Nəriman Qasımoğlu: “İnsanlarıımızın şüurunu

ona yönəltmək lazımdır ki, Quranı oxusunlar.”

 

Həmsöhbətimiz şərqşünas-alim Nəriman Qasımoğludur

 

əvvəli ötən sayımızda

 

Bir ayə var, orada ailədə qadın-kişi münasibətlərinə dair “təlqin” olunur ki, əgər qadın dikbaşlıq edirsə, əvvəl yola gətir, əgər bu, alınmırsa, öyüd-nəsihət ver, bu da alınmırsa, yataqda tək burax, görürsən nəticə vermir, döy. Bu məsələni lüğətdə araşdıran zaman heyrətə gəldim. Tapdığım məna heç bir tərcümədə yoxdur. Əslində “döymək” mənasında təlqin edilən söz təkrar cinsi əlaqəyə girmək mənasını ifadə edir. Yataqda tək buraxmaqla sonradan əlaqənin bərpasını münasibətlərin normallaşması istiqamətində anlamaq, əlbəttə, fərqli məsələdir, bunun psixoloji  tərəfi də öz yerində. OXU məntiqində fiziki cəza yalnız törədilən hərəkətə adekvat ola bilər. Yəni pisliyin cəzası onun misli ilə verilə bilər deyə təlqinlər var. Yüngül bir dikbaşlığın yumruqla cəzalandırılması, əlbəttə,  məntiqsiz və gülməli görünür. Xatırlayırsınızsa, “O olmasın bu olsun”da Məşədi İbadın evlənməyə hazırlaşdığı qadın haqqında əgər onun, yəni ərinin sözündən çıxarsa “onda onu döyəcəyəm” deyir və Üzeyir bəy də ənənəvi müsəlman davranışında yer alan bu mənasızlığın gülməli tərəfinə diqqət çəkir.

 Bəs oğurluğa görə əlin kəsilməsi məsələsi zorakılıq kimi dəyərləndirilə bilməz?

– OXU-da “əlin kəsilməsi” məsələsi var. Amma söhbət tamamilə başqa mənadan gedir: əlin oğurluqdan kəsilməsi. Yəni “yol kəsən” sözündəki mənaya uyğun.

 – Yəni söhbət əlin fiziki kəsilməsindən getmir.

– OXU-da işlənən “qa-ta-‘a” feili heç bir halda əlin fiziki mənada kəsilməsini ifadə etmir, fiziki mənada kəsilməni ifadə edən feilin ikinci babında olan şiddətli formasıdır: “qat-ta-‘a”. Məsələn, Yusif surəsində peyğəmbərin gözəlliyinin şahidi olan qadınlar heyranlıq içində çaşqınlıqdan əllərində tutduqları biçaqlarla meyvə soymaq, ya kəsmək əvəzinə əllərini kəsirlər. Bu yerdə işlənən feil “qat-ta-‘a”-dır. Oğurluqdan əlin kəsilməsi isə “qa-ta-‘a” feili ilə ifadə olunur. OXU-da belə məqamlar çoxdur. Müsəlman şüurunun islahına böyük ehtiyac var. Özü də başqa ölkələrlə müqayisədə Azərbaycanda bunu etmək daha rahatdır. Türkiyədə  çətindir, bəzi ərəb ölkələrində isə, ümumiyyətlə, mümkün deyil, anındaca insanı küfrdə ittiham edib gözdən salar, təqib edərlər. Mən təkcə bizdəki dini durumu nəzərdə tutmuram, azərbaycanlıların ümumilikdə şüuru belə islaha, islahatçılığa açıqdır. Xoşbəxtlikdən bizdə fanatizmin dərin kökləri yoxur.

Mətbuatda belə bir yazıya rast gəldim. Mehdiabadda qadın ailə üzvləri hicabda olmadığı üçün kişini döyüb saçını da qırxıblar. Quran məntiqinə görə hicab nədir?

– OXU-da 7 yerdə “hicab” sözü keçir, heç birinin “baş örtüyü” mənası yoxdur. “Hicab” sözü ərəb dilindən tərcümədə sadəcə “örtük”dür, “pərdə”dir. Məryəmlə öz qövmü  arasında “hicab”, yəni “örtük” çəkilmişdi, Tanrı “hicab”, yəni “pərdə” arxasından insanlarla danışar və s. kimi ifadələr yer alır OXU-da. Təsəvvür edin, OXU-da müqəddəslik qazanan “hicab” sözünü qadının baş örtüyü mənasına gətirib çıxarıblar. Hərçənd “hicab”ın baş örtüyü mənasında informativ yükü yoxdur.

– Ümumiyyətlə hicab dedikdə nəyin örtülməsindən söhbət gedir?

– Bu suala qoyun ənənəvi müsəlmanlar cavab versinlər. OXU-da qadınlara xitabən “cahiliyyə dövründə olduğu kimi açılıb-saçılmayın” deyilir. OXU sadəcə abırlı geyim tərzini təşviq edir.

 – Amma abırlı geyimin standartları nədir?

– Həmin standartlar toplumun mədəniyyətinə, yaşadığı dövrə, adətlərə görə müəyyənləşir. Bizə görə abırlılıq bir şey, ingilisə, yaxud Afrikalıya görə tamam fəqrli bir şey ola bilər. OXU açıq-saçıqlılığın ölçüsünü göstərməyib, bu standartı dediyim kimi, fərqli adət-ənənələr şərtləndirə bilər. Deyirsiniz, kimsə qadını döyüb, saçını da qırxıb ki, niyə “hicab”sızsan. Məsələnin qanuni tərəfini, vətəndaş hüququnun pozulması qoyuram bir kənara, bunun elə dini baxımdan da yanlışlığı o qədər üzdədir ki, sözün açığı, şərh verməyi də artıqdan bilirəm. Sadəcə “ar olsun” deyirəm.

Yəni hər şeyi Allah bilir, sən qərar vermə.

– “Kafirlər” surəsində kafirlərin də inancı din adlandırılır: “…onların öz dini var, sənin öz dinin. Nə sən tapınansan onun dininə, nə onlar tapınandır sənin dininə…”

– Yəni inanmamaq haqqı da var.

  İnanmamaq haqqı da var, küfr haqqı da. Etiqada görə cəzanın verilib-verilməməyi Tanrı səlahiyyətindədir.

– Nəriman müəllim, İnşiqaq/Yarılma surəsinin 19-cu ayəsi “…Siz (ey kafirlər, qiyamət günü) haldan-hala düşəcəksiniz!” Sizin tərcümədə “nimçədən nimçəyə minəcəksiniz” kimi verilir.

– Əvvəla, bunu deyim ki, həmin OXU ayəsində, ümumiyyətlə, “kafirlər” sözü keçmir. Siz onu haradan götürmüsünüz?

– “Quran.az saytından (http://quran.az/84/19/t2) Ziya Bünyadov və Vasim Məmmədəliyevin tərcüməsində “ey kafirlər, qiyamət günü” ifadəsi mötərizədə verilib.

– Müraciət insanlaradır, kafirlərə deyil. Məsələni korlayan, əvvəl dediyim kimi, həmin o mötərizələrdir. İnşiqaq, yəni Yarılma surəsinin 19-cu ayəsində göy cisimlərinə verilən anddan sonra deyilir ki, “nimçədən-nimçəyə mütləq minəcəksiniz” (ərəbcəsi “latarkabunna tabaqan ‘an tabaqın” – 84/19).

 – Bu da Sizdən başqa heç kimdə belə getməyib.

– Getməyib. Bu, hərfi tərcümədir. Nəyə görə həmin ayəni elə tərcümə etdim? Çünki o feil, yəni “ra-ki-bə” ancaq “minmək” mənasında işlənir. Nəqliyyat vasitələrinə minməkdən gedir söhbət. “Haldan-hala düşmək” ifadəsi sadəcə yoxdur ayədə. Anlamadıqlarına görə yanlış təfsir ediblər. “Haldan-hala düşmək”də mənə maraqlı gələn odur ki, insan işıq sürətli kosmik uçuşda da haldan-hala düşə bilər. “Nimçədən-nimçəyə mütləq minəcəksiniz” ifadəsi bəlkə bizə gələcəyə dair hansısa mühüm bir məlumatdır, yaxud elmi təfəkkürümüzü genişləndirməyə təşviqdir. Kim bilir?! Özü də həmin ayə kosmik cisimlərə verilən andların fonunda səslənir. Yenə qeyd edim, OXU-nun hərfi tərcüməsinin belə üstünlükləri var. Maraqlıdır ki, hərfi tərcüməyə meylli Kraçkovski də ayədəki sözü “nimçə” yox, “təbəqə” kimi tərcümə edib (âû áóäåòå ïåðåõîäèòü èç ñëîÿ â ñëîé! – red.) Çünki “tabaq” sözünün həm “boşqab”, həm də “təbəqə” mənası var, hər ikisi keçərli ola bilərdi. Amma “təbəqə” minik vasitəsi deyil ki, minəsən. Bir də Kraçkovski “ra-ki-bə” – “minmək” feilini “təbəqə”yə uyğunlaşdırmaq üçün “keçmək” kimi təqdim edib, təəssüf.

– Yəni bu ayədə  naməlum uçan obyektə işarə edilir?

– Bəli. Amma onun mahiyyəti bizə aydın deyil. Bu barədə özümün subyektiv qənaətlərim var.  Ola bilsin ki, peyğəmbərin meracı da həmin o bilmədiyimiz minikdə baş verib.

– İsra surəsində peyğəmbərin meracından söhbət getsə də, Quranda peyğəmbərin meracı yoxdur deyən ilahiyyatçılar da var.

– Onlar “merac” sözünün işlədilməməsinə istinad edirlər. İsra, yəni Gecə ikən aparılma surəsində “merac” sözü keçmir. Bəs “merac” nədir? “Merac” yüksəkliyə, ucalara qalxmaq mənasındadır. Məhz həmin surədə Məhəmməd peyğəmbərin  o yüksəlişinin təsdiqi var. Lap elə “merac” deməyək, peyğəmbərin göylərə yüksəlişi deyək. Məhəmmədin gecə ikən Məkkədəki Məscidül-Haramdan Qüdsdəki Məscidül- Aqsaya  aparılmasından, sonra ayələrin – Tanrı dəlillərinin ona göstərilməsindən bəhs edilir. Bu elə “merac”ın təsdiqidir.

– Nəriman müəllim, ola bilsin indi verəcəyim bu sual ümumi söhbətin məcrasına elə də uyğun deyil.  Dalaşqan ateizmin sosial şəbəkədə meydan sulamağının səbəbi nədir? Bəlkə bu tendensiya Sizin kimi dinə, etiqada, müqəddəs kitabımıza marağı translyasiya edə bilən şəxslərin sosial şəbəkədə o qədər də fəal olmaması ilə izah olunur?

– Əslində, dalaşqan ateizmlə fanatik dindarlıq sərgilədikləri dalaşqanlıq baxımdan biri digərini tamamlayır. Çünki dalaşqan ateizmə mövhümatçıların bəzən gülüş doğuran fikirləri çox sərf edir. Ona görə gerçək mənada dini maarifçilik aparılmalıdır. Bizim gücümüz ancaq bir-iki məqalə yazmağa və onun müzakirəsinə çatır. Təşkilati baxımından maarifçiliyə dəstək olmalıdır. Bir-iki nəfərin çıxışı yox, ölkədə maarifçilik dalğası genişlənsə, bütövlükdə cəmiyyətə faydası olar. Həmişə bu mənada ziyalıların ünvanına iradlarımı dəfələrlə bildirmişəm. Ötən əsrin əvvəllərində Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemənzadə, Üzeyir Hacıbəyli, Məhəmmədəmin Rəsulzadə dini fanatizmə, mövhumata qarşı çıxıblar. İndiki ziyalılarımızı isə, bu az maraqlandırır.

– Bəlkə qorxurlar?

– Nədən qorxacaqlar? Əgər ateist olsalar, başa düşülərlər. Əksəriyyət ateist  deyil. Təkcə ilahiyyatçılar deyil, bütövlükdə ziyalı elitası bu işə qoşulmalıdır. Xatırlayırsınızsa, kimya üzrə Nobel mükafatıçısı, əslən türk olan Əziz Səncər Bakıya gəlmişdi. Bakıdakı görüşləri zamanı bizim yerli ateistlərin “siz dində ziddiyyət görürsünüzmü?” sualına çox rahatlıqla ateizmin onun üçün tamam puç olduğu cavabını vermişdi. Başqa bir Nobel mükafatçısı, Pakistanlı alim Məhəmməd Əbdu Salam müsəlman dövlət başçılarına müraciət etmişdi ki, milyonlarla kapitalı məscid tikintilərinə deyil, fundamental emlərə yatırsınlar.

– Ümumilikdə dünyada qlobal güclər tərəfindən dəstəkənən sanki bir anti-müsəlman kampaniyası aparılır, İslam gözdən salınır, təhrif edilir, həm də İslam dünyasının daxilində on illərlə közərəcək irili-xırdalı konflikt ocaqları yaradılır. Doğrudanmı İslam dünyasının demoqrafik və intellektual potensialı və yaxud təbii sərvətləri qlobal gücləri bu qədər təşvişə salır?

– Beynəlxalq geosiyasi mənafelərini güdən dövlətlər təbii ki, öz maraqlarına nail olmaqdan ötrü müəyyən siyasət aparırlar. Bu siyasətə ikili standartlar siyasəti deyirik. Vaxtilə ABŞ-ın Harvard Universitetinin alimi Samuel Hantinqton “Sivilizasiyaların toqquşması” nəzəriyyəsini irəli sürmüşdü. Bu ziyanlı nəzəriyyəyə görə, XXI əsrdə dünyada gedən toqquşmalar dini zəmində, mədəniyyətlərin toqquşması zəminində baş verəcək, İslam sivilizasiyası xristian sivilizasiyası ilə mütləq toqquşacaq. Faktiki olaraq gördüyümüz isə ondan ibarətdir ki, toqquşma bu “sivilizasiyalar” arasında getmir, bir-birini qıran müsəlmanlardır, toqquşma bir dini mədəniyyətə mənsubların öz içində gedir.

– Kimin təşviqi ilə?

– Təşviq məsələsi təbii ki, bəllidir. Əslində Hantinqton nəzəriyyəsi ikili standart siyasətinə bəraət qazandırmaq və ideoloji baza yaratmaqdan ötrü ortalığa atılmışdı.

Bu özünəməxsus bir  sifariş idi.

– Yəqin ki, siyasi sifariş. Qərbdə bu tənqid olunsa da, şüurlara yayıla bilib.

Bir də Frensis Fukuyamanın (yapon mənşəli Amerikalı politoloq – red.) “Tarixin sonu” əsəri diqqəti çəkdi.

– Son zamanlar isə daha çox miliyyətçilik məqamları meydana çıxır. İngiltərənin Avropadan ayrılması, Amerikada gəlmələrə münasibət, Trampın siyasəti və s.

– Bəli, nasional separatizm.

– Obama hakimiyyətinin son dövründə Trampı tənqid edən bir çıxışında ad çəkmədəm qeyd edirdi ki, “İslam terrorizmi” ifadəsini yığışdırın, Amerikada müsəlmanlar yaşayırlar, nəyə görə sabitliyi pozmaq istəyirsiniz. Ölkə prezidentinin İslamı sülh dini kimi dəyərləndirməsi yaxşı haldır. Aydındır ki, bəzi qərb siyasətçiləri bəlli məqsədlər naminə “İslam terrorizmi” ifadəsini işlədirlər. Nisbətən demokrat olanlar, dövlət siyasətini rəhbər tutanlar isə deyirlər ki, biz  Üsamə bin Ladeni ona görə öldürmədik ki, İslama qarşı çıxmaq üçün bəhanə verək. Üsamə bin Laden İslamın özünün düşməni idi.

Mərkəzi Kəşfiyyat İdarəsi olmasaydı Üsamə bin Laden olardımı? Onu özləri yaradıblar.

 – Çoxları şikayət edir ki, bu problemləri yaradan, aranı qarışdıran Qərb dünyasıdır. Bəs müsəlmanlar özləri niyə buna şərait yaradırlar? Niyə hansısa mübhəm qalan ssenarilərin qarşısını ala bilmirlər?

– Çünki münbit zəmin var, ora düşən toxum dərhal cücərir.

– Əlbəttə.

– Bu yaxınlarda  məlum oldu ki, Yeni Zellandiya şəriət qaydalarına ən çox əməl edən bir ölkə imiş, həmin siyahıda Türkiyə doxsanıncı yerdə idi.

 – Mənim Liverpulun əvvəlki yepiskopu Ceyms Concla çox gözəl münasibətlərim var. Dostuq. Müsəlmanların  mənafeyini qoruduğu üçün Britaniyalı müsəlmanlar ona çox dəyər verirlər. Ərtaf mühitə münasibətdə Bibliya və Quran uyğunluqları haqqında əsər yazanda onunla yazışmalarım başladı. O, İslamın böyük din olduğunu deyir, Oxu da İsa Məsihi uca tutur. Yəni belə ortaq dəyərlər, Avropada siyasətdən kənar təbliğatlar bizim üçün çox faydalıdır. Qərb cəmiyyətində olan intellektuallar da ölkələrində demokratiyanın gələcəyi üçün narahatlıq keçirirlər.

– Bizdə translyasiya edilməli çoxlu informasiyalar var. Amma Quran həqiqətlərini, İslam dünyasının tarix və ənənələrini translyasiya etməyə güc yoxdur. Biz hökmən övladlarımız və gələcək naminə dinə  münasibətimizi dəyişməliyik.

– Hökmən. Ərəblərlə, farslarla müqayisədə indilikdə Azərbaycanlıların buna imkanları  daha çoxdur.

– O işartıları görürsünüz?

– Görürəm.

 

Təmkin Məmmədli, 1905.az

 

Söhbət 20 iyun 2019-cu il tarixdə baş tutub.

 

Türküstan.- 2019.- 19-25 noyabr.- S.9.