam edib.

Əbülfəz bəyin xidməti və ötənlərdəki başqa cür düşünənlərdən əsas fərqi odur ki, igid sələflərinin başlamış olduğu şərəfli və məlamətli yolu ləyaqətlə, həm də yeni, daha mürəkkəb tarix kəsiyində davam etdirdi, yeddi on il boyunca səngiməmiş mübarizələrin məntiqi sonluğa çatmasına nail oldu.

 

***

 

…Həbsdən təzə qayıtmışdı Əbülfəz bəy.

Əlyazmaları institutunda işləyirdi (o vaxt ora hələ institut yox, fond idi).

Rastlaşdıq. Elə həbsindən əvvəlki çılğınlığı və ehtirası ilə o məsələlərdən ki, bizə dərslərdə danışırdı, yenə başladı danışmağa.

Həbs onu dəyişə bilməmişdi.

Siyasi dustaq həyatı nə sındıra, nə qəddarlaşdıra bilmişdi onu.

Əksinə, bir az da mətinləşdirmişdi, tutduğu haqq yolunun doğruluğuna onu daha artıq inandırmışdı.

7-8 əsr əvvəlin qaynaqlarında türk şerlərini aradığını, Təntəraninin ana dilində bir qəsidəsini tapdığını söylədi.

Radioda “Evrika” adlı verilişlər silsiləsi hazırlayırdım. Dedim: “Əla tapıntıdır. Gəlin bu barədə danışın, verilişdə getsin”.

İmtina etdi: “Lazım deyil, başın ağrıyar, mənim adım onsuz da vayqanlıdır”…

Əl çəkmədim. Yazdıq səsini, verilişi hazırladım. Redaktorların, nəzarətçilərin diqqətini azdırmaqçün çıxışçının adı və soyadını mətndə “Əbülfəz Əliyev” yox, “Əbülfəz Qədirqulu oğlu” kimi göstərmişdim. Duyuq düşmədilər, fəndim keçdi. Veriliş maneəsiz efirə buraxıldı.

Hər halda balaca imkanım daxilində də olsa Əbülfəz bəyin dövlət radiosu ilə çıxış etməsinə, camaat gözündə bir az artıq reabilitəsinə çalışdım.

Və mətləbdən hali olandan sonra həmin çıxışa görə verilişi bağladılar.

Əbülfəz bəy deyən düz çıxdı – mənə də bu kəlmənin hələ dəb olmadığı vaxtlarda “ekstremist” yarlığını yapışdırdılar.

Özü başqalarından ötrü hər əziyyəti çəkməyə həmişə hazır olsa da, başqasının ona görə əziyyət çəkməsini heç rəva bilməzdi Əbülfəz bəy.

Bu əhvalatı eşidəndə də çox peşman olmuşdu. Günahkar özünü sayırdı…

 

***

 

…Dahi Mirzə Ələkbər Sabirin məşhur misralarını iqtibas etməyi sevirdi:

 

Kim ki, insanı sevir, aşiqi-hürriyyət olur,

Bəli, insanlıq olan yerdə də hürriyyət olur.

 

Düşünürəm ki, bu misralar Əbülfəz bəyin insan və inqilabçı simasına çox yaraşır.

O, hürriyyətin, azadlığın, istiqlalın vurğunu, bu yolun əsgəri idi. Çünki insanı sevirdi, özü yüksək mənada İnsan idi, Hürriyyətin təməlində də insanlığın, insana insani münasibətin dayanması ali inancıydı.

Mənim qavrayışımda bu, Əbülfəz bəyin başlıca əməl düsturu, düşüncə tənliyi idi.

Bu sadə düsturun mühitimizdə yerbəyer olmasına Əbülfəz bəy ömrünü bağışladı, bu tənliyin həlli uğrunda can fəda etməyi özünə tale, alın yazısı olaraq qəbul etdi.

 

***

 

1991-92-ci illərdə Hüseyn Cavidə həsr edilmiş tammetrajlı publisistik “Qayıdış” filmini çəkirdim.

Montaj başa çatanda artıq Xalq Cəbhəsi hakimiyyətdə idi.

Filmə Cavidin Azərbaycana qayıdışında xüsusi xidməti olan, o zaman Naxçıvanda yaşayan Heydər Əliyevlə də söhbəti daxil etmək istədim.

Bu çəkilişə icazə verilmədi.

Onda qət etdim ki, tarixi həqiqət və ədalət naminə 1982-ci ilin oktyabrında Cavid cənazəsi Bakıda, Əlyazmaları İnstitutunda qoyularkən Heydər Əliyevin də fəxri qarovulda dayandığı xronikanı filmə əlavə edim.

Film hazır oldu.

Baxdılar və tələb etdilər ki, filmin təsdiq edilməsini istəyirəmsə, gərək həmin epizodu çıxaram.

Çıxarmadım.

Film ekrana buraxılmadan rəfdə yatdı.

Bu arada Cavidin Ömər Eldarov tərəfindən yaradılmış möhtəşəm abidəsi hazır oldu, təntənəli mərasimdə açılış lentini Turan Cavidlə prezident Əbülfəz Elçibəy kəsdilər. Həmin mərasimdə mən çıxış etdim.

Cavid abidəsinin illərlə gözlədiyimiz açılış anlarını lentə aldıq ki, filmə əlavə edək.

Aşkarlanma üçün adətən olduğu kimi, çəkilmiş hissəni Kiyevə göndərdik və 1993-cü ilin may ayı idi.

Lentin pozitivi Kiyevdən geri dönənə, bu epizod filmə əlavə edilərək təzədən Kiyevə göndərilənədək 1993-cü ilin iyun hadisələri baş verdi, hakimiyyət dəyişikliyi oldu, televiziyanın da rəhbərliyinə yeni adamlar gəldi.

Bu dəfə də Əbülfəz bəylə bağlı epizodu filmdən çıxarmağı tələb etdilər. Buna da razı olmadım.

Bitmiş film yenə qaldı rəfdə.

Neçə ay da belə ötdü.

Nə Heydər Əliyev, nə də Əbülfəz Elçibəylə bağlı kino metrləri qayçıladım, ilk münasib girəvə düşən kimi səsə salmadan filmi təsdiqlədib ekrana çıxışına “hə” aldım…

Tarixdən film çəkirdim, tarixə münasibətdə isə fakta, olmuşa sadiqliyi həmin fakt və olmuşlara şəxsi münasibətdən asılı olmayaraq yüksək tutmağı mənə hələ tələbəlik illərində günlərin birində auditoriyaya “xalq düşmənləri”nin qaralanmış sifətlər ilə dolu bir 1930-cu illər fotosu gətirən Əbülfəz bəy aşılamışdı.

Kələkidən qayıdıb gələndən sonra keçirdiyi ilk mətbuat konfransından sonra həmin əhvalatı ona danışanda fikrə getmişdi və bu qəribə adam – Əbülfəz bəy: “Çox nahaq eləmisən ki, mənə görə filmi ləngitmisən. Bilmirsən o ləngimənin hər günü Turan xanım üzün on ilə bərabər olub!..” – demişdi.

 

***

 

…Günlərin birində “Azadlıq” qəzetindən enirdim. Redaksiya sabiq Müəllimləri Təkmilləşdirmə İnstitutunun otaqlarında yerləşirdi.

O vaxtlar hər şənbə günü həmin qəzetdə istiqlal tariximizin ən şanlı şəxsiyyəttlərindən olmuş Həsən bəy Ağayev haqda silsilə yazılarım çıxırdı.

Əbülfəz bəy bir dəstə ardıcılı ilə işə – Xalq Cəbhəsi Partiyasının elə həmin redaksiya ilə eyni binadakı qərargahına gəlirdi.

Binanın qarşısında görüşdük.

“Vaxt azdır. Amma gücüm çatan qədər oxuyuram yazdıqlarını”, – dedi.

…Heç yuxumda görməmişdim onu.

Vəfatından 3 gün sonra yuxuma girdi.

Boş, yarıqaranlıq küçə ilə yanaşı addımlayırdıq, deyəsən elə həmin Xaqani küçəsi idi, yəqin ikimizdən başqa heç kim olmadığı üçün mənə nəsə ayrı yer kimi gəlirdi.

Sağlığında heç vəchlə dilə gətirməyəcəyi sözlər dedi: “Niyə məndən bir şey vermədin “Amerikanın səsi”ndə?” (O çağlar mən həmin radionun xüsusi müxbiri idim və Əbülfəz müəllimlə də bir neçə dəfə müsahibələr aparmışdım).

İstədim deyəm ki, ay Əbülfəz müəllim, 3 gündür sizdən gücüm çatan qədər ardıcıl verilişlər hazırlayıram. Elə cənazəniz gələn günü hava limanından qayıdan Sabir Rüstəmxanlıya zəng çalmışdım, yol gedə-gedə maşındaca müsahibə verdi, ertəsi günü dəfninizdən reportaj hazırladım, bu gün özüm efirdən ayrılıq düşüncələrimi söylədim… Verilişlər hazırlamışam, ola bilsin eşitməmisiniz…

Amma beynimdən keçən bu sözləri demək istəyəndə elə həmin yuxunun içində diksinən kimi olub susdum ki, deyərəm, birdən qəlbinə dəyər.

Axı o daha eşidə bilmir…

Verilişlərə necə qulaq asa bilərdi?!

Axı o daha yoxdur…

…İndi bu sözləri yazanda diksinən kimi oluram.

Necə yəni yoxdur?

…Bu yoxluğa inanmaq çətindir.

 

***

 

Son sözlərindəndir ki, özümlə dünyadan azılmasının vaxtı çatmamış sirlər aparıram.

Bəlkə o sirlər heç Bu dünyayla, Əbülfəz bəyin bizə bəlli nurlu surəti ilə uyuşmurmuş ki, Bu aləmdə faş olmadan qeybə çəkildilər?!

Qeybə zəkilən sirlər adətən özü ilə sirrin o biri yarısını da aparır…

Qoy o sirlər O dünyada çözülsün.

Ruhların dünyasında.

Sirr sahiblərinin arasında.

Pərvərdigarın öz Son Elçisinə — Məhəmməd peyğımbərə tövsiyyəsidir: “Səndən ruh haqqında soruşacaqlar. De ki, mənə bu barədə az şey söylənib”.

Bunu bir dəfə özü “Quran”dan iqtibas gətirərək dedi.

 

***

 

Bu dünyadan özü ilə sirlər apardı.

Amma insan bu dünyada dünyadan apardıqları ilə yox, dünyada yadigar qoyub getdikləriylə qalır.

Əbülfəz Elçibəyin Bu dünyada Bu Millətə təmənnasız sevgisi yadigar qaldı.

…Bu əzabkeş dünyamızda, bu hər şeydən narazılarla dolu dünyamızda Əbülfəz bəy tanıdığım yeganə adamdır ki, xərçəng kimi əzazil mərəzin də nəcib bir keyfiyyətini gördü.

Xərçəngi “mərd” xəstəlik adlandırdı.

Qurbanını bircə anda yaxalayıb canı namərdcəsinə qəfildən almayan, ölümlə gəldiyini irəlicədən bildirən, “yol sona çatır, hazırlaş” deyən dəhşətli xərçəngə də minnətdarlıq etdi, aşkar xəbərdarlığına, birüzlülüyünə, alicənablığına görə ona “sağ ol” dedi.

Belə müdrik qaneolma və minnətdarlıq – hətta ən pis, ən eybəcər olanda da milyonlarla gözün görə bilməyəcəyi yeganə müsbəti sezib sezmək peyğəmbərlərə yaraşan xislətdir.

 

***

 

…Adına bu dünyada qoşulan çox əmmalardan, yaşayışından tutmuş Azərbaycanın XX yüzildəki tarixində hər siyasi xadimə qismət olmayan son dərəcə hərarətli, çox izdihamlı dəfninəcən sənə bəslənən saysız-qədərsiz qısqanc, paxıl münasibətlərdən biri də təxəllüsünə edilən rişxəndlər idi.

ELÇİBƏY!

Elçi, xalqçı, millətçi bir Bəy idin.

Ömrünlə sübut etdin!

ELÇİ – sabaha dəxli olan, xəbər, soraq gətirən, müqəddəsliklə bağlantısı olan pak xislətli bir İnsan idin.

Bunu da ən azı ölümünlə, ölüm ayağında ölüm sifətli məşum xərçəngə etdiyin şükran və razılıqla sübut etdin.

Xərçəng xəstəliyi qarşısında insanlıq və təbabət hələ ki, acizdir, Əbülfəz bəy!

Xərçəngi dünyadan qovsa-qovsa, Sizin şükür və minnətdarlığının xəcaləti qovacaq!..

 

Rafael Hüseynov

 

Türküstan.- 2019.- 27 avqust- 2 sentyabr.- S.8-9.