Üzeyir Hacıbəylinin
Məhəmməd peyğəmbər
(S.) və mövlud bayramı haqqında düşüncələri
Milli
operamızın banisi hesab edirdi ki, peyğəmbərə
olan sevgimizi onun mövludunda nümayiş etdirməliyik. Çünki həmin gün
yalnız ərəblər
üçün deyil,
bütün bəşəriyyət
üçün bir nur doğmuş və dünyanı işıqlandırmışdır. Miladi tarixi ilə 7-8-ci əsrlərdən başlayaraq
islama tapınan Azərbaycan xalqının,
o cümlədən onun
mütəfəkkirlərinin bu dini zahirən
deyil, mənəvi baxımdan qəbul etmələrinin nəticəsidir
ki, Quranla bağlı yüzlərlə
təfsirlər yazmış,
eyni zamanda Məhəmməd peyğəmbər (s.) və onun əhli-beyti
haqqında dəyərli
mülahizələr irəli
sürmüşlər. Şübhəsiz,
bu baxımdan Azərbaycan mütəfəkkirlərinin
Allahın sonuncu rəsulu Məhəmməd
peyğəmbərə (s.) olan sevgiləri ayrıca bir yer tutur. Biz, bu sevgini Azərbaycan
türklərinin müdrik
oğlu, filosofu Dədə Qorquddan tutmuş bütün mütəfəkkirlərimizdə - Məhəmməd Bakuvi, Xaqani, Nizami Gəncəvi, Nəsrəddin
Tusi, Nəsimi, Füzuli, Yəhya Bakuvi, Yusif Qarabaği,
A.Bakıxanov, H.Zərdabi,
Ə.Hüseynzadə, Ə.Ağaoğlu. M.Ə.Rəsulzadə,
N.Yusifbəyli, Ü.Hacıbəyli
və başqalarının
yaradıcılıqlarında görürük.
Qeyd edək ki, orta əsr Azərbaycan-türk
filosoflarının böyük
əksəriyyəti əsərlərinin
girişində peyğəmbərə
olan sevgilərini ifadə etdikləri halda, yeni dövr
mütəfəkkirlərimiz isə Allahın rəsulu ilə bağlı ayrıca şeirlər və məqalələr həsr
etmişlər. Xüsusilə, son əsrlərdə
(19-20-ci əsrlər) Azərbaycan
mütəfəkkirləri diqqəti peyğəmbərin
həyat yolunun öyrənilməsinə, onun
əqidəsinin mahiyyətinin
dərk olunmasına və bu mənada
mövludunun bəşəriyyət
üçün əhəmiyyətinə
yönəltmişlər.
Azərbaycan mütəfəkkiri, milli operamızın banisi Üzeyir Hacıbəyli əsərlərində
Məhəmməd peyğəmbərdən
(s.) və onun əqidə yolundan nümunələr gətirməklə
yanaşı, bir neçə məqaləsini
onun mövluduna həsr etmişdir. Maraqlıdır ki, Ü. Hacıbəyli peyğəmbərimizin
doğum gününü
böyük bayram kimi qələmə vermiş və müsəlmanları bu bayramın mahiyyətini dərk etməyə çağırmışdır. O, təəssüf edirdi ki, bu günə
qədər müsəlmanlar
peyğəmbərin mövludunu
istənilən səviyyədə
qeyd etməmişlər.
Bu baxımdan
milli operamızın banisi 1916-cı ildə
"Yeni İqbal"
qəzetində nəşr
olunan "Mövlidi-Nəbi
bayramı" məqaləsində
yazırdı ki, mövlidi-Nəbi bayramı
təzə dəbə
düşən bayramlardandır:
"Qurban bayramı, Orucluq bayramı, Novruz bayramı - bu bayramlar hər
kəsə müəyyən
və aşkar bir surətdə tanınan olduğu halda, mövlud bayramı hələ bir o qədər məşhur olmayıbdır.
Zatən mövlidi-Nəbi
bayramının dəbə
düşməsi aramızda
qəzetələr çıxan
günlərdən biridir".
Bu isə o demək idi ki, peyğəmbərin mövludunun istənilən
səviyyədə qeyd
olunmamasının günahkarı
yalançı din xadimləri olmuşlar. Belə ki, onlar
buna bir o qədər cəhd göstərməyərək yalnız
öz mənafelərini
düşünmüşlər. Bununla da, ötən
əsrlərdə peyğəmbərin
mövludundan müsəlmanların
əksəriyyəti xəbərsiz
qalmışlardır.
Ancaq mətbuatın
yaranması ilə yenilikçi ruhlu mütəfəkirlərimiz buna
diqqət yetirmiş və bu barədə
fikirlərini qəzetlər
vasitəsilə ifadə
etmişlər. Bu isə o deməkdir ki, islama və
onun peyğəmbərinə
yalançı din xadimləri deyil, əsl islam və elm alimləri
sahib çıxmışlar.
Bu baxımdan Üzeyir Hacıbəyli haqlı olaraq təəccüb edirdi ki, bu günə
qədər müsəlmanlar
onları cəhalət
və nadanlıqdan qurtaran peyğəmbərlərinin
bayramını niyə
lazımınca qeyd etməmişlər: "Mürsəli-xuda olan zəlalət qaranlığını
hidayət nuri ilə işıqlandıran
bu gün "islam" adında üç yüz milyon nəfər nüfuslu böyük bir aləm vücudinin
səbəbi olan zişan bir peyğəmbərin mövlid
günü nə üçün eydi-əzha,
eydi-fətr və eydi-novruz kimi rəsmi bir surətdə bayram edilmiyormuş, deyə sual olunduqda cavabı nə olursa-olsun heyrət və təəccübə
səbəb olacaqdır.
Uşaq,
böyük, kişi,
arvad, fəqir, dövlətli, cahil, alim - hər kəscə izzü ehtirami fərz bilinən və ismi həmişə səlavat ilə yad olunan peyğəmbərimiz
səlavətullahın vücudi-pakına
qarşı hörmət
və ehtiramımızı
inkar etmək olmaz".
Beləliklə, Məhəmməd peyğəmbərin (s.) mövlid,
yəni doğum gününün indiyə
qədər istənilən
səviyyədə qeyd
olunmamasına təəssüfünü
bildirən Ü. Hacıbəyli
yazırdı ki, bütün hallarda peyğəmbər haqqında
qəlbimizdə bəslədiyimiz
böyük bir məhəbbət, başqa dinlərdə olanların qibtə edə biləcəyi dərəcədə səmimi
və həqiqidir. Hacıbəylinin fikrinə
görə, məhz bu səmimiliyin və həqiqiliyin nəticəsidir ki, milli ictimai və
siyasi bir əqidə yoxdursa da, heç olmasa dini əqidəmiz
mətin və möhkəmdir: "Avropa elm və
fənlərinin aramızda
intişarından dini
etiqad süstlüyü
əmələ gələr,
deyə qorxan bəzi ruhani və müridlərinin zənni əksi olaraq, tazə elm və fənlər
sayəsində dini etiqadımız daha da bərkiyib dini-islamın bir həqq olduğu daha aydın və müsbət bir surətdə həm başımızda
və həm qəlbimizdə yer tutur. Və bu dini gətirmiş
olan zatın əzəmət və ehtiramı daha layiqli bir surətdə
tutulmaq lüzumi meydana çıxır. Böylə olan halda biz öz
peyğəmbərimizə olan hörmət, əzəmət və məhəbbəti qəlbimizdə
saxlamaqla bərabər,
bir də hamılıqla bərabərdə
izhar və ibraz etməliyik".
Milli operamızın banisi
hesab edirdi ki, peyğəmbərə
olan sevgimizi isə, xüsusilə onun mövludunda nümayiş etdirməliyik.
Çünki həmin
gün yalnız ərəblər üçün
deyil, bütün bəşəriyyət üçün
bir nur doğmuş
və dünyanı işıqlandırmışdır. Ü.
Hacıbəyli yazırdı:
"Bu nümayiş isə günlərimizin ən əzizi olan mövlud günündə icra edilməlidir ki, o gün peyğəmbəri-zişanımız
anadan olubdur. Və bu gün bu
yövmi-məsudun günü
olduğuna görə,
ən böyük bayramımız münasibətilə
oxucularımızı təbşir
və təbrik ilə bu əziz
gündə şad olmaqla bərabər məxsusi məclislərdə
öz ehsan və ianələri ilə fəqir-füqəraları
da şad etmələrini ümid və arzu edirik".
Qeyd edək
ki, başqa məqalələrində də
Ü. Hacıbəyli yeri
gəldikcə, peyğəmbərin
müsəlman dünyasında
oynadığı tarixi
rola toxunmuş, onun həyatını və əxlaqını bir nümunə kimi müsəlmanlara örnək göstərmişdir:
"Peyğəmbərimiz dini mübinin islami yer üzünün
bir çox nöqtələrinə yaydı.
İslam əhlini artırdı, islamiyyətin
çoxalması yolunda
mucadilələrdə bulundu".
Eyni zamanda, peyğəmbərimiz dini
bayramlarda müsəlmanların
bir-birlərilə paylaşmağı
vacib buyurdu. Hacıbəyli buna nümunə olaraq yazırdı: "Məhəmməd
peyğəmbər (s.) deyibdir
ki:
- Allah yolunda
qurban kəsin, amma o qurbanı fəqir-füqarəyə, yetim-yesirlərə,
tamarzılara ehsan edin!
Çox əcəb!
Borcumuz itaət etməkdir!
Lakin - qurbanın
yağlı və qəşəng yerlərindən
dövlətli qonşulara
göndərin! - Bunu hansı peyğəmbər
deyibdir - bilmirəm. Hər halda onu əmr
edən "peyğəmbər"
görünür çox
vacib əlamətdir ki, əmrinə bu cürə sədaqət ilə itaət edirik!". Şübhəsiz, Allahın
sonuncu peyğəmbərinin
dediklərini deyil, qondarma "peyğəmbərlər"in
sözlərinə əməl
edənlər yalançı
ruhanilər və din xadimləri idilər. Bu mənada peyğəmbərimizin
yolunu davam etdirmək əvəzinə,
"küfr və irtidad"a üstünlük
verən riyakar ruhanilərin əməllərinə
görə Allahın
rəsulu günahkar hesab oluna bilməzdi.
Göründüyü kimi, milli operamızın
banisi peyğəmbərin
mövlud gününə
böyük dəyər
vermiş, onun dünyaya gəlməsi ilə bəşəriyyət
tarixində yeni bir dövrün başlandığına inanmışdır.
Azərbaycan xalqının böyük
bəstəkarının fikrincə,
bu mənada peyğəmbərin həyat
və əqidə yolunun öyrənilməsi
üçün, onun
mövludunun bayram kimi qeyd edilməsi
zəruridir. Çünki
peyğəmbərin mövlud
bayramı islamın digər bayramları (orucluq, qurbanlıq və s.) kimi müsəlmanları
ittifaqa və ittihada dəvət edir.
Faiq Ələkbərov
Türküstan.- 2-8 iyul.-
2019.- S.15.