Şaman nəvəsi – Rüstəm Behrudi

 

Mən qərib, kimsəsiz, didərgin ruham,

Göylərdə bilinməz qəbrim var mənim.                                 

Ölsəm, tabutumu mələklər tutar,

Yasımı allahlar saxlayar mənim.

 

Dünya ədəbiyyatında elə qələm sahiblərinin yaradıcılığına rast gəlirik ki, onların əsərlərinin böyük hissəsi sırf milli məsələlərə, mənsub olduqları etnoun problemlərinə, bir sözlə, etnik-genetik mənşəyinin özünəməxsusluğuna  aid olsa da, o  nümunələr  sənətkarlıq baxımından, estetik-kulturoloji dəyərinə görə məhəlli deyil, bəşəri ədəbi hadisə kimi söz sənəti tarixinin  bir parçasına çevriliblər.  Homer, Firdovsi, Nizami, Höte, Bayron, Puşkin və başqa şairlərin yaradıcılığından axıb  gələn həmin estetik enerji çağdaş ədəbiyyatda da öz dəyərini itirməyib və müəyyən dərədə müxtəlif nəsil yaradıcı insanların əsərlərində  özünü göstərir. Ən maraqlısı da odur ki,  bu cəhət daha  çox özünü poeziyada, şeirdə qabarıq verir. Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərində bu cür şairlərin  yaradıcılıq nümunələrinə  çox rast gəlirik. Elə şairlərdən biri də “Salam  dar ağacı” yazaraq böyük poeziya meydanında dövrün, zamanın gərdişınə sinə gərən, bu günlərdə ədəbi içtimaiyyətimiz, eləcə də iki yüz milyondan çox insanı əhatə edən türk dünyası şairsevənlərinin 60 illik yubileyini böyük sevgiylə qarşıladığı şair publisist, fərqli poetik düşüncə  adamı  Rüstəm Behrudidir.

 

Yaradıcılığı

 

Rüstəm Behrudi 1957-ci il sentyabrın 12-də Ordubad rayonunun Behrud kəndində ziyalı ailəsində dünyaya gəlmişdir. Naxçıvan Dövlət Pedoqoji İnstitutunun  tarix-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirəndən sonra bir müddət Ordubad rayonunun Unus kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışmışdır. 1988-ci ildən güclənən milli-azadlıq hərəkatının fəallarından olmuşdur. “Salam, dar ağacı” kitabı  və digər poetik əsərləri milli-mənəvi düşüncələr rəğbətlə qarşılanmışdır. Şairin Türk dünyası oxucuları arasında sevilən kitabları həm Azərbaycanda, həm Türkiyə respublikasının İstanbul, Ankara, İzmir, şəhərlərində işıq üzü görüb. Əsərləri rus, ingilis, fransız, çex,  türk, polyak, özbək, qazax, qırğız və başqa dillərə çevrilib. Şair  “Yaddaşlara yazın”, “Şaman duası” kitablarının müəllifidir.   Ötən əsrin 80-ci illərindən başlayaraq ədəbiyyata olan böyük sevgisini şeirə çevirməyi bacaran Rüstəm Behrudinin bütöv yaradıcılığını, əslində bir cümlə ilə xarakterizə edə bilərik. Türk-Azərbaycan milli etnik sivilizasiyaının poetik salnaməçisi, qızğın tərənnümçüsü keçmişdəki dəyərləri gələcəyə ötürəni. Fəqət, pafoslu, ideoloji yazılarıyla deyil, Şaman duası enerjisi ilə, “Quran” ayələri  avazı üstündə, Orxon-Yenisey mətnlərinin tarixi-fəlsəfi ruhunda, Füzulinin əmanət etdiyi saf türkcəmizdə yaratdığı həzin, kövrək, lirik-fəlsəfi şeirləriylə:

 

                            Mənim buntürk sak babam…

                            Hun babam, Oğuz babam…

                            Göy Tanrı,

                            Qara xan, Oğuz Gültəkin…

                            Hərəsi içdiyim

                            Bir anddan gəlir…

                            Mənim qərib-qərib

                           Ulayan sözüm

                            Atilla gözləyən

                            Boz qurddan gəlir…

 

      Bir milli şair olaraq R.Behrudi yaradıcılıq yolunun bütün mərhələlərində bir amala xidmət etməyə çalışıb: Türk ruhunun poetik nəbzini tutaraq  dünyanın aparıcı etnosu olan  bu qədim toplumun bəşəriyyətə bəxş etdiyi ən yaxşı çəhətlərini qabartmaq, sivilzasiya tarixinə qatmaq. Şair şeirlərində Şaman kimi türkə dua oxuyur, Boz Qurd kimi milləti döyüşərək özünü xilas etməyə səsləyir, qərib dərviş tək haqqa sığınaraq etnosdaşını ali həqiqətə doğru aparmaq, sevdiyi insanları Tanrının Göy çadırı altına yığmaq istəyir, hətta ata dili üstə millətə ağı deyir, insanı ali nemət olan azadlığa qovuşmaqdan ötrü mübarizəyə qaldırır, yalqızlığı ilahiləşdirir, hər yerdə sevgi axtarır…

      Hər qələm sahibinin  öz aparıcı mövzusu olur. Bu mövzunun arxasında isə müəllifin əqidəsi, amalı dayanır.  İnsan  istəkli sirdaşdan, doğma yurddan ayrılarkən darıxdığı kimi, yazıçı da nədən yazırsa-yazsın, sözü dolandırıb öz mövzusuna qayıdır. Bu fikri şair Rüstəm Behrudinin “Yaddaşlara yazın” kitabına şamil etmək olar. Kitabda sevgidən, təbiətdən, sənətdən və başqa mövzulardan danışılsa da, Vətən mövzusu ön plana çəkilir. Şairə görə Kərkükdü, Göyçədi, Qarayazıdı-Vətən, Füzulinin məzarı da vətəndi, Arazın dərdi də vətəndi.  Bu tutarlı, məntiqli fikrin arxasında Vətəndən yalnız barınmaq ideyası yox, onun dərdini sevincə çevirmək, yeri gəlsə, uğrunda baş vermək istəkləri dayanır. Behrudi “Vətən” sözünü çox işlətsə də bu müqəddəs mövzunu ucuzlaşdırmır, onun  arxasında gizlənmir. “Yaddaşlara yazın bunu” şeirində deyilir ki, Vətən varlığını “hərə bir cür dərk eləyir”. Bu maraqlı, yaddaşlarda yazılan şeirdə şair  Vətən” sözünü qalxan edib min-bir fırıldağa əl atanları, Vətənin büllur adına sığınıb çirkin  işlərə qoşulanları ifşa edir. R.Behrudi həmin mənfi tipləri də ustalıqla  ümumiləşdirir.

 

                          O adama nəyə gərək Vətən nədir;

                          Beləsinin dilini al,  elinin al,

                          Komasına əl vurmasan,

                          Bilməyəcək  nəyi gedir, nəyi qalır, itən nədir.

 

Rüstəm Behrudi-təpədən dırnağa şairdir. O, bizim aramızda gəzən, bizim görmədiyimiz adamdır. Tamın zərrəsidir o, bizim kimi. Amma bizə məhəbbətindən,  bizə mərhəmətindən, bizim hamımızın-bütün zərrəciklərin, insanın, otun, suyun, ağacın,  yarpağın, çiçəyin, heyvanın, hətta iblisin də günahlarını öz boyuna götürüb və hamının, hər şeyin,  bu günahkar dünyanın bütün günahlarının əvəzində tövbə edir, günahlarının bağışlanması üçün allaha dua oxuyur…  Bu günlərdə  görkəmli Azərbaycan şairi Rüstəm Behrudinin doğum günüdür. Türk dünyasının sevimli şairi kimi tanınan Rüstəm Behrudinin şeirləri dünyanın aparıcı dillərinə çevrilib və bu gün də müxtəlif ölkələrdə oxucular tərəfindən rəğbətlə qarşılanır. Şairə sağlam ömür və daha ötülməz  yaradıcılıq nümunələri ilə oxucularını sevindirməsini diləyir və şah misralarının yer aldığı dillər əzbəri olan şeirlərinindən bir neçəsini təqdim edirik. Məlumatlandırmaq istədiyim şeirlərdən biri “Məni adamlar unutdu” adlı şeiridir. Şair bu şeiri yazma səbəbini belə ifadə edir: “Mənə ehtiyacı olanlar ora girsinlər deyə  ürəyimin qapısına, kilid qoymadım. Mən əzab çəkim deyə, mənə ehtiyacı olmayanların ora girməyinə nə ad verim, Tanrım? Tanrım, harda yanlış yapdığımı anlat mənə. Heç zaman qovuşa bilməyəcəyim bir adama aşiq olmaq qədər kədərli bir şeyin ağrısı var içimdə. Sən yoxmuşum kimi davrana bilərsən, sən ey ölümsüz sevginin bəlası. Bütün qəlbimlə acıyıram sənə.

 

                                 Tanrım, bağışla, əfv elə,

                                 Din sevdim, dinin üstünə.

                                 İlk bahar yağışı yağdı.

                                 Yağdı dərdimin üstünə.

 

Ədəbiyyatımızda Rüstəm Behrudi adında bir imza var. Bu imza ötən əsrin axırlarından bu günə qədər yol gəlir və bundan sonra da dayanmadan həmin yolu tutub gedəcəkdir. Bu yolun başlanğıcı da Vətən, sonu da Vətəndir!

      Rüstəm Behrudinin vətən, yurd sevgisinin zamanı intəhasızdır, sonsuzdur. Qarşı yatan qara dağdan başlayıb qara başın bu yol üstə qurbanlığına qədər davam edir. Şairin poeziyasında poetik zaman min illərlə ölçülür. Sevdanın dəli havası da min ildi başdan getmir. Daşlarda uyuyan tarix min ildi oxunmur. Şairin vətən, yurd sevgisi ləyaqətli vətəndaş olmaqdan keçir, “Yurd yerimiz” şeri əsl vətəndaşlıq andıdır. Rüstəm Behrudinin şeirləri vətəni sevməyə və sevdirməyə gücü çatan poeziya nümunələridir. Çünki onun şeirləri yalnız misradan, bənddən, qafiyə və bölgüdən ibarət deyil, onların gözlə görünməyən ruhu var.

 

                   Vətənsiz biz kimik, vətənsiz nəyik?!

                   Vətəndaş deyilik qanana kimi.

                   Vətən bir ocaqdı, biz pərvanəyik,

                   Dolannıq başına yanana kimi.

 

Şair Azərbaycanın dilbər guşələrinin birində, Arazla üz-üzə dayanan Ordubad rayonunda böyümüşdür. Cənub həsrəti  təbiidir ki, Rüstəm Behrudinin poetik təfəkküründən onun isti  misralarından kənarda qala bilməzdi:

 

                       Səbrinə od düşən bu nağılların,

                       Sözü babaların köçündən keçər.

                      Araz Ordubadda dağ-daşdan deyil,

                      Axıb adamların içindən keçir.

 

“Yurd yerimiz”, “Bir gəmi olaydım  sularında mən”, “Mən yanmasam”,  “Mən elə beləcə ölməyəcəyəm”, “Bütöv olmayan ürək haqqında nəğmə”, “Dünyanı söymə”  və başqa şeirlərin lirik qəhrəmanı oxucunu həm təvazökar, sadə, həm də  cəsarətlə öz arxasınca aparır, inamlı, hünərli bir sözlə bütöv şəxsiyyət olmağı təlqin edir. Şairin vətəndaşlıq şeirləri, sevgi nəğmələri şümal deyil, açıq tərənnümdən uzaqdır. Rüstəm Behrudi qələmə aldığı mövzunu əvvəlcə öz içindən keçirir, ona öz gözləri, öz baxışları, öz duyğuları, öz poetik təsəvvürü ilə yanaşır, ilk baxışda nəzərə çarpmayan keyfiyyətlərin poetik mənalarını tapır və oxucunun istiqamətləndirə bilir. Rüstəm Behrudi şeirlərində vətəndaşlıq motivləri qabarıqdır. Şairin şeirlərində nikbinliklə  həzinlik, vüsalla həsrət, cəsarətlə qayğı səmimi bir vəhdət təşkil edir və oxucu bu vəhdətin çalarlarına inanır:

 

                             Dünyanı heç kimin qarğışı tutmaz,

                             Qarğama dünyanı, dünyanı söymə.

 

Aynurə Əliyeva

 

Türküstan.- 2019.- 10-16 sentyabr.- S.24