Azərbaycan Türk
fəlsəfəsindən yarpaqlar:
SEYİD CƏFƏR PİŞƏVƏRİ
(II Yazı)
Seyid
Cəfər Pişəvəri yazırdı ki, Azərbaycan
xalqı qanunların əsasını və kökünü
böyük qurbanlar bahasına almışdır: “Mərkəzi
Hökuməti özlərinin ata-babadan qalma irsi hesab edən
xainlər onu əməldə silib, süpürüb gizlətmişlər.
Bizim haqq və
ixtiyarımızı təmin edən Əyalət və Vilayət
Əncümənləri haqda qanundan illərdir ki, əsər-əlamət
yoxdur. Bizə qanundan
danışan ağadan tələbimizə
cavab istəyirik. Onların
boşboğazlıqdan başqa bir işləri yoxdur. Biz həqiqəti açıq-aydın xalqa çatdırırıq. Bizim
xalqa müraciətmizdə meydana atdığımız
şüarların əsasını da qanun təşkil edir”.
Pişəvəri yazırdı ki,
xalqın maariflənməsi çox vacibdir, çünki
savadlı və sağlam cəmiyyət heç vaxt zülmün, təzyiqin altında yaşamaz. Onun fikrincə,
insanlarla heyvanlar arasında
olan böyük fərq
də bundan ibarətdir: “İnsan
ictimai bir
varlıqdır. O, tək öz
başına yaşamır və onun məqsədi
fəqət şəxsi həyatını təmin etmək deyil. İnsan cəmiyyət
üçün yaşayır. Ona görə hər bir kəs
ictimai mənafeyi şəxsi mənafedən
üstün tutmalıdır. Hər kəs öz
başını saxlamaqdan ötrü
yaşasaydı, onda dünyada
böyük simalar, fədakar
qəhrəmanlar, öz canlarını vətən
və millət yolunda fəda edən rəşid
insanlar tapılmazdı. Bu
fədakarlıq fəqət bilik, maarif, təşkilat və əxlaq nəticəsində
mümkündür.
Biz gərək camaatın mənafeyini öz şəxsi mənfəəətlərmizdən
üstün tutmağa
adət edək. Yalnız bu vasitə ilə
xalqımızı fəlakətdən xilas
edə bilərik”. Ona görə, Azərbaycan
xalqının əsas mənafeyi də odur
ki, azadlıq mübarizəsindən bir addım da olsun geri çəkilməmək.
O, yazırdı: “Azad və demokrat vətənimizin şanlı
bayrağı altında xalqımız müqəddəs vəzifəsini
– azadlıq mübarizəsini davam etdirəcəkdir.
Azərbaycan Tehran ilə bir
yerdə əsir Hindistan olmaqdansa,
özü üçün
azad İrlandiya
olmağı üstün tutur.
Tehran hərzə və sürüşkən
gözəllər kimi hər gün bir lotunun
qucağına atıla bilər. Azərbaycan isə namus və və heysiyyətinə
əlaqəmənddir. O biganələrin alçaq
nökəri olan Rza
xanların boyunduruğu altına bir daha girməz və
gündə bir lotuya
təslim olmaz. Biz hər
qiymətə olur-olsun, dünya
hadisələrinin verdiyi imkandan
istifadə edib,
azadlığımızı təmin edəcəyik. Boşboğaz və xain
çızmaqaraçıların cəfəngiyyatları bizi tutduğumuz yoldan geri qaytara
bilməz”. O, çox doğru
qeyd edirdi ki, qərinələr boyu
mövcud olmuş bir xalqın milliyyətini 2-3 nəfərin xoşuna gəlməkdən ötrü
inkar etmək insanlığa yaraşmaz. O, yazırdı:
“Başladığımız böyük
hərəkatın milli rəng və milli xasiyyətini dəyişdirmək istəyənlər
xalqımızın silahını əlindən almağa çalışırlar. Bunların
“azadlıq istəyən” maskaları bizi
çaşdıra bilməz. Azadlıq istəyən adamlar bir millətin başqa bir millət
üzərində hakim olmaq
tələbini irəli sürməməlidir. Azadlıq istəyən
insanlar gərək haqq
və ədaləti inkar etməsinlər.
Haqq və həqiqət isə azərbaycanlıların
milli dil, adət-ənənə,
milli əxlaq, milli istedad ilə hesablamağı tələb edir”. Qeyd edək ki, bütün
bunlarla yanaşı Pişəvəri Azərbaycanın
milli azadlığını “İran” dövlətindən tamamilə kənarda
görmürdü. O açıq şəkildə
ifadə edirdi ki, Azərbaycanın
“İran”dan heç vəchlə ayrılmasının tərəfdarı
deyildir: “Azərbaycanı İrandan ayırıb ayrı bir
məmlkətə yapışdırmaq sözü
fəqət firqəmizin düşmənləri tərəfindən
ortaya gətirilmişdir. Biz
bu şüarın yalan
və mənasız olduğunu əməldə
sübut edirik. Biz İranın istiqlaliyyət və ərazi
bütövlüyünə tam tərəfdarıq”.
Pişəvəri onu da
deyirdi ki, ADF-nin bir tərəfdən
xalqın öz hüququnu
var qüvvəsi ilə müdafiə etməsi,
digər tərəfdən “İran”ın istiqlalı və ərazi
bütövlüyü ilə əlaqəli
olmasında səmimidir: “Biz İran bayrağnı da dəyişmirik.
Lakin biz öz milli muxtariyyətimizi
tələb edirik. Milli
muxtariyyət milli istiqlal
ilə fərqlidir”. Hesab edirik ki,
Pişəvərinin Azərbaycanda faktiki böyük ölçüdə hakimiyyəti
ələ aldığı halda, Milli Muxtariyyatdan irəli gedib Milli istiqlal
məsələsini ortaya qoya
bilməməsində Sovet
Rusiyasının xəyanətkar mövqeyi
mühüm rol
oynamışdır. Bunu,
açıq şəkildə görən Pişəvəri
Sovet Ruisyasının lideri
İ.V.Stalinə məktub yazaraq Azərbaycan
Milli hökumətini zərbə
altında qoyduğuna görə, rəsmi
Moskvaya öz
etirazını bildirmişdir. Buna cavab olaraq
Stalinin 1946-cı ilin
mayında Pişəvəriyə göndərdiyi məktubdan
da görmək mümkündür
ki, bolşeviklər tərəfindən
Azərbaycanın Milli istiqlal
məsələsinin üstündən qalın xətt
çəkilmişdir. Stalin həmin məktubunda açıq şəkildə
yazırdı ki, bir tərəfdən
Böyük Britaniya,
ABŞ onların qarşısında məsələ qoyur ki, nə zaman SSRİ İrandan,
Çindən qoşunları gerə çəkərsə,
o zaman onlar
da Misir, İndoneziya, Yunanıstan, Danimarka
və başqa ölkələrdən
ordularını çıxaracaqlar. Digər tərəfdən
isə, İranın Qəvam hökuməti Sovet
Rusiyası ilə dil tapmağa
hazırdır və bu da,
rəsmi Moskvanın maraqlarına cavab verir. Stalin yazırdı: “Bizə məlum olduğuna
görə,Siz demişsiniz ki, biz əvvəlcə Sizi göylərə qaldırnmış, sonra isə uçuruma
yuvarlamşıq və Sizi rüsvaq etmişik. əgər
bu doğrudursa, onda bi bizdə təəccüb
doğurur. Əslində isə nə baş vermişdir? Biz burada hər bir
inqilabçıya məlum olan adi inqilabi fənd tətbiq
etmişik. İrandakı şərait kimi şərait kimi belə
bir vəziyyətdə özümüz
üçün hərəkatın məlum
minimim tələbini əldə etməyi
təmin etməkdən ötrü hərəkatı
irəli qaçırmaq, minimum tələblərdən
irəli getmək və hökumət üçün
təhlükə yaratmaq, həkumət tərəfindən
ediləcək güzəştlər üçün
imkan yaratmaq
lazımdır. Daha irəli qaçmadan, Siz
İranın indiki vəziyyətində
hazırda Qəvam hökumətinin getməyə vadar olduğu tələblərə
nail olmaq imkanına malik ola bilməzdiniz. İnqilabi hərəkatların qanunu belədir”. Bununla da, əslində Stalin
açıq-aşkar şəkildə Azərbaycan Milli hökumətini Sovet
Rusiyasının maraqları naminə zərbə altında qoyduğunu etiraf etmiş olurdu. Bunu, çox yaxşı
dərk edən Pişəvəri də, artıq Tehran hökuməti ilə müəyyən bir razılığa gəlmək məcburiyyətində
qalmış olurdu. Ona
görə də, sözügedən məktubdan sonra onun yazılarında,
çıxışlarında “İran
istiqlaliyyəti”, “İranın bütövlüyü”,
“iranlı” anlayışları tez-tez vurğulanırdı:
“Azərbaycan hər nə istəmiş olsa,
İran daxilində qalmaq
şərtiylə istəyir. Xülasə, biz
hər dil ilə danışmış olsaq, hər bir hədəfə
doğru getsək də iranlı olmaq, İran hüdudunda qalmaq istəyirik.
Bizim mərkəzi hökumətlə
anlaşmamız möhkəmləndikcə xarici
düşmənlərin təşviş və iztirabı
şiddətlənir”. Buna səbəb o idi
ki, irançı Tehran
hökuməti Azərbaycan Milli Hökumətinə
hədə-qorxunu artırarkən yalnız əvvəldən
arxalandığı havadarları İngiltərə və ABŞ-a deyil, artıq Sovet Rusiyasına da
arxalanırdı. Pişəvəri üçün
əgər ABŞ və Böyük
Britaniyanın iç üzü müharibə illərində
meydana çıxmışdırsa, Sovet Rusiyasının əsil simasını Milli hökumət qurulduqdan
az sonra “kəşf” etdi. Çox güman ki, Sovet Rusiyasının əsil simasının da ortaya
çıxması ilə Pişəvəri də “İran istiqlaliyyəti”, iranlı təəssübkeşliyi
bir az artdı və o, Qərb dövlətlərini,
xüsusilə də ABŞ-ın tənqidi fonunda
bunu ortaya qoydu:“Biz şərqlilər
Amerika və onun mədəniyyətini
bu müharibə başlanana
qədər lazımınca tanıya bilməmişdik. Onların çağırılmamış “qonaqlar”dan ibarət hərbi
şəxslərinin paytaxtda göstərdiyi
yaramaz hərəkətləri və
maliyyə idarələrimzidə onların maliyyə mütəxəssilərinin
çirkin və alçaq
əməlləri xalis maddi
gəlir və ruhsuz mədəniyyətlərinin
iç üzünü
açıb bizə göstərdi. Amerika din
xadimlərinin yarım əsr çəkdikləri zəhmət
və apardıqları təbliğatı İran
xalqının nəzərində sıfır dərəcəsinə
endirmiş oldu. Şərqlilər,
mənəviyyata daha artıq əhəmiyyət
verdikləri üçün
amerikalıların maddiyyat, xüsusən
neft davalarını gördükdə
onlardan tamam üz döndərməyə məcbur olurlar… Özümüz öz ölkəmizi min
illərlə idarə etmişik və bundan sonra da
edəcəyik heç bir
xarici qüvvə bizi
bu qanuni haqdan məhrum edə bilməz”. Artıq bu o anlama
gəlirdi ki, Pişəvəri Sovet Rusiyasının xəyanətindən, ya da onların tələblərindən
sonra Tehran hökuməti
ilə müəyyən bir
razılığa gəlməli idi.
Pişəvəri onu da
yaxşı anlayırdı ki, Tehran hökuməti ilə istənilən
anlaşmanın axırı yoxdur. Ancaq bütün hallarda, bəlkə də bir
ümid işığı olaraq Pişəvərinin
başçılıq etdiyi Milli hökumətlə “İran”ın baş naziri Qəvamüssəltənə
hökuməti arasında 15 maddəlik bir
müqavilə bağlandı (13 iyun
1946-cı il). Həmin 15
maddəlik müqavilədən açıq-aşkar şəkildə
görünürdü ki,
Tehran hökuməti Azərbaycan üzərində
ağalığını tam bərpa edir, xüsusilə də, Milli
hökumətin ləğvi ilə milli
muxtariyyətdən uzaqlaşaraq daha çox mədəni
muxtariyyətə aid vədlər verilirdi. Hər halda
valinin Tehran hökuməti
tərəfindən göndərilməsi, Milli
Məclisin Əyalət əncüməni olaraq
qəbul edilməsi ona işarə idi ki, Tehran
hökuməti milli muxtariyyəti tamamilə
qəbul etmir, sadəcə olaraq ana dilinin
tədrisi, Mili Universitetin
saxlanılması, torpaqların kəndlilər arasında bölünməsi, yeni
seçki qanunun
yaradılması (Azərbaycanda dövlət məmurlarının
xalq tərəfindən seçilməsi),
qadınlara seçib seçilmək hüququnun verilməsi, Əyalət əncümənin
qalması kimi vədlərlə vaxt qazanırdı. Pişəvəri ilk vaxtlar ümid
edirdi, ya da Sovet Rusiyasının
istəyi üzrə belə hərəkət edirdi
ki, Qəvamüssəltənə başda olmaqla Tehran hökuməti Azərbaycan xalqına verdiyi vədləri yerinə yetirəcəkdir.
Ancaq çox
keçmədən buna inamının
azaldığını deyən Pişəvəri deyirdi ki, onlar
atalarının buraxdıqları yanlışlığı
təkrarlamayacaqlar: “Azərbaycanlı şirin
sözlər çox eşitmişdir
və onlardan acı təcrübələr
daha çox
almışdır. Qoy mürətcelər
və azadlıq düşmənləri açıq surətdə
öz təkliflərini düşünüb
anlasınlar ki, bu qara o qaradan
deyil. Azərbaycan fəqət öz azadlığını təmin etmək
sayəsində İranın istiqlal və
İran camaatının
azadlığının zamini ola bilər. Atalarımız məşrutəni
alıb, müstəbidlərin əlinə tapşırdılar,
ya imkan verdilər
müstəbidlər məşrutəni onların əllərindən
alsınlar. Biz bu
acı təcrübədən ibrət dərsi
almışıq. Azadlığı təmin
etmək, cürbəcür rənglər və növbənöv
niqablar altında qabağa
çıxan mürtəcelərin burnunu
əzmək üçün əsaslı
bir səngər vücuda
gətirib kəskin bir silah
təhiyyə etməyə müvəffəq olmuşuq.
O da qanlı və yorulmaz
mübarizə meydanında böyüyüb
gündən-günə yüksəlməkdə olan firqəmizdən ibarətdir”.
Əkbərli Faiq.
Türküstan.-
2019.- 22-28 oktyabr. S. 6.