Azərbaycan Türklərinin istiqlal mücahidi
Mirzə Bala Məmmədzadə
XIX əsrin ikinci
yarısı, XX əsrin əvvəllərində Quzey Azərbaycandan
çoxsaylı və güclü mili ziyalı kadrları
yetişmiş, onlar Azərbaycan xalqının maddi və mənəvi
inkişafına çalışmış, gələcək
azadlıq və müstəqillik uğrunda mübarizəyə
hazırlamışdır. Bu dövrdə ədəbi-bədii
maarifçiliyə siyasi maarifçilik də qoşulmuş,
inqilabi hərəkatların təsiri ilə bir-birinin
ardınca yaradılan yeni-yeni mətbuat orqanları, xeyriyyə
cəmiyyətləri və siyasi partiyalar çar
Rusiyasının mili oyanışa qarşı bütün
jandarm qüvvələrini hərəkətə gətirməsinə,
mili mətbuat üzərində güclü senzura tətbiq
etməsinə baxmayaraq, yerlərdə millətçilik
dalğası daha da güclənmişdi. Bu dalğa
işçi sinfini də hərəkətə gətirmişdi.
Beləliklə,
Azərbaycan mili ziyalıları, mili mətbuatı
keçmiş düşüncələrdən uzaqlaşaraq
müasir milliyətçi ideologiyaya yiyələnmiş və
yeni bir mili kimlik ətrafında birləşərək
xalqı da vahid düşüncə ətrafında birləşdirməyə
başlamışdılar.
Bu dövrdə fəaliyyət göstərən siyasi xadimlər kimi romantik cərəyan nümayəndələri də rus çarizminin irtica rejiminə, müstəmləkəçi siyasətinə qarşı birgə kəskin mübarizə aparmışlar ki, bunun da nəticəsində həm mili-siyasi ideoloji liderlərin, həm romantiklərin, həm də realistlərin birgə səyi nəticəsində Azərbaycan mili ideologiyası formalaşmışdı. Ümumiyyətlə XX əsrin birinci və xüsusilə ikinci onilliyi Azərbaycan xalqının mədəni və siyasi-ideoloji intibah dövrü olmuşdur.
Azərbaycanın mili, siyasi, ideoloji, romantik və realist cərəyan nümayəndələrinin hamısı Azərbaycan ictimai təfəkkürünün qarantı rolunda çıxış etmiş Azərbaycan təfəkkür tarixinin ideya şərəfi, Azərbaycan mili dövlətçiliyinin məhək daşları olmuşlar. Onlar bədii, elmi siyasi və ideoloji fəlsəfə əsasında bir demokratik cəmiyyət formalaşdırmaq, milli dəyərlərə söykənən, mili ideologiya əsasında bir dövlət yaratmağa çalışmış, buna nail olmuş, Şərqdə ilk demokratik Xalq Cumhuriyyəti yaratmış və qısa müddətdə olsa da demokratik dövləti idarə etməyə başlamışdılar. Belə şəxsiyyətlərdən biri də bütün həyatını Azərbaycanın müstəqilliyinə həsr edən Azərbaycan istiqlal mücahidi Mirzə Bala Məmmədzadədir.
61 illik ömründə (1898-1959) keşməkeşli həyat keçirən M.Məmmədzadə 13 avqust 1898-ci ildə Azərbaycanın Avşaran (Abşeron) bölgəsinin Zirə kəndində balıqçı ailəsində anadan olmuşdur. Ailəsini dolandırmaq üçün XX əsrin əvvəllərində Bakıya köçən atası hələ uşaqkən vəfat etdiyindən ailəni dolandırmaq üçün anasının evdə bişirdiyi qoğalları vağzalda satmaqla bərabər, məktəbdə təhsil almaqla da məşğul olmuşdu.
1907-ci ildən Bakıda «yeddinci rus-tatar» məktəbində oxuyan Mirzə Bala oranı bitirdikdən sonra Mahmudbəyli Hadib bəyin rəhbərlik etdiyi «Ruştiyyə»də öz təhsilini davam etdirmiş, 1914-cü ildə oranı bitirərək 1915-ci ildə Azərbaycan türk gəncliyinin mili qurtuluş yolundakı fəaliyyətində mühüm rol oynayan Bakı Politexnik Texnikumunun İnşaat memarlıq bölməsinə daxil olmuşdu.
Mirzə Bala Məmmədzadə «Azərbaycan xalqı» və «Azərbaycan türk millətçiliyi» anlayışlarını mənimsəyən xalqın öz dövlətini qurma sürəcinə daxil olduğu siyasi bir dönəmdə yazarlıq və qəzetçilik həyatına başlamışdı. Hələ orta məktəbdə oxuyarkən məktəb yoldaşları ilə birlikdə rəsimli «Arzu» adlı məcmuə yayınlayan 14 yaşlı Mirzə Bala Məmmədzadənin «Nəf elm və yaxud elmin sonu» adlı ilk əsəri 1912-ci ildə Bakıda İsa Bəy Aşurbəyovun «Kaspi mətbəəsi»ndə çap edilmişdi. Bu əsərlə yazıçılıq həyatına başlayan Mirzə Bala sonradan digər mətbu orqanlarda da çıxış etmişdi. Texnukumda oxuduğu dövrdə gənclərin yaratdığı qeyri-leqal «Məhəmmədiyyə komitəsi»nə daxil olan Mirzə Bala öz yaxın dostu Cəfər Cabbarlı ilə birlikdə bu təşkilatın fəaliyyətində yaxından iştirak etmiş, onun 1916-cı ildə təşkil edilən yığıncaqlarında hər ikisi öz çıxış və şeirləri ilə toplantılara fərqli bir həyəcan qazandırmışdılar.
Çarizm istibdadı hər iki Azərbaycan ziyalısının nifrətinə səbəb olduğu kimi, hər bir tələbə də ona düşmən münasibət bəsləmişdi. Bu ruhda böyüyən Mirzə Bala sonradan gəncliyin çarizmə qarşı toplantılarına başçılıq etmiş, alovlu nitqlər söyləmiş və özünü istibdada qarşı gələcək inqilaba hazırlamışdı. Mirzə Bala bu dövrdə Stalinin yaxın adamı olan Lavrenti Beriya ilə yaxınlıq etmişdi.
Mirzə Bala Məmmədzadə, M.Rəsulzadənin tövsiyyəsi ilə onun nəşr etdirdiyi «Açıq söz» qəzetinə yazılar yazmağa başlamış, sonradan bu qəzetin aktiv yazarlarından biri olmuş, eyni zamanda həftəlik «Bəsirət» jurnalının da baş redaktoru olmuşdur. Bütün bunlarla yanaşı, Mirzə Bala «Qurtuluş» və «Doğru söz» kimi qəzetlərdə də məqalələrlə çıxış etmiş, 1917-ci il fevral burjua inqilabından sonra Bakıdakı Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlmişdi. «İttifaqi-Mütəallimin» və «Gənclər sədası» jurnallarının da fəal yazarlarından biri olan Mirzə Bala çar Rusiyasının şiə-sünni qarşıdurma yaratma siyasətinə qarşı dövrü mətbuatda məqalələrlə çıxış etmiş, bu hadisənin qarşısını almağa çalışmışdı.
Azərbaycandakı siyasi hadisələrə aktiv qoşulan Mirzə Bala bu dövrdə artıq açıq fəaliyyətə keçmiş, Müsavat partiyasının sıralarına daxil olmuş, partiyanın nüfuzlu, tanınmış üzvlərindən birinə çevrilmişdi.
1918-ci ildə «Güney Qafqaz Müsəlman Cəmiyyəti» tərəfindən məhəlli komitələrlə əlaqə yaratmaq üçün arxadaşı Məhəmməd Saleh Quluzadə ilə birlikdə Şamaxıya göndərilən Mirzə Bala 1918-ci ilin əvvəllərində yaranmış Zaqafqaziya seyminin fəaliyyəti dövründə öz ictimai-siyasi fəaliyyətini Tiflisdə davam etdirmişdi.
1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cumhuriyyəti elan olunduqdan sonra Mirzə Bala həmin ilin 23 iyulundan nəşrə başlayan «Gənclər yurdu» jurnalının redaktoru olmuşdu.
«Müsavat» partiyasının nəzdində yaranan «Gənclər cəmiyyəti»nin orqanı olan bu jurnalın 35 nömrəsi çap edildikdən sonra bağlanmışdı. Bu dövrdə Mirzə Balanın «İki inqilab arasında» adlı kitabçası Tiflisdə çap olunmuşdu.
1918-ci il dekabrın 7-də Bakıda təntənəli şəkildə açılan Azərbaycan parlamentində stenoqrafçı işləyən Mirzə Bala Məmmədzadə müstəqil Azərbaycan hökuməti qurulduqdan sonra hökumətin orqanı olan «Azərbaycan» qəzetinin müxbiri və sonra redaktoru olmuşdu.
1919-cu ilin sentyabr ayının 16-da Azərbaycan Dövlət Teatrında Mirzə Balanın «Bakı uğrunda mübarizə» pyesinin ilk tamaşası olmuş, həmin ilin oktyabrında o, Müsavat Partiyasının Bakı Komitəsinin üzvü seçilmişdi.
Bakının Zirə kəndində anadan olub həyatının 26 ilini (1898-1924) Quzey Azərbaycanda, 3 ilini (1924-1927) Güney Azərbaycanda, fasilələrlə 31 ilini (1927-1932 və 1939-1955) Türkiyədə, 7 ilini (1932-1939) Polşada və 4 ilini (1955-1959) Almaniyada keçirən Mirzə Bala Məmmədzadənin bu dövrlərdə müxtəlif dairələrlə əlaqəsini nəzərə alaraq onun ictimai-siyasi, ideoloji və elmi yaradıcılığını və fəaliyyətini altı dövrə bölmək olar.
Birinci dövr 1912-1920, ikinci dövr 1921-1927, üçüncü dövr 1927-1932, dördüncü dövr 1932-1939, beşinci dövr 1939-1955, altıncı dövr isə 1955-1959-cu illəri əhatə edir.
XX əsrin əvvəllərində Azərbaycanda başlayan yeniləşmə və milliyyətçilik hərəkatının canlı şahidi və hadisələrin iştirakçısı olan Mirzə Bala Məmmədzadə hələ «Ruştiyyə»də oxuduğu dövrdə uşaqlıq yoldaşı Cəfər Cabbarlı ilə birlikdə milliyyətçi müəllim olan Mahmudbəyli Hadib bəyin təsiri ilə dövrün milliyyətçi cəbhəsində yer almış, dərsdən sonra Cəfər Cabbarlı ilə birlikdə tez-tez milliyyətçi dərnəklərin toplantılarında iştirak etmişdi.
İlk siyasi fəaliyyətə Bakı Politexnik Texnikumunda oxuyarkən gizli «Məhəmmədiyə təşkilatı»nda başlayan Mirzə Bala öz dostu Cəfər Cabbarlı ilə birgə o dövrdəki «İttifaqi-Mütəallimin» və «Qafqaz Tələbələrin Mərkəzi Komitəsi» adlı gənclik təşkilatlarının liderlərindən olmuşlar. «İttifaqi-Mütəallimin» eyni adlı həftəlik qəzetində Mirzə Bala mili və siyasi yazılarla çıxış etmiş, rusca və türkcə çap olunan Qafqaz Tələbələrinin Mərkəzi Komitəsinin orqanı olan «Gənclər sədası» qəzetinin baş yönətməni olmuşdur.
Çar Rusiyasında baş verən siyasi hadisələr Azərbaycanda da çar Rusiyasının istibdadına qarşı olan bütün siyasi qüvvələri hərəkətə gətirmişdi. Mirzə Bala Məmmədzadənin də içində bulunduğu bu dönəmdə siyasi aktivlik artmış bir sıra siyasi və ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri ilə yanaşı, yeni-yeni mili mətbuat orqanları yaradılmış, mili ziyalılar arasında bir həmrəylik yaranmış, bu iki mühüm aparıcı zümrənin yaxın əlaqəsindən də milliyyətçilik ideyası doğulmuş və bununla da qısa bir müddət ərzində siyasi hərəkata çevrilmişdi. Azərbaycan mili ziyalıları getdikcə Rusiya yönümlü cərəyanların təsirindən uzaqlaşaraq üzünü Türkiyə və Qərb cərəyanlarına çevirmiş və bununla da Azərbaycanda siyasi yönün dəyişməsinə nail olmuşdular. Qərbyönlü yeniləşmə və milliyyətçilik hərəkatının ön plana çıxması gənc Mirzə Balanın da fikirlərinin genişlənməsinə səbəb olmuşdu ki, bu işdə Məmmədəmin Rəsulzadənin və onun redaktorluğu ilə 2 avqust 1915-ci ildən Bakıda nəşr olunmağa başlayan «Açıq söz» qəzetinin böyük rolu olmuşdur.
“Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” şüarı ilə nəşr olunan «Açıq söz» qəzetinin «Açıq sütunlar»ına Məmmədəmin Rəsulzadənin tövsiyyəsi ilə məqalələr yazan Mirzə Bala Məmmədzadə ilk yazılarını daha çox mili ideal, mili mədəniyyət, mili tarix, mili ədəbiyyat mövzularına həsr etmişdi. Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra Məmmədəmin Rəsulzadənin təklifi ilə qeyri-leqal fəaliyyət göstərən «Müsavat» partiyasına başçılıq edən gənc Mirzə Bala istilaçılara qarşı mübarizə aparmaq üçün yaradılan gizli milli müqavimət hərəkatının da sədri seçilmiş, «İstiqlal» adlı qəzetin baş redaktoru olmuş, 1927-ci ildə Rəsulzadənin dəvəti ilə Güney Azərbaycandan İstanbula gələrək burada Rəsulzadə ilə birlikdə Milli Azərbaycan mühacir mətbuatını və Milli Azərbaycan Mərkəzini yaratmışdı. Daha sonra Rəsulzadənin dəvəti ilə 1932-ci ildə Polşanın paytaxtı Varşavaya gəlmiş, onunla birgə «Yeni Kafkasya» dərgisi nəşr etdirmişdi.
Azərbaycan siyasi tarixində Məmmədəmin
Rəsulzadə ilə Mirzə Bala Məmmədzadə kimi
bir-birinə bu qədər dərindən bağlanan və
bir-birini tamamlayan digər şəxsiyyətlərə demək
olar ki, indiyədək rast gəlinməmişdir. M.Rəsulzadənin
fikir və düşüncələrini Mirzə Bala qədər
dərindən mənimsəyən, onu genişləndirən
və yayan başqa bir şəxsiyyətə təsadüf
edilmir.
Ardı
var
Aydın Mədətoğlu QASIMLI
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
Türküstan.- 2019.- 3-9 dekabr.-
S.8.