“Musiqi bir ilahi eşq,

bəyanagəlməz sevgidir...”

 

Müsahibimiz Amerikada yaşayan Güneyli sənətkar Əli Haqşünasdır.

 

Əli Əhməd oğlu Haqşünas 1961-ci il aprelin 30-da Təbriz şəhərində, çoxuşaqlı ailədə dünyaya gəlib. 2000-ci ildən Amerikanın Texas Ştatının Huyston şəhərində yaşayır. Özü kondisioner mütəxəssisi olsa da, klassik musiqimızin, bəstəkar və xalq mahnılarımızın vurğunu, məşhur qarmon ifaçısıdır. Əli bəy 1989-1995-ci illərdə Fərşbafın məktəbində qarmon dərsi deyərək, bu ecazkar musiqi alətinin, zəngin xalq musiqimizin sirrlərini gənclərə öyrətməklə məşğul olmuşdur. Eyni zamanda, 200 səhifəlik “Qarmon məktəbi” adlı kitab yazaraq, tərtib etdiyi bu əsərdən özü dərs dediyi məktəbdə istifadə etmişdir...

Daha ətraflı Əli bəylə müsahibəmizdən oxuyacaqsınız.

 

-Salam, Əli bəy. Xoş gəlib, səfa gətiribsiniz Azərbaycanımıza. Bir qədər özünüz haqqında məlumat verərdiniz oxucularımıza. Kimsiniz? Nəçisiniz? Amerikada nə işlə məşğulsunuz?

-Mən özüm Təbriz doğumluyam. Atam Əhməd Haqşünas Həştərxanda doğulub. Sonra Təbrizə gələrək, orada məskunlaşıb. Anam Südabə xanımın isə əsli Gəncədəndir. Onun da babaları Təbrizdən gəlmədirlər. 20 il bundan əvvəl İrandan Amerikaya getmişəm ailəmlə birgə. Hazırda ABŞ-ın Texas ştatında yaşayıram. Özüm kondisioner ustasıyam. Həyat yoldaşım, oğlum, gəlinim və nəvəm var. Oğlum ortopedik cərrahdır. Təzəlikcə - bir ay olar, nəvəmiz də olub. Adını da Sofiya qoymuşuq. 3 il qabaq həyatımızda böyük bir faciə baş verdi: qızımızı əldən verdik. Çox ağır anlar yaşadıq. Sofiyanın dünyaya gəlişiylə həyatımıza yeni nəfəs gəldi, şənlik qayıtdı.

-Əli bəy, biz sizi musiqiçi kimi, daha dəqiqi, qarmon ifaçısı kimi tanıyıb-sevsək də, peşənizdən söz düşəndə dediniz ki, əslində siz musiqidən uzaq bir sahənin mütəxəssisisiniz... Kondisoner və qarmon! Bunlar arasında nə kimi əlaqə var? Havanı dəyişmək, yəni qızdırıb-soyutmaq məqsədilə istifadə olunan aparat və insana xoş ab-hava, ülvi hisslər, romantik əhval-ruhiyyə bəxş edən bənzərsiz musiqi aləti – qarmon! Amma siz bu aparatların hər ikisiylə əsl sənətkar diliylə danışmağı, sənətkar əliylə onları dilləndirməyi çox sevir və bacarırsınız. Bunun sirrini bilmək istərdik.

-Amerikada kondisioner işi ilə məşğulam. Texas Ştatı çox isti və rütubətli bir yerdir. Ona görə də kondisonerin hər yerdə olması şərtdir. Qışda orada peçsiz, sobasız keçinmək olar, çünki çox soyuq olmur. Lakin yayda kondisionersiz beş dəqiqə belə dözmək olmur. Hər evdə olması vacibdi. Orda kondisioner quraşdırmaqla məşğulam.

Qeyd etdiyiniz kimi, başqa məşğuliyyətim və sevimli işim isə musiqidir. Mən elə doğulandan, özümü tanıyandan musiqi vurğunuyam. Musiqi mənim üçün ötəri bir həvəs, yaxud hobbi deyil. Bu, bir ilahi eşqdir, izaholunmaz sevgidir. Qarmon müəllimim olmayıb mənim. Özüm öyrənmişəm bu alətdə çalmağı, özü də çox qısa müddətə. Təbrizdə o zaman qarmon deyilən bir alət yoxuydu, ancaq biz televiziyalarda görürdük onu. O boyda Təbrizdə bircə dənə də olsun qarmon tapammazdın. Bir akkordeon çalan vardı bizim zamanda. Qarmona sevgi o qədər güclü idi ki, həvəskarlar akkordeonu qarmon kimi çalırdılar. Səsi düzgün olmasa belə, onu yamsılayırdılar.

-Bəs sonra? Necə oldu ki, məhz qarmonu seçdiniz? Hiss olunur ki, bu ecazkar musiqi alətinin sizin həyatınızda önəmli yeri var...

-Həqiqətən də, qarmona mənim mənəvi ehtiyacım vardı – o zaman da, indi də. Onu ifa edəndə ruhən sakitləşirəm, aram oluram. Gündüz gedib işləyirəm, işləyə-işləyə başımdan bir hava keçir. İşləyəndə də elə beynimdəcə çalıram. Qayıdıb evə, tez qarmonu götürürəm ki, görüm gündüz beynimdə dolaşan havaları çala bilirəmmi?...

- Yəqin ki, evinizdə də musiqini çox sevirdilər...

-Xeyr, ailəmizdə atam musiqiyə qarşı idi. Anam isə musiqi sənətini bütün varlığıyla sevərdi. Mən musiqi sevgimi, zehnimi, istedadımı anamdan almışam. O zaman ki imkan və şərait vardı, musiqi ilə məşğul olmağa, onda mən kiçik idim. Sonradansa inqilab oldu, qadağalar-filan, lakin heç nə mənim ürəyimdəki musiqi sevgimi söndürə bilmədi, əksinə...

-Ananız musiqini sevirdi, deyirsiniz. Oxuyurdu, yoxsa çalırdı ananız?

-Yox, çalmazdı, anam oxuyardı.

-Yadınızdadırmı, adətən nə oxumağı xoşlayardı?

-Necə yadımda olmaya bilər?! Anam nisgil, həsrət dolu mahnılar oxuyardı. Dediyim kimi anamgilin ailəsi Gəncədəndir. Əvvəlcə Təbrizə köçmək məcburiyyətində qalan ailə yenidən Gəncəyə qayıtmalı olur 1945-ci ildə. Anam da elə o vaxtdan ayrı düşmüşdü doğmalardan. Sovetlər zamanıydı. O vaxtın qadağalarını dillə demək mümkün deyil. Anamdan savayı bütün doğmalarımız Gəncəyə köçmüş, təkcə anam ailə həyatı qurduğu üçün Təbrizdə qalmağa məcbur olmuşdı. Bu minvalla anam 30-40 il ana-bacı üzünə həsrət qaldı. Heç bilmirdi hardadılar, itirmişdi yəni onları. Buna görə də, içində daim bir həsrət, nisgil, qəm dalğası vardı. Anam bu dərdini biz uşaqlarına bildirməməyə çalışardı həmişə. Mən onu neçə dəfə bir bucaqda oturub ağlayanda tutmuşdum. Yanaşıb soruşanda demişdi ki guya, heç nə, heç bir şey olmayıb. Ürəyim tutulmuşdu, nəsə qırılmışdı içimdə. Sonralar öyrəndim və anladım ki, bizim bütün tayfa o tərəfdə, şimaldadır.

-Sonradan axtarıb-tapdınızmı qohumlarınızı, əzizlərinizi?

-Bəli, tapdıq. O vaxtlar belə əlaqələr yox idi. Biz soraqlaşıb, axtarıb bu taya gələnlərin birindən onların ünvanını əldə edə bildik. Mən çox gənc idim onda, uşaq idim. Gedib oturub başladım kiril əlifbasını öyrənməyə. Anamın dilindən qohumlarımıza məktub yazdım. Onlardan cavab gəldi. Mən olmuşdum yenidən tapışmış bu əzizlər arasında əlaqələndirici, mütərcim.

-Görüşə bildimi ananız öz yaxınlarıyla?

Görüşdülər, çox şükür. Sovet zamanında adamlara 60 yaşdan keçəndən sonra icazə verirdilər görüşməyə. Belə ki, izn verirdilər 3 aylığına ölkədən çıxsın. Bundan istifadə edərək, ən böyük xalamı Təbrizə dəvət elədik. Sənədləşmələr, konsulluq işləri-filan, dəvətnamənin zamanı uzandıqca uzandı. Nəhayət, 2-3 ildən sonra illərin həsrətlilərinin çoxdan gözlənilən bu görüşü baş tutdu. Xalam gəldi bizə, anamla görüşdü... Bir qədər qalandan sonra geri qayıtdı, sonra Gəncədə rəhmətə getdi.

-Dissident şairimiz Almas İldırım öz qürbət yanğılarını bu misra ilə qəlbinə gömmüşdü: “Ah, unudulmuş Vətən, ah, yazıq Vətən!” Param-parça olmuş Vətənimizin hər bucağında nigaran ruhlarımız inləməkdədir. Həştərxanda – atanızın doğulduğu torpaqda olmusunuzmu heç? “Vətən” anlayışı nə deməkdi, sizə görə? Burada özünüzü necə hiss edirsiniz?

-Yox, Həştərxanda olmamışam. Hazırda bizim orada heç kəsimiz yoxdur. Mənə məlum olan bir budur ki, atam orada anadan olub. Atam öz sağlığında getmiş, heç kəsəsini tapammayıb, qayıdıb peşman gəlmişdi geri.

“Vətən”in mənası mənim üçün fərqlidi. Bəlkə çoxlarına xoş gəlməyə bu fikirlərim. Türklərin belə bir sözü var: “Vətən insanın doğduğu yer yox, doyduğu yerdir”. Mən bununla razıyam. İranda, Təbrizdə doğulub böyümüşəm. Nankorluq eləmirəm, ora mənim ana torpağımdı. Amma orda mən istədiyim hər nəyi – maddi, mənəvi – tapa bilməmişəm. Buna görə də, oradan qaçmışam. Münasibətlər qaydasında olmadığı, haqqın pozulduğu halda, istəməyə-istəməyə Vətəni tərk etməyə məcbur olursan. Gedirsən elə bir yad yerə ki, səninlə heç bir ortaqlıq yoxdu, doğmalıq yoxdu, kimsəni tanımırsan, lakin ora sənə qucaq açır, çörək verir, səni ayağa qaldırır. Sənə əziz olur, əzizləyir səni. Bu mənada, mən dünyanı Vətən bilirəm özümə. İnsanla torpağın münasibəti olmalıdır. Doğmalıq yaranmalıdır insanla torpaq arasında. Bir yerə xətt çəkib: “Bura mənim Vətənimdir, ora mənə yaddır, düşmənimdir”, - demək olmaz. Torpaq hər yerdə müqəddəsdir. Torpaq bəşəridir. Olduğu yerə insanın sayğısı, hörməti olsa, nankorluq etməsə, o yer elə Vətəndir. Xəritənin üstündə baxırsan ki, işarə qoyulub: “Təbriz”, “Bakı”, “Nyu-York” və s. Bu işarələnmələr şərtidir. Bunlar hamısı siyasi sərhədlərdir. Ancaq insan ruhunu sərhədlərə salmaq olmaz. İnsan xətt çəkib özünə aid etdiyi torpağın sərhədini keçərkən orada hər bir cinayəti edir ki, nə var, nə var, ora mənim torpağım deyil, ora yaddır. Belə şey olmamalıdır.

-Bununla belə, hər tətildə, hər fürsətdə qaçıb gəlirəm Bakıya, deyirsiniz. Niyə məhz Bakıya?

-Çünki musiqinin ən böyük xəzinəsi buradadır. Burada hər qayadan, hər daşdan, torpaqdan belə musiqi səsi gəlir. 1992-dən bəri hər fürsətdə gəlirəm Bakıya.

-Bakıda dostlarınız çoxdurmu?

-Bəli. Mən bu cəhətdən çox zəngin adamam. Hər gün dostlarımın sayı artır. Görürsünüzmü, bu dəfə sizinlə də dost olduq, doğmalaşdıq. Həyat yoldaşınızı da çox xoşladım, olduqca mədəni, səmimi insandır.

-Amerikaya getmə səbəbinizi elə bilirəm tam açıqlama imkanımız olmadı...

-Səbəbi aydındır: uşaqların gələcəyi üçün bir ümidverici şey yox idi İranda. Azadlıq yox, gələcək yox, xoş bir şey yox! Aclıqdan getmədik Amerikaya, vəziyyətimiz, güzaranımız pis deyildi. Sırf azad olaq deyə getdik oraya...

-Onda subay idiniz, yoxsa ailə qurmuşdunuz?

Yox, evli idim. Halımdan da çox məmnun idim onda da, indi də!

Bəlkə o çağlara bir də qayıdaq – ilk sevdiyiniz anlara?!...

-Ömür-gün yoldaşım mənim uşaqlıq dostumdur. Qapı qonşusu idik onlarla. Uşaqlıqdan dost olmuşuq. Hər zaman bir yerdə oynardıq. Bərabər böyümüşük. Onun riyazi bilikləri çox yaxşıydı, mənsə riyaziyyatdan çox zəif idim. Anam məni həmişə ona tapşırardı ki, buna riyaziyyatı öyrət. Mən də öyrənməzdim. Onun da buna görə məndən acığı gələrdi. Deyərdi, gətirməyin mənim yanıma bunu! Sonra arada bir on il qopuqluq oldu bir-birimizdən. Biz o məhəllədən köçüb getdik bir ayrı yerə. On il sonra təsadüfən bir yerdə rastlaşdıq. Anasıynan idi.

-Adını demədiniz...

-Rübabdı adı xanımımın. Hə, həmin vaxt mən də anamnan idim. Görüşdük. Yenidən tapışdıq. Eşqə düşdük, sevdalı olduq, çox çəkmədən – 1987-ci ildə evləndik.

Rübab xanım ali təhsil aldımı?

-Bəli, o həm riyaziyyat, həm də ingilis dili üzrə universitet təhsili alıb. İranda olarkən ikimiz də eyni şirkətdə çalışırdıq. Sonra köçdük gəldik Amerikaya...

-Orada soydaşlarımızla yığışırsınızmı bir yerə? Hansısa bayram tədbirləri, şənliklər keçirilirmi? Buradan necə, sənətkarlar dəvət edirsinizmi?

-Əvvəllər dəvət edirdik. Son dövrlər bir qədər sənigiyib bu proseslər. İldə əsas iki dəfə - İlbaşında (Yeni ildə) və Novruz bayramında milləti yığırıq ora. Oynayırıq, oxuyuruq, çalırıq, milli kökümüzə qayıdırıq. Başqa münasibətlə yığışdığımız vaxtlar da olur. Çalışırıq ki, yetişən gənc nəsil xalq musiqimizi, ənənəvi bayramlarımızı unutmasın, adət-ənənələrimiz yaşasın.

-Hansı xalq mahnılarını, klassik musiqi nümunələrini daha çox ruhunuza yaxın bilib çalırsınız? İfalarınızdan görünür ki, klassik musiqiyə sevginiz böyükdür...

-Çoxdur bu musiqilər. Hansını deyim, hansı qalsın. Üzeyirbəyin musiqilərinin xəstəsiyəm. Tofiq Quliyev, Elza İbrahimova, Emin Sabitoğlu musiqilərinin vurğunuyam. Biz Üzeyir Hacıbəyov, Fikrət Əmirov musiqisi ilə bəslənmişik. Bu mahnılarla böyüyüb, bu musiqilərlə nəfəs almışıq. Bütün böyük bəstəkarların əsərlərini bilirəm, sevə-sevə ifa edirəm. Bəzi bilmədiklərimi isə öyrənirəm. Öz üzərimdə usanmadan çalışıram. İndiki mediada keçən musiqi ilə elə də maraqlanmıram. Nədən? - İçimə sinmir, ona görə. Yəni zövqümü daha çox klassik musiqi, xalq mahnıları, lirik musiqi oxşayır. İndiki musiqilər də, bəstəkarlar da yaxşıdır, amma mənim içimi dindirmir. Ona görə əvvəlkilərlə daha çox maraqlanıram. Rəşid Behbudovu, Şövkət Ələkbərovanı, Rübabə Muradovanı, Hacıbaba Hüseynovu, İslam Rzayevi, Gülağa Məmmədovu və bütün digər klassikləri çox sevir, onların bənzərsiz ifalarını sevə-sevə dinləyirəm. Əlibaba Məmmədovun, Alim Qasımovun, Flora Kərimovanın və başqa ustad sənətkarların ifasının vurğunuyam.

-Bəs indiki qarmon ifaçılarından kimləri xoşlayır, kimlərlə dostluq edirsiniz?

-Burdakı bütün sənətkarlar o qədər möhtəşəmdir ki, onları bir-birindən ayırmaq olmur. Adlarını saymaqla bitməz. Mənim yaxından əlaqələrim olan Manaf Rzayev var, qarmonçalandı, dostuq onunla. Tez-tez görüşürük, dərdləşirik, ən çox zövq aldığımsa oturub bərabər çalmağımızdı. Ondan çox şey öyrənirəm, nəhəng qarmon ustasıdır Manaf qardaşım. Ekranlardan, televiziyalardan da hər zaman izlədiyim böyük sənətkarlar var ki, onlara əlim çatmasa da, sevə-sevə izləyirəm ifalarını. Teyyub Dəmirovdu, Avtandil İsrafilovdu, Aslan İlyasovdu, Zakir Mizəyevdi, Kamil Vəzirovdu, Ənvər Sadıqovdu... Sadalamaqla qurtarmaz. Musiqi tədqiqatçısı Əhsan Rəhmanlı ilə də çox möhkəm dostluğumuz var.

-Əli bəy, nə zamansa təəssüfləndiyiniz olubmu ki, gərək musiqiçi olaydım, ömrümü bu sənətə həsr edəydim?

-Bilirsinizmi, mən qəsdən, bilə-bilə professional musiqiçi olmamışam. Çünki musiqiçi olarsansa, özünü bağlayarsan bu sahəyə və ondan qopa bilməzsən. Əvvəla, satmalısan sənətini və bu sənəti kirələyənin sifariş verdiyini çalasan gərək. Mənimsə azad ruhum var: ürəyim, ruhum nəyi diqtə edərsə, mən onu çalaram: bəyənən qulaq asar, bəyənməyən yox. Bu azadlıqdan gen düşməyim deyə, həyatımda bir qəpik də olsun, musiqidən pul çıxartmamışam.

Səsiniz varmı? Heç oxudunuzmu?

Yox, səsim pisdi. Səsim olmasa da, həvəsim var. Əgər səsim olsaydı, dostum Nasiri qoymazdım oxumağa, elə özüm oxuyardım (Gülərək yanında əyləşmiş dostuna işarə edir).

-Qarmonunuzun üzərində ürək rəsmi həkk olunub. Bu, könül dostunuza – Rübab xanıma müqəddəs sevginizin nişanəsi deyil ki?...

(Üzündə xəfif təbəssüm yaranır...) Düz tutubsunuz. Rübab dostum onu belə görmək istədiyini bildirdi, mən də böyük məmnuniyyətlə qarmonumun üstünə bu rəsmi həkk elədim.

-Demək “ürəkli”qarmonla ifa etdiyiniz hər bir musiqi əsəri sizin Rübab xanıma olan böyük eşqinizin musiqi vasitəsilə yenidən izharıdır, eləmi?

-Elədir. Onun özünün sevimli mahnıları vardır. Rübab musiqisi Andrey Babayevə, sözləri isə İslam Səfərliyə aid olan “Nazəndə sevgilim” mahnısının dəlisidir. Odur ki, ilk sevgili olduğumuz çağlarda mən bu əsrarəngiz musiqi əsərini serenada kimi Rübaba çalardım.

-Dediniz ki, “serenada” Rübab xanıma yeni vurulduğunuz vaxtlarda ifa edibsiz. Demək, onda hələ qızdan “hə” cavabı almamısınızmış?

-Bəli, hələ “hə” cavabı almamışdım onda. Və... olmayan səsimlə bu mahnını eyvanlarının altında oxudum və Rübab gəldi ki, daha sən oxuma, mən səninlə evlənərəm (gülür).

-Səs imkanlarınızdan xəbərsizəm, lakin ifaçılığınıza söz ola bilməz. Özü də bu qədər yüksək zövqlü əsərlərə müraciətiniz iç dünyanızın zənginliyindən və bu mədəni irsə tükənməz sevginizdən xəbər verir. Klassik musiqiyə bu dərəcədə vurğunluq 20 ildən bəridir ki, Amerikada yaşayan bir insan üçün yaşam anlamına çevrilibsə, bu, artıq Azərbaycan musiqisinin qüdrətinin təzahürü deməkdir.

-Təsəvvür edirsinizmi, biz musiqini qadağalar zamanında, çox qorxulu şəraitdə öyrəndik. Mən professional musiqiyə yiyələnmək istədiyim zamanlarda, bizdə sənət və sənətkarlıq elə bərbad gündəydi ki, millət musiqiyə yad olmuşdu. Şah rejimi Azərbaycan musiqisini aradan çıxarmaq üçün bütün mediada fars musiqisini yerləşdirmişdi. Azərbaycan musiqisi şüurlardan çıxarılsın, unutdurulsun deyə, əsla, heç yerdə səslənmirdi. Qadağanıydı deyə, unudulmağa doğru gedirdi öz gözəl musiqimiz.

-Necə yəni, musiqi qadağan edilmişdi? Musiqi ruha qida verən bir zövq mənbəyi, mənəviyyat xəzinəsidir. Musiqini qadağan etmək ağlasığan bir şey deyil, axı...

-İranda inqilabdan əvvəl hər şey vardı, musiqi də, sənət də, insanlar da azaddı. İnqilabdan sonra musiqi mütləq şəkildə qadağan edildi. Fars rejiminin mollaları islama öz hallarına uyğun şeylər qondardılar ki, bunlar qadağandır, bunlar icazəlidir. Hərə öz istəyinə uyğun şeylər uydurmaqla məşğuldur orada. Rejim dəyişdikdən sonra çox dəyişmələr oldu: məktəbləri, universitetləri bağladılar. Musiqiyə aid nə vardı, hamısının üstündən xətt çəkildi. O zaman ki biz meydana atıldıq, musiqi ilə peşəkarcasına məşğul olmağa başladıq, qarşımıza məsələni bir qədər də siyasiləşdirmək məqsədi qoyduq. Məqsədimiz də bu idi ki, halal musiqimizi millətimizə qaytaraq. İlk dövrlərdə qüvvələrimiz zəif olsa da, əlimizdən gələni edirdik. Onunçun da mən hər kəsin çox sevdiyi qarmonu öyrəndim. Ətrafımız getdikcə genişlənməyə başladı. Biz olduq bir hərəkat. O zaman qadağanlıq olduğundan, bizim toplum şovinist fars rejiminə qarşı bir hərəkata çevrildi. Pulsuz yerlərdə çalırdıq ki, xalq dinləyə və əzəli musiqisinə sahib çıxa bilsin. Bununla biz milli musiqimizin ruhlara təsir göstərib, şüurlarda oyanış yaratmasına çalışırdıq. Professional musiqilər şah zamanı gözlərə o qədər də xoş görünmürdü. Çünki aradagəzənlər, rejimə işləyib xəbər çatdıranlar varıydı. Bizlər ki, professional deyildik – birimiz həkimiydik, birimiz mühəndis, digərimiz müəllim və s. bunlar bizə nəyisə nöqsan tutmaqda zorlanırdılar. Deyirdik ki, millət, gəlmişik bu musiqini sizə tanıtdıraq ki, öz musiqi xəzinənə sahiblənəsən!

Deməyim odur ki, mənim milli musiqiylə məşğul olma vaxtım ən pis dövrə düşdü. Sonra musiqi sahəsində bir qədər yumşalma baş verdi, bu yöndə qadağalar səngiməyə doğru gedəndə mən çəkildim. Yəni, düşündüm ki, xalqımın qarşısında borc kimi mən öz xidmətimi artıq yerinə yetirmişəm.

- Demək, xalqın milli sərvətini onun özünə qaytarmaq kimi gərəkli bir missiyanın öhdəsindən gəlmişdiniz...

- Bəli, əlimdən gələn qədər missiyamı həyata keçirməyə çalışırdım onda. Bacardığım qədər çox sayda toylara, şənliklərə gedib çalırdım müftə-müsəlləm və bununla kifayətlənmir, çalğıarası da durub danışır, təbliğat aparırdım ki, biz bura ona görə gəlib pulsuz-parasız ifa edirik ki, bəyənirsinizsə baxın, bu sizin atanızdan, babanızdan qalan halal musiqinizdir. Bizim ruhumuzdur, mənəviyyatımızdır xalq mahnılarımız. O zaman mən elə qruplara qoşulurdum ki, həmin musiqinin yayılması sahəsinə öz töhfəmi verə bilim. Özünüz öyrənin, sevin, uşaqlarınıza da öyrədin. İndi Azərbaycanda musiqi çox gözəl durumdadır. Mən isə uzaqlarda, okeanın o tayındayam və bütün qəlbimlə bu musiqiyə bağıyam.

- Belə çıxır ki, musiqini sevməyiniz, ona ürəkdən bağlanmağınız sizə qəribliyi o qədər də hiss etdirmədi Amerikada. Hələ qarmonu demirəm...

- Elədir. Amma mən Amerikaya köçəndən sonra uzun müddət – 10-12 il qarmon qoyulduğu yerdə qaldı və mən ona toxunmadım. Səbəbi isə iş-üc, saysız-hesabsız qayğılar, çətinliklər və bunların öhdəsindən gəlmək uğrunda çabalar idi. Ailəlikcə getmişdik və hər şeyə sıfırdan başlamaq, güzaranını qurmaq və həyatını qaydaya salmaq çox zordu o zamanlar. Ona görə də, qarmon hələ yada düşmürdü.

- Bəs necə oldu vəfalı qarmonunuzu yenidən dilləndirmək düşdü yadınıza?

- Burada Konservatoriyanın professoru vardı Lalə Abbasova rəhmətlik, o, Amerikaya gələndə məni qızı ilə görüşdürdü. Qız pianoda çox gözəl müşayiət edə bilirdi. Bir gün dedi, gəl birlikdə işləyək bu musiqiləri. Neçə illəriydi çalmamışdım, çox şeyi unutmuşdum. Tərəddüd etdim, lakin o israr etdi ki, gəl çalaq. Məşq etdik birlikdə, ifalarımız çox gözəl alınırdı. Sonra... qismətdən qaçmaq olmazmış, qəza baş verdi. Və... o xanım gənc yaşında dünyasını dəyişdi. Məni musiqidə tək qoydu, amma yenidən musiqiyə qaytardı. Və...bu qayıdış ömürlük oldu!

SÖZ ardı: O gün Əli bəy bir-birindən gözəl xalq və bəstəkar mahnıları ifa edərək, biz dostlara unudulmaz anlar yaşatdı. İndi o, Amerikadadır, lakin ifalarının lent yazıları bizə hər an ogünkü həzin xatirələri yenidən yaşamaq imkanı verir. “Sənətin dili olmur”, - deyirlər. Ancaq Əli Haqşünasın sənət dünyasının musiqi dili var: “Nazəndə sevgilim”, “Şeir deyilmi”, “Sən gəlməz oldun”, “İntizar”, “Ayrılıq”, “Qubalı qız”, “Qarabağ”, “Muğana ceyran”, “Məktəb illəri”, “Şikayətim var”, “Külək”, “Qarşımdan bir sona keçdi”, “Aldatmayaq bir-birimizi”, “Yar məndən incidi”, “Sənsiz”, “Sevgili canan”...

 

Müsahibəni apardı:

Qiymət MƏHƏRRƏMLİ

 

Türküstan.- 2019.- 17-31 dekabr.- S.21; 24.