Rüstəm Behrudinin təlaşı
Uşaq yaddaşımda qalan
təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb
olub. Qaraçöpün
yaylalara götürdüyü
ağ sürüləri
daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun
hənirtisini duyurdun sanki. Oxşadığın
qonur ağızlı
quzular hər an təlaşlandığın o qorxunun rızqı ola bilirdi.
Aylı gecədə sərin dağ mehi ilə birgə
gələn və böyük bir simfoniyanı xatırladan qurdların ulartısı
yaddaşını oyadar,
eləcə qorxuya sarılıb dinşiyərsən
içindəki səssizliyi...
Atam bir az ağızdan pərtöy
adamıydı. Tez coşardı
və elə ağzını açan
kimi “Tanrın yerə ələnsin” deyərdi. Uşaq yaddaşım bu
deyimin çözümündə
aciz idi, amma anışdıra bilirdim ki, atam
Yerdəki olan çox müşkül işlərdə Göyə
səslənir; ordan nəsə umur, ora gileylənir. Anlaya bilirdim ki, nədənsə
atamın Göy üzünə bir ərki var idi,
ona gah aslanırdı,
gah da ordan
mədəd umurdu.
Bir onu bilirdim
ki, hər il iyul ayında atam Tanrıya daha çox düşkün olurdu, ancaq ondan
istəyirdi, ona yalvarırdı. Anam gecədən qalxıb
şirin çörəklər
bişirərdi, erkək
qoçların buynuzlarına
qırmızı bağlardıq,
əlimizə daşlardakı
yosunlardan döyəcləyib
xına çəkərdik.
Bu mərasimin adı “döl tutmaq” adlanırdı və mən artıq anlamışdım
ki, biz bir “üçbucaqlı dairə”
içərisindəyik; Tanrıdır,
bizik və ətrafımızda olanlardı.
Bizim var olmağımız üçün bu sistem, bu üçlük
tamamlanmalıdır.
***
...Otuz il əvvəliydi və mən də uşaqlığımı tamamlamışdım.
Universitetdə yenicə oxuduğum
illər idi. Dostum Nazim Muradov məni
şair Rüstəm Behrudi ilə tanışdırdı. İlk gördüyüm
an adamın qurd üzünə bənzəyən
sifətindəki təlaş
və səksəkəni
sezmişdim. Onun içindəki
təlaş məni rahatladırdı, demək
ki, bu dünyada
bütün təlaşlı
adamların hamısından
alınacaq bir dəyərli nəyisə
var, daima onun səksəkəsini yaşayır. Rüstəm Behrudinin isə təlaşı sonsuz idi, qəribə idi. Onun təlaşı Vətənin “qarşı
yatan qarlı dağları”, “sərv boylu çinarları” idi. O ağaclar idi ki, onu
öz qanı ilə suvarırdı, ondan özünə dar ağacı qururdu. Onun təlaşı
ruhumun dərinliklərini
oyadırdı, mənim
gördüyüm Göy
üzündə o “Tanrını
bəndədən aralı
görürdü”, onun
Göy üzündə
Tanrını xatırladacaq
heç bir şey qoymamışdılar,
Qara Qazılıq atlarının kişnərtisini,
dağlarındakı qurdların
ulartısını, yanındakı
şamanının duasını
ağzından almışdılar.
Onun təlaşını
anlamışdım; “üçlü
dairənin” Tanrısı
alınmış, dağı,
dərəsi, çayı
dənizi, atı, iti, qurdu, nə
bilim, nəyi desən alınmış,
sadəcə yalquzaq kimi şaman dualarına sığınıb
qalmışdı. Onun torpağında, daşında
əkiləcək, bitəcək
bir şey qoyulmayıb, nə əksən qərib bitir, bu torpaqda
kim doğulsa
qərib doğulur.
***
...Uşaqlığımın göy
üzündə “Süd
yol”unu tutub dünyanın sonuna getmək istəyirdim. Göy üzünü iki yerə ayıran
o “Ağ yol”un
hara getdiyini soruşanda kimsə mənə o yolun Məkkəyə getdiyinə
inandırmışdı. Məkkəni
anamın dualarından
tanıdığımdan elə
bilirdim ki, kiçik pıçıltılardakı
dualara yerləşən
bu yer çox
yaxındır, əlimiz
hər an çatasıdır, ayağımız
istəyəndə durub
ora gedəsidir. Amma bu yol
da Behrudinin təlaşında haçalanırdı:
“...Şuşadan keçməyən
yol Məkkəyə necə gedir?”
***
İnsan niyə dua edir,
görəsən. Bu ehtiyacı
nədən hiss edir? Anamın dualarının Məkkəyə
çevrilməsinin səbəbi
nə idi? Bəlkə yaşadığımız coğrafi
bölgədə tez-tez
rastlaşdığımız xaçlı adamların içimizdəki xofu, təlaşı idi.
İnsanlar həm də and içirlər. And içmək
sadəcə inandırmaq
üçündür?
İnsanlar çox vaxt ehtiyacları olan şeylərə and içərlər;
çörəyə, duza,
bərəkətə, işığa...
Rüstəm Behrudinin andı
da üçlü dairədən qırağa
çıxmırdı. And içirdi; Tanrıya, Tanrı dağına, Orhun çayına, Yeniseyə, Altaya, Şamana, Ötükənə,
Turana, ağaca, daşa... Bəlkə ona görədir
ki, onun inandıqlarına inanmağa
başladım daha çox. Ehtiyacı olan şeylərə
deyil, ehtiyac duyduğu şeylərə
and içir şaman.
***
And içmək varsa,
tövbəsi də olmalıdır bunun. Uşaq
yaddaşımda ən
çox iz buraxan “tövbələr”dir.
Nə vaxt azad düşünsəm,
nə vaxt dərk eləməyə çalışsam, “tövbə
et!” basqısı altında qalmışam. Anamın dualarından bilirdim ki, bizi
“Ağ yol”un
sonunda gözləyən
tövbə qapılarıdır.
Bütün həyatımızın sonunu qəbul etdirə biləcəyimiz
tövbələr üçün
yaşayırıq.
Tövbə! Bu söz hələ də məni qorxudur. Behrudinin gəldiyi yolun sonunda tövbə qapısı yoxdur sanki.
“Şair tövbəyə
sığmaz” - ruhuna verdiyi bu azadlığı
hardan almışdı
bəs o?
***
Anlamışdım ki, bu dünyadakı
dualar yalnız anaların duası deyildi, bir şaman
da dualarında hardasa bir ruhla
oyanışdadır. O ruhu görə bilirəm, hiss
edə bilirəm. Bəlkə
o üzdəndir ki, indi uşaqlığımda
sonuna qədər getmək istədiyim “Süd yolu”nun axırına deyil, başlandığı nöqtəyə,
ilkinliyinə dönmək
istəyirəm. Orda
bir Tanrıdır, bir mənəm, bir də Ötükəndə
qalan qərib bir qurddur...
Behrudinin
içindəki azadlığın
məğzi də elə budur, deyəsən...
İlqar İlkin
Türküstan.- 2019.- 26 noyabr- 2 dekabr.- S.22.