Misirin Bakıdakı səfiri: “Azərbaycanda
işləməkdən
çox böyük zövq alıram”
Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik:
- Cənab səfir,
ötən ilin fevralından Misirin Azərbaycandakı fövqaladə və
səlahiyyətli səfirisiniz. Odlar yurdu Azərbaycan sizdə hansı təəssüratlar
yaradıb? Ölkənizə döndüyünüz
zaman Azərbaycanı necə
xatırlayacaqsınız?
- Mən hələ ki diplomatik missiyamı başa vurmadığıma görə Azərbaycanı necə xatırlayacağımı indidən söyləyə bilmərəm. O ki qaldı təəssüratlara, onlar çox müsbətdir. Bunu mən digər ölkələrin Azərbaycandakı səfirləri ilə görüşlərimdə də vurğulayıram. Azərbaycan çox gözəl ölkədir və burada işləməkdən çox böyük zövq alıram. Azərbaycanda işləmək məndə çox böyük həvəs yaradır. Məmuniyyətlə qeyd etmək istərdim ki, Azərbaycan xalqı da çox qonaqpərvər və mehriban xalqdır.
- Azərbaycandan
öncə hansı ölkələrdə səfir işləmisiniz?
- Mən səfir fəaliyyətimə ilk dəfə Azərbaycandan başlamışam və bundan çox böyük şərəf duyuram. Diplomat olaraq isə ilk fəaliyyətim Tanzaniyadan başlayıb. Daha sonra Avstriyanın Vyana şəhərində, Suriyanın Dəməşq şəhərində çalışmışam. Diplomatik fəaliyyətim Avstraliyada, sonra isə Belçikada davam edib. Bir şeyi də əlavə edim ki, Azərbaycan Misir üçün çox əhəmiyyətli dövlətdir. Azərbaycana səfir təyin olunmağımı isə çox yüksək qiymətləndirirəm.
Ölkəniz bir çox məsələlərdə çox aktivdirdir və bu da bizə imkan verir ki, daim birgə çalışaq. Burada bir çox tədbirlərin və bu yaxınlarda Azərbaycanda keçirilən Qoşulmama Hərəkatının toplantısının iştirakçısı olmuşam. Həmçinin, Mədəniyyətlərarası forumda iştirak etmişəm. Buradakı fəaliyyətim ərzində ən yaddaqalan məqamlardan biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları ilə görüşüm oldu. Bakıya çatdıqdan 48 saat sonra cənab İlham Əliyev məni qəbul etdi. Bu fakt ölkələrimiz arasındakı əlaqələrin sarsılmazlığının və həmçinin mənim timsalımda İlham Əliyev cənablarının Misirə verdiyi dəyərin göstəricisidir. Cənab Prezidentin bu addımı mənə öz işimə uğurla başlamaqda çox böyük stimul verdi.
- İkitərəfli əlaqələrimizin sarsılmazlığından danışdınız. Bəs siz Misirin Azərbaycandakı səfiri olaraq ikitərəfli əlaqələrimizin inkişafı üçün hansı addımlar atmısınız?
- Bunlardan ən önəmlisi ölklərimiz arasındakı birgə komissiyanın Qahirədə iclasının keçirilməsi oldu. Bundan sonra da bir neçə mühüm yüksək səviyyəli qarşılıqlı səfərlərimiz baş tutdu. Misir parlamentinin vitse-spikeri Azərbaycana səfərə gəldi. Məhz mənim səfir fəaliyyətim ərzində ilk dəfə olaraq Misirdə Azərbaycanlı gənc rəssamların sərgisi keçirildi. İyun ayında Misirin turizm nazirinin Bakıya səfərini qeyd etmək istərdim. O Azərbaycana turizm konfransında iştirak etmək üçün gəlmişdi. Həmçinin, Şarm-əl-Şeyx- Bakı aviareysinin açılması da mənim səfirlik dönəmimdə gerçəkləşdi. Səfir olduğum bu qısa müddət ərzində Misirin Xarici işlər nazirinin Azərbaycana səfəri baş tutdu. Onun Azərbaycan Respublikasının Xarici işlər naziri və bir çox vəzifəli şəxsləri ilə görüşü oldu. Mən ümid edirəm ki, məhz bu görüşlər Misir-Azərbaycan əlaqələrinin inkişafında yeni səhifələr açacaq. Keçən il Şarm-əl-Şeyxdə kinofestival keçirdi. Azərbaycanlı rejissor Bilal Heydərovun “Doğum günü” filmi orada mükafata layiq görüldü. Festivalın açılışında azərbaycanlı ifaçı Dilarə Kazımova çıxış edərək, öz ifalarını Misir ictimayyətinin diqqətinə çatdırdı.
Mühüm addımlardan biri də odur ki, Misir Ərəb Respublikasının Prezidenti Abdel Fəttat Əl-Sissi Çində keçirilən “İpək yolu” konfransında Azərbaycan Prezidenti ilə görüşdü. Misir parlamentinin vitse-spikerini qəbul etdiyi zaman cənab İlham Əliyev məhz iki ölkə rəhbərinin tarixi görüşünü xatırlatdı. Cənab İlham Əliyev bildirdi ki, Azərbaycan və Misir prezidentlərinin görüşləri ölkələrarası əməkdaşlığın güclənməsinə öz layiqli töhfəsini verəcək. Səfir olduğum müddət ərzində görülən işlər haqqında çox danışmaq olar, çünki səfirliyimiz Azərbaycanda dayanmadan fəaliyyət göstərir və hər gün yeni əlaqələrin qurulması üçün addımlar atılır.
- Bu
yaxınlarda Şarm-əl-Şeyxdə “Dünya
gənclərinin forumu” keçiriləcək.
Forumda azərbaycanlı gənclər
hansı sayda iştirak
edəcək?
- Biz əlimizdən gələni edirik ki, forumda iştirak edəcək azərbaycanlı gənclərin sayı daha çox olsun. Azərbaycandan 20 gənc dekabr ayında Misirdə keçiriləcək “Dünya gənclər formu”na qatılacaq. Çünki orada hər dövlətə müəyyən sayda yer ayrılır və məhz o sayda gənclər seçilir.
- Forumda
iştirak edəcək gənclər
hansı kriteriyalarına görə seçilirlər?
Seçimlər Misirin Azərbaycandakı
səfirliyi, yoxsa Misir
dövləti tərəfindən aparılır?
- Təəssüf ki, seçimləri səfirliyin etmək imkanı yoxdur. Seçimlər məhz forumun təşkilat komitəsi tərəfindən Misirdə “onlayn” şəkildə aparılır. Səfirliyin verdiyi dəstək odur ki, foruma seçiləcək iştirakçıların sayı artırılsın.
- Azərbaycanlı gənclər Misirdə keçirilən beynəlxalq forumlar, yarışlar, mədəni və elmi konfranslar haqqında hardan məlumat ala bilərlər?
- Bu barədə səfirliyimizdən məlumat ala bilərlər. Əgər bizə dövlətimiz tərəfindən təkliflər gəlirsə, dərhal onu elan etməyə çalışırıq. Mən öz fəaliyyətimdə gənclərə xüsusi önəm verirəm. Çünki gənclik nə qədər güclü olsa, ölkə də bir o qədər güclü olar. Misir gənclərinin bununla bağlı bilik və təcrübələrini Azərbaycan gəncləri ilə bölüşməsində çox maraqlıyam.
- Bayaq
qeyt etdik ki,
Bakı-Şarm-əl-Şeyx birbaşa
aviareysi açıldı. Hazırda birbaşa uçuşlar davam edirmi?
- Bu uçuşların açılması Misirin Turizm nazirinin Azərbaycana səfəri dövrünə təsadüf edib. Bir neçə ay birbaşa uçuşlar davam etdirildi. Hazırda isə mövsümlə və sərnişinlərin sayının az olması ilə əlaqədar olaraq birbaşa uçuşlar müvəqqəti dayandırılıb.
- Bəs Misirə
səyahət etmək istəyən Azərbaycan vətəndaşları
vizaları necə əldə edə bilərlər?
- Vizaların verilməsi çox asan prosesdir. Vizaları səfirliyimizdən əldə etmək olar, onların verilməsi xeyli asanlaşıb. Qısa bir
müddət ərzində
müəyyən edilmiş
rüsumu ödəməklə
Misirə viza almaq mümkündür.
- Diplomatik pasporta sahib olan vətəndaşlar Misirə
səyahət zamanı
sıravi şəxslər
kimi viza alırlar?
- Artıq bu ildən
diplomatik pasporta malik olan hər
iki ölkə vətəndaşları vizadan
azad edilib. Onlar istədikləri vaxt Misirə və Azərbaycana səyahət
edə bilərlər.
Bu, hər iki
ölkənin inkişafına
və əlaqələrin
möhkəmlənməsinə doğru atılan ən mühüm addımdır. Ölkəmiz vizaların verilməsi ilə bağlı şərtləri xeyli yüngülləşdirib. Bu da öz növbəsində gəlirlərin
artmasına və əcnəbi turistlərin
Misirə səyahətinə
kömək edən ən başlıca amildir.
- Yeri gəlmişkən, hazırda
Misir Ərəb Respublikasının əsas
gəlir mənbəyi
nədir?
- Misir iqtisadiyyatı çoxşaxəlidir. Ölkənin əsas gəlir mənbəyi turizm və sənaye sahəsidir. Süveyş kanalı və kənd təsərrüfatı
da əsas gəlir mənbələrimizdən
sayılır. Xaricdə yaşayan
misirlilərin ölkyə
köçürdüyü məbləğ 25 milyard dollardan çoxdur. Bu isə
bəzi ölkələrin
ümumi büdcə göstəricilərini xeyli
üstələməkdədir.
- Cənab İbrahim, sirr deyilsə, Misirin turizmdən əldə etdiyi illik gəlirin məbləği nə qədərdi?
- Rəsmi göstəricilərə
görə 12 milyard dollardı, lakin düşünürəm ki,
bundan da artıq ola
bilər. Süveyş kanalından olan
gəlirimiz isə 6 milyard dollar təşkil edir. Bununla yanaşı, Misirdə
istehsal olunan mallarımız da çox çeşidlidir.
Hansı
mallar ki, sırf turizm sektorunun inkişafı üçün istehsal olunur, onlar əcnəbi
turistlər tərəfindən
alınmaqdadır. Əcnəbilərin Misirə yatırdıqları
illik investisiya 11 milyard dollar təşkil edir. Bu da
öz-özlüyündə Misirə olan inamı əks etdirir.
Leyla ŞAH
Türküstan.- 2019.- 17-31 dekabr.-
S.5.