Azərbaycan Türk fəlsəfəsindən
yarpaqlar: Mirzə Fətəli Axundzadə
Mirzə Fətəli Axundzadəyə
görə, İslam dini “İran” xalqına heç bir xeyir
verməmişdir: can və mallarını mühafizə etməmiş;
torpaqlarını düşmənlərdən
qorumamış; şəfaxanalar və mədrəsələr
açmamış; ticarətlərin və
kasıbkarlıqlarına rövnəq verməmiş; xarici məmləkətlərdə və əcnəbi
xalqlar arasında hörmətlərini artırmamış;
ölkədə ədalət və qanunlar
yaratmamışdır. Üstəlik, insana məxsus iki
azadlıq (ruhani və cismani azadlıq) var ki, islam dini onlardan
birini İran xalıqının əlindən alıb: «Bizim ruhani azadlğımızı islam dininin
başçıları əlimizdən almış, bizi
bütün ruhani işlərdə tamamilə öz əmr və
nəhylərinə tabe və alçaq kölə etmişlər
və bizim bu maddəyə heç bir müdaxilə etmək
ixtiyarımız yoxdur». Axundzadə daha sonra yazır: “Ey
Cəlalüddövlə! Sən bilirsən ki, idarə və
politika elminin təhsili İranda mümkün deyil, vacibdir ki,
Avropaya səfər etmək və orada təhsil eləmək.
Aya, bu mümkündür¬mü? Necə səfər etmək
və kafirlərlə görüşüb tanış olmaq.
Aya, fanatik və şarlatan üləma bu işə razı
olarmı? Aya, bu puç əqidələr bu işə fitva
verərmi? Və külli-əhli-İran elə zənn edir
ki, onlardan danatər aləmdə heç taifə yoxdur. Ondan
ötrü ki, olar axirət elmindən guya bərhrəvərdirlər
və axirət elmindən başqa ülum bifaidə və əbəsdir.
Mükərrər Təbriz xalqından
eşidirəm ki, deyirlər: firənglər vaqeən
ülumi-suriyyədə, yəni dünyəviyyədə tərəqqiyi-külli
edibdirlər, çifayda ülumi-mənəviyyədə, yəni
diniyyədə qəfələtdə və zülmətdədirlər.
Biçarlərin bu iştibahlarına səbəb zalim molla və
vaizdir”.
Bizcə, Axundzadə bu məsələlərdə
əsasən haqlı olsa da, ancaq problemi xeyli dərcədə
şişirdərək həm İslam dini, həm də
Türk dövlətləri, o cümlədən Qacarlar
dövləti haqqında haqsızlıqlara yol verir.
Çünki İslam dini və Türk dövlətləri
heç bir elmin, o cümlədən də idarə və
politika elminin öyrənilməsinə nə ölkə
daxilində, nə də onun xaricində qadağan
qoymamışdır. Axundzadə yaxşı bilməli idi ki,
Qacarlar dövlətində Abbas Mirzə, Mirzə Tağı
xan və başqaları gənclərin ölkə daxilində
və Avropada təhsil almasına hər cür şərait
yaratmışdılar. Bütün bunları bildiyi halda,
Axundzadənin İslam dini qədər Qacarlar dövlətini
də pisləməsi, üstəlik Qacar Türk
şahının taxtdan salınmasını arzu etməsi
başa düşülən deyildir: “Bu sözdən despot
xürsənd olmasın ki, İran əhli qəfələtdə
qalcaq, o da qoyun kimi bu avam xalqın içində bizaval səltənət
edəcək. Belə deyil, keçənlərin tarixinə nəzər
etsin, görsün ki, hansı despot silsilənin İran səltənətində
davamı olubdur? Madam ki, etiqadati-puç
xalqın xəyalında cagirdir, ya bir zirək Bab
çıxar, ya bir huşyar sahibi-məzhəb peyda olur, bu
elmsiz və cinə və şeytana və fəriştəyə
və möcizə və kəramətə və külli-xəvariqi-adatə
inanan xalqı bir saatda özünə girəvidə edər
və despotu aradan götürər. Aya, padişaha tapança
atan babilər, nə məlumdur ki, dübarə bir belə əməli-qəbihə
iqdam etməyələr?”
Axundzadəyə görə
bütün bunların baş verməməsi, yəni səltənətin
davamı və silsilənin bəqası üçün
padşah millətlə ittifaq edib vəkili-millət kimi
parlament, məhkəmələr, məktəblər
açmalı, sivilizasiya dairəsinə qədəm
basmalıdır. Ən əsası odur ki, bütün
bunları da “İran” padişahı Avropa dövlətlərinin
zəmanətində etməlidir. Ancaq indiki halda “İran”
xalqı Qacar şahına qorxudan itaət edir, çünki
xalqla şah arasında heç bir ittifaq,
qarşılıqlı etimad yoxdur. O, yazır: “Bərfərz
ki, bu saatda İran xalqı padişaha itaət göstərir,
aya, heç bir İran əhli var ki, padişaha məhəbbəti
olub onun səltənətinin davamına və silsiləsinin bəqasına
xahan olsun? Ondan ötri ki, padişah millətin mənafeyi
üçün səltənət etmir, fəqət öz əğrazi-nəfsaniyyəsi
üçün padişahlıq edir və millətə tərbiyət
vermək ilə və onun hüsni-halına və
hüsni-övzaına ehtimam göstərmək ilə onu
özünə mürid eləmir və onu özündən
uzaq salır”. Axundzadə iddia edirdi ki, artıq
Avropa dövlətləri bu məsələləri həll
edib, yəni xalqla ittifaq bağlayıb onlara bir çox
hüquq və azadlıqlar verdiyi halda, müsəlman dövlətlərində,
o cümlədən Qacarlarda ruhanilərlə despotlar birləşib
xalqa olmazın zülmlər veririlər.
Deməli, “Kəmalüddövlə
məktubları”nı yazmaqda Axundzadənin hədəfində
iki məqsəd olmuşdur: 1) İslam dininin gözdən
salınması və bunun müqabilində zahirən islamla
bağlı, ancaq əslində qeyri-islami cərəyanların
yaranmasına səbəb olmaq hətta, zərdüştiliyin
dirçəldilməsi, 2) Türk Qacarlar səltənətinin
devrilərək əvəzində islam dininə düşmən
münasibət bəsləyən farsdilli zümrənin
hakimiyyətə gətirilməsi. Bu iki məsələ
həmin əsərin əsas ana xəttidir. Əslində
Axundzadənin filosofluğu da, yəni fəlsəfənin əsas
məsələlərinə münasibət bildirməsinin kökündə
də ilk növbədə, islam dininin ifşası
mühüm rol oynamışdır. Bizcə,
o, sadəcə bu niyyətini pərdələmək
üçün həmin əsərinin girişində
yazır ki, heç bir din və məzhəbi islamdan
üstün tutmur, əksinə bəzi cəhtlərinə
görə onu digər dinlərdən üstün tutur, amma
yenə də bütün dinləri (deməli, islam dinini də) puç və əfsanə hesab
edir. Çünki o, mövcud dinlərdən heç birinin
axirətdə qurtuluşa səbəb olacağına
inanmır və yalnız bu dünyada insanı azad və
xoşbəxt edəcək dinə tapınır. Zənnimizcə, Axundzadənin bir tərəfdən
İslam dinini guya, yeri gələndə digər dinlərdən
üstün tutması, ancaq daha sonra onu da puç və əfsanə
hesab edərək yeni bir din axtarışında olmasından
bəhs edib yenidən islamlığı hədəf
alması doğru bir yanaşma hesab oluna bilməz.
Bütün hallarda, bu məsələlərdə Axundzadənin
subyektivliyə yol verməsi danılmazdır.
Zərrə qədər də
şübhə etmirik ki, Axundzadənin əsil məqsədi
birmənalı şəkildə İslam dininin xalqın nəzərində
nüfuzdan salınaraq Qacarlarda aradan qaldırılması və
onun yerinə Babilik ya da ona oxşar bir dini məzhəbin
meydana çıxması olmuşdur. Yəni
Axundzadə nə yolla olursa olsun fars şairi Firdovsi kimi,
İslam dininin “İran” xalqının nəzərində
salmaq uğrunda mücadilə vermiş, bunun üçün
də bir çox məsələlərdə haqlı ya da
haqsız olub olmamasından asılı olmayaraq onu əsas hədəf
olaraq seçmişdir. Bir sözlə, hədəfdə
həm islam dininin nüfuzdan salınaraq yeni bir məzhəbin
inşası, həm də Türk Qacrların devrilərək
farsdilli bir səltənətin bərqərar olması idi. Bu
anlamda “Kəmalüddövlə məktubları” əsərinin
ikinci məktubla bağlı bölümündə Axundzadənin
əsil niyyəti tamamilə ortaya çıxır. Belə ki, əvvəlcə burada Qacarların
hakimiyyətdən getməsi naminə Babilərin bütün
hərəkətlərinə haqq qazandıran Axundzadə daha
sonra İslam dini ilə bağlı əsil mahiyyətini
ortaya qoyur. Şübhəsiz, o, bütün bunları edərkən
də çox ustalıqla öz anlamında ciddi “sübut və
dəlillər”lə çıxış edir.
Məsələn, Axund Molla
Sadıq adlı birisinin Təbrizdə cümə xütbəsində
17-ci əsrin məşhur ilahiyyatçısı Əllamə
Məhəmməd Bağır Məclisinin əsərlərinə,
xüsusilə də “Həqqül-Yəqin” kitabına istinadən
cəhənnəmə düşəcək müsəlmanların
vəziyyətini təsvir etməsini,
Axundzadə çox böyük məharətlə İslam
dininin əleyhinə istifadə etməyə
çalışmışdır. Çünki Molla
Sadıq, Əllamə Məclisinin həmin kitabna istinadən
deyir ki, bu dünyada bir səhv iş görən insan bu pis əməlinə
görə, o dünyada dəfələrlə yanıb
yenidən əvvəlki halına qaytarılacaq. Bu dünyada səhv
edib o dünyada dəfələrlə yanmaq istəməyən
müsəlman da cəhənnəm qorxusu ilə elm və sənaye
öyrənmir, digər millətlərlə söhbət
etmir. Axundzadəyə görə, əgər Allah adildirsə,
ancaq bu məsələdə ədalət prinsipi gözlənilmir.
Çünki əgər bir müsəlman bu dünyada bir
yanlış iş görübsə o dünyada da bunun
müqabilində bir cəza verilməlidir. Ancaq bu dünyada
etdiyi hər bir səhvə görə insan axirətdə dəfələrlə
yanacaqsa, o zaman bu dinin özü də onun Allahı da ədalətli
deyildir. Axundzadə yazır: “Əgər cəhənnəm
doğrudur, xaliqi-rəhim və adil, nəzərdə bir
vücudi-naməhbub, bir vücudi-məkruh və zalim
görünür və əgər yalandır, bəs ey vaizlər
və ey alimlər və ey şarlatanlar, niyə biçarə
avamı pərvərdigarı-aləmin niəmatından
məhrum edirsiniz? Niyə onun eyşini təlx eləyirsiniz?
Niyə onu cəhənnəm qorxusu ilə qoymursunuz sair millət
ilə mülaqat edə və ülum və sənayə
öyrənə? Dünya gör-götür dünyasıdır,
siz bu içarə avamı bu növ pərpuçat ilə
qoymursunuz niəmati-ilahidən bərxudar olmağa. Nəğəmat çalma, haramdır; nəğəmata
qulaq asma, haramdır; nəğəmat öyrənmə,
haramdır; teatr, yəni tamaşaxana qayırma, haramdır;
teatra getmə, haramdır; rəqs etmə, məkruhdur; rəqsə
tamaşa etmə, məkruhdur; saz çalma, haramdır; saza
qulaq asma, haramdır; şətrənc oynama, haramdır;
nərd oynama, haramdır; rəsm çəkmə,
haramdır; evdə heykəl saxlama, haramdır”.
Gördüyümüz kimi, Axundzadə bu məsələləri
elə bir formada ortaya qoyub izah edir ki, ilk baxışda onun
haqlı olduğu şübhə doğurmur. Bu
anlamda, burada da doğru ifadə edir ki, bütün bu
sadalananlar orta vəziyyətdə icra olunsalar heç bir
problem olmaz. Çünki insanın təbiətində
hüzn qədər fərəhin də öz yeri vardır
ki, əgər fərəh qüvvəsi yetərincə olmasa
adamın müvazinəti olmaz. Deməli, insanlar elm və
əxlaq əsasında işlərini görməlidirlər,
cəhənnəm qorxusu ilə deyil. Bununla
bağlı Axundzadə yazırdı ki, kim
düşünürsə müsəlmanlara cəhənnəm
qorxusu ona görə lazımdır xalqın malını əlinə
düşəndə yeməyə, özgənin
qızına, arvadına sataşmaya və s. bütün
bunlar da çox vaxt söz olaraq qalır. O yazır:
“Tamam oğrular, quldurlar və qatillər əvamünnasdan və
cəhənnəmə inanan kəslərdən zühur edər.
Heç ürəfadan oğru, ya quldur, ya qatil görübsənmi?
Afriqiyyədə cinsi-bəşərdən ətfali-xurdsali-zükuru
tutub, eyni qəsavəti-qəlb ilə xacə edib məmaliki-islamiyyədə
heyvanat kimi satanlar və oları iştira edənlər, tamam
cəhənnəmə etiqad edənlərdirlər və bu ətfali-məsumənin
bədbəxt olmaqlarına səbəb üqəla müsəlmanlardan
olan şütəriləridirlər ki, həcc
mövsümində və sair məqamlarda onların
iştirasına talib olurlar”. Bir sözlə, Axundzadə belə
qənaətə gəlir ki, İslam dinindəki cəhənnəm
qorxusu müsəlmanları nəinki düz yola yönəldir,
tam əksinə daha da pis əməllərə sürükləyib
aparır. Ona görə də, cəhənnəm qorxusu ilə
müsəlmanlara nə qadağalar qoymaq, nə də
onların hüqüqlarını əllərindən almaq
doğru deyildir.
Faiq ƏLƏKBƏRLİ
(QƏZƏNFƏROĞLU),
AMEA Fəlsəfə İnstitutunun
aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə
doktoru, dosent
Türküstan.-
2019.- 2-8 iyul.- S.6