Günah
suları
Yadıma düşən bu axşamda
yenə də köksümdəsən,
Adını çəkirəm,
o adı ki, yanında nifaq ağacı bitib,
ki, nə dincəlmək,
nə sərinliyinə arxalanmaq olar kölgəsində.
O ağac öz ömrüncə
ancaq qorxulu bir yuxunun,
qovğalı bir günün,
zəhərə dönən şirin tikənin
hekayətini dinləyər
və sənin yalanlarını
yarpaq günlərinin arasında ədalətlə bölər.
Amma sənə bütün bunları demək olmaz,
yox, olmaz,
vallah, olmaz.
Desəm, o saat deyərsən ki,
hər şeydə bir hikmət var
və sənin növbəti yalanına
qoca həqiqət qənim olar.
Sən yad evlərdə o ağacın
dibinə günah suları tökürsən,
və kölgən dünyaya ləkə salır,
adının qoxusu yayılır
tanındığın hər yerdə.
Mənsə üzü yadımda qalmayan
adamları "çoxaldıram" ömrümdə.
Əllərin "bərpası"
Əlində tutduğun bir kağızın
şəklini çəkmişəmmiş haçansa, -
indi o vərəqdən heç nə oxunmur.
Yaxınlaşdırıb,
lap yaxınlaşdırıb
baxıram dönə-dönə,
qoxun dörd dolanır başımda...
O şəkildə ancaq iki barmağın oxunur,
və mən onlara inanıb
əllərini bərpa edirəm yaddaşımda...
O vaxt ki, dilim "hə, hə" deməkdən,
başım
razılıq əlamətiylə
yellənməkdən,
gözüm
oxşar sətirləri
oxumaqdan yorulur,
o vaxt ki, özüm
olmaqdan başqa çarəm qalmır,
onda
o şəkli açıb
saatlarla baxıram
və
şəkildəki barmaqların
tuşlanır,
eyni
ölümə kədərləndiyimiz
günə,
sən
demə, yadların itkisi
daha
möhkəm bağlaya
bilirmiş
adamları
biri-birinə...
Gözlərin yox,
saçların
yox,
gülüşün
yox,
küsməyin
yox,
ancaq
barmaqların var o şəkildə...
Və o şəkil
sənin
"yoxluğunun yuxusu"du...
Tapdaq bir şəhərin
işğaldan
bir gün əvvəlki fotosudu...
Fərid Hüseyn
Türküstan.- 2019.- 3-9 dekabr.- S.23.