Azərbaycan Türk
bayrağının
mənəvi-ideoloji mənası
Hər bir millətin bayrağı (sancağı)
onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi
əxlaqının, bir sözlə onların ümumiliyi olan
milli ideologiyasının ifadəsidir. Bayraq elə bir rəmzdir
ki, millət onda keçmişini və bu gününü
görür, gələcəkdə atacaq addımları
müəyyənləşdirir. Əgər kimsə
yaşadığı bir ölkədə milli ideyanın nədən
ibarət olmasını bilmirsə, yaxud da belə bir
ideyanın olmadığını iddia edirsə deməli,
onun şüurunda milli bayraq anlayışı ya çox zəif
şəkildə mövcuddur, ya da ümumiyyətlə yoxdur.
Çünki milli bayraq yeganə mənəvi-ideoloji
anlayışdır ki, vətəndaş onda
özünü-kimliyini, dilini, mədəniyyətini və s.
görür. Deməli, milli bayrağın mahiyyətini,
mənəvi-ideoloji mənasını anlamayan bir kəsdə
bayraq sevgisi yarana bilməz.
Bu mənada bugünkü Azərbaycan Cümhuriyyətinin
üçboyalı bayrağı onun milli varlıq fəlsəfəsidir. Bu
üçboyalı bayraqda Azərbaycan türk xalqının
keçmişi, bu günü və gələcəyi öz əksini
tapmışdır. Ancaq təəssüflər
olsun ki, bir çoxlarımız milli baryaq ideyasını
kifayət qədər anlamırıq və yaxud da anlamaqda
çətinlki çəkirik. Hətta bəziləri
üçün üçboyalı milli bayrağımız
yalnız rənglər və bezdən ibarət maddi bir mahiyyət
daşıyır. Halbuki, bayrağı
milli bayraq edən nə bez, nə də onun təsviri deyildir.
Milli bayrağın müqəddəsliyi, ucalığı, mənəvi
mahiyyəti və s. onun boyalarındakı mənəvi-ideoloji
mənası ilə bağlıdır. Bu baxımdan milli
bayrağı yalnız ayrı-ayrı rənglərin təsadüfi
bir toplusu kimi görmək, hər boya haqqında bir
anlayış işlədib bununla kifayətlənmək və
s. doğru deyildir.
Fikrimizcə,
bu gün milli bayrağın fəlsəfi-ideoloji mənasının
dərkindəki problemlərin nəticəsidir ki, Azərbaycan
türk bayrağı İranda, Belçikada və b. ölkələrdə
aşağılananda (məsələn, milli
bayrağımız tərsinə asılanda və s.) bir
toplum olaraq buna anındaca nəinki yetərli, heç onun
yarısı qədər belə reaksiya göstərmirik. Ümumiyyətlə etiraf etməliyik ki, milli
bayrağa qarşı istər daxildə, istərsə də
xaricdə xoşagəlməz hallara yalnız rəsmi dövlət
səviyyəsində deyil, bir millət olaraq göstərilən
təpkilər də çox zəifdir. Bunun
səbəbini ilk növbədə, milli bayrağın yaranma
tarixini istənilən şəkildə öyrənməməyimizdə,
onun mənəvi-ideoloji mənasını lazımınca
qavramamaqda, təhsilmizdəki problemlərdə və s.
axtarmalıyıq.
Bugünkü Azərbaycan türk bayrağı rəsmi
şəkildə 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin
dövlət bayrağı kimi yaransa da, onun tarixi
türkün tarixi qədər qədimdir. Şübhəsiz,
bu bayrağın hər boyasında türk millətinin
özü izi, dəsti-xətti vardır. Öncə
qeyd etməyi zəruri bilirik ki, Azərbaycan Cümhuriyyətinin
ilk bayrağı, fonunda aypara və səkkizgüşəli
ulduz olmaqla yalnız qırımızı-al boyadan ibarət
olmuşdur. Həmin dövrdə də, bu
gün də həmin bayraq, kiçik fərqlə - aypara və
beşgüşəli ulduz olmaqla Türkiyə Cümhuriyyətinin
bayrağıdır. Türkiyə və
Azərbaycanın bayraqlarının
oxşarlığını 1918-ci ildə milli dövlət
qurulması məsələsində Cümhuriyyətin
ideoloqları ilə fikir mübadiləsi aparmaq
üçün, Azərbaycana gələn milli
ziyalılarımızdan Əli bəy Hüseynzadə də
görmüşdür. Əli bəy yazır:
«Bayrağı bizimkinin (yəni Türkiyənin -F.Ə.) eyni
olan fəqət al rəngli milli bayrağında bəyaz hilal
qarşısında beş şualı yerinə səkkiz
şüualı bir yıldız bulunan məmləkətdən,
Qafqasiya Azərbaycanından, Azərbaycan Cümhuriyyətindən,
daha doğrusu Qafqasiya Türk dövlətindən bir az bəhs
etmək istərəm». Deməli,
Ə.Hüseynzadə cüzi fərqi nəzərə almasaq,
Azərbaycan və Türkiyə bayrağını türk
bayrağı kimi xarakterizə etmiş, bundan
çıxış edərək hər iki ölkənin
türk dövləti olduğunu vurğulamışdı.
Ümumiyyətlə, qeyd etməyi vacib bilirik ki, həmin
dövrdə hər iki türk dövlətinin eyni
bayrağı daşıması Azərbaycan Cümhuriyyəti
üzərində ciddi təzyiqlərə səbəb
olmuşdu. Xüsusilə, antitürk qüvvələr (ruslar,
ermənilər, farslar və b.) Azərbaycan
Cümhuriyyətini Türkiyənin bir hissəsi olmaqda ittiham
edir, onun müstəqilliyinə kölgə salmağa
çalışırdılar. Bütün
bunların doğru olmadığını sübut etmək
üçün, Azərbaycan Cümhuriyyətinin
qurucuları başda Məhəmməd Əmin Rəsulzadə
olmaqla milli bayrağı yenisi ilə, yəni
üçboyalı bayraqla əvəz etməli oldular.
Ancaq Azərbaycan Cümhuriyyətinin yeni
üçboyalı bayrağı özündən əvvəlki
təkboyalı al-qırmızı bayrağı nəinki
inkar etmiş, əksinə mənəvi-ideoloji mənada onu
tamamlamışdı. Başqa sözlə, Cümhuriyyətin
ikinci bayrağında al-qırmızı boya və
ayparalı səkkizguşəli ulduzla yanaşı,
türklüyü və islamlığı ifadə edən
göy və yaşıl rənglərin öz ifadəsini
tapması ilə, milli bayraq tam bir mənəvi-ideoloji dəyər
kəsb etmişdi. Bu baxımdan təkboyalı
bayrağın üçboyalı bayraqla əvəz
olunması müəyyən mənada siyasi amillərlə
bağlı olsa da, əslində onun yaranmasında
milli-türk və müstəqil Azərbaycan ideyası daha
mühüm rol oynamışdı.
Üçboyalı bayrağın ideya müəllifi
türk ideoloqu Əli bəy Hüseynzadə olsa da, onu
müstəqil Azərbaycan-türk dövlətinin
bayrağı kimi əbədiləşdirən isə
M.Ə.Rəsulzadə olmuşdu. M.Ə.Rəsulzadə,
Y.Akçuraoğlu, Z.Gökalp və başqaları etiraf
edirlər ki, Ə.Hüseynzadə 1906-1907-ci illərdə nəşr
olunan «Füyuzat» jurnalında «islam əqidəli, türk
qanlı və Avropa qiyafəli bir insan olalım» - deməklə,
bütün türk xalqlarının ortaq məfkurəsinə
çevrilən «türkləşmək, islamlaşmaq və
müasirləşmək» ideyasının təməlini
qoymuşdur. Ə.Hüseynzadənin bu
«üçlü» düsturuna görə, hər müsəlman-türk
müasir ruhlu milli və dini birlikdən çıxış
etməlidir. Çünki
Ə.Hüseynzadənin ideoloji-fəlsəfi
baxışlarında milli və dini kimlik bir yerdə
götürülürdü. Bunu, Ə.Hüseynzadə
belə izah edirdi ki, islam istisna olmaqla
türklərin əksəriyyəti başqa dinlərə
ciddi şəkildə meyil və istedad göstərməmiş,
göstərənlər isə öz etnik mənşələrini
belə unutmuşlar. Ancaq müsəlman türklər həm
islam aləminin mühüm bir
istinadgahına çevrilmiş, həm də öz tayfa və
milliyyətlərini qoruyub-saxlamışlar. O yazır:
«Müsəlmanız, onun üçün dünyanın hər
nərəsində xeyirxahı bulunduğumuz din
qardaşlarımız tərəqqi etsə biz o tərəqqiyi
əz canü dil alqışlarız! Türküz,
ona görə də türküz. Türkün
hər yerdə tərəqqi və təkamül ilə məsud
olmasını arzu ediriz». Beləliklə,
Ə.Hüseynzadənin türk xalqlarına çatdırmaq
istədiyi fikir ondan ibarət idi ki, milli ruhlu ziyalılar
islamçılıq və türkçülüklə
yanaşı, bu ideyaların mahiyyəti ilə ziddiyyət təşkil
etməyən Avropanın müsbət dəyərlərini də
təbliğ edəcəkdir. Ancaq Qərb mədəniyyətini
mənimsəmək heç də müsəlmanların,
türklərin avropalaşması, avropalıları təqlid
etməsi anlamına gəlməməlidir: «Türkün
irtidad edib firəngləşməsi, firənglərin ya
mürtədlərin tərəqqisi deməkdir, yoxsa türk,
ya müsəlman tərəqqisi demək deyildir!».
Tanınmış türkçü Yusif
Akçuraoğluna görə, Ə.Hüseynzadənin bu
«üçlü» düsturu çox keçmədən
türk aləminin hər tərəfinə
yayılmış, xüsusilə Osmanlı Türkiyəsində
Ziya Gökalp tərəfindən dəstəklənmişdir. Belə ki,
Z.Gökalp 1910-cu illərdə Ə.Hüseynzadənin yolunu
davam etdirərək onun «türkləşmək,
islamlaşmaq və avropalaqmaq» ideyasını «Türk millətindənəm,
İslam ümmətindənəm, Qərb mədəniyyətindənəm»
kimi formulə etmişdi. 1912-1913-cü illərdə
«Türk yurdu» jurnalında dərc etdirdiyi silsilə məqalələrində
Z.Gökalp yazırdı: «Türkləşmək,
islamlaşmaq məfkurələri arasında bir
çatışma olmadığı kimi, bunlarla müasirləşmək
ehtiyacı arasında da bir çəkişmə mövcud
deyildir… O halda hər birinin nüfuz dairəsini təyin edərək
bu üç cərəyanın üçünü də
qəbul etməliyiz; yaxud, daha doğrusu, bunları bir
ehtiyacın üç müxtəlif nöqtədən
götürülmüş səhifələri olduğunu
anlayaraq müasir bir islam türklüyü ibda etməliyiz».
Türkiyədə
olduğu dövrdə (1911-1913) Z.Gökalp,
Y.Akçuraoğlu, Ə.Hüseynzadə və başqa
türkçülərdən bu «üçlü» düsturu
mənimsəyən və onu Azərbaycan
türkçülüyünün məfkurəsi halına gətirən
M.Ə.Rəsulzadə olmuşdu. M.Ə.Rəsulzadə 1918-ci
ildə milli bayrağın simvolarına çevrilən
türkçülüyü, islamçılığı və
müasirliyi ardıcıl olaraq belə ifadə etmişdi:
«Dilcə - biz türküz, türklük milliyyətimizdir. Ona görə də müstəqil türk ədəbiyyatı,
türk sənəti, türk tarixi və türk mədəniyyətinə
malikiyyətimiz - məqsədimizdir. Parlaq bir türk mədəniyyəti
isə ən müqəddəs qayeyi-amalımız,
işıqlı yıldızmızdır… Dincə
- müsəlmanız. Hər bir din öz
mütədəyyinləri (inananları) arasında məxsusi
bir təməddün (yeniləşmə) vücuda gətirmişdir
ki, bu mədəniyyət də bir beynəlmiləliyyət səbəbi
təşkil edir. Müsəlman
olduğumuz üçün biz türklər beynəlmiləliyyəti-islamiyyəyə
daxiliz. Bütün islam millətlərilə
şərikli bir əxlaqa, dini bir tarixə, mühtərək
bir yazıya, xülasə ortaq bir mədəniyyətə
malikiz… Zamanca da - biz texnikanın, elm və fənnin
möcüzələr yaradan bir dövründəyiz.
Türk və müsəlman qalaraq müstəqilən
yaşamaq istərsək mütləq əsrimizdəki elmlər,
fənnlər, hikmət və fəlsəfələrlə
silahlanmalı, sözün bütün mənası ilə
zamanə adamı olmalıyız… Demək ki, sağlam, mətin
və oyanıq məfkurəli bir milliyyət vücuduna
çalışmaq istərsək ki, zaman bunu tələb
ediyor - mütləqə üç əsasa
sarılmalıyız: türkləşmək, islamlaşmaq və
müasirləşmək. İştə millətimizin ictimai
həyatının islahı üçün üzərinə
dayandığımız üç payeyi-mədəniyyət!»
ardı
var
Faiq Ələkbərli
Türküstan.-
2019.- 15-18 noyabr.- S.6.