Azərbaycan bayrağı haqqında qısa məlumat

 

Azərbaycan xalqlarının tarixən məskunlaşdığı ərazilərin 1813/28-ci illər işğalından-bölünməsindən sonra, bölgədəki passionar toplumun 100 illik etiraz -istiqlal mücadiləsinin nəticəsi olaraq 1918-ci ildə qazanılan dövlət müstəqilliyimizin əsas atribut-rəmzlərindən biri olan bayrağımız, cəmiyətdaxili münasibətlərdə müstəsna müqəddəs mahiyyətə malikdir. Müstəqil Azərbaycanımızın Milli bayrağı, dövlətçilik simvolu-rəmzi olaraq Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr iclasında qəbul edilmiş ilk dəfə 7 dekabrda-Parlamentin açılışı zamanı binasının üzərində qaldırılmışdır. 72-73 illik fasilədən sonra 1990-cı ilin 17 noyabrında Naxçıvan MR-da, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikası Dövlət bayrağı olaraq elan edilmışdir. 31 il öncə, 1988-ci ilin payızı Xalq Azadlıq Hərəkatı başlayarkən təkrar qaldırılan üç rəngli, ay-ulduzlu Milli Bayrağımız, Dövlət Müstəqilliyimizin bərpa edildiyi son 28 ildə Cənubi Azərbaycan üçün bir ideal-məfkurə nümunəsi olmaq baxımından bütöv, vahid vətənli gələcəyimizə yönəlik ümidverici, ruhlandırıcı, səfərbəredici təsir gücünün daşıyıcısıdır. Azərbaycan Respublikasında "Dövlət Bayraqının istifadəsi qaydaları haqqında" qanun Prezident tərəfindən 2008-ci il 15 sentyabr tarixli Fərmanla təsdiq edilmiş, 2009-cu ilin noyabrından isə Dövlət Bayrağı Günü qeyri-iş günü olan bayramlar sırasına salınmışdır. Vətənin ən uca zirvələrinə sancılaraq dalğalanmalı olan Dövlət Bayrağı hər bir xalqın, millətin milli, mübariz ruhunun, qüdrətinin daşıyıcısı, dəsturu olduğu üçün böyük ehtiram ciddiyyətlə qorunmalı, sonsuz sevgi sayğılarla əhatə edilməlidir. Eşq olsun, bayrağımızı yaradan istiqlalımızı yaşadan nəsillərə!!

 

Dövlət  Bayrağımı sancıb Şuşaya,

Əhməd bəy ruhunu şad  elə, oğlum!

Sultan bəy, Xosrov bəy, Nuru Paşaya,

Bu  Zəfər rahını ad elə, oğlum!

 

Materialı hazırladı: Cabir Alpoğlu Albantürk (AYB üzvü)

Türküstan . -2019.- 5-11 noyabr.- S.21.