"Bacımın
gülüşü"
(hekayə)
Hər
şeydə gülməyə bəhanə axtaran mən bu dəfə
sadəcə donub qalmışdım. Bir anlıq elə bil
içimdən gələn soyuq külək üzümə
vurub üşüdürdü məni. Elə bil içimdəki
qış otağının qapısı açıq
qalmışdı, ya da nə bilim içimdə hansısa
söz buz kimi düşüb qalmışdı dondururdu məni.
Mən
beləyəm ee, Allah haqqı.Tez təsirə
düşürəm. Biri bir söz desin həmin an
inanıram. Neynim ee adamlara inanmaq elə xoşuma gəlir
ki...Vallah çox gözəl inanıram.Belə qəşəng,
şirin, cıqqlı. Adam o inanmağın yanaqlarından
dartıb öpməy istəyir.
Özüm
öz inanmağımı elə sevirəm ki. O olmasa mən
yaşaya bilmərəm. Hər dəfəsində
inanmağı seçirəm sora da hər dəfəsindəki
kimi belə yanılıram.
Yadımdadı
nənəm bir dəfə demişdi ki, “Qızım
bütün insanları sevmək lazımdı. Bax Allah hər
birimizi sevərək yaradıb. Allahın sevərək
yaratdığı bir varlıq heç vaxt pis ola bilməz.
Mütləq onun içində bir yaxşılıq
vardı. Qızım insanlara inanmasan yaşamaq olmaz” . Arvad bu
sözləri elə bil direllə beynimi oyub
yazmışdı ora. Bu qədər şey yaşadım, bu
qədər zibilliklərdən keçdim amma o sözlər
silinmək bilmir ki, bilmir. Silinməsi cəhənnəm ee
heç üstünə toz da qonmur. Elə bil beynimin
"format düyməsi"di. Hər dəfəsində pis nəsə
bir şey baş verəndə, axşamı başımı
yastığa qoyub özümə söz verirəm ki; Sabahdan
dəyişəcəm. Sabah oyanan kimi nənəmin cümlələrindən
başqa heçnə tapa bilmirəm o başımda. O arvad
sözün demək qaydasın bilirdi də. Bu günə
kimi mənə nə deyib cümləbəcümlə beynimdədi.
Bu
gün daha bir uğursuzluq, daha bir inamsızlıq... Heçnəyə
reaksiya verə bilmirəm. O da yanımdadı bu dəfə.
Danışır, məni güldürməyə
çalışır.Mən isə onun hər sözün
ciddiyə alıram.Gülə bilməmək elə pisdi ki...
Bir dəfə
kirayə qalırdıq.Anam, bacım, mən. İki mərtəbəli,
taxta bina idi. O binanı həmişə nənəmin bir qəndqabısı
vardı ona oxşadırdım. Bilmirəm niyə. Elə bil
o qəndqabının siması vardı o binada. Bina taxtadan
olduğu üçün mənə elə gəlirdi ki,
çox yüngüldü. Məsələn: Elə bilirdim
ki, babam bu binanın üstünə möhkəm
qışqırsa bina dağıla bilər. Çox
şükür qış gəlməmiş
çıxdıq ordan.
Nəysə,
iki otaqlı evdə kirayə qalırdıq. Otağın
birində anam, bacım, mən, digərində isə ev yiyəsi
qızıyla qalırdı. Çox qəribə qadın
idi. Onu da nəsə tarakana oxşadırdım. Məndə
uşaqlıqdan xasiyyətdi nədənsə nəyisə nəyəsə
mütləq oxşadıram. Yaşlı, arıq, amma cəld
qarı idi. Arıqlıqdan və yaşlılıqdan da beli
bükülmüşdü bir az. Bina taxta bina olduğuna
görə evdə çoxlu tarakanlar olurdu. Bir gün anama
kimsə tarakan dərmanı vermişdi.Ağ rəngdə toz
idi. Anam onu biz qalan otağa səpdi,qapını da
bağladı.Getdik nənəmgilə. Sabahısı gün
gəldik evə. Düşünürdük yəqin
hamısı ölüb. Birdən anama dedim:-Bax
tarakanlara.Ağ toza bulaşmış halda sıralanıb
divarın dibi ilə gedirdilər. Anam baxdı-baxdı
dedi:-Bunlara bax e elə bil stansı akaradan semənti
boşaldıb qayıdırlar.Heç veclərinə də
deyil.
Nədənsə
Bəyaz nənəni (bizim ev sahibəsin) həmin tarakanlara
oxşadırdım. Elə bilirdim ona zəhərli dərman
da versən ölməz heç vaxt.
Burda
tualetdə unitazın üstündə taxta rəflər var
idi. Bəyaz nənə o rəflərin üstünə
boranı qoymuşdu. Yadımda idi üst-üstə
üç rəf idi.
Hərəsində
də bir boranı. İndi düşünürəm ki, onu
tualetə niyə qoyubmuş ki...
Bir
gün bacım tualetə girəndə qapını bərk
örtmüşdü.Elə oturmağıyla
qışqırmağı bir oldu.“Belimdədi !”, “Mama, qoyma
!”, “Biri də başıma tullandı!”, “Mamaa!” deyib
qışqırırdı. Qapını aça bilməyib
sındırdıq. Daha doğrusu qapı özü elə
sınmağa həvəsliydi.Anam bir az bərk dartan kimi qopdu.
Gördük bacım oturub, boranılar da yerdədi hamsı.
Yazıq qız oturan kimi boranılar bir-bir boynunun dalına,
belinə düşübmüş. Təbii ki, bəyaz nənə
bacımdan çox boranıya heyifsilənirdi..
O
hadisədən sonra biz o evdən çıxdıq. Bacım
isə tam başqa cür olmuşdu. Mənim indiki halım
kimi. Onu güldürmək üçün nə deyirdik, nə
edirdiksə eləcə soyuq-soyuq üzümüzə
baxırdı. Adam özü pərt olurdu. Amma
gülmürdü. Danışanda da kəkəliyirdi bir az.
Amma heç gülmürdü...
Necə
özünə gələ bildi bilmirəm. Sonra anamgil
Qazaxstana qaytdılar. Birdə bacımı 3 ildən sonra
gördüm. Kimsə ona yenidən gülməyi öyrətmişdi...
Çinarə
ÖMRAY
Türküstan.-
2019.- 5-11 noyabr. S. 23.