Nəriman Qasımoğlu:
“İnsanlarıımızın şüurunu
ona yönəltmək
lazımdır ki, Quranı oxusunlar.”
Həmsöhbətimiz şərqşünas-alim
Nəriman Qasımoğludur.
– Nəriman
müəllim, bir çoxları kimi mənim də Azərbaycan
dilində “Qurani Kərim”lə tanışlığım
Sizin tərcümənizlə başlayıb. 1990-cı illərdə
“Xəzər” jurnalındakı Sizin tərcümə hissə-hissə
çap olunurdu. Sonradan kitab şəklində nəşr
olundu. Sizin yenidən Quranı tərcümə etməyiniz
hansı zərurətdən yarandı. Birinci tərcümədə
Sizi qane etməyən nə idi?
– Həmin
tərcümə 1989-cu ildən başlayaraq hissə-hissə
“Xəzər” jurnalında çıxmağa başladı. O
zaman Azərbaycanca yeni dövrdə bu, ilk Quran tərcüməsi
idi. Təsəvvür edin, məhz bu tərcümə
nümunəsinə görə “Xəzər” jurnalı o zaman
60-80 min tirajla çap edilirdi, tirajın 100 min nüsxəyə
çatdığı da olurdu.
Tərcüməni ərəblərdə məşhur
olan Cəlaleynin təfsiri üzərində qurmuşdum. Belə
baxanda əsərin teoloji yükü mənim məhsulum deyil.
Əsərin üzərində sadəcə ərəbşünas,
Azərbaycan dilinə bələd bir şəxs, bədii
yazılar müəllifi kimi
çalışmışdım. Ona səy göstərmişdim
ki, orijinal mətndəki linqvistik özəlliklər, gözəl
səslənmələr dilimizdə bədii üslubda imkan
daxilində səslənə bilsin. Əslində həmin tərcümənin
populyarlığının səbəbi bədii tərcümə
üslubunu seçməyimdə idi. O əsər məni
ilahiyyat araşdırmalarına sövq etdi, bu
araşdırmalardan ayrıla bilmədim. Prosesin özündə
Quran mətninin hansı tükənməz teoloji potensiala malik
olduğunu hiss etmişdim. Əlbəttə, yanlış
anlaşılmasın deyə bildirim, bu, imana gəlmək məsələsi
deyildi, Qurana kosmik-ilahi informasiya qaynağı kimi onsuz da
inanırdım. Bu imanı sadəcə kamilləşdirən
isə Quranın öz potensialı oldu. Söhbət ənənəvi
müsəlman dindarlığında qətiyyən əksini
tapmayan Quranın inkişafa, tərəqqiyə, yüksəlişə
təşviq edən universal teoloji imkanlarından gedir. Müsəlmanların
dini şüuru ilə Quran ismarışları arasında bu
uçurum elə o zamandan məni elmi-teoloji
araşdırmalara çəkdi. İlahiyyat
araşdırmalarımda, necə deyərlər, dərinləşdirdikcə,
yeni teoloji tapıntıları aşkarladıqca əvvəlki
tərcüməmə şəxsən özümün tənqidi
qənaətim yarandı, hərçənd həmin tərcümə
xeyli populyar olaraq qalırdı. Yeni tərcümə
variantını ərsəyə gətirmək bu qənaətdən
doğdu, əslində. Yeni tərcümədə də bədii
tərcümə üslubundan yararlandım. Çünki bədii
tərcümə dilimizi daha yaxşı təqdim edir. Mətnin
əsas özəlliyi isə bədii tərcümə ilə
maksimum dərəcədə hərfi tərcüməni
sintezinə nail olmaq çəhdimdir. Əlbəttə,
sözbəsöz tərcümə ilə bədii tərcümənin
sintezi çox çətin alınan işdir. Bir daha
vurğulayım ki, araşdırmalarımın nəticəsində
əldə etdiyim teoloji yeniliklər də yeni tərcümədə
ifadəsini tapmalı idi. Xeyli iddialı səslənsə də,
çəkinmədən deyim, ümumən islam
ilahiyyatçılığında, heç bir Quran tərcüməsində
ifadə edilməyən teoloji məqamlar ilk dəfə bu tərcümədə
yer alıb.
– Son zamanlar yazılarınızda
Quranı OXU kimi təqdim edirsiniz. Biz isə daha çox
Qurani-Kərim, Qurani-Şərif kimi anlayışlara vərdiş
etmişik. Bunların fərqi nədir, hansı ifadə daha məqsədəuyğundur?
– Azərbaycan
əhalisi arasında sorğu aparsaq görərik ki, əksəriyyətimiz
özünü müsəlman hesab edir. Amma əksəriyyət
Quranın nə demək olduğundan sadəcə xəbərsizdir.
Rəyi soruşulanların çoxu deyəcək ki, Quran
bizim müqəddəs kitabımızdır, səmavi
kitabdır və s. Yaxud, Quranı öpərək
gözümüzün üstünə qoyuruq, səfərlərə
çıxanda altından keçirik… Nəyə görə
yazılarımda Quran deyil, böyük hərflərlə OXU
yazıram? Məqsəd “Quran” sözünün informativ
yükünün çatdırılması zərurətilə
bağlıdır. Yəni müsəlmanlar Quranı təkcə
öpüb gözlərinin üstünə qoymasınlar,
oxusunlar. Hətta yeni tərcümədə Tövrat və İncili də tərcümədə
verirəm. Yəhudilərin Tövrat kitabının “Törə”
kimi vermişəm, çünki “Tövrat”ın bir mənası
da “qanun”dur. İncili isə mənasına uyğun olaraq
“Müjdə” kimi… İncil İsa Məsihin gəlişini
müjdələyən vəhylər toplusu kimi təqdim
olunur. İnsanlarıımızın şüurunu ona yönəltmək
lazımdır ki, Quranı oxusunlar. İcazənizlə, bundan
sonra müsahibəmizdə bundan sonra da elə Oxu deyə
istinad edim müqəddəs kitabımıza. OXU-nu oxumayanda
insanlar cəhalətə, mövhumata sürüklənəcək,
başqasından eşitdiklərini təkrar edəcək,
ata-babadan qalma, OXU ilə daban-dabana zidd məqamları müqəddəs dəyərlər
kimi yayacaqlar. Necə ki, bu elə indi də davam edir. OXU-nun bizə
verdiyi informasiya zamanı qabaqlayırsa, müsəlmanların
şüuru isə, əksinə, OXU-dan geridə qalır.
Görün indi müsəlman şüuru zamandan nə qədər
geridədir, OXU ilə hazırkı ənənəvi müsəlman
şüuru arasında zaman uçurumunu təsəvvür
edin. OXU zamanı önləyir, gələcəkdən məlumatlar
verir, zamansızlığa iddiaçıdır, müsəlmanlar
isə zamanın özü ilə sadəcə ayaqlaşa
bilmirlər. Axı OXU ismarışlarını almış
müsəlmanların Harvard, Oksford və ya MIT
(Massaçusets Texnologiya İnstitutu – red.) tipli universitetləri
niyə olmasın? Təbii ki, cavabı içində olan
ritorik sualdır.
– Müəyyən dərəcədə
Şərqin Harvardı olmaq iddiasında olan əl-Əzhər
universiteti var.
–
Əl-Əzhər dini mövhumatçılığın tədrisi
üzrə öndə gedən univerisitetdir, əsrlərlə
formalaşan dini təsəvvürlərin və hədislərin
təbliği və öyrədilməsi ilə məşğul
olur.
– Ora daxil olmaq üçün gərək
ki, hafiz olmaq lazımdır.
– Bəli.
Amma OXU-nun ismarışı bundan ibarət deyil, axı. OXU-ya
görə, dini və dünyəvi elmlər deyə
bölgü yoxdur. Fizika da, kimya da, kosmologiya da
(ayrı-ayrı göy cisimləri və onların sistemlərini
deyil, bütövlükdə Kainatın quruluşu və
inkişafını öyrənən elm sahəsi – red.),
kompyuter texnologiyası və s. və i. də ilahidən gəlmə
elmlərdir, əl-Əzhərdə məgər bunları
öyrədirlər? 2013-2014-cü illərdə Harvard
universitetində çalışmışam. Həmin
dövrdə Harvard İlahiyyat
məktəbi ilə əməkdaşlıq edirdim.
Harvardın nəzdində fəaliyyət göstərən
Dünya Dinlərinin Araşdırma Mərkəzində
çox maraqlı söhbətlərimiz olurdu. Harvardın məşhur
hüquq departamentinin kitabxanasının girişində OXU-dan
sitat olaraq böyük bir lövhə də asılıb.
Dinindən asılı olmayaraq hamıya bu OXU ayəsi təlqin
olunur: “Ey inananlar, özünüz, yaxud ata-ana, yaxınlar əleyhinə
olsa belə, Tanrı ucun tanıqlar olaraq ədaləti
daşımağa hazır durun. O kimsə ya varlı olsun, ya
yoxsul – Tanrı hər ikisinə hamıdan yaxın. Elə isə
həvəsə uymayın ki, ədalətli olasınız.
Fırlatsanız, ya arxa cevirsəniz…, Tanrı, şubhəsiz,
agah nə eyləyirsinizsə”(OXU, Qadınlar surəsi, 135). Hər il Harvardda təhsil ilinin açılışında rektor
Bibliyadan sitatlarlar gətirir. Ümumiyyətlə, Amerikalılar Avropalılara
baxanda ilahi hikmətlərə daha çox bağlıdırlar.
Türkiyənin Bilkent və
Koç universitetləri
müəyyən dərəcədə
o standartlara cavab verməyə cəhd edir. Amma bu da var ki, tarixdə
ilk universitetlər Avropada
yox, müsəlman şərqində olub.
İslamın qızıl dövrü
(VIII-XIII əsr – red.) XIII-XIV
əsrlərdə artıq
bitir. Bu dövrə qədər dünyanın intellektual mərkəzi müsəlman
sivilizasiyasıdır. Fəlsəfə, nücum elmi,
kimya, cəbr, təbiət elmləri əski yunan mətnləri üzərində
bu sivilizasiya içində inkişaf edirdi. Abbasilər dövründə Hikmət akademiyası fəaliyyət göstərirdi,
geniş yayılan bir tərcümə hərəkatı da həmin sivilizasiyanın bir hissəsi idi. Müsəlman aləmində bütün
bunlara təkan verən Quran ismarışları
idi. Və təsəvvür edin, həmin o müsəlman sivilizasiyası
ortamında azad fikirlilik şəraitində
ateistlər də sərbəst çalışa
biliblər. Tənəzzül isə o zaman başladı ki, bütün bunların yerini dini düşüncədə
təsəvvüf, sufilik
əvəzləməyə başladı. İbn
Sina fəlsəfəsi
və elminin, Biruninin və bir çox başqa nəhənglərin
çoxşaxəli elmi
istiqamətlər üzrə
fəaliyyətləri öz
yerini mistisizmə verdi. Bu kontekstdə
ayrıca olaraq Qəzalinin islam
fəlsəfəsinə vurduğu
ziyandan da danışmaq olar. İbn Sinanın təbabətə
dair əsərləri
Qərb dünyasında
alimlərin stolüstü
kitabı olub. İslam sivilizasiyasının Avropa
renessansına verdiyi töhfəni Qərbin elmi dairələrində heç bir qısqanclığa yol vermədən qeyd edirlər.
– Kraçkovskidən (İqnati Kraşkovski (1883-1951), rus ərəbşünası, sovet
ərəbşünaslıq məktəbinin yaradıcılarından
biri, akademik – red.) tutmuş Poroxovaya (Valeriya (İman) Poroxova (1940-2019), ingilis dili üzrə sinxron tərcüməçi
– red.) qədər Quranın
müxtəlif tərcüməçiləri
var. Bəzi tərcümələr
Siz dediyiniz kimi daha poetikdir,
bəzilərinin dili isə daha ağırdır.
Quran tərcümələrindən
hansını orijinala
daha yaxın hesab edirsiniz?
– Tanış olduğum OXU tərcümələrindən mətnə daha yaxın rus şərqşünası Kraçkovskinin
tərcüməsidir. Kraçkovski tərcüməsini çapa
hazırlamayıbmış, tərcümə tələbələrinin
istifadəsində imiş.
– Xidməti istifadə üçün.
– Bəli. Rəhmətə gedəndən sonra
tələbələri əsərin
qaralama variantını
çap ediblər.
Hərçənd hesab edirəm
ki, əgər özü çapa hazırlasaydı, ortalığa
daha mükəmməl
bir variantı qoya bilərdi. Çoxları onun tərcüməsini
xoşlamır, oxucu üçün çətin
anlaşılan məqamlar
yetərincədir. Kraçkovski
sanki OXU-nun ərəbcə
orijinalının rusca
fotosurətini çıxarıb,
tərcümənin rusca
necə səslənməsinin
qayğısına da
qalmayıb. Yəni orijinal mətnə
daha yaxın tərcümə kimi onun əsərini daha qiymətli qaynaq hesab edirəm.
Türkiyədə də yaxşı
tərcümələr var. Yaşar Nuri Öztürkün (Türk-islam
alimi (1951-2016)-red.) tərcüməsini
də o cümlədən.
– İnqilabdan əvvəl də Azərbaycanda Quranın tərcümələri olub…
– Bəli. Hətta H.Z.Tağıyevin dəstəyi ilə çıxan məşhur
bir tərcüməni
vaxtilə “Molla Nəsrəddin” jurnalında
Cəlil Məmmədquluzadə
tənqid edib. O tərcümələrin əksəriyyəti
dil baxımından müasir oxucu üçün yararsızdır.
Əvvəla, ərəb-fars tərkibli
sözlər anlaşılmır,
ikincisi də təfsir baxımından hədislər üzərində
qurulub. OXU tərcüməsində
iki mövqe var: hədislərə istinadən OXU ayələrini
tərcümə etmək
və OXU məntiqindən
çıxış edərək
tərcümə etmək.
Üstünlük verdiyim ikincidir.
Hədislərə üstünlük verəndə tarixi məqamlar və mövhumati düşüncələr
ilahi ismarışların
çatdırılmasına mane olur. İzah edilməli məsələlərin
şərhi mötərizədə
verilir. Bu mötərizələr
də tam biabırçılıq…
– Ərəb
dili son dərəcədə
zəngin dildir. Ərəb dilində nazil
olmuş səmavi kitabı Azərbaycan dilinə tərcümə
etməyin özünün
apriori bir çətinliyi var. Bu problemi
Siz necə çözməyə cəhd
göstərdiniz?
– İndi mən
sizə başqa bir həqiqəti deyim. Elə ola bilər ki, Azərbaycan dilində Quranın tərcüməsini oxuduğunuz
zaman gəldiyiniz qənaət OXU-nu ana dilində oxuyan ərəbin gəldiyi nəticələrdən daha
hikmətli məqamları
özündə ehtiva
edə bilər. Yəni bu, təfəkkür məsələsidir. Hətta
ən zəif tərcümədən belə
etiqadlı adam
tərcüməçinin belə duymadığı
maraqlı nəticələr
çıxara bilər.
Ona görə ilahi kitabın məzmununu çatdırmağın tərcümədən
başqa heç bir yolu yoxdur.
Əlbəttə, ərəb dilində
zəngin söz qatları var. Və bu söz qatlarının
mənaları da izahlı lüğətlərdə
yer alır ki, tərcüməçi
bunlardan sərbəst
istifadə edə bilər. 90-cı illərin əvvəllərində
İslam və insan haqları ətrafında mühazirələrim
olub. O zaman İslamda qadına qarşı zorakılıq
təlqin edən ənənəvi tərcümələrdəki
bəzi izahlarla bağlı verilən suallara cavab verməkdə çətinlik
çəkirdim.
(ardı gələn sayımızda)
Təmkin Məmmədli, 1905.az
Söhbət 20 iyun 2019-cu il tarixdə baş tutub.
Türküstan.- 2019.- 15-18 noyabr.-
S.9.