Azərbaycan Türklərinin istiqlal mücahidi

Mirzə Bala Məmmədzadə

 

əvvəli ötən sayımızda

 

Heç təsadüfü deyildir ki, M.Rəsulzadənin vəfatından sonra məhz Mirzə Bala Məmmədzadə Azərbaycan Milli İstiqlal Hərəkatının və Müsavat partiyasının rəhbəri seçilmişdi.

Dünya tarixinə yeni bir istiqamət verən 1917-ci il Rusiya inqilabları 300 illik Romanovlar sülaləsinin hakimiyyətinə son qoymasına, Rusiyada öncə müvəqqəti hökumət, sonra isə bolşevik hökuməti yaranmasına baxmayaraq, mərkəzdə olduğu kimi, ucqarlarda da bir hakimiyyət boşluğu yaranmış, və bu boşluqdan istifadə edərək Azərbaycan mili qüvvələrini və gəncliyini öz ətrafında birləşdirən Müsavat partiyası açıq fəaliyyətə başlamış, çox radikal bir mövqe tutaraq Rusiyadakı müsəlman xalqlar üçün demokratik cümhuriyyət tələbi ilə çıxış etməyə başlamışdı. Bu tarixi hadisələr Azərbaycan gəncliyini də hərəkətə gətirmiş, gənclər mili təşkilatlara üzv olmağa başlamış, məmləkət davasında can-başla mübarizəyə qoşulmuşlar. Mirzə Bala Məmmədzadə də məhz bu dövrdə Müsavat partiyasına daxil olmuş, partiya daxilində aktiv fəaliyyəti ilə partiyanın sayılan şəxsiyyətlərindən birinə çevrilmişdi.

Gənclərdən ibarət dəstələrlə Bakı ətrafı kənd və qəsəbələrə , neft mədənlərinə gedən Mirzə Bala, Sadiq Quluzadə, Piri Mürsəlzadə və Rza Zəki kimi yoldaşları ilə bərabər Rusiya yönümlü təşkilatlara, xüsusilə bolşevik və menşeviklərə qarşı təbliğat aparmış, nəticədə müsəlman fəhlələri də Müsavat partiyasına üzv olmuş, partiyanın işində fəal iştirak etməyə başlamış, mili mübarizəyə qoşulmuşdular.

Mirzə Bala 1918-ci ildə partiyanın gənclər cəmiyyətinin orqanı olan «Gənclər Yurdu» dərgisinin yönətim başqanı olmuşdu. O, «Açıq söz» qəzetinin 4 yanvar 1918-ci il tarixli sayında çap etdirdiyi «Azərbaycan çağırıyor» adlı yazısında Azərbaücan türk gəncliyini vətənin istiqlalı uğrunda mübarizəyə səsləyərək göstərirdi ki:

« Ey gənc Türklər! Bu gün Kəbeyi-müqəddəsiniz olan Vətəninizi azad ediniz! Bu gözəl ananız Azərbaycan zincirlərlə sarılmış uyuyor, onu qurtarınız! Əgər milli ədəbiyyat istiyorsanız yenə onu qurtarmalısınız. Əgər milli məktəblər istiyorsanız yenə onu qurtarmalısınız. Sizləri bir insan olaraq Vətən yaşadır. Sizin diliniz, sizin irs və namusunuz yenə Vətən içində salamat ola bilər. (Bax: Mirzə Bala Məmmədzadə, «Azərbaycan çağırıyor», «Açıq söz» qəzeti, 04.01.1918, səh.22-23)

Ümumrusiya Müəssislər Məclisini dağıdan, Zaqafqaziya Müvəqqəti hökumətini tanımayan mərkəzdəki bolşeviklərin Mərkəzi İcraiyyə Komitəsi Lenin və Stalinin imzaladıqları 13 nömrəli bir dekretlə Stepan Şaumyana, Kuznetsova və digər bolşeviklərə Qafqazda «sovetləşmə əməliyyatını» həyata keçirmək tapşırılmışdı. Stepan Şaumyana Türkiyədə rus ordusunun işğalı altında olan ərazilərdə Ermənistan dövləti yaratmaq səlahiyyəti də vermişdilər. Zaqafqaziya Komissarlığının tələbi ilə Tiflisdən çıxarılaraq yoldaşları ilə birlikdə Bakıya gələn Şaumyan burada öncə rus hərbiçilərinin və Daşnak partiyasının köməyi ilə ermənilərin türklərə olan düşmənçiliyindən bacarıqla istifadə etmiş, Bakı sovetini və bələdiyyə məclisini dəyişdirmiş, burada bolşeviklərin çoxluğunu təmin etmiş, Bakı şəhər idarəçiliyində çalışan Azərbaycan türklərini tutduqları vəzifələrdən uzaqlaşdırmış və beləliklə də Bakıda özünün rəhbərliyi altında bir sovet hökuməti qurmuşdu.

Ermənilərlə rus bolşeviklərini müsəlmanlara qarşı hücuma təşviq edən Şaumyanın başçılığı ilə 1918-ci il martın 30-dan aprelin 1-nə qədər Bakıda minlərlə günahsız müsəlman öldürülmüş, onların evləri yandırılmış, mağazaları talan edilmiş, Azərbaycan memarlığının nadir incilərindən olan «İslamiyyə» binası ermənilər tərəfindən yandırılmışdı. Müsəlmanlara qarşı təcavüz bununla bitməmiş, erməni-rus birləşmələri Azərbaycanın Şamaxı, Salyan Kürdəmir, Lənkəran, Quba və digər bölgələrinə hücumlar edərək qırğınlar, yanğınlar, talanlar törətmiş, tarixdə analoqu olmayan cinayətlər, soyqırımlar həyata keçirmişdilər.

Azərbaycanda baş verən bu siyasi hadisələr dövründə Mirzə Bala Məmmədzadə üzvü olduğu Müsavat Partiyasının tapşırığı ilə Zaqafqaziya Seyminin fəaliyyətində iştirak etmək üçün seymin mərkəzi olaraq seçilən Tiflis şəhərində olmuş, ictimai-siyasi fəaliyyətini burada davam etdirmişdi. Mirzə Bala Gürcüstanda Qafqaz Federasiyasının qurulması məqsədi ilə yaradılan təbliğatçılar qrupunun üzvü kimi fəaliyyət göstərərək Qafqaz Federativ Cumhuriyyətinin yaradılmasına çalışmış, Qafqazda birliyin, bərabərliyin qorunub saxlanması məqsədilə yaradılan Qafqaz Tələbələrinin Mərkəzi Komitəsinin rusca-türkcə yayınladığı aylıq Gənclər sədası dərgisinin önəmli yazarlarından biri olmuşdu.

Mirzə Bala Tiflisdə olduğu qısa müddət ərzində siyasi fəaliyyətlə yanaşı, orada nəşr edilən qəzet və jurnallarda vaxtaşırı Qafqaz xalqlarının tarixi, mədəniyyəti, ədəbiyyatı və adət -ənənələri ilə bağlı məqalələr yazmış, Qafqaz xalqları arasında birlik və bərabərlik yaratmağa çalışmışdı. O, Tiflisdə olduğu dövrdə «İki inqilab arasında» və «Bakı uğrunda mübarizə» adlı əsərlər yazmışdı. Müəllif «İki inqilab arasında» adlı əsərində 1905-1917-ci illər arasında Qafqazda və Azərbaycanda baş verən siyasi və ictimai hadisələri, o dövrdəki maarif, mətbuat, ədəbiyyat, teatr və dini məsələlərlə yanaşı, qadın haqlarından, xüsusilə də Azərbaycan türklərinin millət olaraq var olmasını davam etdirmək üçün vahid ideologiya ətrafında birləşməsini ən ümdə vəzifə kimi ortaya qoymuşdu.

Mirzə Bala 1918-ci ildə Tiflisdə yazdığı «Bakı uğrunda mübarizə» adlı əsərində Azərbaycanın o günlərdəki vəziyyətinə qısa nəzər salmış, Lenin tərəfindən Umumqafqaz Komissarlığına təyin edilən erməni Stepan Şaumyanın başçılığı ilə 1918-ci il 31 mart Bakı qırğınından, bu qətliamda 17 min məzum, silahsız, müdafiəsiz müsəlman – türk əhalinin ermənilər tərəfindən vəhşicəsinə qətliama məruz qaldığından, Bakının erməni-daşnak və bolşeviklərdən təmizlənməsində iştirak edən Türk əsgərlərinin qəhrəmanlığından bəhs etmişdir. Əsər xalq tərəfindən bəyənildiyindən 15 sentyabr 1919-cu ildə Azərbaycan Dövlət Teatrında ilk və son dəfə səhnəyə qoyulmuşdu. Təəssüflər olsun ki, Mirzə Balanın bu pyesi indiyədək əldə edilməmişdir. Əsərin yalnız tamaşasının proqramı Azərbaycan Dövlət Teatr Muzeyinin fondunda saxlanılır. Bu proqramda əsərin 21 personajının və rolları ifa edən aktyorların adları göstərilmişdir.

1920-ci ilin 27 aprelində Azərbaycanın ikinci dəfə ruslar tərəfindən işğal olunduqdan sonra qeyri-leqal fəaliyyət göstərən «Müsavat» partiyasına başçılıq edən Mirzə Bala Məmmədzadə istilaçılara qarşı mübarizə aparmaq üçün yaradılan gizli Milli Müqavimət Hərəkatının da sədri seçilmişdi. Milli Müqavimət Komitəsinin üzvləri gizli mətbəə yaradaraq «İstiqlal» adlı qəzet nəşr etməyə başlamışdılar. Bu dövrdə Mirzə Bala Məmmədzadə Azərbaycan Ali Xalq Təsərrüfatı Şurasında tərcüməçi və orta məktəbdə müəllim işləmiş, «Yeni yıldız» jurnalında Azərbaycan tarixinə dair silsilə məqalələr və 1922-ci ildə Bakıda «Azərbaycan türk mətbuatı» adlı əsərini çap etdirmişdi.

1923-cü ilin iyul ayında yerli sovet orqanları tərəfindən gizli çap olunan «İstiqlal» qəzeti mətbəəsinin yeri müəyyənləşdirilmiş, Müqavimət Komitəsinin və qəzetin nəşr olunduğu mətbəənin bütün işçiləri həbs edilmiş lakin Mirzə Bala Məmmədzadə imkan taparaq gizlənmiş, 1924-cü ilin may ayında Güney Azərbaycanın Ənzəli şəhərinə mühacirət etmiş, lakin ÇEKA agentləri tərəfindən təqib eildiyindən o, əvvəlcə Tehrana, oradan da Təbrizə getmiş, bir müddət Təbrizdə yaşadıqdan sonra texnikum məzunu olduğu üçün Cənubi Azərbaycanın Sulduz şəhəri ətrafında şosse yolu çəkilişində mühəndis-texnik vəzifəsində çalışmış, şəxsi evlərdə müəllimlik etməklə yanaşı, M.Rəzulzadənin redaktorluğu ilə İstanbulda nəşr olunan «Yeni Qafqasya» jurnalına məqalələr göndərmişdi.

Üç il Güney Azərbaycanda yaşadıqdan sonra 1927-ci ildə İstanbula gələn Mirzə Bala burada «Azərbaycan mibaqi-millisi: 28 Mayıs İstiqlal Bəyannaməsinin təhlili» və «Ermənilər və İran» adlı kitablarını nəşr etdirmiş, M.Rəsulzadənin redaktorluğu ilə nəşr olunan «Yeni Qafqasya», «Azəri Türk», «Odlu yurd» jurnalları ilə yaxından əməkdaşlıq etmiş, 1930-cu ilin əvvəllərində İstanbul Universitetinin hüquq fakültəsini bitirmiş, 1932-ci ildə Sovet ittifaqının tələbi ilə İstanbulu tərk etmək məcburiyyətində qalaraq Polşanın paytaxtı Varşavaya gəlmişdi.

1932-1939-cu illərdə Polşada yaşayan Mirzə BalaM.Rəsulzadənin redaktorluğu ilə Berlində nəşr olunan «İstiqlal» qəzetində (1932-1934) və «Qurtuluş» jurnalında (1934-1938) Azərbaycanın istiqlal probleminə həsr olunmuş xeyli məqaləsi çap olunmuşdu. Bu dövrdə onun həmçinin Berlində «Qurtuluş» jurnalının mətbəəsində «Milli Azərbaycan hərəkatı» adlı samballı kitabı nəşr edilmişdi. Onun «Müsavat» partiyasının nəşr etdiyi bülletenlərdə də rus müstəmləkə üsul-idarəsini ifşa edən xeyli miqdarda məqalələri çap olunmuşdu.

Mirzə Bala Məmmədzadə 1936-cı ildə Varşavada keçirilmiş «Milli Azərbaycan Müsavat Xalq Firqəsi»nin III qurultayında yaxından iştirak etmiş, 1939-cu ildə Polşanın Almaniya ilə sovet ittifaqı arasında gizli bölündüyü zaman o İstanbula dönərək «Milliyyət» və «Cumhuriyyət» qəzetlərində Rusiyada əsir olan türklər haqqında məqalələr yazmışdı.

1949-cu ildə Mirzə Bala Məmmədzadənin yaxından iştirakı ilə Ankarada «Azərbaycan Kültür Dərnəyi»nin əsası qoyulmuş, 1951-ci ildə onun «Azərbaycan tarixində Türk Albanya» adlı əsəri bu dərnək tərəfindən çap olunmuşdu. O, həmçinin Ankarada Azərbaycan Kültür Dərnəyi tərəfindən buraxılan «Azərbaycan» jurnalında Azərbaycan tarixi ilə bağlı xeyli məqalə çap etdirmişdi.

Mirzə Bala Məmmədzadə 1954-cü ildən etibarən Münhendə yerləşən SSRİ-ni Öyrənmə İnstitutunda çalışmış, bu institutda iki il elmi şuranın sədri, iki il də sədr müavini vəzifəsini icra etmiş, İnstitutda Azərbaycan türkcəsində nəşr olunan siyasi jurnalın baş redaktoru olmuşdu.

Öz yazılarında Mirzə Bala Məmmədzadə, «M.B.Məmmədzadə, Nuhoğlu, A.Kut, M.B.Daşdəmir, Əli Kutluk, Azəri, Sənan və Kamal» imzalarından istifadə edən Mirzə Bala Məmmədzadə 6 mart 1955-ci ildə Azərbaycan Milli İstiqlal Hərəkatının lideri, Azərbaycan Xalq Cumhuriyyətinin memarı, «Müsavat» partiyasının rəhbəri, xalqımızın böyük oğlu M.Rəsulzadənin vəfatından sonra Azərbaycan Milli Azadlıq Hərəkatının və «Müsavat» partiyasının rəhbəri seçilmişdi.

Mirzə Bala hələ Polşada olduğu dövrdə Varşavada Qara dənizli bir türk ailəsinin qızı olan Bahirə xanımla nişanlanmış, ikinci dünya müharibəsinin başladığı illərdə Türkiyəyə dönərək onunla evlənmiş, lakin bu evlilikdən övladları olmamışdı.

Bütün mənalı həyatını xalqının mili istiqlalı yolunda fəda edən, Azərbaycan azadlıq mübarizəsinin böyük və unudulmaz qəhrəmanlarından olan Mirzə Bala Məmmədzadə 8 mart 1959-cu ildə İstanbulda ürək xəstəliyindən vəfat etmiş və İstanbulun «Qaraca Əhməd» qəbristanlğında dəfn olunmuşdu.

Ruhu şad olsun.

 

Aydın Mədətoğlu QASIMLI

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Türküstan.- 2019.- 10-16 dekabr.- S.8.