Həyat yoldaşı: "Məhəmməd Əsədovun

vaxtsa qayıdacağına çox inanıram”

 

20 noyabr 1991-ci il tarixində Qarakənd faciəsi nəticəsində həlak olmuş daxili işlər naziri, general-mayor Məhəmməd Əsədovun həyat yoldaşı Məleykə Əsədova Modern.az saytına müsahibə verib. Məleykə Əsədova 30 ilə yaxındır Texniki Universitetdə dərs deyir. Onunla söhbəti təqdim edirik:

 

- Məleykə xanım, adam var ki, eldən gedir, adam da var evdən gedir. Adam var ki,  onun ölümü bir ailənin deyil, bütün xalqın itkisi hesab olunur. Necə xatırlayırsınız o günləri?

- Mən indiyə qədər Məhəmməd Əsədovun yoxluğunu qəbul etməmişəm. Düz 25 ildir ki, hər an onun yolunu gözləyirəm. Elə bilirəm ki, Məhəmməd nə vaxtsa mütləq qayıdıb gələcək.

Amma o faciədən 25 il keçib. Məhəmmədin yaxınlarının, dostlarının çoxu dünyasını dəyişib. Fikirləşirəm ki, Məhəmməd qayıdanda bu adamların itkisi ona çox pis təsir edəcək. Çünki ona doğma olan adamların çoxu artıq həyatda yoxdur. Məhəmmədin nə vaxtsa gələcəyinə inanıram. 1991-ci ilin noyabrın 20-də baş verən faciə tək məni deyil, Azərbaycan xalqını yandırdı. Məni də demək olar ki, tam məhv etdi. O, ağrı, acı, zillət mənim ürəyimdə kök atdı. 25 ildə o ağrı, acı indiki bəzi-bəzi xəstəliklər kimi bütün varlığımı bürüyüb. Yəni getdikcə, onun kökləri daha da çoxalır, amma ümid də azalmır.

- Təbii ki, ümid daha da çoxalmalıdır. General Məhəmməd Əsədovun özündən sonra övladları onun yolunu layiqincə davam etdirirlər. Bilmək istədik, 25 il ərzində Məhəmməd Əsədovun dostları, yaxınları onun xanımına baş çəkirmi? Həmin vertolyot hadisəsi zamanı həlak olan insanların ailələri bir yerə yığışırlarmı?

- O hadisədən qabaq da Məhəmməd Əsədovun dostları çox az olub. Amma möhkəm dostları olub. Həqiqi, təmənnasız, heç nədən asılı olmayan dostlar. Həmin dostlardan yenə də var. Onlardan biri Rafiq Əliyev, qudamız Əhməd müəllim və bir neçə adam bizimlə tez-tez əlaqə saxlayırlar, maraqlanırlar. Onu da qeyd edim ki, vertolyot qəzasında həlak olanların bəzilərinin ailələri ilə əlaqə saxlayırıq. 20 noyabrda və bəzən də adi günlərdə görüşürük. Söhbətləşirik.

 - Məleykə xanım, həyat yoldaşı həm də yaxın dost, sirdaş olur. Bizim üçün maraqlıdır ki, Məhəmməd Əsədov Qarabağla bağlı həyat yoldaşına nələr deyirdi?

 - Qarabağ hadisələri hələ başlamazdan qabaq,  yəni 1988-ci illərdən külək bu hadisələrin iyini gətiridi. Məhəmməd nəsə olacağını hiss edirdi. Amma nələrin olacağını bilmirdi. Çünki Qarabağla onun əlaqəsi vardı. Bilirsiniz ki, Məhəmməd 1986-1988-ci illərdə Prezident Aparatında şöbə müdiri işləyirdi. Orada işlədiyi vaxtlarda Qarabağa səfərlər edirdi. Dəfələrlə Şuşada olmuşdu. Orada olan ermənilərin hərəkətlərindən hiss edirdi ki, heç kimin xəbəri olmadan onlar nəsə bir plan qururlar. Yəni Azərbaycana qarşı pis niyyətli plan... Bunu o, hiss edirdi. Mənə bir şey demirdi, amma iş yerində hər zaman narahatçılığını bölüşürmüş ki, Azərbaycan üçün xoşagəlməz nələrsə olacaq.

Yadımdadır, azərbaycanlıları öz dədə-baba yurdlarından, indiki Ermənistandan çıxarmağa başlamışdılar. Məhəmməd deyirdi ki, həmin azərbaycanlıları Qarabağda, Şuşada və ətraf rayonlarda yerləşdirmək lazımdır. O deyirdi ki, həmin insanların Bakıya gəlməyi bir o qədər də düzgün deyil. Çünki o torpaqların iqlimi ilə Qarabağın iqlimi demək olar ki, eynidi.

Məhəmməd həmişə evə çox gec gəlirdi. Açığı mən bir ana, bir xanım kimi ailə başsının evə tez gəlməsini, uşaqları ilə maraqlanmasını çox istəyirdim. Məncə, bütün xanımların bir nömrəli istəyi budur.

İnanın, hər dəfə o, evə gec gələndə istəyirdim deyim ki, nə olar, ailənlə də bir maraqlan... Amma hər dəfə qapıdan içəri girəndə yorğun sifətini görürdüm, ürəyimdən keçənləri deyə bilmirdim. O, evə gələn kimi beynimdəki bu sözlərin hamısı yaddan çıxırdı. Şükür edirdim ki, sağ-salamat evə gəlib çıxıb. Məhəmməd nazir işləyən vaxtlar evə əsgər paltarında gəlirdi, papağını çıxarırdı və əsgərlər kimi salam verirdi. Bundan sonra mən ona “niyə başqaları kimi ailənə zaman ayırmırsan” deyə bilməzdim.

 - Yəni gerçəkliyi bilirdiniz..

- Bəli, bilirdim ki, o, gəzməyə getmir. Bilirdim ki, bu adam işdən yorğun gəlir. Tək-tək hallarda belə şeylərdən söhbətimiz olardı. Mən də xoşlamırdım ona özümə aid olmayan sual verim, filan yerdə nə oldu və s. Bunu soruşmaq mənə yaraşmazdı. Bu hadisələr həddini aşanda, onda görürdün ki, bəzi şeyləri deyirdi.

Məsələn, Sumqayıt hadisələri baş verəndə Məhəmməd Prezident Aparatında işləyirdi və Sumqayıta getmişdi. Orada çox adamların maşınlarını aşırdırdılar. Amma Məhəmməd Əsədovu maşında görən zaman cavanlı, qocalı hamı yolu açıb ki, Məhəmməd müəllim gəlib və maşına yaxın durmaq olmaz. Bunun özü çox böyük bir hörmətdir. O, yaxşı məsləhət verməyi xoşlayırdı.

- Adətən şəhərdə yaşayan rayon adamlarının evlərinə hər zaman qohum-əqrəba gəlib-gedir. Sizdə necə idi?

- Biz ailə quranda Sumqayıtda birotaqlı mənzilimiz vardı. Rayonumuzdan olan bütün qohum, dost-tanış hamısı bizə gəlirdi. Bəzən otaqda ayaq basmağa yer olmurdu ki, haradansa nəsə götürüm. Amma bir dəfə də olsun alnımı qırışdırmamışam ki, mənim yatmağa yerim yoxdu, harada yatım? Özü də təzə ailə quran vaxtlarımız idi. Beş nəfər üçün yemək bişirirdim, bir də görürdüm ki, daha beşi gəldi. Beş nəfərin yeməyinin on nəfər arasında bölürdüm. Az da olsa gülə-gülə hamının qarşısına qoyurdum və doyurdular. Bizim evə nəinki Məhəmməd Əsədovun qohumları, ucqar rayonlardan da gələnlər olurdu. Onların heç biri bizdən narazı qalmayıb.

 - Bizim üçün maraqlıdır ki, necə oldu ki, Məhəmməd müəllimlə tanış oldunuz?

 - Məhəmməd çox yaraşıqlı oğlan idi. Mən 8-ci sinifdə oxuyanda o, məni görmüşdü.

Eşidib ki, Hidayət kişinin belə bir qızı var. Onların da bir qohumu bizim məktəbdə pioner dəstə rəhbəri işləyirdi. Ona deyib ki, “tənəffüs vaxtı Məleykəni görmək çətin olar. Ona görə də dərs vaxtı Məleykəni çıxar məktəbin həyətinə, onu görüm”. O vaxt Məhəmməd Sumqayıtda işləyirdi. Bu haqda mənə çox illər sonra dedi. Qız gəlib mənə icazə aldı. Mən də getdim. O qız məni gəzə-gəzə pioner otağına apardı. Bir də gəzə-gəzə geri qaytardı. Bu mənə heç nə demədi həmin an. Sonradan bunu Məhəmməd mənə deyəndə bildim ki, nəyə görə belə olub. Xalamgil o zaman Sumqayıtda qalırdı və rayona gəlmişdilər. Biz onları qonaq çağırdıq və Məhəmməd Əsədov da onlarla birlikdə bizə qonaq gəlmişdi. Baxdım ki, xalamgillə gələnlərin içində bir qəşəng oğlan var. Öz-özümün ürəyimdən keçirdim ki, bu məni istəsə ona gedərəm.(gülür). Deməli o da məni izləyirmiş. Elə istədiyim iş oldu da.

 - Elçi göndərdi, yoxsa...?

- Mən orta məktəbi bitirdim, Sumqayıta getdim ki, sənədlərimi universitetə verim. Birinci il universitetə daxil ola bilmədim. Həkim olmaq istəyirdim, amma ola bilmədim. Sumqayıtda xalamqızıgildə qalası oldum. Həmin vaxtda da əgər birinci il universitetə daxil olmadınsa, növbəti il universitetə sənəd verəndə mütləq iş təcrübəsinə aid sənəd də təqdim etməli idin. Əgər bu yox idisə, universitetə sənəd verə bilməzdin. Ona görə də istər-istəməz işləməli idim.

Mən Sumqayıtda zavodda laborant işləməyə başladım. Məhəmməd Əsədov da xalamın yoldaşının kəndçisi idi. Bunlara gəlib-gedirdi. Məni də orada görürdü. Bir gün evlənmək təklifi aldım və böyük məmmuniyyətlə qəbul etdim. İndiyə qədər də peşman deyiləm ki, Məhəmmədlə ailə qurmuşam.

Sentyabrda qayınatamgil məni istəmək üçün gəlmişdilər. Rəhmətlik İman əmim də Zəngilanda sayılıb-seçilən kişilərdən biri idi. Həm də mənim qayınatam ilə dost olublar. Əmim çox zarafatcıl bir kişi olub. Deyib ki, “ə Nəbi, qızı verdik sizə. Başınızı aldatdıq”. (gülür). İndi bu zarafatı heç kim etməz. O dövrün kişiləri əsl zarafat etməyi də bacarırdılar.

1968-ci ilin noyabrında toyumuz oldu. Oxumaq fikrindən yayındım. Mənə elə gəldi ki, ailə qurdumsa, daha oxumaq getdi. Məhəmməd mənə dedi ki, oxumaq istiyirsənsə, aparaq sənədlərivi universitetə verək. Elə oldu ki, mən hazırlaşdım və Azərbaycan Dillər Universitetinə daxil oldum. Oxuduğum müddətdə də Məhəmməd mənə kömək edirdi. O, mənim oxumağımda çox böyük bir rol oynayıb.

- İşləməyinizə necə icazə verdi?

- Elə şeylərdə Məhəmməd Əsədov çox müasir idi. Əgər məni məcbur edib oxudubsa, işləməyimə mane ola bilərdimi? Əksinə, deyirdi ki, sən dili elə öyrənməlisən ki, tələbələrin oxumaq üçün xaricə getməlidi. Yəni o dərəcədə oxumağa, işləməyə icazə verirdi. İşləməyimə heç vaxt narazı olmayıb. Kim o fikirdə olsaydı, ona münasibət çox pis olardı.

- Məleykə xanım, belə görünür ki, Məhəmməd Əsədovun karyerası sizinlə evləndikdən sonra yüksəlişə doğru gedib. Adətən belə məsələlərdə xanım öz həyat yoldaşına böyük dəstək olur. Sizin bu istiqamətdə hansı rolunuz olub?

- Məhəmməd əmin idi ki, mən ondan icazəsiz heç hara gedə, heç kimlə görüşə bilmərəm. İndi bəzi xanımlar elə işlər görürlər ki, həyat yoldaşlarının heç xəbəri də olmur. Yəni mən ondan icazəsiz bir addım atmazdım. Özü də bilirdi ki, mənim dünya malında gözüm yoxdu. Övladlarımızdan da arxayın idi, bilirdi ki, onlara lazım olan tərbiyəni, təhsili verəcəm. Kim mənə desəydi ki, bunu Məhəmməddən xahiş etmək lazımdır, böyük ürəklə ona deyirdim. O da imkan olduğu halda əlindən gələn köməyi edirdi. Bilirdi ki, burda təmənna, başqa bir fikir ola bilməz. Mənim dediyim bir söz Məhəmmədin də, qayınatamın da, qayınanamın da yanında iki olmayıb. Mən onların ərköyün gəlinləri və Məhəmməd Əsədovun ərköyün xanımı olmuşam.

Yəni o mənada ki, onlar məni düzgün başa düşüblər. Əyri-üyrü yollarım olmadığına görə, onların gözlərinə baxa bilmişəm və məni də yaxşı başa düşüblər. Bu mənada mən ona dəstək olmuşam, onun işinə mane olmamışam. O evdən arxayın olub. Adətən kişinin fikri ailəsində qalanda işində narahatlıq ola bilir. Məsələn, işi ilə əlaqədar olaraq, rayonlara gedərdi. Mən o rayonlardakı evin hasarından, qapıdan çölə çıxmamışam.

- Bunlar Məhəmməd Əsədovun istəyi idi, yoxsa sizin xarakteriniz beləydi?

- Mən belə idim. Məhəmməd mənə deyərdi ki, Belyəqanda bu qədər şey tikmişik. Heç olmasa balaca oğlumuz Rasimi də götür, gedin Şahmat məktəbinə, muzeyə baxın. O təklif edirdi, amma mən getmirdim. Çünki kiminləsə rastlaşsam, söhbətləşsəm, deyəcəkdilər raykom katibinin xanımı filankəslə danşdı, yəqin ailəlikcə dostdurlar. Bütün bunları düşünürdüm, istəmirdim həyat yoldaşıma zərrə qədər ziyan gətirim. Mən ona görə də bu şəraiti yaratmırdım.

 - Bizim üçün çox maraqlı gəldi ki, bir kənd qızının bu qədər bilməyi haradan irəli gəlir? Bu yoldaşınızdan, yoxsa ailədən gəlmə idi.. Kənd insanları adətən çox saf, səmimi olurlar və bu səmimilik onlara bəzən zərər gətirir...

 - Kənd Mincivan ilə qəsəbə Mincivan arasında böyük bir yol vardı. Axır illər, o qədər inkişaf etmişdi ki, ikisi də birləşib, böyük bir Mincivan olmuşdu. Mincivan qəsəbəsi şəhər tipli bir yer idi. Mən Sumqayıtdan Mincivana gedəndə elə bilirdim ki, kənddən şəhərə gedirəm. Gedib orada inkişafı görürdüm. Siz təsəvvür edin ki, Mincivanda böyük bir dəmiryol stansiyası olub. Bakıdan Zəngilana məktəblərə bir yoxlama gələn kimi birinci Mincivana gələrdi. Katib onları Mincivana gətirərdi ki, oranı gəzdirsin, göstərsin. Yəni Mincivan o qədər inkişaf eləmişdi.

 - Həyatda insanın həmişə çətinliyi, çətin günləri olur. Bəzən maddi məsələlərdə qadınlar dözmür. Bəs siz necə?

- Heç vaxt heç nədə gözüm olmayıb. Sizə deyəcəyimi Məhəmməd Əsədov hələ də bilmir. İndi sizə deyəcəm. Amma öz aramızdı da. (gülür): Mən Sumqayıtdan universitetə avtobusla gəlmişəm və getmişəm. Guya Məhəmmədin imkanı yox idi ki, mənə bir maşın ayırsın. Elə olub ki, Sumqayıtdan tələbələrlə bilet almışıq, mən yanımda olan tələbə yoldaşıma da bilet alırdım. Çünki qayıdanda da biryerdə qayıdırdıq, gedəndə mən alırdım ki, gələndə yəqin ki, o alar. Bilet 50 qəpik idi. Məndə isə 1 manat və qəpik olurdu. Amma yenə də qrup yoldaşıma bilet alırdım. Baxmayaraq ki, qayıtmağa pulum yox idi. Gələndə görmüşəm ki, həmin qız yoxdu. Mənim 50 qəpiyim olmadığına görə avtobusa 30 qəpik verib, ayaqüstə gəlirdim. Belə vaxtlar olub. Mən belə şeylərə çox dözümlüyəm. Gözümdə heç nə yoxdu. Mən bilındə ki, Məhəmməd Əsədov gedib mənim üçün nəsə edəcək, ona çox narazı qalmışam. Dəbdəbədən çox uzaq olmuşam. Amma elə bilmişəm ki, dünyanın ən varlısı, ən rahatı mənəm. Çünki mənim qarşımda o cür yaraşıqlı Məhəmməd Əsədov var idi. Ona görə mənim heç nədə gözüm olmayıb. Evdə bizim nəyimiz vardısa, onunla da qane olmuşuq.

 - Bəs, Sumqayıtdan Bakıya köçməyiniz necə oldu?

 

ardı var

 

Mirmahmud KAZIMOĞLU

 

Türküstan.- 2019.- 3-9 dekabr.- S.9.