Dastanların ömrü qədər yaşa, yaz… (Məmməd İsmayıl – 80)

 

 Yenə payızdı…  Bərk külək əsir yenə… Bəlkə də  bir həyat hekayəsini yarpaq-yarpaq notlara köçürür “bəstəkar küləklər”… Nədən bəhs edir bu hekayət, görəsən?  Uzaq nağıllardan, dastanlardan bu günümüzə gəlib çıxan bir Baba Dərvişdən bəhs edir, bəlkə? Elə mən də  həmin dərvişdən söz açmaq istəyirəm.

“Hardasan, hardasan, ay Baba Dərviş?”- deyə  onu soraqlayıram yaddaşımdan. Payızdan yaza – gənclik illərimə, “Gənclik”lə müjdələnən gəncliyimə boylanıram… Gözlərimin qarşısında nurüzlü bir insan canlanır… “Salam!”- deyirəm. “Salam, Haqdan gələn Baba Dərvişim!” – Bu, zaman-məkan  çərçivəsinə sığmayan, bəlkə də “Qalü bəla” zamanından gəlib Qiyamətdən keçəcək, Tanrı dərgahında da səslənəcək əbədi bir salamdır mənimçün…  “Qızım, şeirlərində poeziyaya ciddi yanaşan, yeni, orijinal fikirlər deməyə çalışan bir qəlbin çırpıntıları var…”.  İllər öncə “Gənclik” jurnalına ünvanlanan məktubuma yazılan bu cavabla başlanan doğmalıq, ata-övlad səmimiyyəti məni uşaqlıq illərimin   nağıllarından, dastanlarından tanıdığım baba dərvişlərin – qeybdən gələn sevinclərin, təmənnasız xeyirxahlıqların varlığına inandırdı… İnandım və anladım ki, Məmməd İsmayıl da məhz  o uzaq dastanlardan bu günümüzə gəlib çıxan Baba Dərvişdi. Bu dərvişin, əsrarəngiz bir bağçada yetişmiş ümid ağacından dərib bizlərə payladığı “alma payı” isə  – Sözdür! Ulu, müqəddəs, Haqdan gələn Sözə aşiq olanlara öz  təkrarsız Sözü və bənzərsiz şəxsiyyəti ilə örnəkdir Məmməd İsmayıl! Bu Baba Dərvişin Söz aşıqlərinə payladığı  əsrarəngiz  “alma”ların  sirri isə ulu bir hikmətə bağlıdır. Müqəddəs bir ağacın meyvələridir onlar… O ağacın ki, dünyadakı bütün alma ağacları arasında yalnız onun qismətinə insan kimi məzara gömülmək yazılmışdı. Bir atasız ocağı əsl ana səxavəti, şəfqətilə  doyuran o “gəzəl alma” ağacı  quruyarkən ocağa atmağa qıymayan cəfakeş Gülzar ana dünyanın ən böyük məzarını qazmışdı o gün… Bax, o cəfakeş ananın – anaların  övladıdır Məmməd İsmayıl – mənim Haqdan gələn Baba Dərvişim! Bir zamanlar:

 

“Vaxtınız olanda sıxın bir məni

 

Bir görün, nəyəm?

 

Ana çörəyiyəm,

 

Alma şirəsiyəm,

 

Qoyun südüyəm”,

 

– deyə “üç ana”nın halal zəhmətini dilə gətirən bu halal övlad bu şeirilə sanki onlardan da halallıq almaq istəmişdi. Elə bu halallıqla boya-başa çatdığı üçün halal insandır Məmməd İsmayıl! Bu halallıq onun hər halından bəllidir. Bu məqamda, əziz anama ünvanladığım ilk şeirimə səhifələrində yer ayıran, gənclik illərimin  unudulmaz “Gənclik” jurnalından tanıdığım daha bir  insanın, bu gün artıq Haqq dünyasında olan qardaşım, şair-publisist Hüseyn Əfəndinin vaxtilə Məmməd müəllim barədə söylədiyi sözləri xatırlayıram: “ …Mən yüz faiz inanıram ki, o adam bir tikə də haram çörək yeməyib… O bir şeirində deyir ki, biz gərək arxadan gələnlərin, arxamızca yüyürənlərin nəfəsini hiss eləyək. Mən də ona bizdən qabaqda yüyürən və əlində işıq aparan bir adam kimi baxıram. Mən Məmməd İsmayılı işıq kimi, nur kimi görürəm!”   Şeirlərindən birində “İnsanam – dünyaya işıqlı vədəm”, – deyən  bu gözəl şairlə məni doğmalaşdıran da  elə məhz bu işıqdır!

Bu gün sözü, səsi, şeirinin işığı dünyanı bürüyən Baba Dərvişin poeziyası bir dua kimi səslənir. Şairin gah ata yurdu Tovuzda, Əsrik qayalarında mərdanə dözüb dayanan tənha dağdağan ağacı kimi sarsılmaz iradəylə:

 

“Mənəm yerdən göyəcən

Dirənən əzan səsi –

Mənəm dua oxuyan!”

 

– deyə haray çəkən səsini, göylərə ucalan dualarını, gah da Himalay dağlarının zirvəsində “Om mani padme hum” –deyə mantralar oxuduğunu  eşidirik. Şairin əsrarəngiz dünyası  Sözün və ilahi səsin vəhdətindən nurlanır, bu nurla bütövləşir! Əslində,  dünya özü də şairə görə, bir səsdi:

 

“Dünya səsdi, eşidib tuta bilmədiyin səs,

Çaşıb həvəsə düşmə, tordu düşdüyün həvəs.

Ürəyindən keçənlər torpağa düşən toxum; –

Om mani padme hum

Om mani padme hum”.

 

Şeirləri dua kimi səslənən, ruhumuzu saflığa, işığa çağıran böyük şairimiz bu gün doğma vətənindən uzaqda, qardaş Türkiyənin mübarək bir şəhərində – şəhidlər şəhəri Çanaqqalada yaşayıb-yaratmaqdadır. Çanaqqala 18 mart Universitetinin professorudur.

“Türk Dünyasına xidmət” mükafatı alan ilk Azərbaycan türküdür Məmməd İsmayıl. Bütün qəlbi və ruhuyla Türk dünyasına bağlı olan, könüllər fəth edən şeirlərilə Türkün sevgisini bütün dünyaya çatdıran bir şairin halal mükafatıdır bu!

 

“Tanrı dağlarından enib gəlibdir,

Bozqırda, Boz qurda dönüb gəlibdir,

O yurddan bu yurda dönüb gəlibdir,

Bir yurd sevgisidir Türkün sevgisi,

Boz qurd sevgisidir Türkün sevgisi,

Qorqud sevgisidir Türkün sevgisi!”

 

Ürəyində dünya boyda sevgi yaşadan, sevgiylə yaşayan şairin bu dünyada fiziki  yaşı  artıq səksəndi. “Səksəndi ”,- dedim sanki bu sözdən qələm də, kağız da səksəndi… Bir anlıq “susdular”, ara verdilər “söhbət”ə…  Mən səksənmədim amma. – Axı, nağıllardan, dastanlardan uzun-uzun yollar keçib gələn  Baba Dərvişin, səksən deyil, bəlkə də səkkiz yüzdür yaşı. Kim bilir? Bildiyim odur ki, bu ağsaqqal, bəlkə də Dədə Qorqud yaşıdı dərviş babanın dastanlara sığmayan ömür hekayətindən  söz açmaq bir yazıya, bir söhbətə sığışmaz.

 

***

 

Səhərdən əsən külək kəsdi, deyəsən…  “Bəstələyib” bitirdimi nəğməsini?… Yağış başladı indi də… Payız yağışı. Pəncərəmdən boylanıram. Nə gözəl yağır!… “Pəncərəmin önündə göz yaşı tökər payız”,- deyir bir şeirində Baba Dərviş.  Payızın göz yaşımı yağış? Baba Dərvişimdən söz açdığım hər yazımda yağış səsi var… Amma göz yaşı deyil, yazımın hər sətirinə nur yağır bu yağışdan. Həzin nəğməsiylə mənə ilham verir:

 

Bu nurmu, bərəkətmi,

yoxsa təbim – yağışdı?!

Sənə söz yazım deyə,

Göy üzü süfrə açdı,

Nurla dolu buludlar

bir araya yığışdı;

damla-damla süzülən

nur ovcuma sığışdı!

Ovcum – mürəkkəbqabı,

Mürəkkəbim – yağışdı…

 

Bu gün “…Azərbaycan poeziyasında bir Məmməd İsmayıl fenomeni var” (akademik Nizami Cəfərov) və həyatı, taleyi, yaradıcılığı ilə fenomen bir şəxsiyyət olan şairin  sözü də, özü də dünyanı gəzib-dolaşmaqda, könüllər fəth etməkdədir:

 

Baba Dərviş diyar-diyar dolaşır,

Sözü, səsi qitələrdən yol aşır,

Haqdan gəlib, öz haqqıdır –yaraşır!

Dastanların ömrü qədər yaşa, yaz!

Sən nə yazsan, yenə azdır, yenə az!

 

Baba Dərvişimin – Türk dünyasının böyük şairinin yaşadığı bir dünyada yaşamaq, onu tanımaq, mənəvi övladı kimi sevmək,  Türkiyəli dəyərli alim-yazıçı prof.dr. Ömür Ceylan qardaşımın sözlərilə desək, “Məmməd İsmayıl əsrində yaşamaq” Allahın bir lütfüdür! Əlhəmdülillah!

 

 

Şair-publisist,

Dos.dr. Şəlalə Ana Hümmətli

 Türküstan.- 2019.- 5-11 noyabr. S. 24.