"Dairəvi
güzgü"
(HEKAYƏ)
Hər
səhər olduğu kimi adəti üzrə yataq
otağındakı dairəvi güzgünün
qarşısında dayanmışdı. Son vaxtlar
gün-gündən dəyişdiyinin fərqində idi. Belə
sürətlə dəyişməsini özünə
qarşı münasibətlə əlaqələndiridi. Elmi əsaslara
söykənən yeni layihələri sanki düşmənə
çevrilib onu məhv etməklə məşğul idi.
Yaradıcı təfəkkürə malik, allahın bəxş
etdiyi yüksək istedad sahibi olan bu adam hər cür
oyunbazlıqdan, hiylədən, riyakarlıqdan, yaltaqlıqdan
uzaq olsa da bir o qədər sevilmədiyini son vaxtlar daha
çox hiss edirdi. Yaratdığı yeni nəzəriyyənin
düşüncədə inqilab olduğunu anlayan bir neçə
mütəxxəssis də hələ ki susur, akademik
münsasibət bildirmirdilər. Əsasən bu nəzəriyyəyə
söykənən əsərləri vərdiş olunmuş
empirik parametlərə uyğun gəlmədiyindən bir
çox müsabiqələrdə uğursuzluğa
düçar olurdu. Digər sahələrdə olduğu kimi
yaradıcı sferalarda da tayfa-mağara düşüncəsindən
doğan riyakarlıq epidemiya şəklində yayılıb
yaradıcı mühiti zəbt etmişdi. Xüsusilə, son
illər bu tendesiya daha aydın müşahidə olunurdu.
Ortababab, bəzən orta səviyyədən də
aşağı qabiliyyətə malik şəxslərin dahi
pozası alıb tez-tez verdikləri müsahibələri təbəssümlə
qarşılayırdı: “ il ərzində iki ortabab əsər
yaza bilmir, amma iyirmi müsahibə verir”.
Hər
şey tərsinə baş verirdi sanki. Yeni, daha mükəmməl
layihələr yaradıb daha çox hörmət gözlədiyi
halda, əksinə, soyuyan münasibətləri heç
cür anlaya bilmir, mənəvi sarsıntılar
keçirirdi. Elə bil tədricən qürub edir, “cəmiyyət”
adlı kainat onu canına hopduraraq yox edirdi.
Birdən
dairəvi güzgü dalğalanmağa başlayıb göl
şəklini aldı. Bir də gördü göl onu
ağuşuna alıb və üzü aşağı hərəkətdədir.
Çəkisizlik şəraitində olduğundan sanki
uçurdu. Dumduru suyu olan göl səmanı
xatırladırdı. Bədənini hiss etmədiyindən, səmada
üzürdü elə bil. Uçuş sürəti
çox asta olsa da, zaman sürətlə dəyişirdi. Bunu
üzləşdiyi hadisələrdən, hər hadisədən
hadisəyə hiss ediləcək dərəcədə dəyişməsindən
anlayırdı. Həm xatırladığı, həm də
çoxdan unutduğu hadisələrdən keçib gedirdi.
Uçuş trayektoriyasının üzü aşağı
baş verdiyi açıq-aşkar hiss olunurdu. Hadisələri
təbəssümlə qarşılayırdı, hətta ona
əzab verən hadisə olsa da belə. Keçmişə
çevrilmiş bu hadisələri başqa necə qəbul
edə bilərdi axı. “Yanan papirosun külüdür
keçmiş” – şeirdən bir misranı xatırladı. Bədii-fəlsəfi
zövqünə inandığı dostlarından biri bu
misranı zamana verilən təriflərdən ən mükkəməli
adlandırmışdı bir vaxtlar.
Amma
bir hadisənin yanından keçərkən onu hec cür
biganə qarşılaya bilmədi. “Bax bu hadisəni hər dəfə
xatırlayanda kədərlənməyə bilmirəm” –
üzündə yenə də təbəssüm
düşündü:
11-12
yaşı olardı. Həyət qapısından girən
kimi xoşagəlməz nəsə baş verdiyini anladı.
Anası əsəbi görünürdü. Bu təmkinli
qadının əhvalının dəyişməsi adi hal ola
bilməzdi. Vərdiş etdiyindən ixtiyarsız olaraq bir
neçə gün əvvəl zəncir vurulmuş itinə
yaxınlaşdı. Itə çox isinişmişdi. Bu it
neçə ildi onu müşayət edər, hara getsə kənarda
oturub onu gözləyər, onunla birgə də evə
qayıdardı. Son günlər özünü bəd
apardığına, adamlara hücum etdiyi üçün bu
şəkildə cəzalanmıdı. Amma azadlığa
öyrəşdiyindən bu cəza ilə heç cür
barışa bilmir, elə hey hürür, zingildəyirdi.
Işin
nə yerdə olduğunu indi anladı. Sevimli iti ilə
üz-üzə dayananda. It ağlayırdı. Ilk dəfə
itin ağladığını görürdü.
- Iti
kim döyüb, ana, - kövrəlmiş halda soruşdu.
-
Atan, - anası cavab verdi, - dayanmadan hürürdü çər
dəymiş.
Belə
desə də anasının da sarsıldığı
aydın hiss olunurdu. Ixtiyarsız ağlamağa başladı.
Vəfalı itin döyülməsindən daha çox
üzünə zillənən yaşarmış gözləri
sarsıtmışdı onu. Bir neçə gün sonra it
öldü. “ Azadlığının qurbanı oldu” – sonralar
bu hadisə yadına düşərkən fikirləşərdi.
Ayağı
gölün dibinə toxunanda hadisələr yoxa
çıxdı. Əvvəl batdığını
düşünsə də, bir an sonra yenidən dairəvi
güzgünün qarşısında
dayandığını gördü. Bir neçə dəqiqə
ərzində sanki bir ömür yaşanmışdı
güzgünün qarşısında. Elə bil daha da
yaşlanmış, taqətdən düşmüşdü.
Varlığı qocalıb əldən düşmüş
adamı xatırladır, tükənmədən xəbər
verirdi. Sanki zaman çox sürətlə içinə
sızmış, varlığını zəbt etmişdi. “
Onsuz da zaman yoxdur. Yalnız dəyişmələr var, zaman bu
dəyişmələrin ölçüsü, insan
ağlının məhsuludur. Qocalıq, əslində
tükənmədir, insana hakim kəsilən istəklərin
tədricən sönməsidir. Heç son da movcud deyil, hər
şey sonsuzdur. Üzdən sonlu görünənlər də,
içəridən sonsuzluğa bürünüb.
Yaranmışların hamısı kəsilməz olaraq
bir-birinə keçərək azman sonsuzluğu yaradır.
Dairəvi güzgü; daimi təkrardan, bezdirici əbədilikdən
xəbər verir dairəvilik. Artıq dəyişmənin
vaxtıdır deyəsən” – güzgünün
qarşısında nə qədər
dayandığını anlaya bilmədi. Tamam haldan
düşdüyünü hiss etdiyindən yatağa
yaxınlaşıb, mətbəxdə yemək tədarükü
görən qadınını səslədi. Cəmi bir dəfə
səslənib arxası üstə yatağa uzandı və
gözlərini səma rəngində olan tavana zillədi.
Sanki
hansısa səs su şırıltısına toxundu əvvəlcə,
sonra o şırıltıya qoşulub tədricən
azaldı, sonra su şırıltısına
bürünüb ona yaxınlaşmağa başladı.
Yaxınlaşdıqca it zingiltisini xatırladan səs suya
bürünmüş halda güzgünün
qarşısında peyda oldu. Tədricən gözlərini
yumub o səsə qarışdı.
Əli Şirin
Şükürlü
Türküstan.-
2019.- 29 oktyabr – 4 noyabr. S. 22.