Həyat yoldaşı: "Onlar ölümləri ilə

özlərinə hörmət qazandılar”

 

əvvəli ötən sayımızda

 

20 noyabr 1991-ci il tarixində Qarakənd faciəsi nəticəsində həlak olmuş daxili işlər naziri, general-mayor Məhəmməd Əsədovun həyat yoldaşı Məleykə Əsədova Modern.az saytına müsahibə verib. Məleykə Əsədova 30 ilə yaxındır Texniki Universitetdə dərs deyir. Onunla söhbəti təqdim edirik:

 

- Sumqayıtdan Bakıya köçməyimiz çox uzun olub. Sumqayıtda Məhəmməd Əsədov Şəhər Partiya Komitəsində (İndiki İcra Hakimiyyəti) işləyirdi. O, rus dilini çox yaxşı bilirdi. Özünə qarşı çox tələbkar və təmkinli idi. Belə adamlar çox az hallarda olur. O vaxt Sumqayıtın birinci katibi Kamran Bağırov onun işguzarlığını və ciddiliyini görmüşdü.  Onun köməyi ilə Məhəmmədi Ağsuya rəhbər göndərdilər. Orada Məhəmmədin necə çalışqan olduğunu gördülər və rəhmətlik Heydər Əliyev Məhəmməd Əsədovu Moskvada keçmiş DTK-nın məktəbinə oxumağa göndərdi. Təsəvvür edin ki, Sumqayıtdan getdik Ağsuya, oradan da Moskvaya. Həmin məktəbdə o, 2 il təhsil aldı. Onunla birgə həmin məktəbdə oxuyanlar SSR-i respublikalarının rəhbərlərinin birinci müavinləri idi. Vəzifə və yaş cəhətdən də ən kiçikləri Məhəmməd idi. Orada əsasən təhsil alanlar ruslar və yəhudilər idi. Onların da içində baş çıxarmaq, təhsil almaq hər adamın işi deyildi. Məhəmməd hara getsəydi, biz də onun yanındaydıq. O bizdən uzaqbaşı 1 həftə, 10 gün hansısa rayona işlə əlaqədar gedəndə tək qala bilərdi. Həmin rayona gedəndə oradakı evi təmir etdirərdi və bizi daha sonra gəlib ora aparardı.

Məhəmməd Əsədov Moskvada məktəbi bitirdikdən sonra təklif aldı ki, qalıb orada işləsin. O bu təklifi qəbul etmədi ki, Azərbaycana qayıdacaq. Azərbaycana gələndə hazırkı adı Dövlət Təhlükəsizlik Xidməti (DTX) olan qurumda işlədi. Ondan sonra Beyləqanda Məhəmməd Əsədovun işinə ehtiyac olduğu üçün ora göndərildi. Orada birinci katib vəzifəsində işlədi.

1986-cı ildə Məhəmməd Əsədovu Prezident Aparatına dəvət etdilər. O, Prezident Aparatında hüquq-mühafizə şöbəsinin müdiri oldu. Daha sonra onu Ağdaşa birinci katib göndərdilər.

Hansı rayonda işləyirdisə, həmin rayonun adamlarının Məhəmmədə çox böyük hörməti yaranırdı. Daha sonra onu Ağdaşdan Qubaya göndərdilər. Orada da bir müddət işlədi.  Məhəmmədi Qubadan Daxili İşlər Nazirliyinə (DİN) gətirəndə, qubalılar onlar az qaldılar ki, ağlasınlar. Biz həmişə Məhəmmədlə bir yerdə olmuşuq.

1990-cı ildəki 20 Yanvar hadisələri zamanı o, Qubada işləyirdi. Biz də hökumət evi ilə üzbə-üz binanın 15-cı mərtəbəsində qalırdıq. Həmin gün o zəng etmişdi. Mən dedim ki, Məhəmməd küçədə bir adam yoxdu. Arada küçələrdə çox sürətlə maşınlar gedir. Nəsə də deyirlər, anlamıram ki, ancaq nə deyirlər. Amma tək-tək maşınlar çox sürətlə gedirlər. Küçələr boşdu. Nə mənada sürətlə gedirlər? Elə bil ki təşvişdədi bu maşınları sürənlər. Nədi bu? O dedi ki, eyvana çıxma. Deməli,  tankların gəldiyi və hadisənin yaşandığı gecəymiş. Atırdılar. O bina da hündürdü axı, elə bilirdim ki, evin üstündən nəsə atırlar. O dedi ki, eyvana çıxma ha. Mən eyvana çıxmasam da, çalışırdım ki, küçəyə baxam, görən nə var orda. Maraq adama qalib gəlir axı. Onda hiss etdim ki, atışma gedir.

May ayında da Məhəmməd Əsədov daxili işlər naziri təyin olundu.    

 - Məhəmməd Əsədovun nazir olduğu vaxt Azərbaycan üçün heç də rahat dövr deyildi. Özü də narahat adam idi. Azərbaycan üçün narahatçılığın həmişə ifadə edirdi.  Biz bilirik ki, o vəzifə üçün yox, xidmət üçün Bakıya gəlmişdi.

- O bilirdi ki, respublikada təhlükə var. Gücünə inanırdı, bilirdi ki, gecəsini gündüzünə qatıb nəsə bir şey edə bilər. Sözümün canı odur ki, Məhəmməd nazir işləyəndə onun köməkçiləri deyirdilər ki, biz cavan oğlanlarıq, amma Məhəmməd Əsədov kimi gücümüz, enerjimiz yoxdu. Bu adam yorulmaq bilmirdi. 20 Noyabr hadisələrindən sonra onun köməkçiləri bizə gəlmişdilər. Qarabağla əlaqədar olaraq, bundan qabaq Moskvadan generallar Məhəmmədin yanına gəlibmiş. Köməkçiləri danışırdılar ki, Məhəmməd Əsədov həmin generalları necə məlumatlandırırdısa, onlar söz tapıb deyə bilmirdilər. Köməkçilərin sözlərinə görə, generallar onun kabinetindən çıxıb bunlara deyiblər ki, “siz onu qoruyun. O adam dahidir!”.

 - 20 noyabr hadisələri ərəfəsini necə xatırlayırsınız?

- Düzdür, mən demirəm ki, hissiyatım güclüdür. Amma bir ay qabaqdan mən nəsə narahatçılıq hiss edirdim. Hansısa hadisənin olacağı ürəyimə dammışdı. Elə bilirdim ki, mən öləcəm. Özümün yoxluğunu hiss edirdim. Ona görə də heç kimə bildirmədən böyük oğlum Natiqlə bir yerə gedəndə deyirdim ki, bacınız yoxdu, qardaşınla bir-birinizə diqqətli baxın, biri-birinizi qoruyun. Açıb deyə bilmirdim ki, mən özümü ölmüş hiss edirəm.

Həmin hadisələrdən bir ay əvvəl idi. Məhəmməd mənə dedi ki, get, şəkil çəkdir, diplomatik pasport alaq. Ola bilər, nə vaxtsa xaricə istirahət etməyə gedərik. Mən də dedim yaxşı. Sürücü ilə getdim şəkil çəkdirdim. Sənəd şəklindən əlavə, normal bir ölçüdə, şərfimi çiynimə atıb bir şəkil də çəkdirdim. Onu da nə üçün çəkdirdim deyim. Dedim neçə vaxtdır ki, hiss edirəm ki, ölə bilərəm. Axırıncı şəkilim bu olsun. Həmin şəkli mənim baş daşıma qoysunlar. Yəni ürəyimdə bunu fikirləşib çəkdirdim.

O günlərdə heç bilmirdim nə olacaq. Amma nəyinsə olacağını gözləyirdim. Deməli, həmin ərəfələr idi. Məhəmməd Qazaxda Ermənistanın daxili işlər naziri ilə görüşəcəkdi. Evdə belə bir söhbət oldu ki, erməni nazirlə görüşəcək, amma bilmir ki, görüş hansı tərəfdə olacaq. Dedi ki, istiyirəm onu Zəngilana çağıram ki, gəlib görsün ki, gözəl yerlərimiz var. Həm də gedib atamı da görərəm. Mən də söhbət zamanı dedim ki, nəyə lazımdır o ermənini gətirib gözəl yerlərimizi göstərəsən. Elə bil ürəyimə damdı ki, birdən oranı görüb işğal edərlər. Dedim o tərəflərə aparma.

O görüşü Qazaxda oldu.

Məhəmməd harasa gedəndə yanında mühafizəçi- filan aparmazdı. Təkcə köməkçiləri yanında olardı. Qayıdandan sonra mənə danışdı ki, Qazaxda erməni nazirlə görüşə gedib maşından düşəndə onlar şoka düşüblər. Dedi ki, maşından tək düşüb getdim. Amma onlar yığıb öz mühafizəçilərinə kimi gətirmişdilər. O gələndə dedi ki, mən ermənini məhv etdim. Öz sübutlarımla, qanuni işlərimizlə.

Məhəmməd divanda oturub televizora baxır və bu söhbəti edirdi.  Elə bu an evə zəng gəldi. Dedilər ki, sabah Qarabağa gedirsən. Dedi ki, protokolla mən orada olmalı deyiləm. Mən bir saat olar gəlmişəm. Amma əmr, əmrdi. O, getməliydi.

Məhəmməd divandan durdu. Təhlükəsizlik məqsədilə bir-iki yerə zəng etdi. Haraya zəng etdisə, heç kimi tapa bilmədi. Özü də bir az şübhələndi ki, bu nə gedişdi. Hiss etdi ki, burada anlaşılmazlıq və ya bir iş var. Həmin axşamdan səhərə qədər nələr çəkdiyimi bir Allah bilir. Başımın ağrısından səhərə yaxın yuxuya getmişdim. Neçə illər idi ki, ailə qurmuşduq. Amma Məhəmmədi birinci dəfə idi ki, həmin gün çay verməmiş işə yola salmışam. Evdən çıxan zaman gəldi məni oyatdı ki, dur, mən gedirəm, qapını bağla. Mən də yuxularımda nələr görmüşdüm. İstədim deyəm ki, Məhəmməd getmə. Amma elə bil ağzımı qıfılladılar. Deyə bilmədim ki, getmə. Həm də fikirləşdim ki, onsuz da gedəcək. Gəzməyə getmir ki, iş üçün gedir. Həm də burada Qarabağ, Ağdam söhbəti var. Onun qalması mümkün deyildi...

Nə isə...

Diplomatı götürdü və mənə dedi ki, saat 4-də qayıdacaq. Mən də özümdən asılı olmayaraq dedim ki, qayıtmayacaqsan. Bu sözü necə dedim, bilmirəm, ancaq dediyimdən də peşman oldum. Sonra mən getdim qapını bağladım. Ömrümdə birinci dəfə idi ki qapını bərk vurub bağlayırdım. Özümə yer tapa bilmirdim.

Kələm dolması bişirmək istədim.

Amma onu da tam bişirə bilmədim. Mən hələ elə bir iş olmayıb ki, onu başlayım və bitirməmiş əl çəkim. Saat 4-ün yarısı olardı. Məhəmmədin köməkçilərindən biri zəng elədi ki, Məleykə bacı, narahat olma Məhəmməd Əsədovgilin mindiyi vertolyot itib və onu tapa bilmirlər. Mən də dedim ki, vertolyot dənizin, okenın  üstü ilə  getmiyib ki, itə, onu tapa bilməyələr. Bir az keçdi, televizorda simfonik mahnılar səsləndirməyə başladılar. Artıq mənə məlum oldu ki, neçə vaxtdır keçirdiyim narahatçılıq budur. Televizorda dedilərki, vertolyot Qarakənddə ermənilər tərəfindən vurulub. O vaxtdan dünyamız, daxili aləmimiz dağıldı. İndiyə kimi Məhəmmədin yolunu gözləyirik.

Heç yadımdam çıxmır. Televizorda vertolyotun vurulması xəbərini kiçik oğlumuz Rasimlə birgə eşitdim. O vaxt Rasimin 11 yaşı var idi. Rasim özündən asılı olmayaraq, stolun başına dolanırdı, evin içində ora-bura qaçırdı. Onun hərəkətlərini sözlə ifadə edə bilmirəm...

 - Nəvələrinizdən Məhəmməd Əsədovun adını daşıyan var?

- Bəli, Nazimin oğlu Məhəmmədin adını daşıyır. Natiqin qızı isə mənim adımı daşıyır.

 - Övladlarınız atalarının yoxluğunu sizə göstərməmək, sizi ovundurmaq üçün hansı addımları atdılar?

- Mən Allahımdan razıyam ki, mənə elə oğullar nəsib edib. Bu, Allahın verdiyi bir nemət, Məhəmməd Əsədovun qoyub getdiyi bir irsdir. Uşaqlarım mənim bir sözümü iki etməyiblər. Heç vaxt onlardan narazı olmamışam. Atalarının yolunu davam etdirirlər. Çalışırlar ki, atalarının etdiyinin heç olmasa bir faizini edə bilsinlər. Biliblər ki, ataları oxumağa çox böyük diqət yetirib. Ona görə yaxşı təhsil alıblar. Natiq ilə Rasim hüquqşünas, Nazim isə həkimdir.

 - Söhbətimizin əvvəlində qeyd etdik ki, vertolyot qəzasında həlak olanların ailələri ilə görüşürsünüz. Necə və harada görüşürsünüz? Həyatda bir şey var ki, eyni dərd daşıyıcıları bir yerdə olanda özlərin ovundura bilirlər..

 - Elə olur ki, 20 noyabrda Şəhidlər Xiyabanına gələnlərin bəziləri evimizə təşrif buyururlar. Adi günlərdə də Vəli müəllimin xanımı Xalidə xanımla zəngləşirik, görüşürük. O, Elmlər Akademiyasında işləyir. Xəstələndiyi zaman mənim bir rəfiqəm var, onunla gedib Xalidə xanıma baş çəkirik. Mən adi günlərin birində süfrə açıb rəfiqələrimi yığmaq istəsəm, Xalidə xanımı da mütləq dəvət edirəm. Bir yerdə oturub, söhbətləşirik. İsmət müəllimin həyat yoldaşı ilə də zəngləşirik. Şuşanın katibi olmuş Vaqif müəllimin qızları ilə də hərdən görüşüb, zəngləşirik. Bir dəfə evə dəvət etmişdim. Çox sağolsunlar gəlmişdilər.

 - Bayaq dediniz ki, elə bilirsiniz Məhəmməd Əsədov ölməyib, sağdır. Demək həm də bu ailə onun nəzarətindədir. Onun dövründə hər şey necəydisə, indi də elə davam edir...

        -  Evimizi indi görürsünüz də... Məhəmməd burada olanda necəydisə, indi də elədi. Özü də gəlib kənarda baxsa, bunu görəcək. Heç nəyin yerini dəyişməmişəm və heç nə də almamışam. Həmçinin, o burada olanda necə dolanırdıqsa, indi də elə dolanırıq. Məhəmməd Əsədov bizi həddindən artıq təmin etməyib ki, indi də o, olmayanda bizə təsir etsin. Mən əvvəl də beləydim, indi də beləyəm. Heç bir artıqlıq, əskiklik yoxdur. Yalnız Məhəmməd Əsədov burada yoxdu. Qalan hər şey olduğu kimi qalıb. Bilmirəm fikrimi tam izah edə bildim, yoxsa yox...

(Müsahibə boyu özünü amiranə göstərən xanım kövrəlir, bunu bizə göstərməmək üçün gülümsəyir...)

- Məleykə xanım, həm noyabr ayında toyunuz olub, həm Məhəmməd müəllim general rütbəsini alıb, həm də vertolyot hadisəsi olub. Noyabr ayı sizin üçün nə deməkdir?

- Noyabrda çox gözəl işlər olub. O işləin çoxu hazırda da davam edir... Noyabr ayı yaxınlaşanda adamın içindən bir tufan qopur. Elə bil aləm dağılır. Həm xoş xatirələr, həm baş ucalığı, həm narahatçılıq. Hamısı yığışır bir yerə. Baş ucalığı odur ki, insanların hörmətini, Xiyabana axını görürsən. Ona görə də mən həmişə fəxr edirəm ki, Məhəmməd Əsədovun həyat yoldaşıyam. O, hadisələri, işləri hər gün yatanda gözümün qabağına gətirirəm ki, noyabr ayında belə bir günlərimiz olub. Bu da bir Allahın xoşbəxt günüdür. Hamı dünyadan köçəcək. Onlar ölümləri ilə də özlərinə hörmət qazandılar.

 - Dinə meyilli olduğunuz hiss olunur. Məhəmməd Əsədovun dinə münasibəti necə idi? Məsələn, namaz qılmağa, oruc tutmağa, ziyarətgahlara getməyə və s?

- O dövrdələrdə namaz qılmaq, ziyarətgahlara getmək söhbəti yox idi. Böyük vəzifə sahiblərinin, partiya işçilərinin, onların ailələrinin isə belə işə aid olması çox təhlükəli idi. Amma Məhəmməd Əsədov həmişə Allah adamı olub. Allah onun həmişə ürəyində olub. Özünün məscidə, ziyarətgaha getməyini o vaxtlar görməmişəm. Xanımların ziyarətgahlara getdiyini görsəydilər, problemlər yaranardı. Düzdür, mən şəhərdə getməmişəm. Amma Zəngilanda, Mincivanda olduğum müddətdə ailəmlə ziyarətgaha getmişəm.

Ailə həyatı qurandan sonra isə qorxa-qorxa gedərdim ki, Məhəmməd vəzifədədir. Məhəmmədin özü də bilirdi ki, mən ziyarətgaha gedəcəm. Özü də icazə verirdi.

 

Mirmahmud KAZIMOĞLU

 

Türküstan.- 2019.- 10-16 dekabr.- S.9.