Bayrağım
Torpağım üstünə
kölgələr salan
Mənim varlığımın cilası-bayraq.
Zəfərdən doğulmuş
Göytürkdən qalan
Qurdbaşlı bayrağın balası bayraq.
Üçrəngli bayrağın
kölgəsində mən
Qaraca torpağı vətən
görmüşəm.
Zəfər güllərini
dövri-qədimdən
Bayraq işığında bitən
görmüşəm.
Bayraq mənliyimdir,
bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.
Harda əcdadımın
ayaq izi var,
Bu zəfər
bayrağım orda dikəlsin.
Keçdiyi yerlərdə
dağlar, yamaclar
Onun hüzuruna salama gəlsin.
Tarixdən qədimdir,
zamandan qoca
Mənim bayrağıma sancılan
hilal.
Aləmə nur saçdı tarix boyunca
Məbədlər başına
tac olan
hilal.
Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər
çalmış şəhid
önündə
Səni alqış üçün
əyilən görüm.
Bəxtiyar
Vahabzadə
Türküstan . -2019.- 5-11 noyabr.- S.21.