SAF RUHLU SAFRUH
(Safruhun 80 illiyinə qutlama)
Noyabrın 23-də (2019-il) Asif Ata
Ocağının “İnam Evi”ndə ünlü
deyimçı, Ocağın Ruhsal Başçısı
Safruh Atalının anadan olnasının 80 illiyi
qutlanırdı. Mən də
qatılmşdım o toplantıya.
Anasının dediyinə
görə, "payızın son ayından bir gün
keçəndən sonra doğulan, müharibə
başlananda yaş yarımında olan" Safruh (Əliyev
Elman Ağa oğlu) kimdir? İnanıram
ki, çox az insan “tanıyıram” deyəcək.
Bəlkə də barmaqlarımızın
sayı qədər. Ömrünün 45 ilini
"Ocağa" həsr edən, Asif AtA (İnam Ata) öyrətisinin,
dünyabaxışının, təliminin Od Qoruyucusu Safruhu əksər
yurdsevərlərin, Türkün ruhunu daşımalı
olanların, ən önəmlisi də gənclərin
tanımamasında bütün Vətən aydınları
günahkardır. Mən də, sən də, ay Vətən oğulları!
Elə Safruhun özü də. Çünki mühit təvəzökar insanlara həmişə
laqeyd olub. Onun istedadına, Vətən, millət
yanğısına maddiyyat hərisi acgöz zəmanə
heç gözünün ucu ilə də baxmayıb...
"41 -
45-in aclıq öləti adamları, ailələri diyarbədiyar
qovduğu çağlarda" Safruhun atası Ağa
kişinin Ağdamın İsmayılbəyli kəndinin
"Otaykılar" məhləsindən Jdanov ( Beyləqan)
rayonunun "Şestoy" otdelinə (indiki Bolsulu)
köçəndən sonra ailənin ilk övadı Elman
(Safruh) ancaq 10 yaşında yenidən birinci sinfə gedib. Belə
nəticə çıxarmaq olar ki, SSRİ adlı
"xalqlar həbsxanası"nın hər
yeri bir "şöbə" imiş. Ona görə də
o vaxt "Şestoy"da "türkün ana dilində məktəb
yox idi, rusca vardı və orada ən çox azərbaycanlı
türk balaları rusca "təhsil" alırdılar. Qonşuluqdakı Təzəkənd kəndində
isə türkcə dörd sinifli ibtidai məktəb
vardı". Safruh orada təhsilini "davam" etdirir
- yenidən birinci sinfə gedir - "özü də yeni
yaşayış yerinə köçdükdən bir il
sonra"... Əslində bu "aclıq öləti"ndən
daha acınacaqlı idi. Bu mənəvi "aclıq
öləti" idi...
Bunları yazmaqda məqsədim Elman Ağaoğlunun
Safruh olmasına doğru yolun kiçik, amma yaddaqalan
anlarına işıq salmaq idi. Buradan anlamaq mümkündür ki,
80 illik ömrün belə qaragünlü anları daha
çox olub...
Mənim
Safruhla "tanışlığım" 1991 - ci ildən
başlayıb. Mən niyə
tanışlıq sözünü dırnaq arasında
yazıram? Biz qiyabi tanış idik. Daha doğrusu, mən Safruhu o vaxtdan - onun "Yeni
Oğuz sözü" kitabını alıb acgözlüklə
oxuyandan sonra tanıdım. O isə məni çox
sonralar. Onunla ilk görüşdən sonra.
Bir il əvvəl tanıyıb.
"Mən həmişə "Yeni Oğuz
sözü"nü XX yüzilliyin sonlarında Azərbaycan
mənəviyyatına toplu halında yeni bir baxış kimi
anlamışam. Bundan əvvəl Asif Atanın "Müdriklik səlahiyyəti"
kitabını az qala əzbərləmişdim.
Təvəzökarlıqdan uzaq olsa da, mən bu
kitabların müdriklik bulağının suyundan
içmişəm, aydın fikir havasıyla nəfəs
almışam. Amma ustadlar səviyyəsinə
həsədlə baxmışam. Bu
kitablardan mənəvi dünya - İnam, İdrak, Mənəviyyat,
İradə kimi dəyərlər əldə etməyə səy
göstərmişəm. Ən əsası
təvəzökarlıq öyrənməyə
çalışmışam. Safruhun bir deyiminə fikr
verin: "Safruhun kitabı - Ata xəzinəsinə tuşlanan
barmaqdır yalnız!"
Təvəzökarlığın,
Mənəviyyatın, İdrakın, öyrənənin ustada
dəyərinin zirvəsi!
Safruh Böyük Türkün İmam Evinin Ruhani
Başçısı, Odqoruyanıdır. Türk
müqəddəs məbədinin - tapınaq yerinin -
GÖYEVİN bünövrəçisidir.
Safruh İnam Ata dünyabaxışının -
Türkün milli öyrətisinin qoruycusudur. İnam
Atanın "İnsanlaşın -
İnsanlaşdırın! Bəşərin nicatı
İnsanlaşmaqdadır! Türk ruhu bərqərar
olmalıdır" fikirləri ilə beyinləri
nurlandıran "Ocaq" Evladıdır, bu gün
mürşiddir.
Safruh "Ocaq" ədəbiyyatının
yaradıcısıdır. Mən "Ocaq ədəbiyyatı"
deyəndə dodaq büzənlərin nəzərinə
çatdırıram ki, Safruh 20 mindən çox deyimin
müəllifidir. Deyimlər,
İçsəslər, Haraylar, Cikkələr, Uyarılar,
Gileylər, Yanğılar, Gözləntilər "Ocaq" ədəbiyyatının
janrlarıdır ki, onların yaradıcısı Safruhdur.
Safruhun bu ədəbi - fəlsəfi "bəyaz"ları
("Keçmişdə, yazı - pozu hələ geniş
yayılmadığı çağlarda duyğulu -
qayğılı insanlar sevdikləri şeirləri, şeir
parçalarını, xoşladıqları öyüd - nəsihətləri,
deyimləri bir dəftərə yazıb saxlardılar. Bu dəftərlərə,
və ya dəftəri əvəz eləyən o vasitə nəymişsə,
ona "bəyaz" deyərmişlər" - Safruh) Ata
işığında yola çıxan, Ata bulağından
su içən, Ata pirində təmizlənən, Ata mənzilinə
gedən yolda "Övlad" yoxuşunu qalxmağa səy
göstərən, Ata "Ocağı"nda cilalanan, bişən,
yetişən şagirdin - müridin və bu günkü
ustadın - mürşidin səmimi, ən
başlıcası, cəsarətli yaradıcılıq
nümunələridir. İnam Ata fəlsəfi
təlimindən mayalanan, mənəvi qidalanan söz inciləridir.
Qısa, yığcam, məna tutumlu, hədəfə sərrast
tuşlanan, atılan saf ruhlu düşüncələrdir -
"Görümlər, Duyumlar, Deyimlər"dir, "Yeni
Oğuz sözü"dür, "Oğuz
yönü"dür, "Başlanğıc"dır,
"Ata səcdəsində", "İnama doğru.
Haraylar"dır, "İnamın gəlişi"dir,
"Ruhsal insan uğrunda" yana-yana yazılan
yanğılardır, "Qu nəğmələri"dir,
amma son yox, əbədi.
"Ocağ"ın aylıq ədəbi - fəlsəfi,
ruhsal qəzeti bu gün Türkün ilk əlifbasını -
Orxon - Yenisey abesini yaşadan mətbu orqandır. Burada həm Orxon - Yenisey, latın qrafikalı türk dilində
yazılar verilir. Hər sayda Orxon - Yenisey (Ocaq -
Türk) abesinin hərfləri oxuculara təqdim edilir.
Safruh mənəviyyat carçısıdır, həm də
etalonu. O,
deyir ki, mənəviyyat əlifbasının birinci hərfi
İnsana hörmətdir.
Safruh
İnsanları cəsarətli olmağa çağıranda
da özünəməxsusdur, onlara qorxmayın demir. Deyir ki,qorxu içimizdəki düşmənin
müttəfiqidir. Asif Ata deyirdi: "Qorxu ölümdən
qabaqkı ölümdür". Sözün qüdrətinə
heyrət etməmək olmur!
Asif
Atanın gözəllik meyarına fikir verin: "Paltar bədənə
yarpaq ağaca yaraşan kimi biçilməlidir". Safruh isə
gözəlliyi belə dəyərləndirir:
"Qadının gözəlliyini onun şəxsiyyətindən
ayırıb sevmək sevənin eybəcərliyinin
sübutudur".
Özgün Atalı deyir ki, Safruh İnam Atanın kəşf
etdiyi ilk İnsandır.
Safruh
özünün ömürlüyünü (tərcümeyi
- halını) cəmi bir cümlə ilə, bir sərrast
deyimlə yazır: "Mən də Türk (Azərbaycan)
xalqının Eqo (izm) dənizində öz Atamın ölməməsi
üçün otuz - qırx ildir əl - qol atıram".
Şərəfli, qürurlu ömürdür!
Safruh
özünü belə təqdim edir: "Özüm
ağız əzmirəm, qanad qırmıram, qanadımı
qıranları öyə bilmirəm, çünki ictimai
xadim damarım yoxdur". Mənəviyyat meyarı!
Safruh, qarşısındakı insanın kiçik bir
uğuruna sevinən, onu fərəhləndirən qədirbilən
müdrik ağsaqqaldır, bu günümüzün Dədə
Qorqududur. "Oxunan dualar"ı sətir-sətir mütaliə
edən Safruh bir İçsəsində (esse) yazır:
"Uzaq Balakən rayonunun Qamıştala kəndində bir
xeyirxahım, məndən 17 yaş kiçik əkiztayım
varmış, BİR DOĞMAM VARMIŞ!” Bu
təmənnasız doğmalıqdan qürur duydum. Belə mənəviyyatlı böyük qardaş hər
kəs üçün böyük mənəvi xəzinədir.
Ruh yaxınlığı İnsanları
doğmalaşdırır. Tam əmin
oldum.Safruh vurğulayır ki, mən sənin
"Dualar"ında kitab obrazından çox, İnsan ruhu
gördüm.Bu fikir məni təsirləndirdi. Kitabında İnsan ruhu görünən birisi kimi.
Fərəhlənməli dəyərdir!
O, daha
sonra yazır: "Oxunan dualar"dakı Safruh
"obraz"ı Vaqif bəyin öz
yaratdığıdır, həm də onun portretidir -
"avtoportret"i. Mənə də doğmadır və
olduqca xoşdur. Vaqif bəyin
"Duaları"ndan duaçının bilik
aclığı, çırpıntısı, bilik eşqi,
bilik yanğısı mənə tanış və
doğmadır”. Kitaba bacım Tamella Həmidqızının
önsözünü
Safrun əsər
səviyyəsində görür: "Gömgözəl,
canlı, nəfəs alan bir yaşam
parçasıdır; ailəyə, Böyük Qardaşa
bacı duasıdır bu əsər - bu önsöz!"
Safruh
"İnamın gəlişi" qəzetindəki
Ocaqyörəsi Qonuşmalar Odasında Nurayaz İnamsoyun mənimlə
müsahibəsinin sonuna bir cızqı (qeyd) yazır:
"Ancaq qonuşmaçıları alqışlayıram! Onlar "proqram, "dönüş" (toplumsal rəysizlikdə
dönüş) adlana biləsi, istəməyənləri (əslində
bədxahları) sarsıdası bir əsər ortaya gətiriblər".
Safruh
Türkün milli-mənəvi dəyərlərinin
qoruyucusudur, "Ruhsal gəlişmənin
yönü"nü - "Yol xəritəsi"ni cızan "Ruhani Ekoloğiya" tikintisinin
mühəndisidir. "Eşq Yunusa neyləmişdisə,
İnam Ocağı da Safruha onu eləmişdi”. Safruh
"ruhsal gözəllik qısırları"na "göndərmələr" (mesajlar)
yollayan barlı-bəhərli olmağa səsləyən təbibdir.
Həm də Safruha görə, "Olana
"var" demək - onu artırmaqdır, onu öz varına
(deyənin varına) qatmaqdır. Ölü ilə
danışmaq - onu diriltməkdir, ölümə
qarşı dayanmaqdır... Yaranmışa
"Yaranmısan" demək - həyatın varını
artırmaqdır, yaranışın üzünü
güldürməkdir, onunla birlikdə yaranmaqdır; onun da,
deyənin də nəfəsini genişləndirməkdir... Yuxarıda deyilənlər də
özünümüalicədir".
Gəlin özümüzü müalicə edək. Kamilliyə
yol özünümüalicədən, özüylədöyüşdən,
imtinalardan, haqqa yol açmaqdan, "yad bütləri
qırmaqdan, doğma bütlər qurmaqdan” keçir!
Həyat mübarizləri, qalibləri, əyilməzləri
sevir - deyir həmişə Safruh. İnam Ata yolu bəşəriyyətin
nicat yoludur. Bu yolun karvanbaşısı
Siz, yolçuları bizik, ustad. İnam,
İdrak, Mənəviyyat, İradə ilə gedilən
İnam Ata yolu Türk ruhunun zəfər yoludur.
80
YAŞIN QUTLU OLSUN, SAFRUH.
VAQİF OSMANOV
Türküstan.-
2019.- 26 noyabr- 2 dekabr.- S.18.