Azərbaycan Türk fəlsəfəsindən
yarpaqlar:
MİRZƏ
FƏTƏLİ AXUNDZADƏ
IV yazı
Mirzə Fətəli Axundzadəyə
görə, İslam dini “İran” xalqına heç bir xeyir
verməmişdir: can və mallarını mühafizə etməmiş;
torpaqlarını düşmənlərdən
qorumamış; şəfaxanalar və mədrəsələr
açmamış; ticarətlərin və
kasıbkarlıqlarına rövnəq verməmiş; xarici məmləkətlərdə
və əcnəbi xalqlar arasında hörmətlərini
artırmamış; ölkədə ədalət və
qanunlar yaratmamışdır. Üstəlik, insana məxsus
iki azadlıq (ruhani və cismani azadlıq) var ki, islam dini onlardan birini İran
xalıqının əlindən alıb: «Bizim ruhani
azadlğımızı islam dininin başçıları əlimizdən
almış, bizi bütün ruhani işlərdə tamamilə
öz əmr və nəhylərinə tabe və alçaq
kölə etmişlər və bizim bu maddəyə heç
bir müdaxilə etmək ixtiyarımız yoxdur». Axundzadə
daha sonra yazır: “Ey Cəlalüddövlə! Sən bilirsən
ki, idarə və politika elminin təhsili İranda
mümkün deyil, vacibdir ki, Avropaya səfər etmək və
orada təhsil eləmək. Aya, bu
mümkündür¬mü? Necə səfər etmək və
kafirlərlə görüşüb tanış
olmaq. Aya, fanatik və şarlatan üləma bu
işə razı olarmı? Aya, bu
puç əqidələr bu işə fitva verərmi? Və külli-əhli-İran elə zənn edir ki,
onlardan danatər aləmdə heç taifə yoxdur.
Ondan ötrü ki, olar axirət elmindən guya bərhrəvərdirlər
və axirət elmindən başqa ülum bifaidə və əbəsdir.
Mükərrər Təbriz xalqından eşidirəm ki,
deyirlər: firənglər vaqeən ülumi-suriyyədə,
yəni dünyəviyyədə tərəqqiyi-külli
edibdirlər, çifayda ülumi-mənəviyyədə, yəni
diniyyədə qəfələtdə və zülmətdədirlər.
Biçarlərin bu iştibahlarına səbəb
zalim molla və vaizdir”.
Bizcə, Axundzadə bu məsələlərdə əsasən
haqlı olsa da, ancaq problemi xeyli dərcədə
şişirdərək həm İslam dini, həm də
Türk dövlətləri, o cümlədən Qacarlar
dövləti haqqında haqsızlıqlara yol verir. Çünki
İslam dini və Türk dövlətləri heç bir
elmin, o cümlədən də idarə və politika elminin
öyrənilməsinə nə ölkə daxilində, nə
də onun xaricində qadağan qoymamışdır. Axundzadə yaxşı bilməli idi ki, Qacarlar
dövlətində Abbas Mirzə, Mirzə Tağı xan və
başqaları gənclərin ölkə daxilində və
Avropada təhsil almasına hər cür şərait
yaratmışdılar. Bütün bunları bildiyi halda,
Axundzadənin İslam dini qədər Qacarlar dövlətini
də pisləməsi, üstəlik Qacar Türk
şahının taxtdan salınmasını arzu etməsi
başa düşülən deyildir: “Bu sözdən despot
xürsənd olmasın ki, İran əhli qəfələtdə
qalcaq, o da qoyun kimi bu avam xalqın içində bizaval səltənət
edəcək. Belə deyil, keçənlərin
tarixinə nəzər etsin, görsün ki, hansı despot
silsilənin İran səltənətində davamı olubdur?
Madam ki, etiqadati-puç xalqın xəyalında
cagirdir, ya bir zirək Bab çıxar, ya bir huşyar sahibi-məzhəb
peyda olur, bu elmsiz və cinə və şeytana və fəriştəyə
və möcizə və kəramətə və külli-xəvariqi-adatə
inanan xalqı bir saatda özünə girəvidə edər
və despotu aradan götürər. Aya,
padişaha tapança atan babilər, nə məlumdur ki,
dübarə bir belə əməli-qəbihə iqdam etməyələr?”
Axundzadəyə görə bütün bunların
baş verməməsi, yəni səltənətin davamı və
silsilənin bəqası üçün padşah millətlə
ittifaq edib vəkili-millət kimi parlament, məhkəmələr,
məktəblər açmalı, sivilizasiya dairəsinə qədəm
basmalıdır. Ən əsası odur ki, bütün
bunları da “İran” padişahı Avropa dövlətlərinin
zəmanətində etməlidir. Ancaq
indiki halda “İran” xalqı Qacar şahına qorxudan itaət
edir, çünki xalqla şah arasında heç bir ittifaq,
qarşılıqlı etimad yoxdur. O, yazır: “Bərfərz
ki, bu saatda İran xalqı padişaha itaət göstərir,
aya, heç bir İran əhli var ki, padişaha məhəbbəti
olub onun səltənətinin davamına və silsiləsinin bəqasına
xahan olsun? Ondan ötri ki, padişah millətin mənafeyi
üçün səltənət etmir, fəqət öz əğrazi-nəfsaniyyəsi
üçün padişahlıq edir və millətə tərbiyət
vermək ilə və onun hüsni-halına və
hüsni-övzaına ehtimam göstərmək ilə onu
özünə mürid eləmir və onu özündən
uzaq salır”. Axundzadə iddia edirdi ki, artıq Avropa
dövlətləri bu məsələləri həll edib, yəni
xalqla ittifaq bağlayıb onlara bir çox hüquq və
azadlıqlar verdiyi halda, müsəlman dövlətlərində,
o cümlədən Qacarlarda ruhanilərlə despotlar birləşib
xalqa olmazın zülmlər veririlər.
Deməli,
“Kəmalüddövlə məktubları”nı
yazmaqda Axundzadənin hədəfində iki məqsəd
olmuşdur: 1) İslam dininin gözdən salınması və
bunun müqabilində zahirən islamla bağlı, ancaq əslində
qeyri-islami cərəyanların yaranmasına səbəb olmaq
hətta, zərdüştiliyin dirçəldilməsi, 2)
Türk Qacarlar səltənətinin devrilərək əvəzində
islam dininə düşmən münasibət bəsləyən
farsdilli zümrənin hakimiyyətə gətirilməsi. Bu iki məsələ həmin əsərin əsas
ana xəttidir. Əslində Axundzadənin filosofluğu
da, yəni fəlsəfənin əsas məsələlərinə
münasibət bildirməsinin kökündə də ilk
növbədə, islam dininin ifşası
mühüm rol oynamışdır. Bizcə, o, sadəcə bu
niyyətini pərdələmək üçün həmin əsərinin
girişində yazır ki, heç bir din
və məzhəbi islamdan üstün tutmur, əksinə bəzi
cəhtlərinə görə onu digər dinlərdən
üstün tutur, amma yenə də bütün dinləri (deməli,
islam dinini də) puç və əfsanə hesab edir. Çünki o, mövcud dinlərdən heç
birinin axirətdə qurtuluşa səbəb olacağına
inanmır və yalnız bu dünyada insanı azad və
xoşbəxt edəcək dinə tapınır. Zənnimizcə, Axundzadənin bir tərəfdən
İslam dinini guya, yeri gələndə digər dinlərdən
üstün tutması, ancaq daha sonra onu da puç və əfsanə
hesab edərək yeni bir din axtarışında olmasından
bəhs edib yenidən islamlığı hədəf
alması doğru bir yanaşma hesab oluna bilməz. Bütün hallarda, bu məsələlərdə
Axundzadənin subyektivliyə yol verməsi danılmazdır.
Zərrə qədər də şübhə etmirik ki,
Axundzadənin əsil məqsədi birmənalı şəkildə
İslam dininin xalqın nəzərində nüfuzdan
salınaraq Qacarlarda aradan qaldırılması və onun yerinə
Babilik ya da ona oxşar bir dini məzhəbin meydana
çıxması olmuşdur. Yəni Axundzadə nə yolla olursa
olsun fars şairi Firdovsi kimi, İslam
dininin “İran” xalqının nəzərində salmaq
uğrunda mücadilə vermiş, bunun üçün də
bir çox məsələlərdə haqlı ya da
haqsız olub olmamasından asılı olmayaraq onu əsas hədəf
olaraq seçmişdir. Bir sözlə, hədəfdə həm
islam dininin nüfuzdan salınaraq yeni bir məzhəbin
inşası, həm də Türk Qacrların devrilərək
farsdilli bir səltənətin bərqərar olması idi. Bu anlamda “Kəmalüddövlə məktubları” əsərinin
ikinci məktubla bağlı bölümündə Axundzadənin
əsil niyyəti tamamilə ortaya çıxır. Belə ki, əvvəlcə burada Qacarların
hakimiyyətdən getməsi naminə Babilərin bütün
hərəkətlərinə haqq qazandıran Axundzadə daha
sonra İslam dini ilə bağlı əsil mahiyyətini
ortaya qoyur. Şübhəsiz, o,
bütün bunları edərkən də çox
ustalıqla öz anlamında ciddi “sübut və dəlillər”lə
çıxış edir.
Məsələn,
Axund Molla Sadıq adlı birisinin Təbrizdə cümə
xütbəsində 17-ci əsrin məşhur
ilahiyyatçısı Əllamə Məhəmməd
Bağır Məclisinin əsərlərinə, xüsusilə
də “Həqqül-Yəqin” kitabına istinadən cəhənnəmə
düşəcək müsəlmanların vəziyyətini
təsvir etməsini, Axundzadə çox böyük məharətlə
İslam dininin əleyhinə istifadə etməyə
çalışmışdır. Çünki Molla
Sadıq, Əllamə Məclisinin həmin kitabna istinadən
deyir ki, bu dünyada bir səhv iş görən insan bu pis əməlinə
görə, o dünyada dəfələrlə yanıb yenidən
əvvəlki halına qaytarılacaq. Bu
dünyada səhv edib o dünyada dəfələrlə yanmaq
istəməyən müsəlman da cəhənnəm qorxusu
ilə elm və sənaye öyrənmir, digər millətlərlə
söhbət etmir. Axundzadəyə görə,
əgər Allah adildirsə, ancaq bu məsələdə ədalət
prinsipi gözlənilmir. Çünki əgər bir
müsəlman bu dünyada bir yanlış iş
görübsə o dünyada da bunun müqabilində bir cəza
verilməlidir. Ancaq bu dünyada etdiyi hər bir
səhvə görə insan axirətdə dəfələrlə
yanacaqsa, o zaman bu dinin özü də onun Allahı da ədalətli
deyildir. Axundzadə yazır: “Əgər cəhənnəm
doğrudur, xaliqi-rəhim və adil, nəzərdə bir
vücudi-naməhbub, bir vücudi-məkruh və zalim
görünür və əgər yalandır, bəs ey vaizlər
və ey alimlər və ey şarlatanlar, niyə biçarə
avamı pərvərdigarı-aləmin niəmatından məhrum
edirsiniz? Niyə onun eyşini təlx eləyirsiniz?
Niyə onu cəhənnəm qorxusu ilə
qoymursunuz sair millət ilə mülaqat edə və ülum və
sənayə öyrənə? Dünya
gör-götür dünyasıdır, siz bu içarə
avamı bu növ pərpuçat ilə qoymursunuz niəmati-ilahidən
bərxudar olmağa. Nəğəmat çalma,
haramdır; nəğəmata qulaq asma, haramdır; nəğəmat
öyrənmə, haramdır; teatr, yəni tamaşaxana
qayırma, haramdır; teatra getmə, haramdır; rəqs etmə,
məkruhdur; rəqsə tamaşa etmə, məkruhdur; saz
çalma, haramdır; saza qulaq asma, haramdır; şətrənc
oynama, haramdır; nərd oynama, haramdır; rəsm çəkmə,
haramdır; evdə heykəl saxlama, haramdır”.
Gördüyümüz kimi, Axundzadə bu məsələləri
elə bir formada ortaya qoyub izah edir ki, ilk baxışda onun
haqlı olduğu şübhə doğurmur. Bu anlamda,
burada da doğru ifadə edir ki, bütün bu sadalananlar orta vəziyyətdə
icra olunsalar heç bir problem olmaz. Çünki
insanın təbiətində hüzn qədər fərəhin
də öz yeri vardır ki, əgər fərəh qüvvəsi
yetərincə olmasa adamın müvazinəti olmaz. Deməli, insanlar elm və əxlaq əsasında
işlərini görməlidirlər, cəhənnəm
qorxusu ilə deyil. Bununla bağlı Axundzadə
yazırdı ki, kim düşünürsə
müsəlmanlara cəhənnəm qorxusu ona görə
lazımdır xalqın malını əlinə düşəndə
yeməyə, özgənin qızına, arvadına
sataşmaya və s. bütün bunlar da çox vaxt söz
olaraq qalır. O yazır: “Tamam oğrular, quldurlar və qatillər
əvamünnasdan və cəhənnəmə inanan kəslərdən
zühur edər. Heç ürəfadan
oğru, ya quldur, ya qatil görübsənmi? Afriqiyyədə cinsi-bəşərdən ətfali-xurdsali-zükuru
tutub, eyni qəsavəti-qəlb ilə xacə edib məmaliki-islamiyyədə
heyvanat kimi satanlar və oları iştira edənlər, tamam
cəhənnəmə etiqad edənlərdirlər və bu ətfali-məsumənin
bədbəxt olmaqlarına səbəb üqəla müsəlmanlardan
olan şütəriləridirlər ki, həcc
mövsümində və sair məqamlarda onların iştirasına
talib olurlar”. Bir sözlə, Axundzadə
belə qənaətə gəlir ki, İslam dinindəki cəhənnəm
qorxusu müsəlmanları nəinki düz yola yönəldir,
tam əksinə daha da pis əməllərə sürükləyib
aparır. Ona görə də, cəhənnəm
qorxusu ilə müsəlmanlara nə qadağalar qoymaq, nə
də onların hüqüqlarını əllərindən
almaq doğru deyildir.
Faiq ƏLƏKBƏRLİ
(QƏZƏNFƏROĞLU),
AMEA Fəlsəfə İnstitutunun
aparıcı elmi işçisi,
fəlsəfə
üzrə fəlsəfə doktoru, dosenta
Türküstan.- 2019.- 25 iyun-1
iyul.- S.6.