Səfurə İbrahimova: “Amaliya
Pənahova həmişə
qarşımı kəsib”
Adekvat.az kulis.az-a
istinadən Xalq artisti, aktrisa Səfurə İbrahimova ilə
olan müsahibəni təqdim edir.
– Jurnalistəm, sizinlə söhbət
etmək istəyirəm.
– Mən
heç kimə müsahibə vermirəm.
Bir neçə saniyədən sonra isə evinin dəhlizində
idim. Yeganə otaqdan həm mətbəx, həm yataq
otağı kimi istifadə olunsa da, hər yerdən təmizlik,
parlaqlıq yağırdı. Beş dəqiqə deyib,
tam beş saat söhbət etdik.
– Səfurə xanım, ailəniz
imkanlı olsa da, ötən əsrin ortalarında
sürgün olunmusunuz. Xeyli əziyyətli
uşaqlığınız və yeniyetməliyiniz olub.
Bu qədər əziyyətin içərisində
aktrisa olmaq istəyi necə yarandı?
– Atam Bakıda mülk, mağaza sahibi olub. Ticarətlə
məşğul olduğuna görə onun var-dövlətini
əlindən alıblar, bizi də ölkənin ən ucqar kəndlərindən
birinə sürgün ediblər. Kəndin
camaatı hədsiz dərəcədə avam, savadsız, vəhşi
idilər. Günün günorta
çağı ər arvadının ayağını
baltalamışdı. Həmin hadisə hələ
də gözlərimin önündən çəkilmir.
Uşaq idim, amma yadıma gəlir ki, onlar bizə
zülm edirdilər. Saçımızı
yolub, daşa basırdılar. Gedib harasa
şikayət eləməyə də qorxurduq. Anam deyirdi ki, heç yerdə heç nə deməyin,
bir tikə çörəyə də həsrət
qalarıq. Həmin illər, elə
Bakıya qayıdandan sonra da biz çox aclıq çəkmişik.
Yeməyə çörək tapmırdıq.
Dörd, beş yaşım olanda anam məni
diziylə itələyib bayıra atırdı ki, məndən
balaca bacımın, qardaşımın süd payını
içməyim. Böyüyəndən sonra da
yadıma gəlir ki, çox aclıq çəkdik. Mənim qırmızı rəngdə bir paltom
vardı. Anam onu zorla mənim əynimdən
çıxarıb satmaq istəyirdi ki, evə ərzaq
alsın. Amma mən qışqırıb
ağlamışdım, paltomu əynimdən
çıxarmamışdım.
– Səhv etmirəmsə, atanız
iki dəfə ailə qurub…
– Bəli,
anamdan əvvəl atam ailəli olmuşdu. O arvadından da
uşaqları vardı. Səkkizinci sinifdən
sonra ögey bacımın evinə ayaq
açmışdım. O, məndən yaşda xeyli
böyük idi, anamı da heç vaxt qəbul etmədi. Hər
dəfə onlara gedəndə deyirdi ki, çıx get,
ananın yanına. Anan üçün
darıxmırsan?
– Aktrisa olmaq uşaqlıq arzunuz idi?
– Ən böyük arzum həkim olmaq idi. Məktəbi bitirəndən
sonra sənədlərimi ali məktəbə
verdim, hazırlaşdım. İlk imtahan üçün
zoğalı rəngdə qəşəng don da
almışdım. Sənədlərimi həkimlik
ixtisası üzrə versəm də, axırıncı
imtahanlardan kəsildim. İşsiz-gücsüz
ortalıqda qalmışdım. Bacımın
əri gəmidə işləyirdi. Bacıma yalvar-yaxar
etdim ki, ərinə desin, məni bir işə düzəltsin.
O, məni işə düzəltdi. Amma təhsil
almaq həvəsim ölməmişdi. Dayımın
böyük kitabxanası vardı, ondan xəlvət
oradakı kitabların hamısını oxumuşdum. Bir dəfə rəfiqəm məni Adil İsgəndərovun
yaratdığı aktyorluq kursuna apardı. Elə o gündən sonra hər gün işdən
çıxıb birbaşa ora gəlirdim. Məşqlərin
birində Adil müəllim mənə dedi ki, qadam,
çıx səhnəyə səni də yoxlayaq. Tapşırıq bu idi ki, küçədə
getdiyim yerdə mənə it hürməli, mən də
qaçmalıydım. Belə bir hadisəni
mən dördüncü sinifdə yaşamışdım.
Ona görə də onu istədiyi kimi rolu
yaşaya bilmədim. Dedim, mənə hürən
adamdı, it olsa, qaçaram. Yadıma gəlir,
Adil müəllim özü pencəyini çıxarıb cəldliklə
səhnəyə qalxdı, həmin
tapşırığı göstərdi. Hamımız məəttəl qalmışdıq.
Mənə dedi ki, bax, mən də adam səsinə
qaçdım, amma rolu yaşadım. Sənin
isə sözü düz deməyin, səmimiyyətin
xoşuma gəldi. Adil müəllimdən
öyrəndiklərimdən sonra universitetdə Rza Təhmasibin
kursunda oxumaq mənim üçün çətin olmadı.
Atam mənə çox hörmət edirdi,
heç vaxt qəlbimə toxunmurdu, amma anam aktrisa
olmağıma razı deyildi. Həmişə
də bu sənəti seçdiyim üçün mənə
qarğış edirdi. Deyirdi, səni
görüm heç vaxt gəlinlik geyinməyəsən,
başına duvaq atmayasan.
– Ananızın qarğışı
tutdu sizi?
– Nə
bilim… Mən bilən ana qarğışı
adamı tutmur, ata qarğışı daha ağır olur.
Nə isə, universitetdə oxuya-oxuya məni
azdramaya işə götürdülər. O vaxt
teatrın öz nəhəngləri vardı. İlk
rolumu ifa edəndə Fatma Qədri və Hökümə
Qurbanova ilə tərəf müqabili oldum. Tamaşada Hökümə xanım mənim
analığım idi.
– Səfurə xanım, Hökümə
xanımdan söz düşmüşkən, deyilənlərə
görə məhz sizin teatra gəldiyiniz dövrlərdə
artıq teatrın bir priması vardı, o, da Hökümə
Qurbanova idi. Deyildiyi qədər hökmlü, tiran
aktrisa idi?
–
Sözsüz ki, Hökümə xanım tiran
idi. O, sözü dik adamın üzünə deyirdi. Kimdən acığı gəlirdisə, bunu dərhal
həmin adama hiss etdirirdi. Teatrda bircə
Fatma Qədri ona söz deyə bilirdi. O biri aktyorlar
cürət edib Höküməyə nə isə deyə
bilməzdilər.
– Nəcibə Məlikova
ilə də əbədi küsülülükləri
vardı?
– Nəcibə
ilə küsülü deyildilər. Arada
danışırdılar, amma Hökümə xanım onu
çox yaxınına buraxmırdı. Mən teatra gələndə
qarşımda öz yaşıdım olan heç kim yox idi deyə tək qalmışdım. Məndən
iki il sonra Amaliya Pənahova, dörd il sonra
isə Şəfiqə Məmmədova, Zərnigar
Ağakişiyeva gəldilər. Onlar bizim nəsil
hesab olunmurdular. Onların heç biri ilə
də Hökümə xanım ünsiyyətdə olmurdu,
evinə də heç kimi buraxmırdı.
– Siz teatra gələndə sizdən
əvvəlki nəsil sizi necə qarşıladı?
– Mən
gələndə teatrda məndən başqa gənc aktrisa
olmadığından gənc rolların hamısı mənim
üstümə töküldü. Hətta Nəcibə
xanım “Əcəb işə düşdük”
tamaşasındakı rolunu Mehdi Məmmədovla
razılaşdırıb mənə verdi.
Çünki özü o rol üçün
yaşlı və kök idi. Bayaq
Hökümə xanımın adını çəkdiniz.
O, mənə qarşı acıqlı davranan insanlardan olub.
“Ana ürəyi” tamaşasında mən onun on beş
yaşlı qızını oynayırdım. O, məşqlərdə
də, tamaşa vaxtı da mənə acıqlanırdı. Rolun tələbinə görə
yaxınlaşıb ona çəkdiyim rəsmi göstərməli,
“ana”, deyə müraciət etməliydim. Obraz
daha da isti alınsın deyə tez-tez onun qolundan
yapışırdım. Onda Hökümə
xanım mənim üstümə
qışqırırdı. Deyirdi ki, mən
sənin rəfiqənəm ki, dəqiqədə bir qolumdan
yapışırsan. Mənə sonralar dedilər, o,
insan kimi paxıl adam olub, cavanları
heç vaxt yaxına buraxmayıb. Təsəvvür
edin ki, yaşlı vaxtında on altı yaşlı Janna
Darkı ifa edirdi. Ona demişdilər ki, sən
bu rol üçün yaşlısan, imkan ver, Amaliya ifa etsin,
qoymamışdı. Amaliya da o vaxtı bu
haqda qəzetə yazmışdı. Amma
sonralar bildik ki, Amaliyanı da Fatma Qədri öyrədib.
Onlar istəyirdilər ki, Höküməni
yerinə oturtsunlar. Çünki
doğurdan da nə mənə, nə də məndən sonra
gələn gənc aktrisalara tamaşalardakı baş
rolları ifa etməyə imkan vermirdi. O, ancaq
yaşlanandan sonra sakitləşdi. Həm də
daha əvvəlki kimi rolları da yox idi.
– Bəs rejissorlar müdaxilə
etmirdi?
– Bir dəfə
Tofiq Kazımov rəhmətlik dedi ki, hansı kitabı
açıram sənin üçün də, başqa
aktrisalar üçün də rol tapıram, amma Hökümə
istədiyi rolları tapa bilmirəm. Bir dəfə isə əsəbiləşib
özünə də dedi ki, Hökümə, sənin
üçün rol yazmırlar da, mən nə edim? Doğurdan da, Hökümə xanımın istədiyi
rollar onun yaşına uyğun gəlmirdi. Həm də xasiyyətinə görə bir
çox dramaturqlar onunla işləmək istəmirdilər.
Çətin adam idi, amma mən
alışmışdım. Tofiq ona rol verməyəndə
Hökümə də ondan yuxarılara şikayətlər
etdi. Tofiqi ondan sonra teatrda
sıxışdırmağa, əl-qolunu bağlamağa
başladılar.
– Səfurə xanım, mizan qurulanda
sizi səhnənin qaranlığına atanlar, özlərini
irəli çıxaranlar olurdu?
– Əlbəttə. Amaliya Pənahova rəhmətlik həmişə
mənim qarşımı kəsirdi. Düzdür, mən
Amaliyadan güclü aktrisa olmamışam, amma təbii
olmuşam. Elə bil, Hökümə
xanımın xasiyyətləri də Amaliyaya
keçmişdi. Hökümə həqiqətən
də teatrda Allahlıq edirdi, onun bir sözü iki olmurdu.
Bircə dəfə onun üstünə Mehdi Məmmədovu
qışqıran görmüşəm.
– Nə üstündə
qışqırmışdı?
– Səməd Vurğunun “İnsan” tamaşasının
rejissoru Mehdi müəllim idi. O tamaşanı Mehdi müəllim
çox dəqiqliklə hazırlamışdı. Bir çox aktyorlara həmin tamaşada rol vermiş,
hətta əməkdar artistləri belə kütləvi səhnələrə
çıxarmışdı. Bizə o
vaxtı təzə aktrisa gəlmişdi. Hökümə
xanım tamaşada Səhər rolunu canlandırırdı.
O, özü üçün tünd göy rəngdə,
parıltılı parçadan paltar sifariş etmişdi. Paltarlarımız hazır olandan sonra Mehdi müəllim
tamaşanın rəssamı ilə baxış keçirməli
idi. Hamımız səhnəyə
yığıldıq, Mehdi müəllim bizimlə sorğu
sual edir, tapşırıqlarını verirdi. Birdən onun gözü təzə gələn
aktrisaya sataşdı. Aktrisa tamaşa
üçün seçdiyi paltarda yox, sıravi paltarda idi.
Ondan bunun səbəbini soruşanda aktrisa dedi ki, Hökümə
xanım icazə vermədi. Hökümə xanım
doğrudan da qızın əynində o paltarı görəndə
ona demişdi, “get paltarı çıxart, yoxsa paltarı
cıracam”. Bunu da ona görə etmişdi ki,
aktrisanın paltarının parçası onun paltarı ilə
eyni idi.
Aktrisanın sözlərindən sonra Mehdi müəllim
bərk əsəbiləşdi. Ona belə söz demək
olardı?! Elə hamının yanında səsini
qaldırdı: “Bir adama icazə vermərəm ki, mənim
qoyduğum qanunu pozsun”. Ömründə
heç kimdən danlaq eşitməyən Hökümə
xanım ayaq üstə qurudu, rəngi ağardı. Mehdi Məmmədov ona sübut elədi ki,
“Hökümə, sən Müslim Maqomayevin bacısı
qızı olsan da, mənim yazdığımı poza bilməzsən.
Sən Ələsgər Şərifovun,
Əşrəf Quliyevin, Tofiq Kazımovun üstünə
qışqıra bilərsən, mənim yox”.
– Səfurə xanım,
doğurdanmı köhnə nəsil Tofiq Kazımova yeniliklər
etməkdə mane olur, qarşısını alırdılar?
– Tofiqi
yuxarılardan çərlətmişdilər. Onlar
kimlər idi bilinmirdi. Amma siz deyən fakt
da var idi. Biz bilirdik ki, Hökümə
xanım ondan şikayətlər edir. Onun
yaxın qohumları Moskvada yüksək vəzifələrdə
işləyirdi.
– Sizi necə, teatrda qoruyanlar olurdu?
– Tofiq Kazımovdan sonra “Ölülər”
tamaşasını Ələsgər Şərifov da
hazırlamışdı. Əvvəlki tamaşada
mən Nazlını ifa etsəm də, sonradan Ələsgər
müəllim məni kütləvi səhnəyə
çıxartmaq istədi. Nə qədər
çalışdısa, onun dediyini etmədim. Yadıma
gəlir, həyat yoldaşı Məhluqə Sadıqova ona
dedi ki, “kişi, sən düz eləmirsən”. Ümumiyyətlə,
mən qadın aktrisalardan heç kimlə dostluq etməmişəm.
Çünki görürdüm, teatra yeni gələnlər
mənə “sən çəkil, kənara” ədası ilə
yanaşırlar. Onlar elə bil
paxıllığı, xəbisliyi özləri ilə gətirirdilər.
Mən teatra gələndə qarşımda heç kim olmamışdı. Olsaydı,
bəlkə mən də onlar kimi davranardım. Bir də
Fatma Qədri təzə gəldiyim illərdə məni bir az qorudu. O, tez-tez Hökümə xanıma
acıqlanırdı. Deyirdi, o qız
yaxşı işləyir, həm də tamaşada sənin
qızındır, sənin qolundan tutmağı rolu tələb
edir. Axı sən niyə ona
acıqlanırsan, “Hokumuşka, tak nelzya?” Onlar
çox vaxtı da rus dilində
danışırıdılar.
– Bəs Hökümə
xanım nə cavab verirdi?
– Deyirdi mən
ona qarşı deyiləm, amma o, mənim üçün
yaddır, mənə yapışanda, bədənim
qıcıqlanır.
Ardı var
Türküstan.-
2019.- 19-25 noyabr.- S.24.