Nəsiminin Ənəlhəqqi - Ənəlhəqqin
Nəsimisi
ESSE
Aşiqlər Allahın dilində danışırlar.
Qeybin dilini məna əhli
olanlar bilirlər.
"Örnək aşiq" Həllac
Mənsurdan dərs alıbmış...
Ənəlhəqq demiş Nəsimi
də!
Ənəlhəqləşibmiş!
"Mən ənəlhəqq oldum əxi!"
deyən Yunus Əmrə kimi!
***
Hər adam Ənəlhəqq deyə bilməz.
"Bəzmi-Əzəl"də məna şərabı
içənlər, ruhu məst olanlar deyə bilər bu
sözü.
Nəsimiyə
görə, cəng də, dəf də, ney
də ənəlhəqq deyir. Gözəlin
gözü-qaşı da!
"Mən Gözəlin üzünü görməsəydim,
Ənəlhəqq deyə bilməzdim" deyərkən Nəsimi
hər dəfə orda-ruhlar aləmində,
yaradılış anında gördüyü Camalı,
Üzü (Nurlar Nurunu) xatırlamışdı. And
içirmiş kimi, "Bəli" deyirmiş kimi
"Ənəlhəqq" demişdi.
Nəsimi deyirdi ki, birlik içində "izim-tozum
silindi". Bu, o deməkdi ki, həmin şəkildə məhv
olan Kainatın özü halına gəlir.
Nəsimi heç vaxt Yaradandan ayrı olmayıb. Bunu onun Ənəlhəqqlə
bağlı dediyi daha bir fikri təsdiqləyir: "Nəsimi
Ənəlhəqq deməzdi, o səni (Allahı) Ənəlhəqq
deməklə tapdı".
Buldu Nəsimi
səni çün, necə Ənəlhəqq deməsin,
Ey bu
sözə münkir olan, dövləti-darın yox imiş!
Bəzi mənbələrdə
"Allahlar diyarı" hesab olunan, rus tarixçisi Lev
Qumilyovun "Sirli xalq" adlandırdığı bir
xalqın şairi "Mən sirri-Ənəlhəqqəm"
deməyib də, nə deyəsiydi? Ənəlhəqq
olmayıb da nə olasıydı?!
***
Ənəlhəqq Əbədiyyət elmidir.
Ənəlhəqq
demək küfrdüsə və söhbət Ənəlhəqq
demək üstdə asılmaqdan gedirdisə, onda gərək
"Həqqə bağlı deyilmiş, kim Ənəlhəqq
demədi" dediyinə görə Y.Əmrəni, "Həllac
Mənsurun Ənəlhəqqində rəhmət
vardır" deyən C.Rumini, eləcə də "Ənəlhəqq"
şeirinə görə Ə.Yəsəvini çoxdan dara
çəkəydilər. Yaxud "Şah Xətai, çəkmərəm
qəm, çün Ənəlhəqq demişəm"
söyləyən Şah İsmayılı taxtdan endirməyə
bundan münasib dəlil-sübut olmayaydı gərək!
Ənəlhəqq demək haqqını qazananlar, əslində,
vəhdəti-vücudçulardı.
Nəsimi də fasiqlərin, müşriklərin və
zahidlərin, mənidən (mənadan) xəbərsizlərin
daşa basıb kafir elan etdikləri şair deyil.
Nəsimi
budur:
- Zinhar, gəl
ey adəmi, insan tələb eylə!
- Hər kişi ki, əzəldə binəsib oldu mənidən,
ayətü-təfsirü kəlam, ana xəbər nə faidə?!
- Hər
nəyə ki, baxıram, həq baxıram,
Baxışım
həqdir, Ənəlhəqq baxıram!
- Sirri-ənəlhəqq
söylərəm,
aləmdə
pünhan gəlmişəm,
Həm həq
derəm, həq məndədir,
həm
xətmi-insan gəlmişəm!
Hüqo
deyirdi: "Allah hər şeydədir. Hər
şey onun görünməsinə mane olur".
Bu fikrə
oxşar bir fikir Höte də də var:
"Kim onu hər yerdə görmürsə, onunla
heç vaxt üz-üzə gələ bilməz".
Həqq hər
şeydədirsə, insan niyə Nəsimi kimi "Həqq mənəm,
həqq məndədir, həqq söylərəm" deyə
bilməsin?!
Artur
Mullerin (ABŞ) "Dünyanın yaranışı və
başqa-başqa işləri" adlı pyesinin cəmi 4
iştirakçısı vardır: Tanrı, Adəm, Həvva,
Lusifer.
Qəribədir, Qərb dünyasına məxsus
yazıçı, Tanrını öz əsərinin qəhrəmanı
edə bilir, amma Şərq dünyasının mütəfəkkirləri
"Ənəlhəqq" ("Mən həqqəm") deməkləri
üstündə cəzalandırılıblar.
Halbuki,
onlar Tanrının dilində danışa-danışa
özlərinin kim olduqlarını bilmək
istəyirdilər. "Əzəldə canım içində
yazıldı surəti-məni "... "Mənanın
surətiyəm" deyən İ.Həsənoğlu kimi Nəsimi
də çoxları çata bilmədiyi bir məqama
çatmışdı
(çatdırılmışdı!).
Nəsimi dünyada başına gətiriləcək
işləri əzəldən bilirdi. Haqqdan özü istəmişdi bu
taleyi:
Yığıldı
Şeyxi-şabilər, ki, yəni
soyalar
məni,
Muradım
bu idi həqqdən,
irişdim
mən bu gün kamə!
O, "Məni
yandırıb-yaxsınlar" deyə, Əzəldə
Tanrıyla əhd-peyman bağlamışdı.
"Həqq mənəm" demək haqqını
bulmaq mümkünmüş. Əlbəttə ki, getdikcə
saflaşmaqla, işıqlanmaqla! İsa Muğannanın dediyi
"Həqq" demək haqqına sahib olmaqla!
Saf Ağ
elminə yiyələnməklə! Saf Ağ İnsan olmaqla!
İnsan
o qədər saflaşır, işıqlanır ki,
"Ağ insan", "Ağ" (həqq) deyilir ona!
XVI əsrdə
yaşamış Övliya-şair Miskin Abdalın
yaradıcılığında buna işarə edilib: "Dərsimi
almışam mən Ağ adamdan!".
Kimdi bu
Ağ adam?!
Həmin
saf Ağ İnsan!
Ancaq hər
adam Ağ adam ola bilmir.
Hər adam ənəlhəqq demək haqqını
qazana bilmədiyi kimi!
"Quran"da Allah demirmi ki, "mən sevdiyim qulu elə
hala gətirərəm ki, o, mənim görən
gözüm, eşidən qulağım, danışan dilim
olar!"
Az qala
bütün şairlər "O, deyir, biz də
yazırıq" demirlərmi?!
Hər şeyin, bütün əşyaların
adını Adəmə Allah öyrədibsə onda hansı
söz insana məxsusdur ki?! Heç insanın özü də
insana məxsus olmadığı halda!
Demək,
çəkinmədən deyə bilərik:
Ənəlhəqq
sözü də Allahın özünə məxsusdur!
"Quran"da
yer almış ayələrdən biri də bunu sübut edir:
"Biz öz əlamətlərimizi dünyanın hər
yerində və insanların özlərində göstərəcəyik
ki, onun haqq (Allah) olması sübuta yetə".
Nəsimi
yazır: "Vücudunun Fironunu məhv elə, sahib sənsən
möcüzəyə, əsaya" Nəsimi demək istəyir
ki, hər kəs vücudundakı fironu (yekəxanalığı)
məhv etsə olur kim? Musa! (peyğəmbər). Əlində
əsa möcüzə göstərir.
Bu cür düşünən şairin "Mən
allaham" deməsinə adamın inanmağı gəlmir.
Nəsimi heç vaxt yanılıb özünə Allah
deməzdi. O
fikri ona Yaradan özü təlqin edirmiş:
Ol
zülcəlal aydır ki, mən - sənsən!
Həmin şeytana ol üsyan gəlir.
(Yəni şeytana yer eləyən odur ki, niyə
insanı Allah öz bənzərində yaradıb?)
Nəsimini
oxuduqca, anladıqca birmənalı şəkildə deyə
bilərik: peyğəmbərlərin xətmi- "Xatəmül
Ənbiya" Məhəmməd peyğəmbər olduğu
kimi, insanların xətmi də "Mən xətmi
İnsanam" deyən Nəsimidir.
"Mən surəti-həqqəm", surəti Rəhmanam"
deyən şairi allahsız elan edən allahsızlar bilmək
istəmirdilər ki, Allah öz "Quran"ında insan haqda
düşüncələrini bizlərə elə-belə
ismarış edib göndərməyibdi. İnsanı
sevdiyi üçün öz son böyük öyüd
kitabını "Bismillah"la başlayıb İnsanla
("Nas" surəsilə) təsadüfi olaraq
tamamlamamışdır.
Nəsimi
isə öz "Divan"ında Allah haqqında
düşüncələrindən söhbət açmaq istəmişdi...
***
Nəsiminin həyatı və
yaradıcılığı 2 hissəli bir faciəyə
oxşayır.
1-ci hissəni şərti olaraq "Nəsiminin Ənəlhəqqi",
2-ci hissəsini isə "Ənəlhəqqin Nəsimisi"
adlandıra bilərik.
Əslində, Nəsimini Nəsiminin Ənəlhəqqində
deyil, Ənəlhəqqin Nəsimisində axtarmaq
lazımdır.
Zaman-zaman, əsr-əsr Nəsimiyə ha hücum çəkdilər,
ha batmaq istədilər, bata bilmədilər. Çünki
baxıb gördülər ki, artıq daha Nəsimi - Ənəlhəqqdir.
Ənəlhəqq - Nəsimidir!
Əvvəldə Ənəlhəqq Nəsiminin
sözüydü. Sonda Ənəlhəqq Nəsiminin
özüydü.
Nəsiminin Ənəlhəqqi - "Eşqin yanasər
çırağıdır".
Ənəlhəqqin Nəsimisi - "Eşq şəhidi"dir,
"Eşq Günəşi"dir.
Nəsiminin Ənəlhəqqi - Əbədiyyət
sözüdür.
Ənəlhəqqin
Nəsimisi - Əbədiyyətin özüdür!
Nəsiminin Ənəlhəqqi - Onu dar ağacına
qaldırdı.
Ənəlhəqqin
Nəsimisi - Onu Dar ağacından endirdi!
(Ölümündən
10 il keçməmiş haqqında
verilmiş fətvanı ləğv etməyə məcbur
oldular).
Nəsiminin
Ənəlhəqqi - guya bir kafiri yer
üzündən ilim-ilim itirdi.
Ənəlhəqqin
Nəsimisi - qaytarıb dahi bir şairi sağ-salim bəşərə
verdi.
Nəsiminin Ənəlhəqqi - İnsanın hələ
də Allah olmaq cəhdidir.
Ənəlhəqqin Nəsimisi - Allah nurunun şərhidir. ("Ol nuru hər kim bilmədi, həqqdən nəsibi nar
imiş").
Nəsiminin Ənəlhəqqi - surəti-rəhmandır.
Ənəlhəqqin
Nəsimisi - Xətmi-İnsandır!
Nəsiminin Ənəlhəqqi - günahdı (abidlərə
görə).
Ənəlhəqqin Nəsimisi - savabdı (aşiqlərə
görə.)
Nəsiminin Ənəlhəqqi - Ənəlhəqq
sözündən doğulmuşdur.
Ənəlhəqqin-Nəsimisi
- Özündən doğuldu!
Nəsiminin Ənəlhəqqi - sadəcə bir şair
doğub.
Ənəlhəqqin
Nəsimisi - şairlər doğmaq gücündədir!
Nəsiminin Əməlhəqqi - "mənəm-mənəm"
deyən bircə nəfərdir.
Ənəlhəqqin
Nəsimisi - hamıdı, "külli-insan"dı - bəşərdi!
Nəsiminin Ənəlhəqqi - onu bu dünyaya müvəqqəti
yaşamaq üçün gətirdi.
Ənəlhəqqin Nəsimisi - Onu Kamala yetirdi. Əbədi
olaraq var etdi. İnsanlara Əbədiyyət elmini öyrətdi!
Nəsiminin Ənəlhəqqi - abidlərin
qırmancıydı.
Ənəlhəqqin
Nəsimisi - aşiqlərin tacıydı!
Nəsiminin Ənəlhəqqi - küfrlə doluydu.
Ənəlhəqqin
Nəsimisi - İmanla!
Nəsiminin Ənəlhəqqi - digər Ənəlhəqçilərin
Ənəlhəqqinə oxşayırdı.
Ənəlhəqqin
Nəsimisi - heç kiminkinə oxşamırdı!
Nəsiminin Ənəlhəqqi - Allahdan uzaqlaşmaq təsiri
bağışlayırdı.
Ənəlhəqqin Nəsimisi - Allaha hamıdan
yaxındı.
Nəsiminin Ənəlhəqqi - narahatlıq
doğururdu.
Ənəlhəqqin
Nəsimisi - rahatlıq!
Nəsiminin Ənəlhəqqi - insanı (nur
parçasını) Göydən Yerə endirmişdi.
Ənəlhəqqin Nəsimisi - İnsanı Yerdən
Göyə qaldırdı. (Öz əzəli məqamına!).
Nəsiminin Ənəlhəqqi - İnsanı
Ölümə doğru aparır.
Ənəlhəqqin
Nəsimisi - Həyata doğru!
Nəsiminin Ənəlhəqqi - Əzəli Yardan
ayrılıqdır, hicrandır.
Ənəlhəqqin-Nəsimisi
- Əzəli yara doğru gedən yoldur - Vüsaldır!
Nəsiminin Ənəlhəqqi - 28 hərflə
qavranılır.
Ənəlhəqqin Nəsimisi - 32 hərflə öyrənilir.
Nəsiminin Ənəlhəqqi - olub, yaşayıb.
Ənəlhəqqin
Nəsimisi - ölüb, yaşayır!
Nəsiminin Ənəlhəqqi - Allahın salamı idi.
Ənəlhəqqin
Nəsimisi - Əleykümsalam! - dedi.
***
Nədir bu dediyim sözlər, bilmirəm. Amma həm də
bilirəm ki, bu cür fikirlər fəna əhli
üçün yox, Məna Əhli üçündür.
Şah Xətaiyə görə, Allah Həllac Mənsurun
diliylə "Ənəlhəqq" söyləyib.
Bu məqam
Nəsimidə də eynilə təcəssümünü
tapıb: "O, de, dedi, mən də dedim".
Hələ də inanılası deyil, yoxsa?
Niyə də inanılmasın?
Niyə Allah istədiyi yerdə təcəlli edir, məsələn,
yanan yamyaşıl Göyəm ağacından səslənib
"Musa, Ənəllah"- "Musa, mən Allaham" deyə
bilir, amma Öz "Eyvan"ından-İnsan ağzından,
insan dilindən səslənə bilmirdi.
...Bəlkə
elə-belə danışıram?
Bəlkə də elə-belə danışmıram?!
Halbuki, "Hər şeyi o, bilir, o, söylər"
(F.Əttar).
"Bizi
hər şeyi bilən Allah danışdırır"
"Allah dilədiyini nuruna qovuşdurur".
"Quran"da öz əksini tapmış bu ayələr
bizi də Nəsiminin Ənəlhəqqindən Ənəlhəqqin
Nəsimisinə doğru aparmırmı,
yaxınlaşdırmırmı, qovuşdurmurmu?!
P.S.
Allahı tanımaq istəyirsənsə, nəfsini bil!
İnsanı
tanımaq istəyirsənsə, Nəsimini bil!
15.06.2019
Barat VÜSAL
Türküstan.- 2019.- 2-8 iyul.- S.22.