İkili vətən həsrəti yaşayan anadangəlmə şair

 

NƏSİB  NƏBİOĞLU-65

 

“Zəhməti qarışdı alın tərinə,

Mən özüm görmüşəm anam nə çəkdi,

Vaxt oldu, tapmadıq..Çörək yerinə

Anam göz yaşını süfrəyə tökdü”..

 

Nəsib Nəbioğlu..

 

Mən yazıma Nəsib Nəbioğlunun elə bu beyti ilə başlamağımın da səbəbi var..O da atasını vaxtsız itirmişdi..Mən də..Hər ikimiz zəhmətkeş analarımızın qayğısı ilə böyümüşük...Nəsib Nəbioğlu ilə hələ Kəlbəcərdən tanışıq..Qardaşı Yusiflə bir müəsisədə çalışırdıq. Nəsib Nəbioğlu ilk şeirlərindən ürəklərə yol tapdı və yaddaşlara yazıldı. Şairlik adını möhürlədi:

 

..Kələflərin içində boya başa çatmışam,

Dükçələr qucağımda şirin yuxu yatmışam..

Elə bilmə mən səni unutmuşam, atmışam..

Hələ qulağımdadı pərinin həzin səsi...

Ay Nənəmin cəhrəsi...

 

Bax o zamandan əzbərimə həkk olan bu şeir hələ də içimdə xoş duyğulu xatirələrimi yaşatmağındadır..

Bəli, bu cəhrə oxumamış  analarımızın  “çörək ağacı”, dolanışıq üçün ümid yeri, isnad nöqtəsi idi. Belə zəhmətkeş analarımız öz halal zəhmətləri ilə atasızlığımızı da yadımızdan çıxarmışdır....Bu məqamda Bənzərsiz Azərbaycan şairi Ənvər Rzanın bir beyti yadıma düşdü. Nəsib Nəbioğlunun bu şeri ilə necə də həmahəng səslənir:

 

...Atalar yaşayır pöhrələriylə,

Eşq olsun onlara bu həyat üçün..

Analar oxutdu cəhrələriylə,

Həkimik, alimik, şairik bu gün..

     Ənvər Rza...

 

  Bəli zəhmətkeş analarımıza ucaldılmış bir heykəldi bu...Onlar bizim üçün böyük bir məktəb, danılmaz bir universitet olublar...

Qaçqınlıqdan sonra  Nəsib Nəbioğlu ixtiyar yaşında olan anası Güllü xalanı Moskvaya, öz yanına aparmışdı..Amma yurd-yuva nisgilli  Güllü ana heç yerdə özünə rahatlıq tapa bilmirdi..Bəlkə ildə 3-4 dəfə Azərbaycana gətirib-aparırdılar. Anasının göz yaşına dözməyən şair anasına deyir:

    - Niyə ağlayırsan axı ay Ana?!  Ürəyin nə istəyirsə alım. Qəlbin nə istəyir, onu eləyim...Ürəyin hara istəyirsə ora aparım. Hansı ki, o zamanlar Nəsib Nəbioğlu çoxsaylı xarici ölkələrdə öz işiylə bağlı ezamiyyətlərdə olurdu. Şübhəsiz anasını istədiyi ölkəyə də apara bilərdi..Anası deyir ki, oğul bacarırsansa məni Kəlbəcərə apar..Bax onda dedim ki ana, məni bağışla buna gücüm çatmır.

     Onu da xatırladım ki, Güllü ana  Aşıq Ələsgərin vəsf etdiyi məhşur Güləndam nənənin əmisi qızıdı. Bütün bu real həyat hadisələri şairin yaradıcılığında zaman-zaman  ürək ağrısı ilə nəzmə çəkilib:

 

...Bir əlçim bulud başının üstə,

Əlləri qalıbdı qaşının üstə..

Elə inadkardı durubdu qəsdə,

Anamı kiridə bilmirəm, Allah..

 

...Gül verrəm, deyir ki, qoxusu yoxdu..

Zamanın Haqq üstə qurğusu yoxdu..

On ildi Anamın yuxusu yoxdu,

Anamı kiridə bilmirəm, Allah...

 

Qəmin qarşısında heykəldi, təkdi..

Dərdin gah arana, gah dağa çəkdi...

Deyir ki, günahkar bircə Fələlkdi..

Anamı kiridə bilmirəm, Allah...

 

Mən həmişə dediyim bir fikrimin üstündə yenə də dayanacam...Kəlbəcərdə şairlik bir vur birdi. Yəni çox asandı. Bakıda şairlik adi hal alıb.şair olmayan da yazır, olan da.....Oğul ona demişəm ki, Kəlbəcərdən qoyunun qırağından gedib...Rusiyada, Moskava kimi bir şəhərdə Nəsib Nəbioğlu kimi sayılıb-seçilən, böyük şairlər tərəfindən təmənnasız tərcümə olunub ürəklərə yol tapan bir şair olsun..Bax elə buna görə də Nəsib  qardaşıma Eşq olsun deyirəm...Bax bu da sənin öz halal haqqındı, qardaş...

Nəsib həm bir oğul kimi, həm də dəyərli bir vətəndaş kimi özünü doğruldub..Bu məqamda bir hadisəni də xatırladım..Nəsibin mənə danışdıqlarından:

    -Yusif, həmişə kəndimizə gedəndə anan Güllü deyərdi: Nəsib dur mənim qoluma gir, mənimlə kəndin arasında birlikdə gəzək, dolaşaq. Qoy görsünlər ki, mənim oğlum bütün arzularımı necə də reallaşdırdı. Görsünlər ki,  necə oğul böyütmüşəm..Şükür ki, zəhmətim hədər getməyib. Allah sənə qəni-qəni rəhmət eləsin Güllü ana.

    Nəsib Nəbioğlunun indiyə kimi 13 kitabı nəşr olunub. Onun üçü rus dilindədi. Nəsib Nəbioğlunun şeirlərini rus dilinə tərcümə edən adi bir tərcüməçi deyil, o Sovet dönəmində SSRİ nin himninin sözlərinin müəllifi Sergey Mixalkovdur..Çox nəhəng bir şair. Özü də çox məqamlarda Nəsibin yaradıcılığı haqqında ürək dolusu xoş sözlər deyib.  Nəsib haqqında bir çox başqa  tanınmış şairlər, incəsənət xadimləri də xoş sözlər deyiblər.

       Naşir, tənqidçi,  ədəbiyyatşünas, tərcüməçi,Filologiya elmləri doktoru, professor Azərbaycan SSR Əməkdar İncəsənət xadimi Çingiz Hüseynov 2003 cü ildə 525 ci qəzetdə şairin yaradıcılığı haqqında böyük bir yazısında deyir:

     -Azərbacanımızda şairlər çoxdur deyə mən onları 3 qrupa bölürəm. Biri adi-həvəskarlar...digər biri, yaxşı şeirlər müəllifi, digər biri, əsası isə əsil, anadangəlmə şairlərdir. Nəsib Nəbioğlu məhz belə şairlərdəndir. Daha sonra Çingiz Hüseynov yazır:

    - Əsil şair sanballı qoşmaları və sevilən gəraylıları ilə tanınır. Mən Nəsib Nəbioğlunun qoşma və gəraylılarının pərəstişkarıyam. Şairin şair Sücaətə ünvanlı yazdığı qoşma isə mən deyərdim ki, yurda çağırışdır:

 

O dağlarda dincəlməzsən bir daha,

Çəmən, çiçək, çöl yadına düşməsin.

Sadalama o yerlərin adını,

“Novruz düşən göl” yadına düşməsin.

 

Boylanarsan Murov üstən hər səhər,

Boğar səni acı həsrət, qəm, kədər..

Dost, başını Gəncədə qat birtəhər,

Ötən zaman, il yadına düşməsin.

 

Dağlı indi vətən deyir arana..

Bulaqların üstü qalıb virana.

O gözəllər daha yoxdu darana,

Bir ətirli tel yadına düşməsin.

 

...Nəsib, qəlbin sağalmaz bu yaradan,

Sınağamı çəkir bizi  Yaradan?!

Ayırmayaq bir də ağı-qaradan,

Kəlbəcərtək ləl yadına düşməsin.

 

Nəsib Nəbioğluda mövzü kasadlığı yoxdu..Yaradıcılığı çoxtərəflidi..Vətənpərvərlik..ata-ana sevgisi...Qonşuluq mədəniyyəti...Yurd-yuva həsrətli şeirləri..Yurda çağırış....Bütün bunlar göstərir ki Nəsib Nəbioğlu anadangəlmə şairdi..Onun məhəbbət ünvanlı şeirləri özünəməxsus deyimlərlə yaddaqalan olub:

 

Bahar deyilmişsən, odun az imiş,

Sən qışın bir ilıq nəfəsiymişsən...

Sevməyi mən sənə özüm öyrətdim,

Nə bilim özgəni sevəsiymişsən...

 

....Birinə qıymısan, birinə qıyma...

Ümidlər qırılır darda, çətində...

Amandı, adımı oğluna qoyma,

O da nakam olar məhəbbətində..

 

Yurd-yuva nisgili  şairin yaradıcılığında ayrı bir xətt, ayrı bir həssaslıqla oxuculara çatdırılır:

 

Vətən, sənsiz olmamışam beləcə...

Ömrü başa vurmamışam eləcə...

Səndən ötrü qərib eldə gizlicə,

Dönə-dönə gözlərimi sıxmışam...

 

Müharibənin ağrı-acılarını fərqli metaforalarla verir Nəsib Nəbioğlu:

 

Yolları bağlandı boranda, qarda...

Bu kəndin kədəri, dərdi böyükdü.

Gündüzlər buludlar ağladı orda,

Gecələr analar göz yaşı tökdü..

 

Gedənlər ulduztək parladı, söndü,

Doydular illərin boran-qarından.

Atalar, əmilər şəkilə döndü,

Asıldı evlərin divarlarından..

 

Həmişə Nəsib mənimlə dərdləşəndə deyir ki, qardaş, mən ikili vətən həsrəti çəkirəm. Həm Kəlbəcərimizi itirdik..Həm də Azərbaycanımızdan uzaqda yaşamaq mənə çox ağır oldu. Elə özünün bir bəndində dediyi kimi:

 

Yurd ağrısı, yurd nisgili canımda..

Sənə çatmaz  ürəyimin naləsi?!

Qürbət elədə yaşayanın əzəldən,

Dərddən, qəmnən tutulubdu şələsi..

 

Bu məqamda bir söz də deyim..Mənim üçün çox əziz, çox doğma olan bir telefon zəngi də var ki, o da Nəsib Nəbioğlu Azərbaycana gələndə ilk zəngini mənə və dostumuz, qardaşımız Sabir Sadaxlı Mahmudova eləyir...Bu da təmənnasız bir doğmalıqdı..

Azərbaycandan Moskvaya şəxsən Nəsib Nəbioğlunun ünvanına bəlkə də yüzlərlə adamlar gedib..Nəsibin ürəyinin və evinin qapısı həmişə onların üzünə açıq olub.Hətta özünün dediyi kimi elə bəzən olub ki, yatmağa yorğan-döşək çatmadığından həyat yoldaşı ilə gecəni səhərə kimi mətbəxt stolunda mürgüləyiblər...Amma burda məni ağrıdan bəzi məqamlar da vardı ki onu da deməyə borcluyam..O adamların təşkil etdiyi tədbirlərdə Nəsib Nəbioğlu vaxt olub ki zalda əyləşməyə yer tapmayıb..Bu etinasızlıq və etibarsızlıq  deyilmi...Yadıma balıqçı və soxulcan məsələsi düşür. Balıq tutuldumu, soxulcan lazım gəlmir...Bunu da siz fikirləşin...necə duyursunuzsa eləcə...Və Moskvada xəstəxanalarda ..evində qulluğunda durub, həftələrlə  əziyyətini çəkdiyi Kəlbəcər aşıqları niyə bir dəfə də olsun Nəsib Nəbioğlunun şerinə müraciət etməyiblər..Yəni mənliklər o qədərmi pula satılıb..Amma dəfələrlə rast gəlmişəm ki, Gədəbəy, Tovuz və Qazax aşıqları Nəsibdən gözəl gəraylılar və qoşmalar ifa ediblər..Bax bunun özü də ağrılı-acılı bir nüansdır..Onsuz da Nəsib Nəbioğlunun bunlara heç bir etiyacı yoxdur və olmayacaqdır..Onsuz da böyük arenada tanınır və sevilir. O oxucusu olan şairlərdəndir.

Bu yaxınlarda 65-illik yubileyi ərəfəsində Nəsib Nəbioğlu  Rusiya Yazıçılar İttifaqının Moskva şəhər təşkilatının yaradıcılıq sahəsində “bədii sözün ucalığına, bədii sözün qüdrətinə xidmətə görə” diplom və medalla mükafatlandırılıb. Bu münasibətlə təşkil olunmuş tədbirdə qeyd olunub ki, Nəsib Nəbioğlu öz yaradıcılığı ilə müasir Rusiya və Azərbaycan ədəbiyyatının zənginləşməsinə və dostluq tellərinin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Mükafatı Rusiya Yazıçılar İttifaqının Moskva Şəhər Təşkilatının sədri Vladimir Boyarinov şəxsən təqdim edib.

Moskvada nəşr olunan “XX əsr Sovet Poeziyası Ensiklopediyasında” bir səhifə Nəsib Nəbioğlunun həyat və yaradıcılığından bəhs edir...Bununla yanaşı ensiklopedik bir məqalədə də XX əsr Azərbaycan şairləri arasında Nəsib Nəbioğlunun da adı çəkilir..Bu heç də balaca bir hadisə deyil..

 Nəsib Nəbioğlu Moskvada yalnız özü üçün yaşamayıb..Öz işinə və şeirlərinə məftun olanlardan olmayıb..O yeri gəldikcə tanıdığı, yazılarına bələd olduğu şairlər haqqında  publisist yazıları ilə də çox işlər görüb və böyük saytlarda..qəzetlərdə..jurnallarda dərc elətdirməyi özünün ikinci missyası bilib..Aşıq Şəmşirin şeirlərinin rus dilində olan ilk tərcümələrini də o tapıb..Hətta həmin tərcüməçinin özünü də tapıb...Aşıq Şəmşirin Moskvada keçirilən tədbirinə dəvət edib.Bu Azərbaycanın nəhəng bir yazıçısı Əməkdar İncəsənət Xadimi Çingiz Hüseynovdur. O hazırda İsrayıldə yaşayır.. Bunlar özü də bu vətənpərvər şairin ürəyinin böyüklüyü deyilmi?!.

Çoxlarınızın bildiyi kimi Böyük Türk Dünyasının Könüllər şairi Məmməd Aslanla ən uzun və etibarlı dostluğu mən eləmişəm. Ruhu şad olsun Ustadın. Bir dəfə söhbət əsnasında dedi ki, mən istəməzdim ki, Nəsib Nəbioğlu şair olsun. Deməyə heç bir sözüm olmadı..Təkcə onu deyə bildim ki, Ustad, özün həmişə demisən ki, əgər bir şairin yaradıcılığında bir-iki gözəl, yaddaqalan gəraylısı varsa o şairdi..Amma Nəsibin neçə-neçə şeirləri Tovuz və Gədəbəy aşıqları tərəfində oxunur və dillər əzbəridir. Söhbətimiz beləcə də bağlandı. Bir dəfə Məmməd müəllim mənə dedi:

    -Yusif, dünən mənə Qənbər Şəmşiroğlu zəng etmişdi..Dedi ki, 525 ci qəzeti tap oxu..Nəsib Nəbioğlunun sənin haqqında gözəl bir yazısı çıxıb. Mən özüm 2 dəfə oxumuşam..İnşallah üçüncü dəfə də oxuyacam. Mən qəzeti tapıb oxudum..Və xəyallandım ki, mən Nəsib haqqında bir dəfə də olsun xoş söz deməmişəm..Amma onun ürəyinin böyüklüyünə bax ki, belə bir yazını yazıb..Nəsibin özünə zəng edib təşəkkürümü bildirdim.. Bax Nəsib belə bir insandı..Allah qorusun qardaş..

Neçə il bundan qabaq elə mən özüm də Nəsib Nəbioğlunun belə bir sürpriz yazısı ilə 525 ci qəzetdə rastlaşdım..”Yusif sənlə nəğmə deyər-Tərtərim”..mənim yaradıcılığıma və həyatıma ünvanlanmış geniş bir yazı..Hətta telefonda öz təşəkkürümü bildirəndə dedi ki, qəzetdə yazımı Rəşad Məcid yarılayıb...Bəs filan saytda bütünlüklə var..Bax Nəsib qardaşımızın ürəyi belə böyükdü..

Şairin yaradıcılığında Ata-Ana məhəbbəti...Atasızlıq dərdi..ana qayğıları...oğul nisgili ikicə bənddə necə də tutarlı deyilir:

 

Nə sən mənim qazancımdan dada bilmisən,

Nə də sənin qazancından  dilimə dəyib..

Nə gələndə qabağına yüyürmüşəm mən,

Nə də sənin ata əlin əlimə dəyib...

 

...İndi bildim, atasızlıq  yamandı,  yaman...

Kədərimi bir kimsəylə mən bölməmişəm...

Anam mənə bir bağlama göndərən zaman,

Onu Ata, onu Ana payı bilmişəm...

 

Nəsibin yaradıcılığının bir xətti də zəhmətkeş, halal əməyiylə dolanan kənd gözəlləri olub...Öz parta yoldaşını tütünçülərlə sahədən gələndə görən şair onunla görüşür..Axı onsuz da kənddə hamı bir-birini tanıyır..bir-birinə daha doğma olurlar. O zamanlar çox gənclər ailə qurmaq üçün oxumuş qızlara üstünlük verirdilər..Ona görə də belə zəhmətkeş qızların çoxunun vaxtı keçdi..Hətta ailə belə qurmadılar. Bütün bu nüansları şair təkrarsız metaforalarla  nəzmə çəkib:

Çoxdan görüşmürdük, qarşılaşmışıq,

Məni salamladın həmin səslə sən.

Bilirəm, sözün çox, sinən doludur,

Bilirəm, köklənmiş kaman üstəsən.

 

Əlinin qabarı qarsdı əlimi,

Qadınsan, qadında belə əl olmaz..

Mən sənə dağların gülü demişdim,

Belə çiçək olmaz, belə gül olmaz.

 

Sinif yoldaşına “müəllim” deyib,

Yaman uzaq etdin özündən məni.

Qınaq atəşinə tut məni indi,

Haqqın var, güllələ gözündən məni.

 

Çəkdiyin şələlər belini əyib,

Odur boy-buxunun qısılı qalıb.

Tütün yarpaqları “fata” yerinə,

Şəvə saçlarından asılı qalıb.

 

...Onsuz da kim sənə nə deyir desin,

Mənim gözlərimdə gülsən, çiçəksən.

Səni gözlərimdə aparacağam,

Sən mənim ruhuma çəkiləcəksən..

 

Qonşu qızını sevdiyi üçün qızın anası şairə gəncliyində atalar demiş “göz verib..işıq verməyib”:

 

Güllə kimi yağdırırsan qarğışı,

Qorxu-hədə qurtarmadı dilinnən.

Kimi gördün gileyləndin ay qonşu;

“Kənd dağılır bu uşağın əlinnən”...

 

Çəpərini aşmağınan nə olar?!

Alça yolub qaçmağınan nə olar?!

Qızına söz qoşmağınan nə olar?!

Vallah-billah kənd dağılmaz, ay qonşu..

 

Nahaq yerə qarğamısan məni sən...

Dönə-dönə eşitmişəm hirsini.

“Səni görüm yox olasan bu kənddən”..

Görürsənmi Haqq eşidib səsini...

 

Görürsənmi, ilim-ilim itmişəm..

Görürsənmi...İldə bir yol gəlirəm..

Uzaq-uzaq şəhərlərdə bitmişəm,

İndi sənin qarğışına gülürəm....

 

Tutmaz məni başqasının qarğışı,

Təkcə sənin qarğışına düşmüşəm,

Başım üstə qara-qara buludlar..

Leysan-leysan yağışına düşmüşəm...

 

Kələf kimi çözələnir bu yollar..

Bu yolların var yenişi, yoxuşu..

Mən də yolun yoxuşuna düşmüşəm...

Nahaq məni qarğamısan, ay qonşu!

Nahaq məni qarğamısan ay qonşu.!

 

Nəsib Nəboğlunun doğulduğu kənd öz baməzə lətifələri ilə, maraqlı deyimləri ilə seçilib. Buna görə də şairin  poeziyasında sətiraltı gülüşlərə də tez-tez rast gəlirik:

 

Qonşu qız, aşardım sizin çəpəri,

Odlu baxışımla izlərdim səni...

Duyuq düşər deyə nənən Gülpəri

Sığınıb ağaca, gözlərdim səni..

 

Gözlərdim, gözlərdim o vaxta qədər..

Dədəni yuxuya verərdim onda...

Sənin gözlərində görsəydim kədər,

Qara saçlarını hörərdim onda..

 

Qonşunun itləri duyuq düşəndə,

Təndir çörəkləri karıma gəldi.

Özümü qürurlu apardım mən də,

Evə götürülmək arıma gəldi...

 

Dedin ki, qorxuram, ta bura gəlmə...

Sözlərin bağrımı dəldi-qayıtdı...

Dədənin öskürək səsi gələndə,

Ürəyim ağzıma gəldi-qayıtdı...

 

Qorxa-qorxa sevdim gedənə kimi,

Getdiyim yollar da qorxdu-ağardı...

Fəqət mən “Götür-qoy” edənə kimi,

Mərdiməzar oğlu səni apardı...

 

Bəlkə nahaqdandı belə deməyim..

Neyləyim, yaramaz baxtına düşdün..

Qonşu qız, bağışla səni sevməyim,

Ağlımın kəsməyən vaxtına düşdü...

 

Səmimi bir şeir..səmimi bir sonluq...Gözəldi...Şairin bu şeri Hüseyn Arifin bir beytini yadıma saldı:

 

Heyif, Ləzgi qızı, sənin gəncliyin,

Hüseynin qocalan vaxtına düşdü.

Hüseyn Arif..

 

Bu məqamda bir nüansa da toxunum. Bəzən böyük bir xalqın bir –iki şairi və ya bir mütəfəkkiri olur...Amma Kəlbəcər Ədəbi mühitində nəşr olunmuş və olunmamış 200 nəfərdən çox şairin sözləri hal-hazırda məclislərimizin yaraşığı olub və dillər əzbəridir..Neçə-neçə Kəlbəcərli  professorların dünya elminə danılmaz töhfələr olub..Onların da  arxivlərini qoruyub, gələcək nəsillərə çatdırmaq missiyası bizim üzərimizdə qalır.. İndi də buradan bir daha xatırladıram..Qeyrətli, təəssübkeş, imkanlı eloğlularımıza...Bax bu mənəviyyayı yaşadıb əsirlərə saxlamaq üçün mütləq mənada bir “Kəlbəcər Mədəniyyət Mərkəzi Birliyi” yaratmağın vaxtıdır.. Ənvər Rzanın, Məmməd Aslanın, Sücaətin, Bəhmən Vətənoğlunun...Qara müəllimin..Ayrımlı Hazırcavab Əhmədin, Bimar Əlinin   və neçə-neçə şairlədimizin əlyazmalarını, yaradıcılığını mühafizə etmək bizim borcumuzdur...Dünyanın 100 alimindən biri..Professor Sabir Quliyev..Haqq dünyasına qovuşdu..Ruhu şad olsun..Olmazmı ki bir Kəlbəcərli kimi onun da arxivini də qoruyub saxlayaq?!.Bir mərkəzdə..Şəxsi evlərdə inanmıram ki, qoruyub gələcəyə çatdıra bilək. Bax bütün bunların yaradıcılığı bizim Kəlbəcərdə yaşayıb-yaratmağımızı, o torpaqların bizlərə məxsus olduğunu haçansa isbat edə biləcək...

Bu məqamda dostumuz, ağsaqqalımız Əyyub Kəlbəcərlinin Gəncədə mənim tədbirimdə dediyi bir cümləni olduğu kimi sənə ünvanlayıram Nəsib qardaşım. “Tanrı bizi yenidən yaratsaydı tərəddüd etmədən həmin ömrümü də səninlə dostluq etməyə sərf edərdim”.   Öz şerimin bir bəndi ilə yazıma sonluq vermək istəyirəm:

 

Yusif, çox əllərdən sərvət də getdi,

Sərvətlə bərabər hörmət də getdi.

Sultanlar yıxıldı, şöhrət də getdi,

Söz yenə “Könüllər Sultanı” oldu.

 

Yusif Hüseyn. Şair-tədqiqatçı...

Az.YB üzvü..”Qızıl Qələm” mükafatı laureatı

 

Türküstan.- 2019.-19-24 iyun.- S.16.