28 oktyabr və ya portret

 

(esse)

(Şair Tural Turanın 30 illik yubileyinə)

 

Bu səhər payıza açılıb…Üz tuturam divardakı saat əqrəblərindən boylanan o adama sarı. Payızın rənginə baxdıqca ürpənir yaşamadığım günlər, diksinir o adamın unutduğu kağızlar. Ürəyim də mənə bir az o dünyadan danışa-danışa bələksiz qığılcımın işığında gah tanrı qağaya ismarış göndərir, gah da qaranlığın aydınlıq səsini və bütün qaranlıq otaqları içimdən keçirdə-keçirdə məni o adamın eynəyinin dar ağacına tələsdirir…

Qəfl qulağıma səs gəlir:

 

 “Mən yollarsız da yeridim,

 

Keçib getdim qəbrimin üstündən…

 

Alın yazımdakı yolumun üstündən;

 

Atladım ölümün üstündən.

 

Mən uzaqlaşdıqca dirildim.”

 

 

 

Eləcə hüzur içində  xəyalımda bu fotolar nəfəs alır. Yollar yoxdusa fəsillər də yoxdu. Fəsillər yoxdusa sən uzaqların əbədi sahibisən. Bəli, bakirə uzaqların!

Hələ qəbrinin üstündən keçib getməyin nə boyda tənhalıq olmasını yalnız quşların qanadı bilər- deyib, yoluma davam edirəm. Hər tərəfim insan ömrüdü, ağac həsrətli köhnəlmiş fəsillərdi…Ancaq mən o adamı fikirləşirəm. Barmaqları əlindəki qələmin ömrü olan yalnızlıqşəkilli, taleyi qatar sevdalı o adamı.

Özümlə baş-başa qalmağım çox çəkmir. Yenə qarşımdan keçən bir səs mənə toxunur:

 “Qayıtmağa ayağı yox bu qəbrin…”

Bu an gözlərim səyriyir, yanır baxdığım sonuncu filmin kadırı…Dönüb bu yaşacan yanından ötdüyüm, xatırladığım bütün adamları bir-bir axtarmaq, ağladığı, güldüyü bütün yerləri qarış-qarış gəzmək istəyirəm amma bacarmıram.

Dilimə gələn ilk söz bu olur: Həə…demək, yenə kimsə qayıqlara qoşulub- tabut qayıqlara! Amma özümü itirmirəm. Ümidimi qüruba gedən günəşlə dostluq etməyə qoymayıb, adamşəkilli o ünvana yetişmək istəyirəm. Sanki elə bilirəm ki, bütün bunların sirri o ünvanda açılacaq. O adam pıçıldayacaq ən xoşbəxt gecələrin harda gizlənməsini, dalğaların ölüm tarixini…

Bu dəfə də ürəyimin ritmini, ovuclarımın sükutunu qəfil bir səs pozub, yapışır yaxamdan:

 

“…indi bütün ayrılıqlar pəncərələrdə,

 

bütün yalnızlıqlar şəkillərdə böyüyür.

 

indi bütün yanağı solmuş fotolar xoş günlərimizin

 

sinəsindən çıxarılmış gilizlərdi.”

 

 Bir anlıq yolumun kənarındakı göy üzündə yeni doğulan bir evin qollarına qonmuş təzəcə qanad çıxaran pəncərələrə baxıram. Bəli, qanad çıxaran pəncərələrə! Gözlərimin içində qığıldayan körpələr susub, başını şəkillərin sinəsinə qoyur. Tanrılı şəkillərin!

Addım atmaq istəyirəm, addımlarım boşa çıxır. O səs yaxamı buraxmır ki, buraxmır!:

 

“Kəsib qollarımı göndərirəm,

 

ağuşunda böyüt deyə.

 

Qollarımı böyüt ki, ayrılanda tək qalmayasan…”

Bəlkə bu bir balığın təqvim sevgisi, bir siqaret tütününün kağız nifrətidir. Amma bəlkə də bir ayrılıq himni, yalqızların ilk duasıdır. Hər səhər oxunur üzü payıza, üzü kilsələrə. Nə bilim…

Birtəhər bu səsin əlindən çıxıb, baş alıram qaranlıq otaqlardakı şam işığına.

…Beləcə, çatıram divardakı saat əqrəblərindən boylanan, hələ otuz il öncə yer üzündə kəşf olunan, şeirin alnındakı qırışların yolçusu olan, o adama. O adam ki, yol boyu dəfələrlə yaxamdan yapışan, qarşımı kəsib məni göy üzü ilə, payız duaları ilə üz-üzə qoyan səsin, səsdəki sözün, şeirin sahibir.

 

…və gözlərinə baxıb, bircə kəlmə deyirəm:

 

– “…Alnına bir güllə sıxır pəncərəmə düşən işıq.”

 

 

 

Emil Rasimoğlu

Türküstan.- 2019.- 5-11 noyabr. S. 22.