Səfurə
İbrahimova: “məni incidəndə,
teatrdan üzülüşməli oldum”
Adekvat.az kulis.az-a
istinadən Xalq artisti, aktrisa Səfurə İbrahimova ilə
olan müsahibəni təqdim edir
əvvəli ötən sayımızda
– Səfurə xanım, “yad” söhbətinə
toxunsaq, nə deyə bilərsiniz? Teatr sizə
doğma oldu?
– Mən
teatra gəldim, gələn gündən də ora
bağlandım. Düzdür, məni incidəndə,
teatrdan üzülüşməli oldum. İçimdən
bir səs deyirdi ki, qaç, burdan. Teatrdan
getməyimi istəyənlər də vardı. Hətta məni tamaşa zamanı yıxmaq da istəyirdilər.
“Sevil” tamaşasında mən düşdüyüm
pilləkənlərdən birinin taxta pilləsini
vurmamışdılar. Mənim də
bundan xəbərim yox idi. Pilləkənləri
düşəndə Allah üzümə baxdı ki,
ayağımın altındakı boşluğu hiss etdim.
Əgər mən ayağımı həmin
boşluğa atsaydım, üzü üstə səhnənin
döşəməsinə yıxılacaqdım. Onda Tofiq müəllimin üstünə getdim.
Dedi, Səfurə, onu edənlərin allah
cəzasını versin. Biz, teatr səni
qorumağa çalışırıq.
– Bunu kim etmişdi?
–
Teatrdakı fəhlə eləmişdi. Amma ona
da kimin elətdirdiyini mən heç vaxt bilmədim. Sonra o fəhlə rəhmətə getdi. Bu günə qədər də həmin əhvalat mənim
üçün sirr olaraq qaldı. Amma
ümumilikdə, özümə qarşı mənfi
münasibəti duyurdum. Hiss edirdim ki, yeni nəsil mənim
kimi köhnə nəslin nümayəndələrinin teatrdan
öz xoşları ilə çıxmasını
arzulayırlar.
– Bu haqda sizə konkret nəsə
deyirdilər, ya özünüz hiss edirdiniz?
– Əlbəttə deyirdilər, söz də
atırdılar. Açıq deyirdilər ki, bütün
rolları ifa etmisən, hər şey qazanmısan,
çıx da. Onda da haradasa mənim
altmış yaşım olardı.
– Teatrdan da buna görə
uzaqlaşdınız?
–
Özüm ərizəmi yazıb teatrdan çıxdım.
Dedim ki, xəstəyəm, müalicə olunmalıyam. Məni
heç kim çıxarmadı. Hətta Əlabbas (Əlabbas Qədirov S.Ə) məni
qoymurdu teatrdan çıxmağa. Bir ay məni
teatrda saxladı. Dedi, get, dincəl, müalicəni elə,
qayıt, gəl teatra. Əlabbas doğurdan da mənim
teatrda qalmağımı istəyirdi. Deyirdi, gələn
cavanları kim öyrədəcək? Mən
də çəkinən adam deyildim. Mərahim Fərzəlibəyova deyirdim ki,
tamaşadakı qulluqçular qulluqçu kimi yox, xanım
kimi oynayırlar, onların dırnaqlarında
qırmızı lak olmamalıdır. Hər
halda mən də üç dəfə qulluqçu
obrazı ifa etmişdim. Heç birində
dırnaqlarım manikürlü olmayıb, heç dodaq
boyasından da istifadə etməmişəm. Belə şeyləri qeyd etdiyim üçün məndən
acıqları gəlirdi. Öz
aralarında deyirdilər ki, onu teatrdan rədd edin, təqaüd
yaşı çoxdan çatıb. Onlar
altdan-altdan Əlabbası qızışdırdılar.
Əlabbasla mən neçə tamaşada tərəf
müqabili olmuşdum, o, mənim potensialımı, necə
aktrisa olduğumu da bilirdi, ona görə də məni teatrdan
uzaqlaşdırmağı özünə ayıb bilirdi.
Amma mən özüm ərizəmi onun
masasının üstünə qoyub teatrdan getdim. Çünki çıxmasaydım, orda
başıma nə isə gələcəkdi, hansısa zədə
alacaqdım, məni həmin zədə ilə oradan
çıxaracaqdılar. Əlabbas isə
dediyini elədi. Bir ay məni teatrda
saxladı. “Hökmdar və qızı”
tamaşasındakı rolum teatrdakı son rolum oldu.
– Hansı aktyorlarla tandeminiz
yaxşı alınırdı?
– Həsən
Turabovla, Səməndər Rzayevlə. Həsənlə
biz orta məktəbi bir oxumuşuq, sonra da bir teatrda işlədik.
Turabov gözəl aktyor idi. Onun
bir çox tamaşalarda çox incə işləri, tapıntıları
vardı. Hətta “Sevil” tamaşasında tərəf
müqabili olanda ondan çəkinirdim. Çünki
aktyor kimi unikal işləri olurdu. “Hamlet”də
o, Hamleti mən də Ofeliyanı oynamışam. Tamaşada onun üçün xüsusi dəmir
pilləkən hazırlanmışdı. O pilləkəndən
ancaq Həsən istifadə edirdi. Səməndər
isə əla aktyor, əvəzolunmaz insan və fitri istedad
sahibi idi. Çox yumşaq, həlim
oğlanıydı. Rasim Balayevə xalq
artisti adı verdilər, ona yox. Səməndər
fikirdən o günə düşdü. Bir
gün işdən çıxıb evə gedəndə
gördüm fikirli-fikirli teatrın həyətində
başını tutub gəzir. Yaxınlaşıb
çağırdım. O qədər fikirli idi ki, məni
eşitmədi. Bir xeyli onu danladım, dedim, sən
böyük aktyorsan, insanlar səni sevir, dərdin olanda da
üzə vurma, içində çək. Mənə dedi
ki, axı bu elə işdir ki, mənə toxunur. Rasim gözəl aktyordur, amma onu teatra mən gətirmişəm,
lazım gələndə onunla mən məşq eləmişəm.
Bəs niyə ona məndən qabaq ad verilir,
amma mənə yox. Ona təskinlik verdim,
özümü misal çəkdim. Çünki mənim
adımı da on il əvvəldən xalq
artistliyinə versələr də, hər il siyahıdan
silirdilər.
– Kinoda çəkilməyinizə
mane olurdular?
– Əlbəttə, daxilən paxıllıq edənlər
olurdu, amma üzə vurmurdular. Orda-burda deyirdilər
ki, bizi çağırmırlar, Səfurəni
çağırırlar, yəqin adamı var. Amma vallah
heç kimim yox idi. “Arxadan vurulan zərbə”
filmində Amaliyanın ifa etdiyi Ziba roluna Arif Babayev məni
çəkmək istəyirdi. Çünki
Arif müəllim məni “Alma almaya bənzər” filmində
görmüşdü. Ordakı rolum
xoşuna gəlmişdi, mənə demişdi ki, səni
“Arxadan vurulan zərbə” filminə də çəkəcəm.
Amma Amaliya rəhmətlik qoymadı, dedi ki, bəsdirin də,
hər rola onu çəkdiniz, bu rolu da mənə verin. Mən öhdəsindən gələcəyəm.
Allah üçün deyim ki, gəldi də.
Mənim onun oradakı Ziba obrazı çox
xoşuma gəlmişdi. Adil İskəndərov
da məni “Sevil” filmində Dilbər roluna çəkilməyə
qoymurdu. Deyirdi ki, “qadam, Səfurə
birbaşa Sevil, ya da Gülüş roluna çəkilsin,
amma Dilbər roluna yox. Dilbər rolunu ya
Amaliyaya, ya da Şəfiqəyə verin”. Rejissor
isə Şəfiqəni çəkmək istəmirdi.
Deyirdi, mən filmə qadın gözəlliyi
olan aktrisanı çəkmək istəyirəm, Şəfiqədə
isə bu, yoxdur. Adil müəllim də sonralar mənə
dedi ki, sən Sevili gözəl ifa etdin. “Gün
keçdi” filminin sınaq çəkilişlərinə də
məni çağırmışdılar, amma sonradan Leyla
Şıxlinskayanı çəkdilər. Bilirsiniz, vaxtıilə məni səhnədə itəliyib
qabağa keçən aktrisaların çoxu artıq həyatda
yoxdular. Allah hamısına rəhmət eləsin.
– Bir müddət ailəli olsanız
da, sonradan həyat yoldaşınızdan
ayrılmısınız. Ayrılmağınıza
nə səbəb olmuşdu?
– Mən beş il ərdə olmuşam. O, adamla qanuni və dini
nikahım vardı. Onunla bir-birimiz sevmişdik.
Yaraşıqlı, ağıllı oğlan
idi. Amma övladımız olmadığı
üçün beş ildən sonra
ayrıldıq. O vaxtı həm də aktrisaya xor
baxırdılar, ailə qurmağına belə ciddi
yanaşmırdılar. Amma mən aktrisa olsam da
o, mənə qarşı heç vaxt hörmətsizlik etməmişdi.
Hətta deyirdi ki, uşağımız olmasa
da, uşaq evindən götürərik. Sonradan evimdə
qalan, mənim paltarlarımı geyinən baldızım
üstümə hücum çəkdi, dedi ki,
qardaşımdan əl çək, imkan ver, başqası ilə
ailə qursun. Yoldaşım mənimlə ailəsinin
razılığı olmadan evlənmişdi. Anası ona demişdi ki, ölümümə bir
gün qalsa da, səni qoymaram onu alasan. Mən
ərimin xalası qızı ilə nişanlı olduğunu
sonralar bildim.
Uşağımız olmadı, getdikcə o da məndən
soyumağa başladı, deyəsən qısqanırdı
da. Bir gün onunla dalaşdıq. Ona dedim ki, mən
sənə qarşı həmişə düzgün
olmuşam. Nə zaman eşitsən ki, sənə
xəyanət etmişəm, qanım sənə halaldır, mənə
nə istəsən edərsən. Amma səninlə
ailəli ola-ola heç vaxt xəyanət etmərəm.
– Sizə inanırdı?
– İnanırdı. Amma aktrisa idim,
tamaşadan çıxıb evə gələnə qədər
gecə saat on iki olurdu. Mən zinət əşyası
taxmağı sevmirdim. Teatra gedəndə nişan
üzüyümü özümlə götürüb yolda
barmağıma taxırdım, teatra çatanda
çıxarıb çantama qoyurdum. Axşam
evə qayıdanda da metroya girən kimi üzüyü
barmağıma taxırdım. Əlimi də elə
tuturdum ki, nəzərə çarpsın, mənə
heç kim söz atmasın. O məni bir
neçə dəfə izlətdirmişdi də. Yəni ona qarşı sədaqətli olmuşam.
Ancaq bizimki alınmadı, o getdi, başqası
ilə ailə qurdu. Bir dəfə oğlu
ilə bizə gəlmişdi. Qapqara
oğlan uşağı idi. Ailəli olsa
da, mənə çox yalvardı ki, onunla yenidən bir yerdə
yaşayım, amma mən razılaşmadım. Sonuncu dəfə
hardasa on beş, iyirmi il əvvəl gəlmişdi.
Ondan sonra bir universitet müəllimi ilə
münasibət qurdum. Bir ildən sonra hiss etdim ki, onunla mənimki
alınmır. Tez-tez içirdi, gəlirdi evimə,
qapımı döyüb qışqırırdı. Bu da nə mənə, nə də qonşularıma
xoş gəlmirdi. Ona görə də
ondan da ayrıldım. Sonralar da rollar,
çəkilişlər başımı qatdı, təkliyə
də alışdım. İndi öz təkliyimdə
rahatam. Düzdür, yaş artıq gedib,
səksəni haqlamışam. Amma bu da mənim
taleyimdir.
– Yaşınız artsa da, gözlərinizdəki
parıltı, simanızdakı nəciblik olduğu kimi
qalır…
– Mən
həmişə sağlam qidalanmağa üstünlük
vermişəm. İllərlə ət yeməmişəm.
Aylarla evimdə xəstə yatmışam, evdən
bayıra çıxmamışam. Çıxanda
da üzümə heç nə vurmamışam. İndi də mənim üzümdə heç bir bəzək
yoxdur. Amma kənardan baxanlar elə bilirlər
ki, kremləri üst-üstə çəkirəm. Yaşadığımız illər, məşğul
olduğumuz sənət dərimizin təravətini, gözəlliyini
bizdən alıb aparıb. Bu, həm də
Allahın var olmasına işarədir. Tanrı
insana verdiklərini özü də yavaş-yavaş geri
alır. Onu dünyadan getməyə
hazırlayır.
– Səfurə xanım, indi səhnəyə
çıxa bilərsiniz?
– Yox,
qızım. Bir dəfə möhkəm
yıxıldım, ondan sonra ayağım bərk zədələndi.
İndi dayandığım yerdə
ayağım titrəyir. Doğrusu teatrdan
getməyim, sonralar səhnəyə çıxmamağım
barədə hansısa peşmanlığım da olmayıb.
Arzusunda olduğum bütün rolları ifa
etmişəm.
– Bəs aktrisa olduğunuz
üçün nə vaxtsa peşman oldunuz?
– Mən bu
gün də təbabət haqqında nəsə görəndə,
eşidəndə onu öyrənməyə can atıram. Həqiqətən də həkim olmağı
çox istəmişdim. Sonralar da yadıma düşəndə
həkim ola bilmədiyim üçün
ağladığım məqamlar olub. Amma bu
gün hər şeyə görə teatra borclu olduğumu da
yaxşı bilirəm.
Türküstan.-
2019.- 26 noyabr-2 dekabr.- S.24.