Azərbaycan Türk fəlsəfəsindən
yarpaqlar:
Mirzə Möcüz
Şəbüstəri
III Yazı
Mirzə Əli Möcüz Şəbüstəriyə
görə, buğda yediyi üçün hər daim Allah tərəfindən
adı Quranda hallandırılan Adəmin bu rüsvaydan
qurtulması mümkün olmadğı halda, sıradan bir
müsəlmanın Yaradandan hər hansı istəklərdə
bulunması mənasızdır. Buradan belə bir nəticə
çıxarmaq olar ki, Şəbüstəri Allahın hər
şeyə qadir olmasına şübhə ilə
yanaşmışdır. Onun fikrincə, insanların Allahdan
bir şeylər gözləyərək yaşaması
gerçəkliyə uyğun deyildir. Əgər insan hər
bir işini özü görmək əvəzinə
Allahın iradəsinə bağlayırsa, o zaman gərəkdir
ki, can və mal təhlükəsizliyinin
də qayğısına qalmasın. Halbuki mollalar belə,
Allahın hər şeyə qadir olduğunu dilə gətirsələr
də, can və mal təhlükəsizliklərinin qayğısına
qalmağı da unutmurlardı. O, yazırdı:
Dedi:
Risalə oxursan? Dedim: Hesab oxuram!
Dedi:
Hesab deyil, şəxsə din lazımdır!
Dedim ki: Dini nə saxlar?
Dedi: Müsəlmanlıq!
Dedim:
Xeyr, iki yüz min süpahi-mübin lazımdır!
Dedi: Cəfəng
danışma, xudadi hafizi-din,
Bizə nə topçu, nə sərbazü zərrəbin
lazımdır.
Dedim:
Neçün qapuvi bağlısan yatan vaxtı?
Demək sənə gərəvü, əngəbün
lazımdır.
Qapuvi
qoysan açıq, düzd olar evə daxil,
Aparsa malı, səhər şüruşin
lazımdır.
O,
“Olmuşam” şeirində isə açıq şəkildə
yazırdı ki, bu cür müsəlmanlıqdan nifrət edərək
insanlıq anlayışını qəbul edir. Çünki o, müsəlmanlığı daha
çox zahiri anlamda qəbul etmişdir. O,
yazırdı:
Nə
qızılbaşəm, nə fərraşəm, nə hakim,
saqiya,
Bir
soruş məndən: Nəçün bəs mən müsəlman
olmuşam?
Buğdaya
sarı dedim qıra qara dedim, şirə sifid,
O cəhətdən
mən belə bidünü-iman olmuşam.
Bimürvvət
görmüşəm bəs ki, müsəlman firqəsin,
Etmişəm nifrət müsəlmanlıqdan, insan
olmuşam.
Şəbüstəri başqa bir şeirində isə
açıq şəkildə yalnız müsılmanlıq
deyil, bütün dinlərdən nifrət etdiyini ortaya qoyur,
üstəlik həmin dinlərin yaradıcınının
özünü, yəni Yaradanı belə tənqid edir. Allahın özü tərəfindən
yaradılmış insanların niyə bu qədər
zülm çəkməsinə haqq qazandıra bilməyən
Şəbüstəri hesab edirdi ki, əgər Allah hər
şeyə qadirdirsə və hər bir şey onun iradəsi
altındadırsa, o zaman Yaradan niyə
yaratdıqlarının qayğısına qalmaq əvəzinə,
onları zülmə düçar etmişdir. Halbuki
Allah özü bu qədər xəyanətlərə məruz
qalsaydı, buna dözməz, bir tədbir görərdi.
O, yazırdı:
Fəraqi
mən yaratseydim, məni daşlardı övrətlər,
Sənə
çatmır gücü xəlqin, tükəndü səbrü
taqətlər!
Hürər,
narahət eylər, gah dişlər, incidər xəlqi;
Demax
olmur ki: Ey adil, nəyə lazımdı bu itlər?
Tökərdin
birənin qanın, kəsərdin kəhlənin nəslin,
Əyər
bir yol səni bədxab edəydi o xəyanətlər!
Mütəfəkkir şairmiz hesab edirdi ki, Allah bir tərəfdən
yaratdığı insanın qayğısına qalmayıb
onun zülmlərinə göz yumduğu halda, digər tərəfdən
insanlar üçün göndərdiyi peyğəmbərlər
də ziddiyyətli fikirlərdən çıxış
etmişlər. Belə ki, Allah bir peyğəmbərə
verdiyi bir vədi, başqa peyğəmbərə fərqli
şəkildə yenə də təkrar etmişdir. O,
yazırdı:
Deyir
Musaya bir söz, söyləyir İsayə bərəksin,
Ona dana deyim, ya sərsəri, ey bifərasətlər?
Pəs
etdi miri-dərbari rəvanə kuhi-hürrayə,
Ərəb
məbusinə ruhi-əmin verdi bəşarətlər.
Üruc
etdi mələk əflanə, Əhməd şəhri-bəthayə,
Yetirdi Əhmədə bisimü telfunilə ayətlər.
Genə
qanlar töküldü, beydəqi-üsyan qovzandı,
Bəraət surəsində oldu çün murdar millətlər.
Deyir
Tovratidə: Cənnət sizindir, ey yəhudilər,
Yaranmış
məhz sizdən ötrü ol ali imarətlər!
Edir
İncilidə kafər yəhudi millətin yeksər,
Deyir
İsaviyə: Qorxmun, sizin malizdi cənnətlər!
Deyir
Quranda bipərva: Cəhənnəm əhlidir tərsa,
Müəslmandır
mənim dostum, onundur nazü-nemətlər!
Beləliklə, Şəbüstəri yalnız dinlərə
münasibətdə kəskin mövqe tutmur, bununla da
bütün dini, sinfi, irqi ayrı-seçkiliyi bir kənara
qoyaraq “insanlıq” vurğusunu ortaya qoymağa
çalışırdı. O, yazırdı:
Biz
insanıq əgər, olmaz bu cür insani dirrəndə,
Nə insan? Bəlkə bizdən yaxşıdır, kürkani dirrəndə,
Əgər
hökmən “biz insanıq”deyər əyani dirrəndə,
Gərək
onlar da hökmən əl çəkə izadən, ey saqi!
Ola bilsin ki, onun dini, sinfi, irqi ayrı-seçkiliyi qəbul
etməyərək “insanlıq” fəlsəfəsi üzərində
dayanmasında da dövrünün beynəlmiləlçi sosial-demokrat
ideyasının müəyyən təsiri olmuşdur. Hər halda dünyanın səadət
gülşəninin solmasını insanlar, cəmiyyətlər
arasındakı ziddiyyətlərdə, müharibələrdə
görən Şəbüstəri bu ədavətə son
qoyub adamları bir-birlərini sevməyə
çağrırdı:
Səadət
ölməz hərgiz həmzəban olsa məhəbbətlə,
Səadət
istisən – həmnövüvi sev pak niyyətlə...
Onun fikrincə, səadət pak olub ondan qaçan insan
günahkardır. Əgər insanlar özünü doğru aparıb
oğruluqdan, haqsızlıqdan yan qaçsalar, ən əsası
“səadət” kəlməsini nadandan deyil, müdrikdən,
xüsusilə də İsa peyğəmbərdən öyrənsələr,
o zaman dünyanın düzəni də dəyişər. O,
yazırdı:
Səadət
pakdir, ondan qaçan insan müqəssirdir,
Aparsa
düzd xəlqin kisəsin, ajan müqəssirdir,
Səadət
kəlməsin təfsir edən nadan müqəssirdir,
Onun təfsirin
öyrənsin gərək İsadən ey saqi!
Deməli, insanlıq fəlsəfəsinin mənimsənilməsi
naminə Şəbüstəri yalnız İslam dinindən,
onun peyğəmbərindən deyil, eyni zamanda xristianlıqdan
və onun peyğəmbəri İsadan da öyrənməli
çox şeyin olduğunu etiraf edirdi.
Eyni zamanda o, insanlıq fəlsəfəsinin yalnız
dinlər əsasında izahının da əleyhinədir. Onun fikrincə, bütün
hallarda bu dünyada müvəqqəti yaşayan insan
üçün vahid dinə inam mümkün
olmadığı qədər, vahid əxlaqdan, vahid ideyadan,
vahid ümiddən da söhbət gedə bilməz:
Hər
işdə bir ümid ilə insan yaşar, gedər,
Nikü bədə
baxılmasa, hər iş aşar, gedər.
Var ixtilaf
təbidə, əxlaq bir deyil,
Hər kəs
bir özgə iş dalınca qoşar, gedər...
Dünya
seyrgahdır, hər kəs gələr, gəzər,
Bir nik-nam qalsa qalar, simü zər gedər.
Deməli,
insanın varlığı və yoxluğu məsələsində
“Dünya”nın da kifayət qədər
yeri və rolu vardır. İnsan dünyada
yaşayır və ölür ki, öləndən sonra bədəni
də dünyada qalır, torpağa qarışır.
Başqa sözlə, insan bu dünyada nə qədər
bünövrəsini möhkəm etməyə
çalışsa da, axırda dünya yenə də onu
yıxır və özünə çəkir:
Keçər,
gedər sənəvatı şühuri dünyanın,
Misal əbri ləyal suhuri dünyanın.
Bu gün
ki, çıxdı başa, bir gün ömürdən
getdi,
Həmişəlik deyil eyşü süruri
dünyanın.
Soruş,
desin sənə bir-bir keçənlərin halın,
Qərayü gurdə Bəhram Guri dünyanın.
Dağıtdı
kəlleyi Kavusi qəbrdə həşərat,
Qarışdı torpağa kibrü qüruri
dünyanın.
Edər
sümüklərivi sürmə aliyat cahan,
Tənavül eylər ətün marü-muri
dünyanın.
Bünövrəni
nə qədər möhkəm eylisən, eylə,
Təkan
verəndə yıxar, çoxdu zuri dünyanın!
Şəbüstərinin dünyagörüşündə
qadın azadlığı da mühüm yer tutmuşdur. Möcüz
çadranın əleyhinə çıxaraq qadınlara cəmiyyət
daxilində kölə kimi baxılmasını əsla qəbul
etmirdi.
Möcüzün
fikri budur – yırtın o gen tumanları,
Harda
görsəz düryəli, başın əzin toxmaq ilə!
Möcüzə
görə, bir gün qadınlar da, elə kişilərin
özü də mədəniyyət sübhi ilə oyanıb tərəqqi
edəcəklər ki, o zaman nə kişilərin
saqqalını qırxmasına, nə də qadınların çadrasız gəzməsinə
pis baxmayacaqlar:
Mən
saqqalı, sən zülfü həna ilə boyarsan,
Verrux o zaman əl-ələ, bulvarı dolannux.
Möcüz
utanır, qırıxmır saqqalı deyirlər,
Yox!.. Bizdə həya olsa, cəhalətdən
utannux!
Vaizlərin
qadınların “Yusif surəsini” oxumamaları tövsiyəsini
gülünc bir şey adlandıran Möcüzə görə,
əgər Quranı Allah ərəblərə nazil eləyibsə,
o zaman ərəb qadınları da bu surəni təlavət
edəndə onun mahiyyətindən xəbərdar
olmalıdırlar. Əks təqdirdə belə
anlaşılar ki, Allahın kəlamı qadınları zəlalətə
salmaq üçün göndərilib. O, yazırdı:
Bu surəni
təlavət edəndə ərəb qızı,
Bilməz məgər nə yapdı Züleyxayi-məhliqa?
Salmaz xuda
kəlamı ünası zəlalətə,
“Təhzib
xülq” üçündü o tarixi-ənbiya!
Eşqin
sonu, bilər ki, nadamətdir, iftizah,
“Vəstəqrəni lizənbikəni” övrət
anlasa.
O,
“Qızlar” adlı şeirində də göstərmyə
çalışırdı ki, qızların elm və təhsil
alması, heç də oğlanlardan az əhəmiyyətli
deyildir. O, yazırdı:
Cəmalin
hər zaman ayinədə təzyin edər övrət,
Neçin əxlaqini etməz müzəyyən elm ilə
qızlar?
Cəhalət
bəhri-bipayandi qərq eylər sizi axir,
O dəryadən
gərək elm ilə çıxsın sahilə qızlar!
Oxuyub
yazmayan insan olar namərhəmə möhtac,
Gedib əyləşməz əğyar ilə, gər
yazmaq bilə qızlar.
Savadız
olsa, olmaz hiç kəs əsrarizə vaqif,
Savadız
olmasa, sirriz
düşər dildən-dilə, qızlar.
Peyğəmbər
əmr edib təhsil etmək gülli-ziəqlə,
Gərək
əhsli-savad olsun təmamən aqilə qızlar!
Şəbüstəri göstərməyə
çalışırdı ki, İslam dinində
qızların təhsil almasını qadağan edən bir
surə, ayə, ya da hədis yoxdur. Üstəlik, peyğəmbər
özü də əmr edib ki, kişi və
qadın olmasından asılı olmayaraq bütün müsəlmanlar
təhsil almalıdırlar. Ancaq vaizlərin, ruhanilərin təbliğatı
nəticəsində xalq əlinə çubuq alan
qızları deyil, əlinə qələm alanlara tənə
edirlər:
Çubuq
alsa ələ qızlar məzəmmət eyləməzlər
heç,
Vurarlar tənə yüz yerdən qələm alsa ələ
qızlar.
Gecə-gündüz
işi qeybət o cahil qızların, Möcüz!
Əgər vaiz qoya, məşğul olarlar elm ilə
qızlar.
O,
başqa bir şeirində isə ironiya ilə yazırdı
ki, qızın məktəbi “mətbəx”, ustası da
“qazança”dır. Başqa sözlə,
qıza məktəb “yaraşmaz” deyən mütəfəkkir,
əslində qadınların təhsil almasının
qatı tərəfdarlarından biri idi. O, “Bacılar”
şeirində deyirdi ki, qadın bir sözünü başqa
diyarda olan ərinə çatdırmaq üçün
hansısa mirzəyə möhtac olurdu. Çox
vaxt da, qadın istədiyi bir sözünü mirzənin
yazdığı məktub vasitəsilə ərinə
çatdırmaqdan utanmış, çəkunmişdir.
O, yazırdı:
Zibəs
ki, təngə düşər qəlb, razıyam, buna ki,
Gedim cəhənnəmə,
əmma kağız yazım, bacılar!
Oxur,
yazır hamı millət xanımları, lakin,
Əlif
görəndə dirək zənn edir bizim bacılar!
O, “Bəzək”
şeirində isə yazırdı ki, qadınlar
qır-qızılları, ləl-cəvahirati ilə deyil,
savadlılığı, elmliliyi ilə fəxr etməlidir. Şəbüstəri ancaq yuxusunda görür ki
vaiz deyir ki, “İran” qızları camallarını
açsın, ölkə işıqlansın. Ancaq o, yuxudan oyanıb vaizə deyəndə ki,
oğlanlar kimi qızlar da yazı yazmağı öyrənməlidirlər,
şeyx onun sözünü yarımçıq kəsərək
bunun mümkün olmadığını deyir. Bu məqamda
Nadir şahın meydanda olmasını arzulayan Şəbüstəri
yazırdı:
Səni
verrəm qəzəm binti Rəsulallahə, ey vaiz,
Büsati-cəhli
yıx, qoy aləmi-nisvan işıqlansın!...
Cəsarətlə
qədəm qoy ərseyi-meydanə, ey Nadir,
Qılıncın eylə üryan, ərseyi-meydan
işıqlansın.
Düşüb
zindani-cəhlə Yusifi-Gümgəştə müddətdir,
Züleyxa,
aç cəmalin, guşeyi-zindan işıqlansın!
Şəbüstəri yazırdı ki, peyğəmbər
özü belə elm-təhsil almağı qadınlara fərz
buyurduğu halda, mollaların onun bununla bağlı hədisini
nəzərə almamaları doğru deyildir. O, yazırdı:
Tələbi-elm
edib fərz peyğəmbər dişiyə,
Lakin
axundlar atıbdır bu hədisi eşiyə,
Nameyi gəlsə
ərindən, oxuda yad kişiyə,
Verə namərhəm ilə baş-başa xəlvətdə
gərək.
Ona görə, bir ailədə qız
uşağının dünyaya gəlməsini qaşqabaqla
qarşılamaq nadanlıq, avamlıqdır. Çünki
insan nəslinin artımının birinci səbəbkarı
qadınlardır. O, yazırdı:
Qız
doğsa xanım, qaşqabağın salalsa xan,
Aqil deyil,
divanədir, əhməq, nadan!
Qızdır
səbəb bəqai nəsli insan,
Ey xan, səni qız doğub, nəinki oğlan.
Beləliklə, Mirzə Əli Möcüzün
yaradıcılığında da, müsəlmanların avam
və cahillikdən, elmsizlik və biliksizlikdən
qurtulması, despotik hökmdarlar və ikiüzlü din xadimlərinə
qarşı mübarizəsi və milli birlik, milli
oyanış fəlsəfəsi əsas yer tutmuşdur.
Möcüz müsəlmanların,
soydaşlarının geriliyinə əsas günahkar kimi
yalançı ruhaniləri və millətpərəstləri
görürdü. Onun fikrincə, nə vaxta qədər
ki, islamın adından çıxış edən ruhanilər,
hacılar və mollalar var, islam ölkələrinin
tərəqqi etməsi mümkün olmayacaqdır. Ona görə
də ilk növbədə, onların iç
üzünün açılmasını və ifşa edilməsini
əsas məsələlərdən biri hesab etmişdir. Ancaq bütün bunlarla yanaşı, o, haqlı
olaraq yazırdı ki, müsəlmanların ruhanilər və
mollalar tərəfindən aldadılmasının əsas səbəbkarlarından
biri də özləri, yəni əksər müsəlmanların
cahil və nadan olmalarıdır. Əgər müsəlmanlar
islamın əsl mahiyyətindən xəbər tutsalar, eyni
zamanda dünyəvi elmləri öyrənsələr bu zaman
Qərb millətləri kimi, tərəqqi edər və dünyada
özlərinə layiq yeri tutarlar.
AMEA Fəlsəfə İnstitutunun
aparıcı elmi işçisi, dosent,
fəlsəfə üzrə fəlsəfə doktoru
Faiq Ələkbərli
Türküstan.- 2019.- 17-31 dekabr.-
S.6.