Bütün yollar Hindistana aparır…
Əfsanələr ölkəsindən
qayıdan azərbaycanlı səyyah
Yolları, sərgüzəştləri, səyahəti, ən əsası foto çəkməyi sevən bir xanım... Azərbaycanı qarış-qarış gəzərək, yurdumuzun dörd bir tərəfindən əlidolu qayıdır hər səfərindən… Yükü fotoşəkillərdir. Kimlər və nələr yoxdur ki bu kadrlarda? Amma bu dəfə gətirdiyi kadrlarda azərbaycanlılar yox, hindlilərdir. Təzəliklə Hindistan səfərindən qayıdan tanınmış səyyah-fotoqraf İradə Qədirovadan bu rəngli ölkə barədə təəssüratlarını soruşduq… Modern.az onunla müsahibəni təqdim edir…
- İlk olaraq sizi tanıyaq. Kimdir
İradə Qədirova?
- Yolları, sərgüzəştləri, yenilikləri sevən tarixçi, səyyah, fotoqraf.
- Fotoqrafiya
ilə yollarınız necə kəsişdi?
- Tarix ixtisasını etnoqraf-arxeoloq olmaq üçün seçmişdim. Arzum ya böyük bir sivilizasiya qazıb çıxarmaq, ya da dünya ölkələrini gəzib, xalqların yaşamını çəkib insanlara tanıtmaq idi. Bu səbəbdən də içimdə fotoqrafiyaya bir ehtiras vardı. 2010-cu ildə ilk kameramı əlimə götürdüm. 4 il sonra isə 2 peşəkar fotoqraf dostum sayəsində fotoqrafiya aləminə daxil oldum – biri ilkin texniki tərəflərini öyrətdisə də, digəri fotoqrafın mənəvi tərəfləri ilə tanış etdi. Qapalı biri olduğum üçün sonuncu mənə obyektivimə tuş gələcək insanlara kameradan öncə ürəklə yaxınlaşmaq yolunda əlifba oldu.
- Ən
son obyektivinizə tuş
gələn isə hindlilər oldu. Hindistan sevgisi nə
zamandan başlayıb?
- Çox vaxt mənə elə gəlir ki, elə bu sevgi
ilə də doğulmuşam. Nə zaman, necə
yarandı bilmirəm,
amma onu bilirəm ki, Hindistanı çox sevirəm. Bəlkə
də 4 yaşımda
ilk dəfə hind kinosuna
getdiyim gündən başlandı bu sevgi...
- Bildiyim qədər bu, Hindistana ilk səfəriniz deyil...
- Aha, bu, sayca 3-cü səfərimdir. Birinci tarixi konfrans
xətti ilə, ikinci AZAL-ın Hindistana birbaşa reysinin açılması
ilə əlaqədar
olmuşdu. Onlar müvafiq
olaraq 6 gün və 3 gün çəkmişdi. Odur ki, bu sonuncu illər
boyu planlayıb arzuladığım qədər
və arzuladığım
şəkildə oldu.
- Çoxları
Hindistanın çirkli,
həddən artıq
kasıb bir ölkə olduğunu deyərək sırf o natəmizlikləri görməmək
üçün Hindistanı
səyahət etmək
istədikləri ölkələr
sırasından çıxarırlar. Doğrudanmı, çox çirkli
ölkədir?
- Əslində onları
da başa düşürəm, amma
bu qədər qəti şəkildə yanaşmaq da doğru deyil. Çünki natəmizlik, hətta Parisdə də var. Bizdə də var, məsələn, qoruq dediyimiz yerlərdə belə insanlar özlərindən
sonra “iz” buraxırlar.
Hindistan böyük ölkədir. Olduğum şəhərlərə
əsasən fikir yürütsəm, hər
şəhərin çirkli
və təmiz tərəfləri var idi. Amma tək bir natəmizlikdən yapışmaq,
məncə, bu, insanların öz seçimidir. Kim nəyi axtarıb, nəyi görmək istəyirsə, onu da görür.
- Hindistana nə üçün getməliyik?
3 səbəb deyə bilərsiniz?
- Tarix, mədəniyyət,
mənəvi zənginlik...
- Hindistana səfər etmək istəyənlər üçün
qiymətlərdən də
danışaq...
- Otel qiymətləri 15 dollardan başlamış 120 və
daha artıq ola bilir. İlk iki
səfərdə 5 ulduzlu
otellərdə qalmışdım.
Amma bu səfər
seçimim 3 və 4 ulduzludan yana
idi. Otaq qiyməti 17-25 dollar arasında dəyişirdi.
Yeməkləri bizim pulla 5 manatdan başlayırdı.
Şəxsi təcrübəyə əsaslanaraq söyləsəm,
hər yemək mərasiminə 10-15 manat xərcləyirdim. Təbii ki,
küçədə hazırlanan
yeməklər daha ucuz olur. Amma mən normal kafe və restoranlarda qidalanmağa üstünlük
verirdim. Yol baxımından qatar
və hava nəqliyyatı bahadır.
Amma ölkənin ərazisi çox böyük olduğu üçün
mütləq istifadə
etməyə məcbur
olursan. Bir daxili reysdən
istifadə etdim.
Jaisalmer-Amritsar
reysi və bu, 110 manata başa gəldi. Qatar biletlərini də əvvəldən reserv etmək önəmlidir. Uber İndia
xidməti isə ucuz və rahat
idi.
- Ölkədaxili,
şəhərdaxili nəqliyyatın
vəziyyəti necədir?
- Şəhərdaxili
adətən rikşa
və Uber xidmətlərindən istifadə
edilir. Ölkədaxili isə qatarlardan
istifadə edilir.
Onu da deyim ki,
Hindistanda qatarlar dərəcələrinə görə
fərqlənir. Daha rahat
və təhlükəsiz
səyahət etmək
üçün AC3 dərəcəsini
seçmək önəmlidir.
- Budəfəki səfərin Divaliyə düşdü, bayramı
necə keçirdin?
- Divalini hind dostlarımızın
evinə dəvət edilmişdik. Orada qeyd etdik.
Mənim
üçün bir
ilk idi. Divali və Holi bayramlarını Bakıda
Hind səfirliyi və
assosiasiyanın təşkil
etdikləri tədbirlərdə
çox keçirmişəm.
Amma Hindistandakı ab-hava tamam fərqli idi. Çünki burada ayinlərə
və dualara uzun zaman ayırırlar,
daha geniş qeyd edirlər. Daha sonra gecəyə kimi festival davam edir. Hindlilər bayramlarına və
adətlərinə çox
bağlı xalqdır
və demək olar ki, hər
gün yeni bir bayram, yeni
bir mərasimdir.
- Ən çox hansı şəhərini, bölgəsini
sevdin və nəyinə görə?
- Hindistan böyük ölkədir. Bu səfər
üçün plana
Dehli, Aqra, Rajastan və Pəncab ştatlarını
əlavə etdim.
Ən çox Rajastanın şəhərlərini sevdim.
Çünki burada təxəyyülümüzdə yaranan Hindistanı daha çox hiss edib duymaq olur
– qadınların rəngarəng
geyimlərində, tarixi
abidələrdə, musiqilərdə...
- Bəlkə də hind filmlərinin təsiridir ki, çoxları, elə mən özüm də elə düşünürəm ki,
sanki hindlilər bütün günü rəqs edirlər, oxuyub oynayırlar. Bəs əslində necədir?
- Yox, onlar da
bizim kimi adi, gündəlik həyatını yaşayan
insanlardır. Əksinə, oynayıb rəqs edən mən özüm idim. Amma çoxlu adətləri, bayramları var ki, demək olar ki, hər
gün yeni bir mərasimdir. Digər tərəfdən onlar çox qəmgin olmağı sevmirlər.
Hər bir çətinliyə rağmən,
daha çox bu günlə yaşayıb anlarından
zövq alan
insanlardır. Biz isə hər şeyimiz var ikən durmadan problemlər haqqında düşünən təbiətə
malik xalqıq.
- Yeməkləri necədir?
- Ən yaralı yerim... Həddən çox ədviyyatlıdır.
Yeməyə baxırsan, o qədər
ləziz görünüşü
olur ki, damağa gedəndə aləm dəyir bir-birinə. Sona doğru
artıq dolmamızı
özləyirdim.
- Həvəsdir,
bəsdir... Yoxsa yenə də
Hindistana getməyi düşünürsünüz?
- Hindistan mənim üçün həvəs
olmayıb heç vaxt. Ona görə də
bütün yollar ona doğru gedir. Həm tarixçi ixtisasım,
həm durmadan kəşf edib öyrənmək istəyim,
həm Hindistana olan sevgim, həm
də fotoqrafiya durmadan məni ora çəkir. Hindistanın da böyük olduğunu nəzərə alsaq, bu səhifə hələ bağlanmayıb
deməkdir...
Türküstan.- 2019.- 10-16 dekabr.- S.24.