Düşmənimin xatirinə
Hakayə
“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda
100 hekayənin adı
çəkilib. Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq.
Siyahıya əsasən
Rafiq Tağının
“Düşmənimin xatirinə”
hekayəsini təqdim
edirik
Mən düşmənimlə
o rəhmətə gedəndən
sonra dostlaşdım. İndi hər
bazar evdəkilərin
ağzını boza verib qəbri üstünə getməsəm
olmaz.
Dalınca danışmaq çıxmasın,
özü sağlığında
ailə-uşaq yanında
gözümü kölgəli
eləmişdi. Ailə-uşaq yanında gözü kölgəli olmağı
mən heç qatı düşmənimə
də arzulamıram.
Qara torpaq hər
günahı yuyur.
Bir də ki, onu
bağışladım onun
mənim haqqımdakı
arzularının puç
olmağına. Gərək bu
dünyada arzuları puç olanların hamısı sevilə.
Sevgi çətin ayaqda insana dirəkdir, ələlxüsus ölənə.
Ölüm ən böyük
uğursuzluqdur.
Qohum-əqrəbası hələ də
onun qəbrinə baş çəkənin
kimliyindən xəbərsizdir.
Yaxud elə bilirlər keçmiş dostlarından
olar (düşmən
gəlməz).
Onların da, mənim də işimizin adı qəbri səliqə-sahmana salmaqdır:
elə oğulun qəbri gərək şux görünə.
Girəcəkdən düşmənimin yanınacan xeyli piyada ölçürəm.
Hərdən insan adları
dəryasında qəbri
olmayan bircə özümü görürəm
və onda mənə elə gəlir dünyada hamının qəbri var, bir məndən
başqa. Elə bilirəm
həyatda hamıdan geri qalmışam.
Sol əldəki
açıqlığa yazın
ortalarında tire şəklində
bir xətt düşdü - oda kimisə torpağa tapşırdılar. Düşmənim
(dostum) tərəflərdə
daha basdırılmağa
yer qalmamışdı,
indi ordakı açıqlıq adam yerişi enində bir-birini kəsən cığırlardı,
vəssalam. Bu cığırlar nazik çayların üstündəki
yeriyəndə əyilən
taxta körpülərə
bənzəyir. Orda ayağı
qaçan suya yumbalanarsa, burda büdrəyən rəhmətliklərin
üstünə yıxılar.
Sonrakı gəlişlərimdə qırıq-qırıq qırmızı
xətlərin sayı
artırdı. Zaman harasa
gedir və onun torpaqda izi
qalır. Harda gül-çiçək
rəngli, hündür
ləpir görsən,
bil ki, ordan
zaman keçib. Həmin ləpirlər həftə
çəkmir solğunlaşır,
torpaq rəngi alır. Torpaq rəngi rənglərin
ən qorxuncudur.
Görəsən
axırıncı tiredən
o yana kim
olacaq? Kimdirsə indi şəhərdə
işdən başı
açılmır. Xahiş edir,
əmr verir, ya hökm verir,
müalicə eləyir,
ya müalicə elənir. Müğənnidirsə kefi durdu-durmadı
camaatla üzbəsurət
dayanıb oxuyur.
Kimsə
dəqiqəsinin qədrini
bilir, kimsə deyir dəqiqə-zad qədri bilmirəm. Bunların hamısının adı
yaşamaqdır.
Düşmənim sağlığında necə, eləcə mənə düşmən
qalmışdı - laqeyd.
Fərq bundaydı ki, diriliyindəki laqeydliyi yalandı (çünki laqeyd ola bilmirdi).
İndi mən onun düşmənliyinə
daha məhəl qoymuram - onu mənə dair arzularının puç olmağına bağışlamışdım.
"Sənin
güllərini indicə
suladım".
Əvvəlki xasiyyəti başındaydı
ki, başındaydı
- bircə "sağ ola" qızırğalanırdı. O, ona hörmətləri hava və su
kimi havayı və vacib şeylər
sanırdı. Bu, gec də olsa
mənə toxundu.
"Mən
sizə yaltaqlıqdan
çox uzağam ha,
- dedim, - necə ki, sağlığınızda
uzaqdım".
Düşmənim başdaşındakı şəkildə dümdüz
irəli baxırdı,
elə bil yenə direktor kürsüsü arxasındaydı.
Direktor kürsüsü onun başqalarının arzularına
biganə olmaq yeriydi.
Rəhmətlik daim təəccüblənər
və əsəbiləşirdi
ki, qara camaatda da eynilə
ondakı kimi arzular törəyir.
Ona görə məəttəl qalmışdı:
öz arzularından əl çəksin, ya çəkməsin? Bəlkə arzularının yoxluğuyla
qara camaatdan seçilə. Lakin işi
eləydi, arzu eləməyə məcburdu.
Özündən aşağılar onu bu işə
vadar eləyirdilər.
Məsələn, mənim ucbatımdan
doktorluq işimin vaxtını uzatmaq, problemi köhnəldib gözdən salmaq arzusundaydı.
Ancaq onun mənimlə
bağlı məcburi
arzusu puç oldu. Bəlkə elə bu səbəbdən mənə
düşmən qalmışdı
və elə bilirdim indicə kürsünün böyründəki
düyməni basıb
növbədəkini çağıracaq,
yəni sən xoş gəldin, ya loru dildə,
bas bayıra. Ancaq o daha
düyməni basmırdı,
bu ixtiyar əlindən alınmışdı.
Bircə, arzusunun puç
olmağı məni yandırır. Gərək insan
sağlığındamı, öləndən sonramı
- arzularının hamısına
yetə.
Mən qəbri dörd
tərəfdən ağac
dibi kimi belləməyə başladım.
Elə bil istəyirdim keçmiş
düşmənim göyərsin,
artsın, təzədən
həyata qayıtsın,
özü də düşmən kimi yox, dost kimi.
Ancaq heyf elə biləcək özümü
gözə soxuram.
Ruhdan düşüb keçdim
baş daşının
arxasına - qoy məni görməsin.
Kişi bundan belə dünyanın qərbinə
baxacaq, şərqdə
nə oyun çıxarsam çıxararam.
Başladım təkcə şərqi
belləməyə. Sanki o təkcə şərq tərəfdə göyərəcəkdi,
sanki o yarısı düşmən, yarısı
dost şəklində həyata
qayıdacaqdı.
Kabinetdə yenə dümdüz
qabağa baxmağındaydı.
Hərdən bunu yoxlamaq üçün başdaşının
dalından boynumu irəli uzadırdım.
Kişi daha ordan qətiyyən
çölə çıxmırdı;
heç kəsi burunlamırdı. Kim bilir, bəlkə institutda işləri yaşdır, ona görə muma dönüb. O, vəzifəsindən
atılsa ölən oğlu öləndir. Balıq dəryada, mənim keçmiş düşmənim
vəzifədə yaşamağa
qadirdir.
Heç yadıma düşmür:
o ki, ölüb. Özü də vəzifədən çıxarılıb ölmədi,
ölüb vəzifədən
çıxarıldı.
Dünyada kimin arzusu ürəyində qalırsa,
mən onunla dostlaşıram. Mənim dostlarımın
hamısı arzusu ürəyində qalan və köməyim dəyəsi adamlardır.
İndi özümü
ona dost sanırdımsa
da, keçmiş incikliklərdən qeyrətlənib
başdaşının önünə
keçdim. Üzümü
turşudub baxışlarımı
sancdım onun gözlərinə və beləcə durdum - qoy ona bir
az cəza
verim.
Əfsus ki, düşmənçilik
məndə ani və təsadüfi hissdır, ona görə ona cəza vermə əsnasında tamam söndü. Ona adamın
yeddi qatından keçən zəhərli
sözlər deyəcəkdim,
deyə bilmədim.
Düşmənçiliyim buna çatışmadı.
Çarəsizlikdən keçdim
giley-güzara: "İstəyirdiniz
mən institutdan çıxam. Ailə-uşaq işdə yüksəlməməyimin
səbəbini mənim
zəifliyimdə görürdü.
Onlara hər şeyi açıb deyə bilməzdim. Övlad gərək
atasının sevilmədiyini
bilməyə".
Düşmənim (dostum) danışa
bilmirdi, mən isə - danışmaya.
Əllərimi belimdə çarpazlayıb
onunla üzbəüz
dayanmışdım.
"İndi
ki, ölüb getdiniz, arzularınız başsız qaldı, mən sizi bağışlayıram.
İstəyirəm köç-külfət qayıdam kəndə, bəlkə bu yolla sizi mənimlə
bağlı arzunuza çatdıram. Əlimdən bu gəlir, heç nə arzulamamağınıza, heç
vaxt sevinməməyinizə
dözmürəm".
Evdə bunları uşaqların
anasına eşitdirəndə
qiyamət qopdu.
- Mən də deyirəm hər həftəbaşı
bu hara qeyb
olur!
- Ləzzət ucalıqda yox, ona çatmaq istəyindədir. Gedib təzədən
ucalmağa başlayarıq.
- Ədə,
bu sənin düz sözündür?
- Yox, əyri sözümdür.
- Diridən ötrü əlləşə,
yenə dərd yarıdır.
- Diri, ya ölü - nə fərqi? Ölü adam
deyil?
Sözüm arvadın belini
qırmışdı; meyit
sifətində mətbəxə
keçəndə mənim
Allahdan arzum bu oldu ki,
onun ürəyinə
insaf sala, kəndə birgə gedək. Yoxsa mən ondan
ayrı yaşamaq istəmirdim.
Rafiq Tağı
Türküstan.- 2019.- 8-14 oktyabr.-
S.22.