İşdi-qəzadı,
….ölsəm,
Sənə bağışlayaram
ulduzlarımızın barışmadığı
bütün zaman kəsiklərini…
Nəfəslərin toxuna biləcəyi
hər yer Vətən sayılar…
İndi
hardasa, çox uzaqlarda
qara dərili nurani bir qoca
pəncərə önündə
öz nəfəsiylə
toxunaraq tərlədiyi
şüşəyə tapşırır
canını…
Vətənə tapşırır canını
Səni
inandırmağa and içirəm,
İlahi,
And olsun, arzuların
fəzada intihar etdiyi zaman kəsiklərinə,
Bu kəsiklər öz çoxluğu ilə diş ağardır sənə…
…və yenə çox uzaqlarda bir körpə üşüyür,
…və yenə demək istəyirəm ki,
və yenə demək istəyirəm ki:
və yenə demək istədiklərim
sinəmdə düyün
düşür…
…və sənə bağışlayıram
ulduzlarımızın barışmadığı
bütün zaman kəsiklərini.
***
Başımda şeir havası
Şeirdəhavasızlıqmış
Dünyada ən isti yuva
Sən demə yuvasızlıqmış
Bu otağın istisi yox
Bu evin damı üşüyür
Əyni
qalın bu dünyada
Bəs niyə
hamı üşüyür.
Tanrım
bir azca ütülə
Palı-paltarı qırışdı
Bu dünya bir az nahamar
Bu dünya bir az yoxuşdu.
Hamının əli uzalı
Bir tikə ümid almağa
Tanrı
məni apar nolar
Bir tikə ümid olmağa
Seyran İsmayıl
Türküstan.- 2019.- 17-31 dekabr.-
S.23.